Ermənistan əhalisi kriminallaşmış ERP-ni yola salmağa hazırlaşır

Son günlər Ermənistanda baş verən hadisələr dünya mediasının və ictimaiyyətinin diqqət mərkəzindədir. İllərlə hakimiyyəti zor gücünə, insan tələfatı hesabına zəbt etmiş və adı kriminal dairələrlə bir yerdə çəkilən Serj Sarkisyan devrildi. Lakin hələ də Ermənistan paytaxtında minlərlə adamın etirazı davam edir. Nümayişdə tələbələr fəallıq göstərirlər.

Yerevanda yenidən başlayan aksiyalarda etirazçılar bəzi dövlət binalarının qarşısına, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyi, həmçinin Təhsil və Elm nazirlikləri yerləşən binanın önünə toplaşıblar.

Nümayişlər nəticəsində devrilən Serj Sarkisyanı müvəqqəti əvəz edən Karen Karapetyanla müxalifətin dialoqu baş tutmayıb. Bundan sonra Yerevanı yenidən etiraz dalğası bürüyüb. Müxalifət Serj Sarkisyanın müttəfiqi olan Karapetyanın da vəzifədən getməli olduğunu və parlamentin yeni baş nazir seçməli olduğunu təkid edir.

Əslində, çərşənbə günü bu məsələ müzakirə olunacaqdı. Lakin Karapetyan elan edib ki, Paşinyan ilə danışıqlar müxalifətin “birtərəfli tələblər” irəli sürməsindən sonra təxirə salınıb. Ermənistan Milli Konqresinin lideri Nikol Paşinyan deyib ki, biz Serj Sarkisyanın istefasına nail ola bildiksə, hakim partiyanı xalqın iradəsinə tabe olmağa da məcbur edə bilərik. Etməsələr, biz fəaliyyətimizi daha da şiddətləndirəcəyik. Məsələ budur ki, Ermənistanda “məxməri inqilab” elan edən etiraz hərəkatı təzyiq altında istefa verməyə məcbur olmuş baş nazir Serj Sarkisyanın rəhbəri olduğu hakim ERP partiyasının da hakimiyyətdən getməsini, yaxud ən azından demokratik baş nazir seçkiləri keçirməsini tələb edirlər. N. Paşinyan hesab edir ki, Sarkisyanın devrilməsi hələ mübarizənin birinci mərhələsidir və ERP hakimiyyətdən kənarlaşdırılmayınca xalqı mübarizəni davam etdirməyə çağırıb. Hazırda meydanda əhali öz seçimini edib və onlar baş nazir olaraq N. Paşinyanı görürlər. Minlərlə etirazçı “Azad, müstəqil Ermənistan”, “ERP rədd ol!”, “Bizik bu ölkənin sahibi!”, “Nikol – baş nazir” səsləyərək hakim Respublikaçılar Partiyasının qərargahı ətrafına toplaşıb.

 Bundan əvvəl də, “Sarkisyan Kremlin itidir” şüarları meydanın əsas devizlərindən biri idi. Məlum məsələdir ki, hakim ERP hakimiyyətdə qalmaq üçün müxtəlif yollar axtarır. Müxalifətçilər hesab edir ki, Sarkisyanın partiyası Rusiyadan asılı siyasət yeridir və Kremlin əlaltısıdır. Lakin məlumdur ki, S. Sarkisyan dünyanın müxtəlif ölkələrində məskunlaşan erməni kriminal ünsürləri ilə ciddi alış-verişdə idi. Hətta erməni diasporunun içində də ERP-in güclü dayaqları var idi. Sarkisyan iqtidarı Rusiya və Qərb ölkələrində erməni lobbisinin dəstəyini alırdı. O, bu dəstəyi Qarabağ məsələsini daim gündəmdə saxlamaqla əldə edirdi. Yalançı, vətənpərvərlik şousu yaradan Sarkisyanın partiyası illərdir Qarabağ münaqişəsinə qeyri-konstruktivlik göstərirdi və daxildəki etirazları boğmaq və getdikcə pisə doğru gedən və bütün regional layihələrdən kənarda qalmaqla yaranan ağır sosial durumu ört-basdır etməklə məşğul idi. O, bundan yetərincə yararlana bilirdi. Bu baxımdan hazırda özü istefa versə də, mənsub olduğu partiyanı müxtəlif yollarla hakimiyyətdə saxlamağa çalışır.

 Hakim ERP öz liderinin namizədliyini 2015-ci il konstitusiyasına əsasən, daha geniş səlahiyyətlərə malik olacaq baş nazir vəzifəsinə irəli sürmüşdü.

Yeni Konstitusiyaya görə, respublikanın baş naziri silahlı qüvvələrin ali baş komandanı sayılır və təhlükəsizlik şurasının iclaslarına rəhbərlik edir.

Güc strukturları – polis, Milli Təhlükəsizlik Xidməti, Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Nəzarət Xidməti də baş nazirə tabedir.

Etiraz aksiyalarına baxmayaraq, aprelin 17-də Ermənistan parlamentinin xüsusi sessiyasında Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsinə seçilmişdi.

105 üzvü olan Ermənistan parlamentinin 97 üzvünün iştirak etdiyi səsvermənin nəticəsinə görə, Serj Sarkisyan 77 səs lehinə, 17 səs əleyhinə olmaqla Ermənistanın baş naziri olmuşdu.

Serj Sarkisyanın namizədliyi onun rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası və Daşnaksütyun Erməni İnqilabi Federasiyası tərəfindən təklif edilmişdi. İndi S. Sarkisyanın partiyası yaxşı anlayır ki, bu vəzifəni itirmək, bütövlükdə hakimiyyəti itirmək deməkdir. Bu baxımdan çalışırlar ki, kimin olmağından asılı olmayaraq yalnız “ERP” in namizədi olsun. Çünki artıq Daşnaksütyun belə onlarla koalisiyada olmaqdan imtina edib.

Artıq Ermənistanda bütün partiya qurumları, ictimai təşkilatlar, hərbçilər, daxili işlər orqanlarının əməkdaşları, mədəniyyət xadimləri anlayır ki, Sarkisyan getsə də, məsələ tam həll olunmayıb və bütövlükdə ERP partiyasının getməsi reallaşmalıdır. Dünəndən etibarən, “Yelk” partiyası da Paşinyana dəstəyini nümayiş etdirib. Ermənistan parlamentində sayca ikinci siyasi qüvvə – “Tsarukyan” parlament fraksiyasının rəhbəri, Firavan Ermənistan Partiyasının lideri, erməni oliqarxlarından biri Qaqik Tsarukyan öz partiya üzvlərini “küçəyə çıxmağa, xalqın yanında olmağa” çağırıb.

“Partiyanın lideri Qaqik Tsarukyanın ümumxalq etiraz dalğasına qatılmaq çağırışına və partiya liderinin xalqla bir olduğu haqqında bəyanatını nəzərə alaraq, Yerevan və ölkənin bütün bölgələrində partiya üzvlərini səfərbər olub, küçəyə çıxıb xalqın yanında olmağa çağırırıq”, -- Firavan Ermənistan Partiya Siyasi Şurasının bəyanatında deyilir. Qeyd edək ki, Ermənistanın ən varlı biznesmenlərindən olan Qaqik Tsarukyanın öz doğma Kotayk vilayətində böyük nüfuzu var. O həm də Ermənistan Milli Olimpiya Komitəsinin prezidentidir. Onun bu vəzifədə təmsil olunması erməni idmançılarına da təsirsiz ötüşməyəcək. Bundan əlavə, Ermənistanın gənclər və idman naziri Hraçya Rostamyan da vəzifəsindən istefa verərək etirazçılara dəstəyini ifadə edib.

 

“Məxməri inqilab”: geosiyasət, yoxsa erməni xalqının ümidsizliyi

 

Əvvəlcə onu qeyd edək ki Ermənistanda baş verənlər artıq yuxarıda qeyd etdiyimiz kimi, S. Sarkisyan və ondan öncə hakimiyyətdə olmuş R. Köçaryanın birgə qurduğu və sonra da bölüşdürdükləri kriminal hakimiyyətin əməllərinin nəticəsi idi. Ermənistanda illərdir mətbuat, söz azadlığı boğulurdu, ölkədən miqrasiya edənlərin sayı sürətlə artırdı. Şəhərlərdə yeni infrastruktur yox idi. Yenilənməli infrastruktura xərclənən pullar isə erməni hakimiyyətinin korrupsieoner ünsürləri tərəfindən mənimsənilirdi. Bu baxımdan artıq neçənci kütləvi etirazın nəticəsi kimi Sarkisyan istefaya məcbur edildi.

Lakin burada incə bir detal da diqqəti cəlb edir. Hadisələrin sürəkli olaraq Qərb mediasında işıqlandırılması, Qərbdə yerləşən insan haqları institutlarının bəyanatları, ABŞ Dövlət Departamentinin etirazçıların dərhal azadlığa buraxılması ilə əlaqədar bəyanatı ermənilərə bilavasitə dəstəyin olduğunu göstərir.

Əslində, böyük dövlətlərin kiçik ölkələrdə təsirinin tarixini nəzərə alsaq bir daha aydın olar ki, Ermənistan kimi forpost ölkələrin daxilində baş verən hadisələrdə onların xarici siyasətini müəyyənləşdirən qüvvələrin də əli olur. Lakin hesab edirik ki, hadisələrdə hansı qlobal qüvvələrin olmasından asılı olmayaraq S. Sarkisyanın rəhbərlik etdiyi iqtidarın yarıtmaz, kriminallaşmış siyasəti və erməni xalqının illərdir yığılıb qalan qəzəbi problemin bu cür yekunlaşmasına gətirib çıxardı. Ermənistanda aclıq, səfalət, ümidsizlik hökm sürürdü və Sarkisyan erməni xalqının bu ümidsizliyini zamanında dəyərləndirə bilmədi.

 

“Qarabağ klanı”

 

Heç vaxt erməni ziyalıları, Ermənistan ictimaiyyəti “qarabağlı” erməniləri qəbul etməyib. Bu baxımdan hər bir siyasi hadisədə ermənilərlə “Qarabağ klanı” arasında bu konflikti aydın şəkildə görürük. İndi də həmin hadisələr özünü pik həddinə çatıb. Hətta bir neçə dəfə Sarkisyan hakimiyyəti üçün təhlükəli vəziyyət yarandıqda, işğal olunmuş ərazilərimizdən birbaşa Ermənistana qoşun yeridilib və “ERP” partiyasına və şəxsən Sarkisyana dəstək verilib. Son seçkilərdə Sarkisyan soyadlı amma “qarabağlı” olmayan şəxsin prezident seçilməsi də məhz ERP-in əlacsız vəziyyətə saldığı erməni xalqının başını aldatmaq üçün növbəti gediş idi. Çünki yenə də səlahiyyətlər baş nazirdə qalmaqla “Qarabağ” hərbi xuntası hakimiyyətini qoruyacaqdı.

Nüfuzlu “Vzqlyad” nəşri Serj Sarkisyanın da mənsub olduğu “Qarabağ klanı”nın gələcəyi haqqında yazır:

“Ermənistanı bir neçə klan idarə edir, “qarabağlı”lar əsas klan olsa da yeganə deyil və elita daxilində mübahisələr ilk növbədə ona əl vermir. Çünki bu, real inqilab və üsyana doğru sürükləyə bilər”.

Guya “qarabağlı”ların hakimiyyətdən kənara sıxışdırılması Ermənistanda dövlətin çökməsinə səbəb ola biləcək, fəlakətli, dərin sarsıntılar yarada bilər.

Qəzet yazır ki, belə bir ssenari onsuz da zəif və çətin vəziyyətdə olan dövləti kənar qüvvəyə daha çox möhtac edə bilər.

Maraqlıdır ki, “Yalnız Qarabağı əhatə etməyən (müharibədən əvvəl o, ikimillətli olub), sırf Azərbaycan rayonları da daxil olmaqla qonşu ölkədən alınan ərazilər daim “zaman minası” effekti təşkil edir. Daha zəngin və əhalisi çox olan Azərbaycan heç vaxt torpaqları qaytarmaq tələbindən imtina etməyəcək”, – deyə “Vzqlyad” yazır.

Bu gün Azərbaycan dövləti Ermənistanda baş verənləri diqqətlə izləyir və istənilən dəyişiklik əgər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində faydalı olacaqsa, dialoqu davam etdirməyə hazırdır. Çünki Azərbaycanın regionun əsas lokomotiv ölkəsi olması böyük əhəmiyyətli regional layihələrin təşəbbüskarı kimi çıxış etməsi və Ermənistanı sıxışdırması faktdır. Ermənistan mütləq dialoqa getməli və konstruktivlik ortaya qoymalıdır. Əks halda kimin və yaxud hansı siyasi qüvvənin hakimiyyətdə irəli çıxmasından asılı olmayaraq, Azərbaycan öz torpaqlarını tələb edəcək və kəskin situasiya yaranarsa, münaqişəni hərb yolu ilə həll edəcək. Bunu isə dünya ictimaiyyəti də, Ermənistan hakimiyyəti də yaxşı dərk edir.

Anar TURAN,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında