VAŞİNQTON SƏRTLƏŞİR: “qırğılar”, iş başına!

Hazırda ekspertlər Mayk Pompeo və Con Boltonun Amerikada yüksək vəzifələrə gətirilməsinin siyasi və geosiyasi aspektlərini təhlil edirlər. Belə qənaət var ki, bu kadrlar bütövlükdə Vaşinqtonun mövqeyini daha da sərtləşdirəcək və bu, xarici siyasətdə özünü daha qabarıq göstərəcək. O cümlədən Yaxın Şərqdə Amerika hərbi güc tətbiqini artıra bilər. Bundan başqa, Rusiya, İran, Çin və Şimali Koreya istiqamətlərində yeni ixtilaflar meydana çıxa bilər. Bütün bunlarda İsrailin də maraqlarının olduğunu vurğulayırlar. Belə təəssürat yaranır ki, Donald Tramp ətrafına daha çox sərt mövqeli kadrları toplamaqla “hər şey Amerika üçün!” tezisini istənilən vasitə ilə həyata keçirmək niyyətində olduğunu nümayiş etdirir. Bu xəttin mümkün geosiyasi nəticələri necə ola bilər? Bu suala cavab üzərində bir qədər geniş dayanmaq istərdik.

 

Pompeo və Con Bolton: Amerikanı hara istiqamətləndirəcəklər?

 

Dünya KİV-i ABŞ-da baş verən kadr dəyişikliklərinin arxasında duran siyasi-ideoloji məqamlara marağını getdikcə artırır. Bunun səbəbi həmin kadrların bütövlükdə Vaşinqtonun mövqeyində edə biləcəkləri dəyişikliklərlə əlaqəlidir. Bu prosesdən daha çox narahat olan isə Rusiya və İrandır. Hər halda, həmin ölkələrin “beyin mərkəzləri” və ekspert qrupları Vaşinqton administrasiyasındakı yeni təyinatları yalnız mənfi aspektdə qiymətləndirirlər. Hesab edirlər ki, həm Mayk Pompeo, həm də Con Bolton amerikan “qırğıları”dırlar və xarici siyasətdə sərt xəttin tərəfdarlarıdırlar.

Xatırladaq ki, M.Pompeo mühafizəkar protestant tərbiyəsi almış italyan kökənli amerikalıdır. O, iş adamı, siyasətçi və diplomatdır. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olub. Lakin ekspertlər M.Pompeonun diplomatdan çox siyasətçi olduğunu yazırlar. İndi o, ABŞ Dövlət Departamentinə rəhbərlik edir. M.Pompeonu Reks Tillersondan fərqli olaraq sərt, konkret və sözünü yerinə yetirən şəxs kimi xarakterizə edirlər. Ayrıca Yaxın Şərq, Rusiya, Şimali Koreya və Çin istiqamətlərində sərt gücə üstünlük verən mövqeyə sahib olduğunu vurğulayırlar. İran məsələsində xüsusi olaraq sərtlik göstərir. Onu israilpərəst mövqeli siyasətçi kimi də təqdim edənlər vardır.

Con Bolton Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunub. C.Bolton kiçik Corc Buşun komandasında işləyib. Onu “qırğıların” ən parlaq təmsilçisi adlandırırlar. Rusiya, Çin, Suriya, İran və Şimali Koreyaya münasibətdə çox sərt mövqedə olduğu məlumdur. Hətta C.Boltonun belə bir ifadəsi məşhurdur: “Rusiya, Çin, Suriya, İran və Şimali Koreya elə rejimlərdir ki, sizinlə razılaşırlar, sonra isə bu razılaşmalar barədə yalan danışırlar. Və əgər ABŞ-ın təhlükəsizlik siyasəti, onlarla nəyisə ümumiyyətlə razılaşdırmaq olar feyki üzərində qurulacaqsa, iflas qaçılmazdır”.

Maraqlı bir məqam ondan ibarətdir ki, C.Bolton amerikalıların Suriyada kürd qruplaşmalarına yardım etməsinə də mənfi münasibət bildirib. O ifadə edib ki, bu kimi addımlar perspektivli deyil. Vaşinqton həmin qruplara etdiyi yardım siyasətinə yenidən baxmalıdır. Lakin bu zaman C.Bolton radikal qruplarla əlaqəni tam kəsməkdən bəhs etmir, o, sadəcə, daha səmərəli münasibətlər sistemi yaratmağı təklif edir. Bu zaman ABŞ-ın regiondakı maraqlarını saxlamağın vacibliyini vurğulamağı da unutmur.

Bunlarla yanaşı, belə bir fikir var ki, Suriyada amerikan hərbi güclərinin saxlanmasında C.Boltonun rolu böyükdür. Bütövlükdə o, Yaxın Şərqdə ABŞ-ın hərbi güc tətbiq etməsini müdafiə edənlərdəndir. Kiçik C.Buşun İraqa müdaxiləsində, görünür, “bığlı qartal”ın rolu az olmayıb. Bütün bunlara rəğmən, C.Bolton ona “qartal” deyilməsi ilə razılaşmır və xahiş edir ki, bu termini işlətməsinlər.

Ekspertlər isə yaranmış vəziyyətdə Donald Trampın ətrafında iki sərt güc tərəfdarının olmasını siyasi kontekstdə başqa cür təqdim edirlər. Konkret olaraq bu iki kadrın ABŞ-ın xarici siyasətini daha sərt müstəviyə keçirəcəyindən bəhs edilir. Hətta onların hansı məsələlər üzrə ortaq mövqeyə malik olduqlarını belə vurğulayırlar. Deyirlər ki, M.Pompeo və C.Bolton əsas olaraq Rusiya, İran, Suriya, Çin və Şimali Koreyaya qarşı sərt addımları, İsrailə istiqamətlənmiş daha yaxın siyasəti dəstəkləyəcəklər. Onların sırasında İran daha çox hədəfə alınmış kimi görünür. Bu məsələ ilə bağlı Pompeo və Boltonun bir sıra arqumentləri vardır.

 

Geosiyasətdə qaydasız döyüş: zərəri müsəlmanlar görür

 

İranın Yaxın Şərqdə geosiyasi-hərbi mövqeyinin möhkəmlənməsi prosesini təhlükəli hesab edirlər. “Hizbullah”ın Tehran tərəfindən dəstəklənməsi, istiqamətləndirilməsi və maliyyələşdirilməsinin bütövlükdə Qərbin maraqlarına ciddi təhlükələr yaratdığını ifadə edirlər. Burada İsrailin maraqları ayrıca qeyd olunur.

İran konkret olaraq Suriya, İraq, Yəmən və Livanda mövqeyini möhkəmlədib. İndi o, ümumilikdə “şiə ayparası” yaratmaqda ittiham olunur. Bunun nə dərəcədə doğru olduğunu demək çətindir, lakin İranın Yaxın Şərqin bir sıra ölkələrində nüfuzunun artması faktdır. Ancaq bu proses Qərbin, Rusiyanın və İsrailin də eyni siyasət yeritməsi fonunda baş verir.

ABŞ İraqa daxil oldu, İran ondan çox fəallıq göstərərək orada nüfuzunu artırdı. Suriyada da eyni ssenari oldu. Amerikadan fərqli olaraq, Tehran bu ölkədə daha səmərəli fəaliyyət göstərdi. Yəmən və Livanda da İran öz maraqlarını təmin etmək üçün mübarizə aparır. Ancaq bu iki ölkədə İrana qarşı Səudiyyə Ərəbistanı vardır.

Deməli, İran özbaşına və səbəbsiz Yaxın Şərqə müdaxilə etmir; o, böyük dövlətlərin geosiyasi nüfuz uğrunda savaşının bir parçasıdır. Məsələ ondadır ki, Tehran bu fəaliyyəti ilə ABŞ başda olmaqla Qərbin və İsrailin regiondakı maraqlarına uyğun gəlməyən mənzərə yaradır. Amerikalılar buna etiraz edirlər. Onları iraqlıların, suriyalıların, yaxud yəmənlilərin və ya livanlıların taleyi maraqlandırmır. Əsas qayğıları özləri üçün daha uyğun geosiyasi mühitin formalaşdırılmasıdır.

Rusiya, Çin və Şimali Koreya məsələləri də eyni məntiqlə izah oluna bilər. Onda belə çıxır ki, Vaşinqton sərt güc tərəfdarlarına üstünlük verməklə dünya miqyasında öz maraqlarını daha aktiv təmin etmək mərhələsinə başlayır. Bunun fonunda ABŞ-ın Türkiyə ilə də münasibətlərinin asan olmayacağını proqnozlaşdırmaq mümkündür. Çünki Türkiyə daha təmkinli, dinc diplomatik siyasətlə, yerli insanların mənafeyini gözləməklə və onları qorumaqla nüfuzunu müntəzəm olaraq artırır.

Xüsusilə “Zeytun budağı” hərəkatı göstərdi ki, türk ordusu yüksək peşəkarlıqla hərbi əməliyyat aparmağa qadirdir. Bu zaman türk əsgərləri dinc əhalini tam qoruya bilir. Eyni fikri digər qüvvələrə aid etmək mümkün deyildir. Onlar dağıdıcı, məhvedici və etnik, məzhəb ayrı-seçkiliyi məzmunu kəsb edən siyasət yeridirlər. Bu bağlılıqda təxmin etmək olar ki, D.Trampın “qırğıları” Türkiyə məsələsinə də xüsusi diqqət yetirəcəklər. Ancaq onların qarşısını xeyli dərəcədə NATO üzvlüyü məsələsi kəsməkdədir.

Yuxarıda vurğulanan məqamlar geosiyasi kontekstdə Pompeo-Bolton cütlüyünün fəaliyyətinin hansı nəticələr verə biləcəyi barədə müəyyən tezislər irəli sürməyə imkan verir. Gözləmək olar ki, Yaxın Şərqdə gərginlik uzun müddət davam edəcək. Onun miqyası məhdud ola bilər. Lakin son nəticədə müsəlmanların zərər görəcəyini təxmin etmək mümkündür. M.Pompeo və C.Bolton bu işdə daha sərt mövqe tutmaqla adi insanlar üçün daha inandırıcı görünməyə çalışa bilərlər. Məsələn, rus təhlükəsi, yaxud İran təhlükəsi bəhanəsi ilə regionda yeni terror qruplaşmaları yarada bilərlər. Və ya Suriyanın yeni bir bölgəsində amerikan, fransız, səudiyyəli, ingilis hərbi güclərini yerləşdirə bilərlər. Bu da Türkiyə ilə birbaşa hərbi toqquşmalar ehtimalını artırır.

Nəticədə, Yaxın Şərqdə böyük dövlətlər arasında savaş ssenarisini istisna etmək olmaz. Gözləmək çətindir ki, Vaşinqton bu mövqeyindən geri çəkilsin. Əksinə, ABŞ yeni qaydada Yaxın Şərqdə nüfuzunu artırmaq kursu götürüb. Ona qarşı olan qüvvələr də bunu çox gözəl bilirlər. Deməli, ixtilaflar, münaqişələr və yeni qan tökülməsi gözləniləndir.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında