Zamanın fövqündə dayanan dahi

Xalqımız müasir və müstəqil Azərbaycan dövlətçiliyinin banisi, bəşəriyyət tarixinin ən görkəmli dühalarından biri olan, dünya şöhrətli siyasi xadim Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 95 illiyini təntənə ilə qeyd edir. 10 may 1923-cü il tarixdə – 95 il bundan əvvəl dünyaya göz açan ulu öndər Azərbaycan xalqının bəşər sivilizasiyasına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdən biri olmaqla yanaşı, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilaskarı, qurucusu və banisi kimi də adını millətimizin şanlı tarixinə qızıl hərflərlə əbədi həkk etdirmişdir.

Zəngin dövlətçilik təcrübəsinə, yüksək xarizmatik liderlik keyfiyyətlərinə malik ümummilli lider Heydər Əliyev mühüm dövlət vəzifələrində böyük bir yüksəliş yolu keçməklə 44 yaşında, 1967-ci ilin iyununda Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş, cəmi 2 ildən sonra 1969-cu il iyulun 14-də həmin dövrdə dünyanın ən nəhəng dövləti olan keçmiş SSRİ məkanında böyük siyasət səhnəsində özünün müqayisəolunmaz fitri istedadı ilə əbədiyaşar ulduz kimi parlayaraq, Azərbaycanda siyasi hakimiyyətin ən yüksək zirvəsini fəth etməyi bacarmış – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi ali vəzifəsinə seçilmişdi.

Azərbaycan SSR-də hakimiyyətdə olduğu 13 illik dövr ərzində Sovet İttifaqının tabeliyində olan Azərbaycan SSR-in sosial, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz yeniliklərə, müvəffəqiyyətlərə imza atan Heydər Əliyev 1982-ci il noyabrın 22-də SSRİ rəhbərliyinə gətirilmiş, böyük SSRİ dövlətinin Nazirlər Soveti Sədrinin 1-ci müavini kimi yüksək vəzifəyə təyin olunmuş, eyni zamanda, Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilməklə, həmin dövləti idarə edən rəhbərlərdən biri olmuşdu. Sonralar, SSRİ-nin dağılması ərəfəsində dünyada möhkəm dayaqları olan erməni lobbisinin himayədarlığı ilə Dağlıq Qarabağın Azərbaycandan “qopardılaraq” Ermənistana birləşdirilməsi planının həyata keçirilməsi ilə əlaqədar bu yolda ən böyük maneə olan Heydər Əliyevin ali siyasi hakimiyyətdən uzaqlaşdırılması planı üzərində iş aparılmışdır. Bu məsələnin Ermənistanın xeyrinə həll edilməsini planlaşdıran dairələrin təhriki ilə M.S.Qorbaçov tərəfindən Heydər Əliyevə qarşı qərəzli və məkrli siyasət yürüdülməsi nəticəsində ulu öndər 1987-ci il oktyabrın 21-də Siyasi Büro üzvlüyündən, həmin ayın 23-də isə Nazirlər Soveti Sədrinin 1-ci müavini vəzifəsindən azad edilmişdi.

SSRİ rəhbərliyi tərəfindən aparılan iyrənc təqiblər və təzyiqlərə qarşı mətinliklə sinə gərməyi bacaran Heydər Əliyev dövlətdə tutduğu yüksək vəzifə və mövqeləri itirməli olsa da, Allah tərəfindən ona fitri olaraq əta edilmiş ən dəyərli nemətlər olan yüksək mənəvi idealları – cəsurluq, mərdlik, məğrurluq, ləyaqət, şərəf, dürüstlük, həqiqətsevərlik, ədalətlilik, vətənpərvərlik hissi və dəyərlərini özünün şəxsiyyətində həyat amalları kimi daha da möhkəmləndirmiş və bütövləşdirmişdi. O, hər hansı yüksək vəzifə mövqeyi olmadan da xalqının alovlu, cəsur, vətənpərvər övladı və lideri kimi SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı yeridilən ayrı-seçkiliyə, məkrli siyasətə və hər cür haqsızlıqlara qarşı qəti və barışmaz mövqeyini, haqq səsini ən yüksək tribunalardan ucaltmaqda hər hansı təqiblərdən çəkinmədən şərəfli ömür yolunu davam etdirirdi. 1990-cı ilin yanvar ayında SSRİ qoşunları tərəfindən Bakı şəhərində və Azərbaycanın digər rayon və şəhərlərində dinc əhaliyə qarşı törədilmiş amansız silahlı hücumları, qırğınları və vəhşiliyi SSRİ-nin düz göbəyində – Moskva şəhərində heç bir hədə-qorxudan, hətta ölümdən də çəkinmədən beynəlxalq ictimaiyyətə çatdıraraq, SSRİ rəhbərliyinin apardığı qeyri-insani siyasəti sərt şəkildə tənqid etmişdi.

Qədirbilən Azərbaycan xalqının öz böyük oğluna olan sonsuz sevgi və ehtiramı sayəsində 1991-ci ilin sentyabr ayında o, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilmiş və həmin dövrdə son dərəcə ağır şəraitdə, tamamilə blokada vəziyyətində olan Naxçıvanın ayaqda qalmasını təmin etmişdi. O, eyni zamanda, o dövrdə “yeni imperiya” xülyaları ilə yaşayan “Moskvapərəst” Azərbaycan rəhbərliyinin onun üçün yaratdığı maneələri mətinliklə dəf edərək, bütün müqavimətlərə və təqiblərə baxmayaraq, Müstəqil Azərbaycan idealı uğrunda mübarizə apararaq, İslam şərqində ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının rəmzlərinin, o cümlədən bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı statusunda tanınmasına, həmçinin Naxçıvan Muxtar Respublikasının adından “Sovet, Sosialist” terminlərinin çıxarılmasına və digər çoxsaylı mütərəqqi islahatların həyata keçirilməsinə nail olmuşdu.

Tarixi siyasi proseslərin gedişi zəminində Heydər Əliyevin taleyinə yazılmış xilaskarlıq missiyası üçün lazımi şərait yetişirdi. Zəngin və çoxəsrlik dövlətçilik tarixinə malik Azərbaycan XX əsrin sonlarında – 18 oktyabr 1991-ci il tarixdə yenidən ən böyük tarixi nailiyyəti olaraq, dövlət müstəqilliyini əldə etdikdən sonra suveren dövlət kimi ilk qədəmlərini atmağa başlasa da, həmin vaxt respublikamız bir tərəfdən Ermənistanın təcavüzkar işğalçılıq müharibəsi ilə üzləşmiş, digər tərəfdən keçmiş SSRİ-nin dağılması ilə meydana gələn çəkişmələr burulğanında təsadüfən hakimiyyətə gəlmiş səriştəsiz, naşı “siyasətçilərin” cılız hakimiyyət ehtiraslarından qaynaqlanan qeyri-sivil mübarizə meydanına çevrilmişdi. 90-cı illərin əvvəllərində Azərbaycan son dərəcə ağır siyasi, sosial-iqtisadi böhran girdabında idi. 1993-cü ilin ortalarında bu böhran özünün kuliminasiya nöqtəsinə çatmışdı. Silah gücünə iqtidara gəlmiş səriştəsiz AXC–Müsavat cütlüyü bir illik hakimiyyətləri dövründə ölkəni fəlakət burulğanına sürükləmiş, parçalanıb-dağılma həddinə gətirib çıxarmışdı. Bu proseslərin məntiqi nəticəsi kimi gənc Azərbaycan dövlətinin varlığı üçün real təhlükə yaranmışdı.

Silahlı çevriliş, saxta seçkilər və digər – qeyri-qanuni, cinayətkar yollarla hakimiyyətə yiyələnmiş üzdəniraq siyasi qüvvələr xalqın taleyüklü problemlərini həll etmək əvəzinə, qrup maraqlarından uzağa getməyən siyasi çəkişmələrə rəvac verməklə, dövlət hakimiyyətini iflic vəziyyətə salmış və respublikanın beynəlxalq miqyasda yeni yaranmaqda olan imicinə ciddi zərər vurmuşdular. Həmin qüvvələrin 1993-cü ilin ortalarınadək sürən hakimiyyətləri dövründə yürütdükləri qeyri-peşəkar və səbatsız xarici siyasət nəticəsində Azərbaycan Respublikası özünün az-çox müttəfiqləri sayıla biləcək dövlətlərdən də ayrı düşmüş, beynəlxalq arenada gedən mütərəqqi proseslərdən təcrid olunmuş, Ermənistanla hərbi və diplomatik meydanda aparılan mübarizədə təklənmiş və uduzmuşdu. Nəticədə, xarici siyasətdəki məğlubiyyət daxili siyasi münasibətlərə də təsir göstərərək, ölkədəki sabitliyi əsaslı şəkildə pozmuş, faktiki olaraq, ayrı-ayrı siyasi hərəkat və partiyaların hərbi qanadı rolunda olan yeni yaranmış hərbi birləşmələri çirkin siyasi məqsədlərə yönəltməklə qarşı-qarşıya qoymuş, vətəndaş müharibəsi başlanmışdı. Ordu və digər silahlı qüvvələr əsas vəzifələrini yerinə yetirmək əvəzinə, siyasət dəllallarının apardıqları çəkişmələrdə vətəndaş müharibəsinin tərəflərinə çevrilmişdilər. Biabırçı məğlubiyyət, çıxılmaz vəziyyət qarşısında qalmış AXC–Müsavat cütlüyündən ibarət hakimiyyət qruplaşmaları özlərinin xilası naminə və xalqın təkidli tələblərindən çəkinərək, həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik edən dünya şöhrətli siyasi xadim Heydər Əlirza oğlu Əliyevə üz tutmalı oldu. Dəfələrlə təkidli dəvətlərdən sonra Azərbaycan xalqının “olum, ya ölüm” dilemması ilə üzləşdiyini görən Heydər Əliyev yüksək siyasi uzaqgörənlik nümayiş etdirərək, həmin vaxt Azərbaycan reallığında qarşı-qarşıya duran siyasi-hərbi qruplaşmalar arasında artıq alovlanmış vətəndaş müharibəsinə son qoymaq, həmin qruplaşmaları istər hərbi, istərsə də siyasi cəhətdən zərərsizləşdirmək, siyasi partiyaların qanunsuz silahlı birləşmələrinə çevrilmiş, qanunvericilikdə nəzərdə tutulmayan “özünümüdafiə qüvvələrini” çirkin siyasi oyunlardan uzaqlaşdırmaq, vahid komandanlıqdan idarə olunan nizami ordu və digər qanuni silahlı qüvvələr yaratmaq kimi vəzifələri yüksək peşəkarlıqla qiymətləndirərək, ölçülüb-biçilmiş və Azərbaycan xalqının uzaq gələcəyinə ünvanlanmış tarixi qərar verdi: Qayıtmaq!

 XX əsrin əvvəllərində – 1919-cu il may ayının 19-da Türkiyə uğrunda Böyük Qurtuluş Savaşına başlayan Türk dünyasının böyük öndəri Mustafa Əlirza oğlu Atatürk sonralar həmin günü belə xatırlayırdı: “Mən 1919-cu il mayın 19-da Samsuna gəldiyim gün əlimdə heç bir maddi qüvvəm yox idi. Yalnız böyük Türk millətinin əsil-nəcabətindən doğan və mənim vicdanımı ilhamlandıran yüksək və mənəvi bir qüvvə vardı. Əslində, mən bu milli qüvvəyə, bu Türk millətinə güvənərək, işə başladım”. Atatürkün milli xilaskarlıq yolunun həmin əsrin sonundakı davamçısı, Türk dünyasının yeni lideri, Azərbaycan xalqının böyük övladı – Heydər Əlirza oğlu Əliyev oldu. Heydər Əlirza oğlu Atatürk yolçuluğunu müstəqil Azərbaycan uğrunda uzunmüddətli və gərgin mübarizənin yeni mərhələsi ilə davam etdirirdi. Atatürkün 19 may 1919-cu il tarixdə Anadoluya gəlişini xatırladan Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Naxçıvandan Bakıya dönüşü məhz onun istiqlal savaşının başlanğıcı oldu. Hərb meydanının Atatürkünü diplomatik müharibələr Atatürkü əvəz etmişdi. Mustafa Əlirza oğlundan – Atatürkdən düz 74 il sonra Heydər Əlirza oğlu da 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı məsələsinə münasibət bildirərkən, 1998-ci ildə Bakı şəhərində keçirilən Qafqaz müsəlmanlarının X qurultayındakı tarixi nitqində, Azərbaycanın “olum və ya ölüm” dilemması ilə üzləşdiyi ağır spesifik tarixi şəraiti, elə Atatürksayağı ifadə etmişdi: “1993-cü ilin iyun ayında mən Bakıya dəvət olunanda Azərbaycanda qardaş qırğını, vətəndaş müharibəsi gedirdi, Azərbaycan parçalanırdı. Mən isə – heç bir silahlı dəstəsi, ordusu olmayan bir adam – tək öz canımla odun içinə atıldım. Nə üçün atıldım? Çünki inanırdım ki, mənim arxamda xalq var və xalq məni dəstəkləyəcəkdir. Bir də ona görə inanırdım ki, Allah məni indiyə qədər saxladığı kimi, bundan sonra da saxlayacaqdır!”.

Bəli, mənsub olduqları xalqların ən ağır, tarixi sınaqlarla üzləşdiyi dövrlərdə Allahın onlara göstərdiyi böyük lütfi kimi tarixi şəxsiyyətlər meydana çıxır, milləti öz ardınca apararaq, xilaskarlıq missiyasını yerinə yetirirlər. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Şah İsmayıl Xətai kimi, Heydər Əliyev kimi... 1969-1982-ci illərdə Azərbaycanda ali hakimiyyətdəki 13 illik rəhbərliyindən sonra, keçmis SSRİ-nin ali siyasi rəhbərliyində yüksək vəzifələr tutan, baş verən məlum hadisələrdən sonra canı, qanı, məsləki ilə bağlı olduğu doğma Vətəninə qayıdaraq, xalqın çətin günündə onunla birlikdə olan böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyev yenidən taleyin hökmü ilə Azərbaycanın ali hakimiyyətinə qayıtmalı oldu.

İflic olmuş AXC–Müsavat cütlüyü özünün yaratdığı hərbi qruplaşmalar qarşısında davam gətirməyərək və xalqın qəzəbinə gəlməkdən ehtiyatlanaraq, yalnız özünün fizioloji məhvinin qarşısını almağın yollarını düşünərək hakimiyyəti Heydər Əliyevə verməli oldu. Həmin qüvvələrdən fərqli olaraq, Heydər Əliyev hakimiyyətə qanuni yolla gəldikdən sonra legitim əsaslarla, ədalətli, düzgün, peşəkar kadr siyasəti aparmaqla hakimiyyət strukturlarını yenidən formalaşdırdı. Ölkə daxilində sabitlik yarandı. Beynəlxalq şərait nəzərə alınmaqla uzaqgörən və müdrik xarici siyasət kursu müəyyənləşdirildi. Həmçinin, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan müharibəsinin gedişində strateji məqsəd kimi, gələcəkdə Azərbaycanın qəti və həlledici qələbəsinin təmin edilməsinə nail olmaqdan ötrü, nizami ordu yaratmaq və güclü iqtisadiyyat qurmaq üçün vaxt əldə etmək, beynəlxalq dəstək qazanmaq məqsədilə müvəqqəti sülhə – atəşkəsə nail oldu. Bununla da torpaqlarımızın əlavə işğalının qarşısı alındı, çoxsaylı qaçqınlar və məcburu köçkünlər ordusunun problemlərinin həllinə başlanıldı, qısa müddət ərzində cinayətkar siyasi-hərbi birləşmələr zərərsizləşdirildi, terror aktlarının, dövlət çevrilişinə cəhdlərin qarşısı alındı, iqtisadi sabitliyə və inkişafa xidmət edən sanballı addımlar atıldı. Azərbaycan Respublikası beynəlxalq təşkilatlara bərabərhüquqlu üzv kimi qəbul edildi. Əhalinin sosial durumu yaxşılaşdı, cəmiyyət həyatının bütün sahələrində çiçəklənmə və inkişaf meyilləri özünü göstərdi və sair mütərəqqi islahatlar aparıldı. Qısa müddət ərzində Azərbaycanın neft strategiyası uğurla həyata keçirilməklə yüksək nailiyyətlər əldə olundu.

Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətdə olduğu ikinci mərhələdə – 1993-2003-cü illər ərzində respublikada nizami ordu yarandı, qanuni yolla parlament və prezident seçkiləri keçirildi, dünya dövlətlərinin ən demokratik və mütərəqqi konstitusiyaları ilə bir sırada duran və Heydər Əliyev zəkasının məhsulu sayılan yeni Konstitusiya qəbul edildi. Ölkədə hakimiyyət bölgüsü prinsipinə əsaslanan çox mütərəqqi hüquqi-demokratik islahatlar aparıldı, yerli hakimiyyət orqanları – bələdiyyələr formalaşdırıldı, dövlət orqanlarının təşkili və dövlətin idarə olunmasında əhalinin iştirakı ən demokratik yollarla təmin edildi, xalqın siyasi təşəbbüskarlığı yüksəldi, bazar iqtisadiyyatına əsaslanan möhkəm iqtisadiyyat yaradıldı.

Dövlətimizin qarşısında duran daha böyük problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa və Azərbaycanın haqlı tələblərinə əsasən həll olunması yolunda mühüm diplomatik uğurlar qazanıldı. Bütün bunlar, Azərbaycan xalqının 15 iyun 1993-cü il tarixdən başlanan qurtuluşundan – Heydər Əliyevin hakimiyyətə qayıdışından qaynaqlanan böyük yolun uğurlarının yalnız bir hissəsidir. Xalqımıza Heydər Əliyev töhfəsi olan bu Qurtuluş yolu Azərbaycana yüksək nailiyyətlər qazandırdı, onun dünya xalqları və dövlətləri içərisində öz layiqli yerini tutmasını təmin etdi.

Ümummilli liderin 2003-cü ilin dekabr ayında dünyasını dəyişməsindən sonra onun layiqli davamçısı Prezident İlham Əliyevin Heydər Əliyev kursunu müvəffəqiyyətlə davam etdirməsi ilə, Azərbaycanın dövlət strukturlarında aparılan, dünyanın müasir inkişaf tələblərinə, beynəlxalq normalara cavab verən mütərəqqi islahatlar nəticəsində dövlət orqanlarının fəaliyyəti daha da gücləndirildi, bu qurumlar peşəkar kadrlarla təmin edildi. Xüsusilə, dövlətin gənclər siyasətinə uyğun olaraq, dövlət orqanlarının davamlı peşəkar kadr potensialının yaradılması istiqamətində mütərəqqi islahatlar aparıldı, dövlət qulluğuna bir neçə mərhələlərdə test və müsabiqə üsulları vasitəsilə biliklərin qiymətləndirilməsi yolu ilə tam şəffaflıq şəraitində kadrların düzgün seçilib yerləşdirilməsinin təmin edilməsi sahəsində ciddi addımlar atılmışdır. Məhz, bunun nəticəsidir ki, digər dövlət orqanlarına qəbul edilən yeni nəsil mütəxəssislərlə yanaşı, 2002-ci ildən başlayaraq test və müsabiqə üsulları ilə imtahanlarda ən yüksək bal toplamış 780 gənc mütəxəssis prokurorluq orqanlarına qəbul olunmuşdur ki, onlar Azərbaycan Prokurorluğu orqanlarının hazırkı kadr potensialının 65 faizini təşkil edir. Yüksək nəzəri bilik və praktiki vərdişləri, dövlətçiliyə sədaqətləri və hərtərəfli ixtisas təcrübəsi olan peşəkar kadrların dövlət qulluğuna qəbulu və irəli çəkilməsi Heydər Əliyevin kadr siyasətinin başlıca istiqamətlərindən biri kimi bu gün də uğurla davam etdirilir.

Ümummilli lider Heydər Əliyevin parlaq siyasi ideyaları və əsasını qoyduğu dövlətçiliyimizin strateji layihələri onun siyasi kursunun layiqli davamçısı, bu il aprelin 11-də seçicilərin böyük əksəriyyətinin dəstəyi nəticəsində müvəffəqiyyətlə, beynəlxalq müşahidəçilərin də etiraf etdiyi kimi, ən şəffaf və düzgün rəqabət şəraitində yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmiş İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Heydər Əliyevin uzaqgörən, yüksək zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan bu gün dünyada layiqli mövqe sahibi olmuş, beynəlxalq və regional layihələrin əsas oyunçularından birinə, bir çox hallarda isə aparıcı qüvvəsinə çevrilmişdir. Azərbaycan beynəlxalq hüququn subyekti kimi beynəlxalq münasibətlərdə özünün dəst-xətti ilə seçilmiş, beynəlxalq təşkilatlar və aparıcı supergüclər əksər məsələlərdə Azərbaycanın mövqe və mənafeləri ilə barışmalı olmuşlar.

Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik ənənələrinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam və daha da inkişaf etdirilməsinin məntiqi nətcəsidir ki, Azərbaycan beynəlxalq siyasətdə, xüsusilə regional siyasi arenada hörmət olunan, sayılıb-seçilən mövqe qazanmış, iqtisadi inkişaf tempinə, şəffaflıq göstəricilərinə görə dünyanın bir çox aparıcı dövlətləri ilə bir sırada dayanmaq və rəqabət aparmaq qabiliyyətinə yiyələnmiş, xalqımızın zəngin mədəniyyəti dünya mədəniyyəti xəzinəsində şərəfli yerini tutmuşdur. Eyni zamanda, Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın ən güclü ordusu olmaqla, döyüş qabiliyyətinə görə, demək olar ki, hər il beynəlxalq reytinq cədvəllərində bir neçə pillə irəliləyir ki, bu da diplomatik imkanlar tükəndikdə, Azərbaycanın Ermənistan tərəfindən artıq 30 ilə yaxın müddətdə işğal olunmuş, beynəlxalq qurumlar və dünya dövlətləri tərəfindən tanınmış qanuni, əzəli, tarixi sərhədlərini, dədə-baba torpaqlarımız üzərində faktiki hakimiyyətimizi bərpa etməyə imkan verəcəkdir.

Heydər Əliyevin müdrik ideyaları zamanın sərhədlərini aşaraq, tarixin bütün dövrlərində aktual sayılan əsas istiqamətlər olmaqla, dövlət orqanlarının fəaliyyətinin mühüm, prinsipial yol xəritəsinin tezisləri kimi çıxış edir. Onun “Dövlət iki şeydən sarsılar: cinayət cəzasız qalanda, günahsıza cəza veriləndə!” – məşhur kəlamı hüquq-mühafizə orqanlarının fəaliyyət prinsiplərinin əsas sütununu təşkil edir. Əslində, bu orqanların bütün digər – qanunçuluq, ədalətlilik, hamının qanun qarşısında bərabərliyi və sair fəaliyyət prinsipləri, məhz həmin tezisin üzərində cücərir, pərvəriş tapır. İxtisaslaşdırılmış prokurorluq qurumu olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun bütün kollektivi də ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasətinə və onun ideallarına sadiq qalaraq, dövlətçiliyimizin, qanunçuluğun keşiyində mətanətlə dayanaraq, qarşıya qoyulmuş bütün vəzifələrin yüksək dəqiqliklə və layiqli şəkildə icra edilməsi əzmindədir.

Ümummilli liderin aşağıdakı kəlamları onun həyat fəlsəfəsinin əsl mahiyyətinin başlıca ifadəsidir: “Biz azadıq, müstəqilik və sərbəstik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Mənim üçün öz canımdan və həyatımdan artıq, Azərbaycanın müstəqilliyini qorumaq, saxlamaq və əbədi etməkdir!”. Heydər Əliyevin fiziki ömrü 80 illik bir dövrə sığsa da, onun ideyaları, əməlləri, mənəvi dünyasının hədəfləri ən uzaq, sonsuz gələcəyə, Azərbaycanın əbədiyyətinə ünvanlandığından, ulu öndərin şəxsiyyətinin mənəvi sərhədləri, elə, əslində, Azərbaycanın varlığı, ömrü qədər əbədi və sonsuzdur. Bu baxımdan, Heydər Əliyev fenomeni Azərbaycan tarixində bütün zamanların fövqündə dayanacaq, onun şəxsiyyətinin nuru, milli dövlətçiliyimizin uzaq gələcəyinə istiqamətlənmiş uzaqgörən siyasəti Azərbaycan səmasında əbədi parlayacaq Günəş kimi dünya durduqca şanlı dövlətçilik tariximizin sabahına nur saçacaq, işıqlandıracaq, doğru yol göstərəcək, daim var olacaqdır.

 

Mehdi HÜSEYNZADƏ,
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, ədliyyə polkovniki


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında