Xalqın inam və etimad ünvanı

Azərbaycanın gələcək müqəddəratı baxımından son dərəcə mürəkkəb və taleyüklü bir siyasi prosesə yekun vurulmuş, mütləq çoxluğun iradəsinə əsaslanan azad, ədalətli, şəffaf və demokratik prezident seçkilərində layiqli qələbə qazanan cənab İlham Əliyev xalqa və dövlətə sədaqət andı içərək, növbəti mərhələ üçün ölkəyə rəhbərlik missiyasını üzərinə götürmüşdür. Dövlətimizin hərtərəfli inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş bu seçkilər xalqın sabitlik, tərəqqi və intibah kursuna dərin etimadını növbəti dəfə təsdiqləmişdir. Siyasi təfəkkürü kifayət qədər yetkinləşmiş Azərbaycan vətəndaşları sabitlik, tərəqqi və intibaha xidmət edən mövcud siyasi kursu birmənalı dəstəklədiklərini bir daha nümayiş etdirmişlər.

Böyük əksəriyyət müdrik seçim edərək xalq üçün çalışan, dövlətin hərtərəfli inkişafını təmin edən, gələcək nailiyyətlərinə etibarlı zəmin hazırlayan komandaya, konkret, əməli siyasətə səs vermişdir. Seçkilərin nəticələrinə nəzərən əminliklə demək olar ki, öz talelərinə biganə olmayan ölkə vətəndaşları islahatlar kursunun davam etdirilməsi naminə növbəti dəfə prinsipial siyasi iradə göstərmiş, konkret fəaliyyət proqramlarına, gələcəklə bağlı aydın baxışlara, ən əsası yüksək idarəçilik keyfiyyətlərinə malik lideri dəstəkləmişlər. Ötən dövrdə respublikamızın inanılmaz sosial, iqtisadi, siyasi, diplomatik uğurları, habelə əvvəlki illərdə əsası qoyulmuş qlobal layihələrin davam etdirilməsi zərurəti ictimai rəyin düzgün və birmənalı seçiminə təsir etmişdir. Son seçkilərdə hər bir vətəndaş, ilk növbədə, xalqının və dövlətinin gələcəyini düşünərək ölkədə davamlı sabitliyin və sürətli inkişafın təminatçısı olan Prezident İlham Əliyevə etimad göstərmişdir.

Hər bir ölkədə hakimiyyətin xalqa xidmət səviyyəsi, ilk növbədə, onun ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi əsasında müəyyənləşir. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa çalışmış, hər bir vətəndaşın mənafeyinə hesablanmış sosial-iqtisadi islahatları  gerçəkləşdirməyi qarşıya məqsəd qoyur. Vətəndaş mənafeyinə cavab verən bu qayğıkeş siyasət həm də ictimaiyyətin hakimiyyətə olan etimadını artırır, məmur təbəqəsini ümumi məqsədlər naminə vahid komanda kimi işləməyə, qarşıya qoyduğu vəzifələri işlək mexanizmlər əsasında gerçəkləşdirməyə sövq edir. Bu yanaşma səlahiyyətinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi kimi dəyərləndirən cənab İlham Əliyevin idarəçilik konsepsiyasında da özünü qabarıq göstərir.

Cənab İlham Əliyevin qazandığı parlaq qələbənin  bir mühüm səbəbi də var: dövlət başçısı son 15 ildə insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Aprelin 18-də Milli Məclisdə xalqa və dövlətə sədaqət andı içən Prezident İlham Əliyev dərin məzmunlu nitqində bu siyasətin qarşıdakı illərdə də davam etdiriləcəyini vurğulamışdır: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. “Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

İdarəçiliyinə yeni ruh və müasirlik çalarları gətirmiş cənab İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin başlıca təminatı hesab etmiş, eyni zamanda, mövcud nöqsanlar, çatışmazlıqlar ətrafında obyektiv müzakirələrin açılması yolu ilə onların tezliklə aradan qaldırılmasına çalışmışdır. Hələ hökumətin 2003-cü il 17 noyabr tarixdə keçirilmiş ilk iclasındakı çıxışında “Biz xalqın xidmətçisiyik. Hər bir məmurun vəzifəsi xalq üçün çalışmaq, ona göstərilmiş etimadı doğrultmaqdır”, – deyən dövlət başçısı ötən müddətdə məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirmiş, eləcə də vətəndaşların görülmüş işlər, qarşıda duran məqsədlər, həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır.

Hökumətin hər rüb üzrə hesabatlarının açıqlanması Azərbaycanda dövlət idarəçiliyinin səmərəliliyi ilə yanaşı, şəffaflığına dəlalət edir. İctimaiyyətin böyük maraqla qarşıladığı bu toplantılar, eyni zamanda, ölkəmizin qısa müddətdə qazandığı böyük uğurlara, möhtəşəm nailiyyətlərə işıq salır. İqtisadi sahədə qazanılan uğurlar özünü quru və cansıxıcı rəqəmlərdə deyil, vətəndaşların gündəlik həyatında, məişətində, yaşayış tərzində əksini tapır. Bir daha təsdiqlənir ki, möhtərəm İlham Əliyev çoxşaxəli fəaliyyəti ilə xalqın xoş gününün təminatçısı, sevincli günlərinin, firavanlığının səbəbkarıdır.

“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” – deyən cənab İlham Əliyev öz fəaliyyətində bu vədinə sadiqliyini dəfələrlə əməli işi ilə sübuta yetirmişdir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərdə də vətəndaşların yanında olmuş, onlara diqqət və qayğısını, köməyini, mənəvi dəstəyini əsirgəməmişdir. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla görüşmüş, onlarla səmimi söhbətləşərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etmişdir. Cənab İlham Əliyevin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında bir daha üzə çıxmışdır. Dövlət başçısı bütün müdrik rəhbərlərə xas qabiliyyətlə hər kəslə dil tapmağa, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddi aradan götürməyə nail olmuşdur. Bütün bunlar dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırmış, böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı yaratmışdır. Ulu öndər Heydər Əliyevin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə, xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlmişdir.

Siyasi liderliyi şərtləndirən mühüm meyarlardan biri də çətin, ekstremal situasiyalara hazır olmaq və yaranmış çətinliklərdən optimal çıxış yolları tapmaqdır. Əsl siyasi lider dövlət və cəmiyyət həyatı üçün istənilən təhlükə meyillərinə qarşı qətiyyətli mövqe tutur, mövcud şəraitə adekvat tədbirlər həyata keçirməklə yanaşı, ən çətin anlarda xalqının önündə olur. Hələ 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərindən sonra ölkə başçısının xalqın dəstəyi ilə nümayiş etdirdiyi yüksək siyasi sayıqlıq, iradə və qətiyyət Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətdə bölücülük və qarşıdurma yaratmaq istəyən qüvvələrin çirkin niyyətlərini puça çıxarmışdır. Cənab İlham Əliyev eynilə ulu öndər Heydər Əliyev kimi ən çətin, ekstremal situasiyalarda yüksək iradə və prinsipiallıq nümayiş etdirərək dövlətçiliyə yönəlmiş qəsdləri qətiyyətlə zərərsizləşdirsə də, liberal dəyərlərə, demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına sadiqliyini hər zaman qoruyub saxlamışdır.

Ümumilikdə, respublikamızın son 15 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir.

Dövlət başçısı cənab İlham Əliyevin ötən illərdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardandır. Buna əyani misal kimi, dövlət başçısının ötən 15 ildə 30-dək əfv fərmanı imzalamasını və 7000-dən artıq məhkumu əfv etməsini vurğulamaq olar. Bu fərmanların hətta ağır dövləti cinayətlərdə iştirak etmiş bir sıra məhkumlara şamil edilməsi Azərbaycanda kifayət qədər oturuşmuş və demokratik siyasi sistemin mövcudluğunu təsdiqləyir. Bu məqam cənab İlham Əliyevin idarəçilik fəlsəfəsində humanizm və insanpərvərlik ideyalarının parlaq bir xətt təşkil etdiyini göstərir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı kadr dəyişiklikləri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafelərinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində qurmaları barədə qəti tapşırıqlar verməsi ictimai fikirdə demokratik inkişafa xidmət edən islahatların uğurla gedəcəyinə böyük inam yaratmışdır. Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin yaradılmasını vacib sayır. Nazirlər Kabinetinin bu günlərdə təsdiqlənmiş yeni tərkibi və əsaslı kadr əvəzlənmələri fonunda bunu bir daha əminliklə söyləmək mümkündür. Cənab İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və digər qərarları qəbul edir, gəncləri dövlət idarəetməsinə irəli çəkir.

Dövlət rəhbəri komandasında təmsil olunan şəxslərlə sadə, səmimi və qarşılıqlı hörmətə, məsuliyyətə əsaslanan rəftarın tərəfdarıdır. Amma bütün bunlar yeri gəldikcə cənab İlham Əliyevin yetərincə prinsipial qərarlarını, qəti addımlarını da istisna etmir. Dövlət başçısı hökumətin fəaliyyətini son 15 ildə özünəməxsus tələbkarlıqla saat mexanizmi kimi təkmilləşdirmiş, “cilalamışdır”. İdarəçilik sistemində özünü göstərən cüzi qüsurların belə aradan qaldırılması üçün ardıcıl kadr və struktur islahatları həyata keçirmiş, xalqa layiqli xidmət məramını vəzifədə irəli çəkdiyi kadrlar qarşısında ümdə vəzifə kimi aktuallaşdırmışdır. “Xalqa doğru – haqqa doğru” prinsipinə əsaslanan bu siyasət vətəndaşların dövlət rəhbərinə olan sevgisini, rəğbətini, inamını daha da artırmışdır.

Dövlətimizin başçısı hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasını, insanları narahat edən problemlərin aradan qaldırılmasını hökumət qarşısında ciddi vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Müstəqil Azərbaycanın son dövrdə əldə etdiyi böyük makroiqtisadi uğurlar, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir. Bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, ölkənin zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illərdə Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləmişdir. Bir sıra statistik göstəricilər respublikamızın ötən illərdə əldə etdiyi böyük uğurların miqyasını bir daha qabarıq göstərir. 2003-2017-ci illərdə ümumi daxili məhsul (ÜDM) nominal ifadədə 9,8 dəfə, real ifadədə 3,2 dəfə artmışdır. Bu dövrdə ölkədə orta illik iqtisadi artım 9,4 faiz, o cümlədən qeyri-neft sektorunda 8,2 faiz təşkil etmişdir. Sənaye istehsalı 2,6 dəfə, qeyri-neft sektoru üzrə ÜDM 2,8 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmışdır.

İqtisadiyyatın liberallaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi nəticəsində özəl sektorun rolu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Belə ki, ÜDM-də özəl bölmənin payı 2003-cü ildə 74 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 84 faiz olmuşdur.

Maliyyə imkanlarının artması iqtisadi inkişafın yeni mərhələsinin xarakterik xüsusiyyətlərindən biri olaraq özünü dövlət büdcəsinin, strateji valyuta ehtiyatlarının həcmində göstərir. Son 15 il ərzində dövlət büdcəsinin gəlirləri 16,7 dəfə artaraq 2003-cü ildəki 1,2  milyard  manatdan 2018-ci ildə 20,1 milyard manata çatmışdır. Qeyri-neft sektorunun inkişafı büdcə gəlirlərinin formalaşmasına öz təsirini göstərməkdədir. Belə ki, 2017-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirləri 8,6 milyard manat olmuşdur və bu da 2003-cü illə müqayisədə 11,4 dəfə çoxdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu günlərdə rəsmi mətbuatda dərc olunmuş “İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” əsərində yazır: “Konkret olaraq, qarşıdakı dövr ərzində iqtisadiyyatı şaxələndirməklə dayanıqlı iqtisadi artıma nail olunması, makroiqtisadi sabitliyin qorunması, iqtisadi, o cümlədən institusional islahatların, strateji layihələrin icrasının davam etdirilməsi, qeyri-neft sektorunun və sahibkarlığın dəstəklənməsi, sənaye potensialının daha da gücləndirilməsi, ixracın artırılması və idxalın əvəz edilməsi, aqrar-sənaye kompleksinin və regionların inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, meliorasiya və irriqasiya sahəsində tədbirlərin görülməsi, inflyasiyanın, işsizlik və yoxsulluq səviyyəsinin minimal həddə saxlanılması və infrastruktur layihələrinin icrası hökumətin fəaliyyətinin prioritet istiqamətləri olaraq nəzərdə tutulur”.

İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Nəticədə, respublikada milli ideya səviyyəli məqsəd kimi nəzərdən keçirilən daha bir məsələ də müsbət həllini tapmış, Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.

Məlumdur ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Bu mənada, yüksək sosial-iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir. Bu mənada, ölkədə demokratik təsisatların rolunun yüksəldilməsi, insan hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir. Hüquqi-siyasi sahədə aparılan islahatlar Azərbaycanın Avropa hüquq məkanında fəaliyyət göstərən beynəlxalq standartlara tam uyğunluğunu təsdiqləyir.

Bütün bunlar həm də bir sıra iqtisadi, siyasi və humanitar beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi məhz Bakı şəhərinə üstünlük verilməsi ilə nəticələnir. Respublikamızın beynəlxalq nüfuzu daha da yüksəlir, dünya ictimaiyyəti respublikamızda həyata keçirilən islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya almaq imkanı qazanır. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında rəsmi Bakının praqmatik xarici siyasəti az rol oynamır. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirir. Bu tədbirlər respublikamızın sivilizasiyalararsı dialoq prosesində fəal mövqe tutduğunu, zəngin Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını göstərir.

Ümumiyyətlə, Azərbaycan xalqı ağı-qaradan, yaxşını-pisdən ayırmağı, düzgün seçim etməyi bacarır. Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 15 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır. Son seçkilərin nəticələrinə nəzərən bir daha təsdiqlənmişdir ki, Azərbaycan cəmiyyəti ulu öndərin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Əminliklə deyə bilərik ki, son seçkilərdə xalqın böyük dəstəyini qazanmış cənab İlham Əliyev Azərbaycanı hərtərəfli inkişaf və tərəqqiyə aparan çoxşaxəli islahatları bundan sonra da inamla davam etdirəcək, respublikamız qısa zamanda inkişaf etmiş dövlətlərdən birinə çevriləcəkdir.

İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə İnstitutunun direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında