Ulu öndər Heydər Əliyev və məhkəmə-hüquq sistemində əsaslı islahatlar

 

 

 

 

 

 

 

 

 

 


Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma, eyni zamanda, çox şərəfli, hörmətli peşədir… Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də ­olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram.

Heydər ƏLİYEV
 Ümummilli lider

 


Bu gün müstəqil Azərbaycan Respublikası təkcə regionda və Avrasiyada deyil, eləcə də, bütün dünyada hamı tərəfindən hörmət və ehtiramla qəbul edilən, inam və etimad qazanan bir dövlətə çevrilmişdir. 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərini müşahidə etmək üçün öz rəsmi nümayəndələrini göndərən dövlətlərin  və mötəbər beynəlxalq təşkilatların, habelə  seçkilərin nəticəsi elan olunduqdan sonra Prezident İlham Əliyevin ünvanına təbrik göndərən dünya siyasətçilərinin siyahısına baxanda növbəti dəfə bu həqiqətin şahidi oluruq. Çünki həqiqətən bütün dünya Azərbaycanla dostluq, tərəfdaşlıq və əməkdaşlıq etməyə səy göstərir.

Bu uğur və nailiyyətlərin təməlində ulu öndər Heydər Əliyevin işləyib hazırladığı mükəmməl siyasi kurs dayanır. Prezident İlham Əliyevin həmin siyasi kursa dönmədən, prinsipiallıq və ardıcıllıqla əməl etməsi ölkəmizdə olduğu kimi, beynəlxalq aləmdə də məmnunluqla qarşılanır. Çünki Heydər Əliyevin dövlət idarəçilik prinsiplərini ədalət və humanistlik kimi dəyərlər,  xarici siyasətini isə qarşılıqlı etimad və balanslaşdırıcı istiqamətlər təşkil edirdi.

Bu günlər xalqımız ulu öndərin  anadan olmasının 95-ci ildönümünün qeyd edilməsinə hazırlaşır. Böyük qədirşünaslıq nümunəsidir ki, ümummilli liderimizin adı ilə bağlı olan istənilən tədbirdə ölkənin bütün vətəndaşları canı-dildən iştirak etməyə çalışırlar. Bu, bizim borcumuzdur. Elə bu sətirlərin qələmə alınması da həmin vətəndaşlıq məsuliyyətinə, insanlıq borcuna əsaslanır. Çünki Heydər Əliyev xalqın təkidi ilə ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra cəmiyyət həyatının bütün sahələri kimi hüquq-mühafizə orqanlarını da düşdükləri dəhşətli böhrandan xilas etmiş, hamı kimi bizə də nicat gətirmişdi.

Politoloq və ekspertlər yazırlar ki,  Heydər Əliyev yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər deyil, o, həm də milyonlarla insanı dövlətçilik  ətrafında səfərbər edən bir dövlət qurucusu, müasir tariximizin memarı, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisidir. O, Azərbaycanın ən mürəkkəb və taleyüklü dövrlərində müstəqilliyə yenicə qədəm qoymuş dövlətə rəhbərlik missiyasını öz üzərinə götürmüş, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində xalqımızın müstəqillik, azadlıq kimi ideyalarını tam reallaşdırmış, uzaqgörən siyasi qərarları, möhtəşəm dövlətçilik fəaliyyəti ilə özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmişdir.

 Müstəqilliyin ilk illərində iqtidarda olan yarıtmaz qüvvələrin yeritdiyi siyasət üzündən respublikanın hər bir vətəndaşının arzuladığı hüquqi, demokratik və qüdrətli dövlətin yaradılması, sadəcə xoş bir istək, bir ideya olaraq qalırdı. 1991-1993-cü illərdə ölkədə iqtisadi tənəzzülün güclənməsi, siyasi böhranın dərinləşməsi və vətəndaş qarşıdurması nəticəsində  respublikamız  parçalanmaq həddinə çatmış, qanunçuluq, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı. 

Həmin illərin tarixçəsinə nəzər salarkən görürük ki, böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmışdı.  Respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdı. Sonra isə  hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ–hüquqi baza yaradılmışdır.

 Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də  qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmışdı. Həmin ali qanuna əsasən çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olunmuş, hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmışdı. Eləcə də  zamanın tələbi ilə səsləşən məhkəmə–hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmış, irqindən, cinsindən, milliyyətindən, dinindən, dilindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdu.

Həmin illərdə ölkədə  məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunun aliliyinin təmin olunması həyata keçirilən mütərəqqi islahatların mühüm istiqamətini təşkil etmişdir. İslahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinin və insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı – ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur.

Müstəqil respublikamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür.

Ümummilli lider Heydər Əliyev 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi görüş prokurorluq orqanlarının tarixində həlledici əhəmiyyətə malik dönüş nöqtəsi olmuş, müşavirədə prokurorluq orqanlarında yaranmış qeyri-sağlam mühiti, vəzifədən sui-istifadə, qanunsuz yoxlamaların keçirilməsi kimi neqativ halları kəskin tənqid etmiş və bu problemlərin aradan qaldırılması üçün qısa müddətdə ən sərt tədbirlərin görülməsini prokurorluğun yeni rəhbərliyinin qarşısında məsul vəzifə kimi müəyyənləşdirmişdir. Prokurorluq işçiləri üçün taleyüklü əhəmiyyət daşıyan bu müşavirədən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verilmiş, qanunun aliliyi prinsipinin reallaşması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması onun fəaliyyətinin əsas istiqaməti olmuşdur.

Prokurorluq orqanlarına işə qəbulun 2002-ci ildən başlayaraq indiyədək tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, ictimaiyyətin, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilmiş müsabiqələr nəticəsində  qulluğa qəbul olunmuş işçilərinin yarısından çoxunu gənc hüquqşünaslar təşkil edir. Bu gənclərin xeyli hissəsi sonradan xidmətdə fərqləndiklərinə görə irəli çəkilmiş, prokurorluğun mərkəzi aparatında məsul vəzifələrə, o cümlədən idarə rəisinin müavini, idarə tərkibində şöbə rəisi, rayon prokuroru və prokurorun müavini vəzifələrinə təyin edilmişlər.

Ulu öndər Heydər Əliyevin apardığı hüquqi islahatlar çərçivəsində 2002–ci il sentyabrın 19-da keçirilən referendumun nəticəsi olaraq qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər zamanı prokurorluq orqanlarına qanunvericilik təşəbbüsü hüququ verilməsi də  göstərilən etimadın ifadəsidir.

Sonrakı dövrdə də ulu öndərin  layiqli davamçısı möhtərəm  İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə prokurorluq orqanlarında islahatlar yeni dövrün tələbləri səviyyəsində məqsədyönlü şəkildə davam etdirilmişdir. Ulu öndərimizin siyasi kursunu uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Hüquqi islahatlar çərçivəsində Prezident İlham Əliyev Respublika Prokurorluğunun da fəaliyyətinin daha səmərəli şəkildə təşkil olunması, müasir standartlara və müvafiq beynəlxalq konvensiyaların tələbələrinə cavab verməsi məqsədilə taleyüklü qərarlar qəbul etmişdir. Fərəhlə demək olar ki, “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində prokurorluq sistemində işin təşkili ən müasir standartlar səviyyəsinə çatdırılmışdır.

Zamanın tələblərindən biri kimi idarəçilik sistemində təkmilləşməyə uyğun olaraq vitse-prezidentlik institutunun yaradılması, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Bütün fəaliyyətini Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına və möhkəmləndirilməsinə yönəldən, ölkəmizdə xeyriyyəçilik və mesenatlıq ənənələrini canlandıraraq xeyirxahlıq, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayan, yeni cəmiyyət quruculuğunda fəal iştirak edən Birinci vitse-prezidentin xidmətlərinin miqyası daha da genişlənmişdir.

Bu gün biz ümummilli lider Heydər Əliyevin xalqımıza miras qoyduğu hüquqi, dünyəvi və demokratik Azərbaycan dövlətinin daha da güclənməsi üçün bir vətəndaş olaraq əlimizdən gələni etməli, insan hüquq və azadlıqlarının təminatı, müdafiəsi sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verməliyik. Qətiyyətlə deyə bilərəm ki, biz həmin vəzifələrin öhdəsindən layiqincə gəlirik.

Hidayət NURƏLİBƏYOV,
Qax rayon prokuroru vəzifəsini icra edən, I dərəcəli hüquqşünas


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında