Beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər gündən-günə yeni forma və məzmun alır. Bu sürətli dəyişikliklər fonunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın nəinki hansısa dövlət başçısına məktubu, hətta hər səhər öz tvitter səhifəsində yazdığı bir neçə cümlə də dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Cənab Trampın ABŞ siyasəti və iqtisadiyyatı üçün maraq kəsb edən ölkələrin dövlət başçılarına ünvanladığı məktublar isə dünyanın hər yerində böyük diqqətlə izlənilir, öyrənilir və nəticə çıxarılır. ABŞ Prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktub isə bu baxımdan daha böyük maraq kəsb edir.
Ölkəmizdə keçirilən 11 aprel seçkilərindən sonra Azərbaycanın tərəqqisini gözü götürməyən qüvvələr yenə də köhnə bayatılarla çıxış edir və xalqın iradəsinə, seçiminə kölgə salmaq istəyirdilər. Çox təəssüf ki, bu antiazərbaycan qüvvələrin xaricdə və ölkə daxilində səsləndirilən cəfəng bəyanatları ATƏT və Avropa Şurasının bəzi rəsmiləri tərəfindən də dəstəklənirdi. Cənab Trampın bu məktubu bütün qaragüruhçulara başa saldı ki, Azərbaycan beynəlxalq aləmdə siyasi və iqtisadi çəkisi olan ölkədir və ona qarşı atılan şər – böhtanlar ümumi maraqlara ziddir.
Regionda gedən proseslər, xüsusən, son 20-25 ildə Qafqazın hərtərəfli inkişafına mane olan Ermənistan rəhbərliyinin xalq tərəfindən çökdürülməsi dünyanın hər yerində günün mövzusuna çevrilib. Qatil və qaniçən Serj Sarkisyanın saxta yolla baş nazir olmaq istəyi və bu məqsədlə xalqa qarşı yolverilməz addımları atması nifrətlə qarşılandı. Ermənistan rəhbərliyinin istəyinin əksinə olaraq Sarkisyan rejiminin nə Ağ evdə, nə də Kremldə dəstəklənməməsi hamıda böyük məmnunluq hissi yaratmışdı. Özünün təşəbbüskarı olduğu transmilli iqtisadi layihələrlə regionun və Avrasiyanın inkişafına mühüm töhfələr verən Azərbaycanda keçirilmiş seçkilərin nəticəsi isə nəinki Kremldə və Ağ evdə, hətta dünyanın bütün paytaxtlarında bəyənildi və dəstəkləndi. Cənab Trampın Azərbaycan Prezidentinə göndərdiyi məktub isə həmin bəyənmə və dəstəkləmə aktlarının yekunu kimi qəbul edildi.
Bu məktubun üçüncü əhəmiyyəti isə ondan ibarətdir ki, Ermənistanda ara qarışdıqdan sonra bir çox icmalçılar, xüsusən, Azərbaycanın tərəqqisindən xoflananlar car çəkməyə başlamışdılar ki, Ermənistandakı vəziyyət ən azı 10-15 ilə sabitləşməyəcək və o səbəbdən də Dağlıq Qarabağ münaqişəsinin həlli daha 15 il təxirə salınacaq. Təəssüf ki, birmənalı olaraq Ermənistanın xeyrinə olan bu qənaəti səsləndirənlər arasında bizim müxalifətçilərimiz də var idi. Amma cənab Tramp onlardan fərqli olaraq məsələyə başqa prizmadan baxdığını söylədi: “Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcəkdir”.
Cənab Trampın bu məktubu yayılan kimi, ardınca da bədxahlarımızın bəd niyyətli fikirləri yayıldı: “Tramp Azərbaycanda korrupsiyanın olduğunu söyləyib”. Bizim ekspertlərin bədxahlarımıza ünvanlanan cavabı da çox ləngimədi: “Azərbaycan rəhbərliyi ölkədə korrupsiya hallarının olduğunu gizlətmək istəsəydi həm dövlətin ən ali icra orqanı, həm də ölkə prokurorluğu səviyyəsində korrupsiyaya qarşı mübarizə aparan qurumu yaratmazdı. Üstəlik, dövlət başçısı son bir neçə ildə yüksək vəzifəli məmurların bir neçəsini məhz bu mənfi hallara görə cəzalandırıb. Ona görə də ABŞ Prezidentinin məktubundakı korrupsiya sözünü bayraq etmək istəyənlər özlərini aldadırlar.
ABŞ Prezidentinin Azərbaycan Prezidentinə ünvanladığı məktubda deyilir: "Hörmətli cənab Prezident, mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm”. Adını Milli Şura və AXCP qoyub 300-400 adamla mitinq təşkil edənlər isə deyirdilər ki, İlham Əliyevin siyasəti ABŞ hakimiyyəti tərəfindən qəbul edilmir. Cənab Trampın Azərbaycan Prezidentinə təbrik məktubu həmin gerizəkalılara siyasətin əlifbasını öyrənmək baxımından dərs xarakterli oldu.
Donald Tramp əmin olduğunu dilə gətirir ki, biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Xatırladaq ki, bu qəbildən olan– sabaha ümidlə səsləndirilən fikirlər Rusiya Federasiyası, Böyük Britaniya, Almaniya, Fransa, Çin, İran və qardaş Türkiyə dövlət başçılarının Prezident İlham Əliyevə ünvanladığı təbrik məktublarında da istənilən qədərdir. Həmin ölkələrdən üçü Minsk qrupunun həmsədridir.
O ki qaldı Azərbaycan-ABŞ münasibətlərinə, deyə bilərik ki, bu əməkdaşlıq münasibətləri ötən 25 ildə hər iki dövlətin maraqları və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri çərçivəsində inkişaf edərək ən müxtəlif sahələri əhatə edib. İstər siyasi, istərsə də iqtisadi sahələrdə ölkələr arasında uğurlu əməkdaşlıq formatları qurulub. Bu gün Azərbaycan ABŞ-ın təşəbbüsü ilə formalaşan beynəlxalq antiterror tədbirlərinə fəal dəstək verir. ABŞ Azərbaycanın enerji siyasətində yer alan əsas tərəfdaşlardan biridir. Bu sahələrdə əlaqələr strateji xarakter daşımaqla həm Bakının, həm də Vaşinqtonun maraqlarına cavab verir.
Kütləvi informasiya vasitələri yazırlar ki, 25 illik Azərbaycan-ABŞ münasibətlərinin bütün dövrləri fəal siyasi əməkdaşlıq templəri ilə əlamətdar deyil. Müxtəlif zamanlarda istər ABŞ rəhbərliyinin, istərsə də bu ölkənin müəyyən siyasi dairələrinin bəzi məsələlərdə nümayiş etdirdikləri mövqe münasibətlərin soyuqlaşması ilə müşayiət edilib. Hətta Barak Obamanın prezidentliyi dövründə bu ölkənin keçmiş dövlət katibi Con Kerrinin qatı erməni təəssübkeşi olduğu məlum idi. Bununla yanaşı, məhz Obamanın prezidentliyi dövründə Azərbaycanda “beşinci kolon”un fəal dəstəklənməsi siyasəti yürüdülür, az qala ölkəmizin daxili işlərinə qarışmağa cəhdlər edilirdi. Elə bu üzdən də demokratların hakimiyyəti dövründə Azərbaycan-ABŞ münasibətləri çox gərginləşmişdi.
Cənab Trampın prezident seçilməsindən sonra isə Ağ evin yeni administrasiyasının Azərbaycanla əlaqələri hansı formada davam etdirəcəyi məlum deyildi. Digər tərəfdən, yeni Prezidentin ilk vaxtlarda müsəlman ölkələrlə bağlı yürütdüyü radikal siyasət, qəbul etdiyi müəyyən addımlar Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri barədə də nikbin düşünməyə əsas vermirdi. Lakin Donald Trampın ötən il 28 May -- Respublika Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu göstərdi ki, rəsmi Vaşinqton ölkəmizin regiondakı və dünya birliyindəki yerini, rolunu, mövqeyini, tərəfdaş ölkə kimi əhəmiyyətini yüksək qiymətləndirir.
Daha sonra ABŞ dövlət başçısı hər il Bakıda keçirilən ənənəvi neft-qaz sərgisi ilə bağlı Prezident İlham Əliyevə məktublar ünvanlayır. Bu məktublarda da yer alan fikirlər bir daha təsdiq etdi ki, ABŞ-ın yeni administrasiyası, sələfindən fərqli olaraq, Azərbaycanla fəal əməkdaşlıq etmək arzusundadır.
Eyni zamanda, məktublarda Azərbaycanın ABŞ kimi fövqəldövlətlə paralel şəkildə qlobal təhlükəsizliyə töhfə verməsindən bəhs olunur. Ölkəmizin qlobal təhlükəsizliyə fövqəldövlətlə paralel şəkildə töhfə verdiyi fikrinin ifadə olunması artıq Azərbaycana ABŞ Administrasiyasının yüksək dəyər verməsinin növbəti təsdiqidir. Həmçinin diqqəti cəlb edən məqamlardan biri də odur ki, rəsmi Vaşinqton Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi kimi təqdim edir. Əslində, bu fikir hər kəsə bəllidir, lakin ABŞ-ın yeni administrasiyasının bu amili etiraf etməsi o deməkdir ki, Azərbaycanın yürütdüyü siyasət ABŞ tərəfindən dəstəklənir.
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi yeni məktubda da, tərəfləri maraqlandıran bütün məsələlər xatırladılır. Həmin məsələlər arasında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan nəhəng iqtisadi layihələr xüsusi yer tutur. Elə Azərbaycan Prezidentinin London səfəri də bilavasitə həmin beynəlxalq əhəmiyyətli layihələrlə bağlı idi.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.