SSRİ dövründə azərbaycanlı elitanın formalaşmasında Heydər Əliyevin rolu

Bəşəriyyətin tarixi təkamül prosesi göstərir ki, hər bir xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Nəcib əməllər sahibi olan belə insanlar həmişə saf və ali məqsədlər uğrunda mübarizənin önündə dayanmış, əlverişli siyasi şansdan böyük məharətlə, ustalıqla bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində gələcəyə doğru inamla addımlamışlar.

Ötən əsrdə Azərbaycan xalqının dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini – əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru – müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur.

Digər mədəni xalqlarda olduğu kimi, Azərbaycan xalqının da elitasının formalaşması uzun tarixi dövrü əhatə edir. Əsl ziyalıları, müasir inkişafın tələblərinə cavab verən, xalqın dünyada tanınmasına ürəkdən çalışan milli elitanı formalaşdırmaq heç də asan iş deyildir. Bu yöndə bir sıra Azərbaycan sərkərdələri tarix boyunca mühüm əmək sərf etmişlər. Ümummilli lider Heydər Əliyev bəzi ideoloji çətinliklərə baxmayaraq hələ sovet dövründən etibarən Azərbaycan xalqının önəmli ziyalılarının yetişdirilməsi məsələsinə xüsusi diqqət yetirməyə başlamışdır.

Qeyd etmək lazımdır ki, elmi idarə etmək yüksək intellekt, bilik, bacarıq və erudisiya tələb edir. Bütün bu keyfiyyətləri özündə yaşadan Heydər Əliyevin Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə, XX əsrin 70-80-ci illərində Elmlər Akademiyasının alimlərinin fəaliyyəti dünyanın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. İqtisadiyyat və elm sahəsində nailiyyətlərinə görə Azərbaycan  Elmlər Akademiyası “Xalqlar Dostluğu” ordeninə layiq görülmüşdü. Bu yüksək mükafatı 1975-ci ildə ümummilli lider şəxsən özü təqdim etmişdir. Onun Azərbaycan elminə qayğısı sayəsində Elmlər Akademiyasının daha müasir elmi elitası formalaşmış və dünya elmi arenasında öz yerini tapmışdır.

Ulu öndər xalqın elmi-intellektual potensialının möhkəmləndirilməsinə daim diqqət yetirmişdir. Biz tam əminliklə deyə bilərik ki, 1969-cu ildə respublikada hakimiyyətə gəldikdən sonra o, Azərbaycanda güclü ziyalı təbəqəsinin, yeni elitanın formalaşması məsələsinə xüsusi diqqət yetirmişdir.

Tarixi faktlar göstərir ki, ulu öndər respublikaya birinci rəhbərliyi dövründə böyük siyasi ustalıqla xalqda milli özünüdərk hissini gücləndirə, habelə milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir. Həmin illərdə milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxmış, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi-ideoloji körpü milli düşüncənin düzgün məcrada inkişafına səbəb olmuşdur.

Azərbaycan elitası, sözün əsl mənasında, Heydər Əliyevin Azərbaycan SSRİ idarə etdiyi dövrdə formalaşdı. SSRİ-nin neft və qaz naziri vəzifəsində işləmiş azərbaycanlı mütəxəssis Sabit Orucov Respublika Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, iki dəfə “Lenin” ordeni ilə təltif olunmuşdur. O, Tümen vilayətində neft hasilatının sürətlə inkişafını təmin edən texniki-texnoloji kompleks həllinin tətbiqinə görə və dəniz-neft yataqlarının kəşfi və istismarına görə o vaxtın ən böyük mükafatlarına layiq görülmüşdü.

Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı, geologiya-minerologiya elmləri doktoru, SSRİ geologiya nazirinin birinci müavini, Tümen vilayətində 20-dən artıq neft yataqlarını kəşf etmiş Fərman Salmanov nəinki Azərbaycan, hətta sovet elitasını təmsil edən şəxsiyyət olmuşdur. Adını çəkdiyimiz bu şəxslər Sovet elitasını təmsil etməklə yanaşı, Sovet İttifaqının enerji təhlükəsizliyini də təmin etmişlər.

1980-ci illərin sonunda Azərbaycan ziyalılarının düşüncəsində milli ideya anlayışı formalaşırdı. Bu dövrü Azərbaycan xalqının siyasi dirçəliş dövrü adlandırmaq olar. Çünki 1969-cu ildə hakimiyyət sükanını qəbul edən ulu öndər ictimai şüurun, milli mənlik şüurunun formalaşmasının yeni mərhələsinin əsasını qoymuşdu.

1987-ci ilin sonu 1988-ci ilin əvvəllərində xalq hərəkatının genişlənməsi, sonra isə 20 Yanvar hadisəsi ilə xalqın düşüncəsində müstəqil dövlət qurmaq ideyası dərin kök salmağa başladı. Bu ideyanın ətrafında Moskvada yaşayan Azərbaycan elitası, mərkəzində isə məhz böyük siyasi xadim Heydər Əliyev dururdu. Vaxtilə azərbaycançılıq məfkurəsini əsərlərində təbliğ etdiklərinə görə şovinizmdə, millətçilikdə günahlandırılan, təqiblərə məruz qalan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov kimi şəxsiyyətləri ən çətin məqamlarda qoruyan Heydər Əliyev milli kökə bağlı şəxsiyyət olduğunu bir daha sübuta yetirmişdir.

Zəruri resurs potensialına malik olan siyasi elita dövlət idarəçiliyinin əsas vəsiləsidir. O, daxilən tez birləşən sosial qrup olub, siyasət sahəsində mühüm strateji qərarlar qəbul edir. Hakim elitanı bir qrup kimi xüsusi dəyərlər, onun üzvləri və sektorlarının münasibətlərini tənzimləyən normalar birləşdirir. Hakimiyyət və dövlət, ölkənin və dünyanın inkişafı, ictimai problemlər, xalq və onun dövlətinin idarəçiliyində iştirakı barədə elitanın öz fikri və təsəvvürləri vardır.

Qeyd etmək lazımdır ki, sovet dövrü siyasi leksikonunda elita ifadəsi işlədilmirdi. Söhbət ancaq ali partiya-dövlət nomenklaturasından gedə bilərdi. Orta və aşağı vəzifəli nomenklaturada  xüsusi millətlərin nümayəndələri təmsil olunurdu. SSRİ-nin dağılmasından sonra elitanın malik olduğu mürəkkəb struktur dezinteqrasiya dövrünü keçirmişdir. Perspektivli alimlərin bəziləri elmdən uzaqlaşaraq, biznes sahəsini seçmiş, digərləri isə xaricə mühacirət etmişlər. Bu kontekstdə, demək olar ki, yeni siyasi elita sovet elitası əsasında deyil, postsovet elita qruplarının bazası əsasında formalaşmışdır.

  Sovet dövründə Azərbaycanın sürətli inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Buna əmin olmaq üçün onun rəhbərliyi dövründə ölkənin həyatının bütün sahələrində inkişafı əyani əks etdirən statistik məlumatlarla tanış olmaq kifayətdir.

1970-1980-ci illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə hər il azərbaycanlı gənclər ölkənin nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilirdi. Ulu öndər azərbaycanlı gənclərin Rusiyanın nüfuzlu universitetlərində təhsil almaları üçün əlavə yerlər ayrılmasına nail olur  və sovet dövründə bu ölkənin ali məktəblərində təhsil alan gənclərimizin sayı artırdı. Əgər 1969-1970-ci tədris ilində təhsil almaq üçün 47 gənc göndərilmişdisə, 1975-ci ildə bu göstərici 14 dəfə artaraq təxminən 700 nəfərə  çatmışdı. Bu sahədə artım sonrakı illərdə də davam etdirilmişdi. Əgər 1970-ci ilə qədər təhsil almaq üçün respublikadan kənara göndərilənlər içərisində azərbaycanlılar yalnız 40 faiz təşkil edirdisə, 1976-cı ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu rəqəm 85, 1977-ci ildə  92, 1980-ci ildə 97,6 faizə  çatmışdır.

Statistik məlumatlardan göründüyü kimi, məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə respublikada nəhəng quruculuq işləri geniş vüsət almışdır. Həmin illərdə təhsil almış gənclər ölkədə quruculuq işlərində fəal və yaxından iştirak etmişlər. Gənclərin SSRİ-nin müxtəlif ali tədris müəssisələrində təhsil alması nəticəsində respublika yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmuş sənaye, elm və mədəniyyətin müxtəlif  sahələrində  qabaqcıl mövqeyə çıxmışdır.

Gənclərin bir hissəsi Vətənə qayıtmayaraq, postsovet respublikalarında Azərbaycanın intellektual bazasını təşkil etmişdir. Bu gün onların çoxu Rusiya Federasiyasının və Müstəqil Dövlətlər Birliyinə daxil olan digər  respublikaların elmi və yaradıcı elitasında yer alır. Bizim qənaətimizə görə, bugünkü elmi diasporun çoxsaylı və perspektivli hissəsini sovet dövründə formalaşmış alimlər təşkil edirlər. Onların sırasında Rusiya Federasiyasında yaşayan dünya şöhrətli rəssam Tahir Salahov, tanınmış iş adamı, sahibkar Araz Ağalarov, “Lukoyl”un prezidenti Vahid Ələkbərov,  bunlardan savayı tibb elmləri doktoru M.Məmmədov, tibb elmləri doktoru S.Həbibov, şair A. Axundova, Ukrayna politoloqu O. Babayev, aktyor T. Bədəlbəyli, yazıçı E. Bağırov, jurnalist U. Zeynalova, beynəlxalq şahmat qrossmeysteri E. Mirzəyeva, MDTY-nun professoru Q. Sadıxov kimi Azərbaycan elitasının bir hissəsi olan dəyərli şəxsiyyətlər vardır. Təəssüf ki təqdim etdiyimiz məqalədə bu sırada yer ala biləcək bütün həmyerlilərimizin adını çəkmək mümkün deyil.

Hazırda iki yüzdən çox azərbaycanlı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun layihələrində çalışır. Rusiya ilə Azərbaycan alimləri arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. S.Hüseynzadə, Q.Mirzəyev, M.Bəşirov və A.Həbibovun adları hazırda Rusiyanın ən görkəmli alimləri sırasında çəkilir.  2010-cu ildə ictimai təltiflər və görkəmli vətəndaşların xatirəsini əbədiləşdirmək üzrə Milli Komissiya Moskvada “Vətənin şöhrəti” meydanında Füzuli Fərəcovun abidəsinin qoyulması haqqında qərar qəbul etmişdir. O, XXI əsrin uçan aparatlarının istehsalı sahəsində çalışır və bu sahədə çox ciddi nailiyyətlərə imza atmışdır.  Belarusiyada çalışan həmyerlilərimiz R.Sadıxov, A.İsmayılov və  A.Məmmədov hələ İttifaq dövründən  tanınmış alimlər hesab olunurlar.

 Bu gün Azərbaycan elitası Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq ideologiyası ətrafında formalaşır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları birləşdirmək və onların Azərbaycan elmi mühiti ilə əməkdaşlıqlarını möhkəmləndirmək sahəsində əlindən gələni əsirgəmir. Ümid edirik ki, xarici həmvətənlərimizin potensialından Azərbaycan elmi naminə gələcəkdə də böyük işlər görüləcəkdir.

Məryəm SEYİDBƏYLİ,
AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında