Ermənistanda etiraz aksiyaları Serj Sarkisyanın istefası ilə nəticələndi

Ölkədə parlament idarə üsuluna keçilməsi böyük ictimai-siyasi böhran və uğursuzluqlarla müşayiət olunmaqdadır

Dünən  Ermənistanda neçə vaxtdan bəri başlanmış etiraz aksiyaları, nəhayət ki, öz nəticəsini verdi: sabiq prezident, aprelin 17-də parlamentdə ölkənin baş naziri seçilmiş Serj Sarkisyan istefa verdi. Bununla da, həm Ermənistanda parlament idarə üsuluna keçid ilk mərhələdəcə uğursuzluğa uğradı, həm də Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak etmiş, Xocalı soyqırımının əliqanlı qatillərindən olan terrorçu dövlətin yüksək postundan məhrum edildi. Əlləri günahsız azərbaycanlıların qanına bulaşmış, vicdanında Xocalı ləkəsi gəzdirən Serj Sarkisyan Ermənistanda hakimiyyətdə olduğu 10 il ərzində Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, BMT-nin müvafiq qətnamələri əsasında ədalətli həllinə bacardığı qədər mane oldu. Onun hakimiyyətdə olduğu 2008-2018-ci illər, əslində, atəşkəs illəri olsa da, yenə günahsız insanlar, xüsusən körpələrimiz öldürüldü. Əlbəttə, dünya ictimaiyyət Sarkisyanın dövlət başçısından çox terrorçu xislətini yaxşı görmüşdü və son hadisələr göstərdi ki, ona beynəlxalq dəstək verilmədi.   

Bundan əlavə, Sarkisyan Ermənistanın baş naziri postunda vur-tut bir neçə gün davam gətirə bildi. Ancaq ona qədər erməni xalqı da bu terrorçunun iç üzünü yaxşı tanıdı: ölkəyə hədsiz ziyanlar vurduğu, 2016-cı ilin Aprel döyüşləri zamanı çoxlu erməni gəncinin Azərbaycan torpaqlarında qurban verildiyi, iqtisadiyyatı bərbad vəziyyətə saldığı, əhalinin bir tikə çörək dalınca xarici ölkələrə, xüsusən Rusiyaya qaçdığı göz qabağındadır. Bütün bunları görən Ermənistan müxalifəti Serjikin baş nazir seçilməsinə qarşı etiraz aksiyalarına başladı və qəti şəkildə sonadək öz mövqeyini müdafiə etdi. Bu günlərdə müxalifət lideri, aksiyaların əsas təşkilatçısı,  “Vətəndaş dialoqu” partiyasının lideri, deputat Nikol Paşinyanın həbsindən sonra mitinq və nümayişlər daha kütləvi xarakter almışdı. Aprelin 22-də axşam saatlarında İrəvanın mərkəzi hissəsində toplaşmış aksiyaçıların sayı 160 min nəfərə çatdı. Bu, hazırkı prezident Armen Sarkisyanı da, elə Serjikin özünü də bərk narahat edirdi. 

Paşinyanın həbsindən sonra müxalifət fəalı Ruben Rubiyan demişdi ki, etirazlar Sarkisyan istefaya gedənə qədər davam edəcək. Başabəla baş nazir isə bildirmişdi ki, parlament seçkilərində 7-8 faiz səs qazanmış siyasi qüvvənin xalq adından danışmağa haqqı yoxdur. Bu bəyanatdan sonra polis fəallaşaraq gecəyə yaxın bir çox fəal natiqi Respublika meydanından yığışdırmışdı. Bundan sonra əsasən fəallar, aktyorlar çıxış etməyə başlamışdı.

Xatırladaq ki, bazar günü səhər saatlarında Yerevanda nümayişlər polis tərəfindən xüsusi vasitələrlə dağıdılıb, Nikol Paşinyan və 200-dən çox etirazçı həbs edilib. Bundan əvvəl baş nazir Sarkisyanla Paşinyan arasında qısa görüş olub. Sarkisyan müxalifətin ona qarşı irəli sürdüyü tələbləri “dövlətə qarşı şantaj” adlandırıb.

Sarkisyan bəyanatla çıxış edərək istefa verməyə hazır olduğunu bildirib, ancaq “bir sıra vacib problemi, xüsusən Qarabağ münaqişəsini həll etdikdən sonra”. “Mənim tərəfimdən baş nazir vəzifəsinə seçilməyin sadə bir səbəbi var. Bizim regionda mürəkkəb geosiyasi vəziyyət və çoxlu yeni çağırışlar mövcuddur, belə bir vaxtda ölkəmizin təhlükəsiz inkişafını təmin etmək və Qarabağ probleminin ləyaqətli həlli istiqamətində səyləri davam etdirmək lazımdır. Bundan sonra hakimiyyətin sükanı arxasında başqa adamlar əyləşə bilər”.

Elə bu sitatdan da görünürdü ki, Sarkisyan Qarabağ kartından istifadə edərək özünün hakimiyyət müddətini məhdudiyyətsiz olaraq uzatmağa çalışırdı. O, nümayişçiləri yalan vədlərlə aldatmağa, ölkəni başına götürmüş etiraz dalğasını yatırmaq istəyirdi. Guya Qarabağ probleminin “ləyaqətli həlli” onun cəmi beş-üç gün vaxtını alacaq və bundan sonra hakimiyyəti yeni adamlara təhvil verəcək. Maraqlıdır, 1988-ci ildən bəri artıq 30 ildir ki, Ermənistanın öz xeyrinə həll edə bilmədiyi Qarabağ problemini Sarkisyan bu tezliklə necə nizamlamaq fikrindəydi? Üstəlik, o, son illərdə istər Qarabağ cəbhəsində, istərsə də beynəlxalq müstəvidə Qarabağ nizamlaması ilə bağlı yalnız siyasi və hərbi məğlubiyyətlə üzləşirdi. Məsələn, 2016-cı ilin Aprel döyüşləri və Avropa İttifaqında qəbul edilmiş bəzi siyasi qərarlar ortadadır. Bütün bunlar göstərir ki, Sarkisyan Qarabağ məsələsindən istifadə edərək hakimiyyətdə mümkün qədər çox oturmaq istəyir. Bunu isə Ermənistan cəmiyyəti qəbul etmirdi.

Ölkədə yaranmış böhranı aradan qaldırmaq üçün yeni seçilmiş prezident Armen Sarkisyan İrəvanın Respublika meydanına gələrək etirazçılarla, o cümlədən, Paşinyanla görüşmüş, müxalifət liderinin Sarkisyanla görüşünü təşkil etmişdi. Lakin baş nazir Sarkisyan və müxalifət lideri Paşinyan arasında bazar günü səhər saatlarında başlanmış görüş çox çəkmədən nəticəsiz başa çatmışdı. Ermənistan mətbuatının (“Rusarminfo” və digər saytlar) verdiyi məlumata görə, görüş zamanı Paşinyan Sarkisyanın istefasını tələb edib, Sarkisyan isə danışığı davam etdirməmək qərarına gəlib. Bu zaman Paşinyan sabiq prezidentin ölkədəki vəziyyətdən xəbərsiz olduğunu, hakimiyyətin artıq xalqın əlinə keçdiyini bəyan edib.  “Mən daha sizinlə danışığı davam etdirmək istəmirəm. Əgər siz dövlətin qanuni tələblərini qəbul etmirsinizsə, xudahafiz”, - deyə Sarkisyan bildirib. Beləliklə, çoxlu jurnalistin iştirakı ilə keçirilmiş görüş cəmi 7 dəqiqə davam edib. 

Bundan sonra İrəvanda etirazçılara qarşı polis tərəfindən xüsusi vasitələr tətbiq edilməsinə başlanıb. Xüsusi xidmət orqanlarının maskalı əməkdaşları Artsax küçəsində Nikol Paşinyanı yaxalayaraq maşına oturdub və naməlum istiqamətə aparıblar. Müxalifətin “Elk” (“Çıxış”) parlament fraksiyasının üzvləri, deputatlar Ararat Mirzoyan və Sasun Mikaelyan da həbs edilib. Buna etiraz edən kütlə deputatların aparıldığı İrəvanın Şenqavit rayon polis idarəsinə doğru yürüşə başlayıb. Polisin nümayişçilərlə toqquşmasına yol verməmək üçün ön sırada Erməni Apostol Kilsəsinin keşişləri gedib. 22 aprel axşam saat 19-da isə Respubluka meydanında ümumxalq mitinqi başlanıb. Bura Ermənistanın müxtəlif rayonlarından da nümayişçilər gəlib.

Dünən Ermənistanın yeni baş nazirinin istefasını tələb edənlərin sayı yüz minlərlə hesablanırdı. Aprelin 22-də axşam mitinqində ölkənin məşhur mədəniyyət və incəsənət adamları da etirazçılarla həmrəy olduqlarını bəyan etmişdilər. Onlardan bəziləri hətta etiraz əlaməti olaraq Sarkisyanın fərmanı ilə təltif edildikləri dövlət mükafatlarından imtina etmişdilər. 2017-ci ildə Əməkdar artist adına layiq görülmüş komediya aktyoru Mkrtıç Arzumanyan demişdi ki, silahsız dinc əhaliyə qarşı güc tətbiq edilməsi ilə razılaşa bilmir. “Hakimiyyət orqanlarının mənim həmvətənlərimə qarşı zorakı hərəkətlərini qınayıram. Bu təltifdən imtina edirəm”.

Etirazçıların sıralarının genişlənməsinə səbəb Serj Sarkisyanın 1 mart 2008-ci il faciəsinin təkrarlana biləcəyi ilə bağlı bəyanatı və bunun ardınca etiraz aksiyası liderlərinin həbsi olub. Əməkdar artist fəxri adından müğənni Erna Yüzbaşyan da imtina edib. “Kadans” teatrının yaradıcısı və icraçı direktoru Nika Babayan “Ermənistanın Əməkdar mədəniyyət işçisi” mükafatından imtina edib. Bu sıraya şou-biznes ulduzlarından başqa, Qarabağ müharibəsi veteranları da qoşulublar. Erməni diasporunun təmsilçiləri Serj Tankyan, Sergey Danielyan, Yura Movsisyan, Ayk Marutyan, Ovannes Azoyan, Qrant Toxatyan, Lala Mnatsakanyan və başqaları da etirazçıları dəstəklədiklərini bəyan etmişlər. Fransada yaşayan Şarl Aznavur isə Ermənistanda yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə etmişdi.

Dünən Ermənistan parlamentinin spikeri Ara Babloyan həbsdə olan deputatlar Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikaelyanla görüşərək onları baş nazirlə real dialoqa çağırmışdı. Bununla belə, etiraz aksiyalarına ara verilməmiş, liderlərin həbsinə baxmayaraq fəallar mitinqləri davam etdirmişdilər. “Sputnik Armeniya” xəbər verirdi ki, Müdafiə Nazirliyinin bir qrup hərbçisi də dünən etirazçılara qoşulub. Sonradan aydınlaşıb ki, bunlar sülhməramlı hərbçilər olub. Artıq ordu da xalqın tərəfinə keçib. Bu vəziyyətdə Sarkisyan baş nazir postunda davam gətirə bilməyəcəyini anlayaraq istefa verməyə məcbur olub. Görünür, Ermənistanda parlament idarəçiliyi sisteminə keçirilməsi ölkəyə uğurdan çox, faciə gətirməkdədir.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında