Azərbaycanın uğurları bədxahlarımız üçün gözdağına çevrilir

AŞPA-nın qərəzli “hesabatı” tərəfdaşlıq ruhuna ziddir və qurumun bəd niyyəti iflasa məhkumdur!

Bu  qərəzkarlığın, fitnə-fəsadın, məkrli siyasətin, bədxahlığın təməlində nə dayanır? Nə üçün Azərbaycanın istənilən uğrundan ya əvvəl, ya da dərhal sonra ölkəmizə qarşı müxtəlif çirkin  ssenarilər hazırlanır, Avropaya üzqaralığı gətirəcək, Qərbi rüsvay edəcək layihələr dövriyyəyə buraxılır? Bu suallar 10-15 ildir ki, Qərbdə  cavabsız qalır. Amma onlar cavab verməsələr də, Şərqdə hamı bilir ki,  əsas məqsəd sürətlə inkişaf edən müsəlman-türk respublikası olan Azərbaycanın tərəqqisini ləngitmək, əngəlləməkdir. Bu dövlətin qüdrətlənməsinin qarşısını almaq üçün hər şeydən keçməyə hazır olan qaragüruh, bədxahlar sürüsü var. Çox təəssüf ki, onların xeyli hissəsi ölkə daxilindədir və dövri olaraq  çığır-bağır salmaqla məşğuldur. 

Hamının yadındadır, müstəqilliyimizin bərpasının ilk illərində diletant siyasətçilərin səriştəsizliyi ucbatından ölkəmizin bərbad hala düşməsindən  kifayət qədər məmnun olan bədxahlarımız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını xalqın uduşu hesab edərək  dərhal  əleyhimizə dəhşətli planlar hazırladılar. Heydər Əliyev həmin planların hamısını bir-bir heçə endirərək 1994-cü ilin sentyabrında dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlı Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasına nail oldu. Dərhal tanınmış dövlət adamlarının aradan götürülməsi kimi qanlı plan işə salındı.

1995-ci ilin noyabrında ilk parlamentimiz seçildi və müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Bu iki addımı Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi üçün yaradılmış zəmin kimi qiymətləndirən antiazərbaycan qüvvələr daha da qəddarlaşdılar və hətta ulu öndərin fiziki cəhətdən yox edilməsi kimi dəhşətli planlar işləyib hazırladılar. Heydər Əliyevin qurub yaratdığı güclü Azərbaycan dövləti həmin məkrli planların heç birinin baş tutmasına imkan vermədi. Bununla belə,  bədnam düşmənlərimiz öz çirkin əməllərindən əl çəkməyərək, bu qəbildən olan addımları mütəmadi şəkildə  davam etdirirlər. Hansını deyəsən? Bu addımlar bir deyil, iki deyil. Sadalaya bilərik. Ancaq sözümüzü antiazərbaycan qüvvələrin sonuncu məkrli addımı barədə fikirlərlə davam etdiririk.

Aprelin 11-də Azərbaycan vətəndaşlarının  öz seçimini etməsi, milli dövlətçiliyin gələcəyi, xalqın  rifah halının daha da yaxşılaşdırılması naminə yenidən Prezident İlham Əliyevə etimad göstərməsi Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələri ciddi şəkildə narahat etdi. Onların nəzarətində olan təşkilatlar və media vasitələri ölkəmizdə keçirilmiş seçkilərin nəticələrini qaralamağa çalışdılar. Hətta Avropa Şurası Parlament Assambleyası bir qədər də irəli gedərək, Azərbaycana qarşı olan qərəzini böhtan və iftiralarla dolu olan müzakirələr masasına da çıxardı.

 Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook sosial şəbəkəsindəki səhifəsində AŞPA-nın Azərbaycanla bağlı “hesabat”ı haqqında statusunda yazır ki, bədxahlarımız bizə qarşı qərəzli münasibətlərini son zamanlar daha da intensivləşdiriblər:  “Məlumdur ki, 2018-ci il başlayandan Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib, ölkənin həyatında mühüm əhəmiyyət kəsb edən hadisələr baş verib. Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ekspertlərin tam əksəriyyəti tərəfindən cənab İlham Əliyevə etimad referendumu kimi dəyərləndirildi. Seçkilərdən sonra yeni hökumətin formalaşdırılması istiqamətində atılan addımlar cəmiyyət tərəfindən olduqca pozitiv qarşılandı. Biz ilk müsəlman demokratiyasının qurulmasının 100 illiyini qeyd edirik, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımının bir əsrlik tarixinə beynəlxalq platformalarda hüquqi-siyasi qiymət verilməsi üçün ciddi kampaniya təşkil olunub”.

Dövlət rəsmisi əlavə edir ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub” qaz dəhlizi layihəsinin bəzi komponentləri üzərində işlər yekunlaşır və bir müddət sonra TANAP-ın açılışını qeyd edəcəyik: “Mühüm geostrateji əhəmiyyətə malik nəqliyyat layihələrinin həyata keçirilməsi ilə bağlı çox əhəmiyyətli qərarlar qəbul olunub və bu istiqamət üzrə işlər uğurla davam etdirilir. Bu günlərdə isə “Formula 1” yarışlarını izləyən dünya idmansevərləri həm də müasir Bakının möhtəşəmliyinə heyran qaldıqlarını gizlətmirlər”.

Prezidentin köməkçisi bədxahlarımıza xatırladır ki,  öz möhtəşəmliyi ilə dünya ictimaiyyətinin diqqətini ölkəmizə cəlb edəcək bu faktlar cəmi dörd ayda baş verib. Sonra onlardan soruşur ki, bəs Ermənistanda nə baş verir?! Bu suala da Əli Həsənov özünəməxsus məntiq və arqumentlə cavab verir: “Bu ölkədə Azərbaycanla eyni vaxtda keçirilmiş seçkilərdən sonra coşmuş ehtiraslar, xalq narazılığı səngimək bilmir. Erməni xalqı uzun illərdir onu istismar edən, beynəlxalq aləmdən, regionun siyasi və iqtisadi həyatından təcrid halına salmış, bütün maddi resurslarını mənimsəmiş Serj Sarkisyanı istefaya göndərsə də, sakitləşmir. Dünən baş nazir “seçilməsi” münasibətilə Sarkisyanı təbrik edənlərin, Ermənistana rifah arzulayanların bugünkü məyusluğunu başa düşürük”.

Prezidentin köməkçisinin fikrincə,  məhz bu mənzərə -- bir tərəfdə güclü və öz inkişafını uğurla davam etdirən Azərbaycan, digər tərəfdə isə  siyasi kataklizmlər burulğanında çapalayan, sabaha heç bir ümidi olmayan Ermənistan reallığı xarici antiazərbaycan dairələri ciddi narahat edir: “Əminəm ki, böyük maliyyə sərfiyyatı hesabına başa gələn “söyüş kampaniyası”nın səmərəsizliyi də onların yuxusunu ərşə çəkib. Məhz belə bir məqamda antiazərbaycan fəaliyyəti dəfələrlə sübut edilmiş bəzi Qərb QHT-ləri və mediası tərəfindən irəli sürülən subyektiv mülahizələr əsasında AŞPA-da növbəti kampaniyanın başlanması heç də təəccüblü görünmür və təsadüfi xarakter daşımır. Qərbin bir sıra transmilli nəşrlərində xüsusi səhifələr alaraq “araşdırmalarını” dərc edən OCCRP şəbəkəsinin və onun arxasındakı qüvvələrin nə istədiyini anlayırıq”.

Bəli, Azərbaycan həmin qara qüvvələrin nə istədiyini çox yaxşı anlayır. Eyni zamanda,  bizə çox yaxşı məlumdur ki, Azərbaycanın öz milli sərvətlərinə sahib çıxması, güclənməsi və beynəlxalq aktora çevrilməsi həmin dairələri məmnun etmir: “Artıq daxildəki “5-ci kolon” vasitəsilə iğtişaşlar təşkil etmək, qarışıqlıq salmaq və Azərbaycanı fakt qarşısında qoymaq, onu güzəştə məcbur etmək mümkün deyil. Azərbaycan Qərbin qonşu dövlətlərlə bağlı apardığı kampaniyaların, sanksiyaların heç birinə qoşulmur, öz ərazisindən bu və ya digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan vermir. Azərbaycan 1990-cı illərin “demokratiya dalğası”nı onun vasitəsilə Cənuba və Mərkəzi Asiyaya ixrac təşəbbüslərinə də müsbət yanaşmamışdı, bu gün də Böyük Yaxın Şərq, yeni “şiə hilalı” kimi proyektlərdə də yer almır, dost Rusiya, İran və Türkiyə xalqları əleyhinə heç bir sazişdə iştirak etmir. Hərçənd, bununla bağlı yetərincə təşviq, təhrik və təzyiqlər olub və davam edir”.

Əli Həsənov qeyd edir ki, biz xarici antiazərbaycan dairələrin məqsədlərini başa düşürük, ancaq Azərbaycandan olan və bu kampaniyalara dəstək verənləri, o qarayaxmalarda yer alanları anlaya bilmirik. Həmişə erməni lobbisinin fəaliyyətini nümunə göstərərək,  Azərbaycanı öz gücünə iqtisadi lobbi, siyasi dəstək qrupları formalaşdırmamaqda ittiham edənlərin bugünkü əks-mövqeyini məntiqlə izah etmək mümkün deyil.

Prezidentin köməkçisinin fikrincə,  xarici dairələr hakimiyyət opponentlərinin xidmətlərindən yararlanmaqla, Azərbaycan dövlətini gözdən salacaq ictimai narazılıq formalaşdırmağa can atırlar: “Lakin əminliklə deyə bilərik ki, əvvəllər olduğu kimi, bu süni ajiotaj yaratmaq cəhdi də uğursuzluğa məhkumdur. Azərbaycan əməkdaşlığa, tərəfdaşlığa açıq ölkədir, lakin heç vaxt təzyiq, şantaj, təhdid siyasətini qəbul etməyib və etməyəcək. Buna görə də belə cılız kampaniyalarla Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək cəhdinin iflasa uğrayacağı heç bir şübhə doğurmur”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında