Son günlər Ermənistanda baş vermiş hadisələr dünya mediasının, eləcə də region ölkələrinin diqqət mərkəzindədir. Sabiq prezident, aprelin 17-də parlament tərəfindən baş nazir seçilmiş Serj Sarkisyanın narazı xalq kütləsinin etirazları nəticəsində istefa verməsi mətbuat orqanları tərəfindən müxtəlif cür şərh edilir. Bu ölkədə baş verən son hadisələr, təbii ki, Azərbaycan üçün də maraqlıdır. Ona görə də bu məsələləri bir qədər ətraflı təhlil etməyə ehtiyac var.
Bu ilin aprelində erməni xalqı küçələrə çıxaraq hakimiyyətini əbədiləşdirməyə çalışan Serj Sarkisyanı istefaya məcbur etdi.
Bizim üçün Ermənistandakı hadisələrin inkişafı ona görə maraqlıdır ki, Dağlıq Qarabağ probleminin həlli baxımından hansı nəticələrə gətirib çıxaracağı hər bir vətəndaşımız üçün əhəmiyyətlidir. Əlbəttə, bu məsələləri bir-biri ilə birbaşa bağlamaq hələlik tezdir. Bu məsələ ilk növbədə Ermənistanın daxili ictimai-siyasi vəziyyəti, daxili maraqları ilə izah edilməlidir. Başqa cür izah etmək mümkün deyil. Eyni zamanda, hər bir belə hadisənin bir beynəlxalq törəməsi olur. Müasir qloballaşan dünyada xırdaca bir guşədə baş verən hər hansı hadisə dərhal beynəlxalq əks-səda doğurur, qloballaşır. Bu mənada Ermənistanda baş verən hadisələrin daha dərin təhlilinə ehtiyac duyulur.
Prosesin təməli hələ sovet dövründən qoyulub. 1988-ci ilin fevralı hamımızın yadındadır. Həmin günlərdə Dağlıq Qarabağ münaqişəsi başladı. Erməni hikkəsi, fitnəsi qanlı toqquşmalara, tələfatlara gətirib çıxardı. Bütün azərbaycanlılar Ermənistandan qovularaq qaçqın düşdülər. Bunlar o zaman hələ monolit hesab olunan sovet dövlətində baş verirdi. Ermənilərin yunanların “enozis” anlayışına oxşayan “miatsum” (birləşmə) hərəkatı milli konsolidasiyaya gətirib çıxardı və bundan sonra həmin anlayışdan sui-istifadə olundu. Beləliklə, Dağlıq Qarabağ problemi ətrafında bütün dünya erməniləri konsolidasiya olundu. Bundan, xüsusən, Dağlıq Qarabağın Robert Koçaryan, Serj Sarkisyan başda olmaqla işğalçı, faşist xuntası məmnuniyyətlə istifadə etdi və təkcə Dağlıq Qarabağı deyil, ətrafdakı 7 rayonu, sonra isə bütün Ermənistanı “zəbt etmək” siyasəti yürüdüldü.
Bu gün də Ermənistan əhalisi ürək ağrısı ilə etiraf edir ki, Dağlıq Qarabağdan gəlmə bir qrup “əl ermənisi” bütün respublikanı “zəbt edib” və onlar ölkəni talamaqla məşğul olublar. Talançılığın mərkəzində isə həmin Serj Sarkisyan, onun kürəkəni və qardaşı durur.
İkinci tərəfdən, Ermənistan, sabiq prezident Levon Ter-Petrosyanın dediyi kimi, dolanışığının 80 faizi bağlı olduğu Türkiyə və Azərbaycanla qatı düşmən vəziyyətinə gətirildi. Bu, Qafqazda erməni dövlətinin məhvi təhlükəsini yaratdı. Bunlar 1997-ci il sentyabrın 26-da Ter-Petrosyanın dediyi fikirdir. Məlumdur ki, 1998-ci ilin fevralında Ter-Petrosyan istefaya məcbur edildi və həmin “miatsum” dalğasında Qarabağ xuntası (Pobert Koçaryan, sonra Serj Sarkisyan) hakimiyyətə gətirildi. Bu müddət tam 20 ili əhatə etdi. Nəhayət, 2018-ci il aprelin 9-da prezidentlik müddəti başa çatan Serj Sarkisyan hakimiyyətini əbədiləşdirmək qərarına gəldi. Bunu Hitlerin timsalında olduğu kimi, “erməni füreri” iddiası adlandıranlar da var.
Bunun da əsası 2015-ci ilin sonlarında – noyabr-dekabr aylarında ölkənin parlament idarəçiliyi sisteminə keçməsinin zəruriliyi ilə bağlı təbliğat kampaniyasına başlanması ilə qoyuldu. Bunu etməkdə məqsəd o idi ki, ölkə prezident idarə üsulundan parlament üsuluna keçsin, hakimiyyət baş nazirin əlində cəmləşdirilsin. Dünyada belə sistemlər var – Böyük Britaniyada, Almaniyada və c. Ermənistanda da belə bir istək yarandı. Fikirləşmək olardı ki, nə fərqi var. Amma gərək bu, demokratik prinsiplərə əsaslansın. İş burasındadır ki, Ermənistanda həmin dəyişiklik nəticəsində prezident seçkiləri olmur, onu parlamentdəki deputatlar seçir. Beləliklə, xalq hakimiyyətin mənbəyi rolunu itirir.
Bax, hazırda Nikol Paşinyanın rəhbərliyi ilə gedən xalq hərəkatının məğzi də budur ki, xalq öz hakimiyyətini bərpa etmək istəyir. Bu, zahirən quru təbliğata bənzəyir. Amma əslində o zaman konstitusiya islahatı kimi təqdim olunan bu addım əsl konstitusiya çevrilişi idi və bu, 2015-ci ildə baş vermişdi. Elə bugünkü xalq hərəkatının səbəbi də xalqın hakimiyyətin mənbəyi olmaqdan uzaqlaşdırılmasıdır. Paşinyanın mitinqlərdə dediyi də budur ki, hökuməti xalq təşkil etməlidir, hakimiyyət xalqa qaytarılmalıdır. Bax, söhbət bundan gedir.
Buna görə də müxalifət dörd əsas şərt irəli sürdü: birinci, Sarkisyan baş nazir vəzifəsindən getməlidir. Aprelin 9-da onun prezidentlik səlahiyyətləri başa çatdı. Dərhal baş nazirliyə təqdimat prosesi başlandı. Və bununla eyni vaxtda etirazlar başladı. Aprelin 17-də Sarkisyan parlamentdə baş nazir seçildi. Bununla da, Paşinyanın dediyi kimi, “məxməri inqilab” mərhələsi yetişdi. Aprelin 21-də parlamentdə seçilmiş prezident Armen Sarkisyan etirazçılarla görüşdü və Sarkisyanın hakimiyyətdən getməsi tələbi ilə qarşılaşdı.
Ikinci şərt müvəqqəti hökumət qismində xalq hökumətinin təşkili ilə bağlıdır. Təxminən 2-3 ay ərzində seçki qanununun dəyişdirilməsi, yeni parlament seçkilərinin təyin olunması nəzərdə tutulur. Bundan sonra parlamentin yeni tərkibinin formalaşdırılması lazım gələcək. Ertəsi gün Serj Sarkisyanın özü Paşinyanla görüşsə də, bu, çox qısa oldu – cəmi 3 dəqiqə. Paşinyan qətiyyətlə bildirdi ki, bizim şərtlər qüvvədədir, yalnız sizin istefanız müzakirə oluna bilər. Beləliklə, aprelin 23-də Serj Sarksiyan, görünür, başa salınandan sonra istefa verdi. Bundan sonra isə o, bəyanat verərərk səhv etdiyini bildirdi. Görünür, bunu da öz xoşu ilə etmədi. Hər halda biz bilirik ki, əli minlərlə günahsız azərbaycanlının qanına batmış bu qatil həmin sözləri öz istəyi ilə demədi.
Maraqlıdır ki, Sarkisyan bəyanatının sonunda bildirdi: xalqıma üç şey arzulayıram - əmin-amanlıq, harmoniya və məntiq. Biz də istərdik ki, nəhayət, erməni xalqı məsələlərə məntiqlə yanaşsın. Bizə dediyi “türkün sonrakı ağlı” məsəlini özünə tətbiq edərək dərk eləsin ki, regiondakı vəziyyət, ölkədəki ictimai-siyasi durum - Ermənistanın bir dövlət kimi mövcud olması, normal yaşaması Türkiyə və Azərbaycanla düşmən olmamağı tələb edir. Hazırda Ermənistan özünü regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən gəlirli layihələrdən kənarda qoyub. Amma məlum neft və qaz kəmərlərinin, eləcə də nəqliyyat dəhlizlərinin müəyyən bir hissəsi Ermənistandan keçərdisə, bu, ölkəyə daha çox dividentlər gətirə bilərdi, nəinki Dağlıq Qarabağ uğrunda sonu heç də bu ölkə üçün yaxşı görünməyən mübahisə.
Əlbəttə, Azərbaycanın bütün qonşu və digər dövlətlərə qarşı münasibəti heç kəsin daxili işlərinə qarışmamaq prinsipi ilə müəyyənləşir. Ermənistanda daxili siyasi hakimiyyət məsələsini ermənilər özləri həll etməlidir. Bizi maraqlandıran Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normalarına uyğun, siyasi vasitələrlə həllinə nail olmaqdır. Əgər bundan sonra da Ermənistan tərəfinin günahı üzündən belə bir həllə nail olmaq mümkün olmasa, onda iki il əvvəl aprel günlərində olduğu kimi, məsələyə Silahlı Qüvvələrimiz qarışmalı olacaq. Ona görə də bu məsələ beynəlxalq səviyyədə təkcə qınaq kimi qalmamalı, hüquqi müstəviyə keçməli, Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir. Eyni zamanda, öz ölkəsində cinayətkar kimi hakimiyyətdən uzaqlaşdırılmış Serj Sarkisyanı biz də Beynəlxalq Haaqa Məhkəməsinə verməli, Azərbaycan ərazisində törətdiyi qanlı qırğınlara görə cavab verməsinə nail olmalıyıq.
Yasin QARAMƏMMƏDLİ,
siyasi icmalçı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.