Dünən Yerevanda səhər tezdən yenidən kəskin etiraz aksiyaları başlanıb. Etirazçılar bəzi dövlət binalarının qarşısına, o cümlədən Ermənistan xarici işlər, təhsil və elm nazirlikləri yerləşən binanın önünə toplaşıblar. Onlar dövlət idarə və müəssisələrinin fəaliyyətini dayandırmaq istəyirlər.
BBC müxbirinin sözlərinə görə, Yerevanda srağagün gecə 10 minlərlə insanın iştirakı ilə keçirilən mitinqdə elan olunub ki, qeyri-qanuni baş nazir seçilən Serj Sarkisyanın ilk hökumət iclasının işi əngəllənməlidir.
Dünən səhər saat 8-dən etirazçılar Respublika meydanında hökumət binası önünə toplaşıblar. Daha əvvəl buraya böyük sayda xüsusi təyinatlı polis dəstələri gətirilib. Maskalı polis əməkdaşları qol-qola girib yerə oturmuş tələbələri bir-bir maşınlara doldurublar.
Dünən Yerevan küçələrində günorta və axşam saatlarında da kəskin etiraz mitinqləri davam edib. Ermənistan polisinin əməkdaşı Zarzand Qabrielyan “PanArmenian.net” saytının müxbirinə məlumat verib ki, günorta saat 12.30 radələrində 100 nəfər aksiya iştirakçısı həbs edilib. Həmin şəxsləri paytaxtdakı müxtəlif polis şöbələrinə aparıblar. Dünən axşam saatlarında Yerevanda daha çox etirazçının həbs edildiyi barədə məlumatlar yayılıb.
Yerevanın küçələrində hər gün etiraz aksiyalarında on minlərlə insanın iştirak etdiyi bildirilir. Hökumət təmsilçiləri bu rəqəmi azaltmağa çalışırlar. Lakin etiraz aksiyalarının coğrafiyası böyüyür. “PanArmenian.net” saytı yazır ki, etiraz aksiyaları Yerevandan başqa, ölkənin əksər şəhərlərini bürüyüb. Ermənistanın şimalındakı Qumri və Vanadzor şəhərlərində aksiyalar xüsusilə kəskin xarakter alıb.
“İnsanların səbr kasası dolub", – deyə aksiya iştirakçılarından biri dünən BBC müxbirinə bildirib. Nümayişçilərin sözlərinə görə, Ermənistan prezidenti 2014-cü ildə verdiyi vədini pozub: o bildirmişdi ki, prezidentlik vəzifəsindəki müddəti bitirdikdən sonra nə prezident, nə də Baş nazir vəzifəsinə daha iddia edəcək. Lakin sözünə əməl etməyib.
Başqa bir etirazçı isə deyib ki, Ermənistanın siyasi elitasında sözünə əməl edən az adam tapılar.
Maraqlı bir cəhət odur ki, etirazçılar “nə rusiyayönümlü, nə də qərbyönümlü” olduğunu deyirlər. Lakin hökumət dairələri etirazçılara “Qərbin adamları” damğasını vurmağa cəhd edirlər.
Yeri gəlmişkən, Ermənistan hökuməti etirazçıları qorxutmaq üçün sərt addımlara əl atır. Belə ki, dünən ən son məlumatlara görə, paytaxt polisi “inzibati xətalar törətməkdə” təqsirli bilinən onlarca gənci həbs edib. Ermənistan müxalifətinin lideri Nikol Paşinyan yerli və xarici media təmsilçilərinə bildirib ki, hökumət sərt cəza tədbirləri ilə insanları qorxutmaq iqtidarında deyil. Çünki Ermənistan hakimiyyət dairələri xalqa rəhbərlik etmək üçün mənəvi haqlarını çoxdan itiriblər. Onun sözlərinə görə, insanlar korrupsiyaya qurşanmış hakimiyyətlə sazişə gedə bilməzlər. Bu hökumət erməni xalqını dilənçi gününə salıb.
Qeyd etmək lazımdır ki, Ermənistanda baş verənlər böyük dövlətlərin diqqət mərkəzindədir. Belə ki, dünən ABŞ Dövlət Departamenti bəyanat yayaraq hökumət orqanlarını, həm də etirazçıları maneə törətməməyə və hər hansı bir təxribatdan və ya zorakı hərəkətdən çəkinməyə çağırıb.
Rəsmi Yerevanın hədə-qorxularına baxmayaraq, etiraz dalğası səngimək bilmir. Bəzi məlumatlara görə, Ermənistan iqtidarı etirazçılara qarşı yeni cəza tədbirlərinə başlamaq niyyətindədir. Təsadüfi deyil ki, Yerevan polisinin rəhbərlərindən biri Hovanes Köçəryan bildirib ki, küçələrin blokadaya alınması ictimai asayişin pozulması deməkdir, polis buna yol verə bilməz. Polisin ötən gün yaydığı xəbərdarlıqda deyilib ki, “qanunsuz hərəkətlərə son qoyulmasa”, nümayişlərin dağıdılmasına görə məsuliyyət aksiyaları təşkil edənlərin üzərinə düşəcək.
Təşkilatçılar isə etiraz aksiyalarının dinc xarakter daşıdığını və dövlət binalarının etirazçılar tərəfindən mühasirəyə alınmasının qanun pozuntusu olmadığını bildirirlər.
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.