Ölkəmiz milli dövlətçiliyin taleyi baxımından çox mühüm bir siyasi kampaniyanı – aprelin 11-də keçirilən növbəti prezident seçkilərini uğurla başa vurdu. Azərbaycan dövləti üçün müstəqillik dövründə keçirilən hər bir seçki taleyüklü əhəmiyyətə, mühüm perspektiv nəticələrə malikdir. Bu baxımdan prezident seçkilərində xalqın verdiyi səs yalnız ölkənin mövcud durumunu qiymətləndirmək anlamına gəlmir, eyni zamanda və bəlkə də, daha çox onun bilavasitə perspektivinə, bu gələcəyə, özünün gözləntilərinə olan inam və etibarı ifadə edir.
Müstəqil Azərbaycan dövlətinin böyük qurucusu, dahi Heydər Əliyev xalqına 1 oktyabr 2003-cü il tarixli məşhur müraciətində demişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Məşhur bir deyim var: “Tarix dünənki siyasət siyasət isə bugünkü tarixdir”. Bu mənada, ümummilli liderimizin bu müraciəti artıq tarixə çevrilmiş 2003-cü ilin siyasi reallıqları prizmasından ölkəmizin gələcək taleyi ilə bağlı böyük məsuliyyət hissi ilə xalqa ünvanlanmış inam və etibar dolu bir müraciət idi. İndi qətiyyətlə demək olar ki, həmin sözlər geridə qoyduğumuz ötən mərhələnin artıq tarixə çevrilmiş 15 illik möhtəşəm inkişaf dövrünü xarakterizə etməklə yanaşı, yaşamaqda olduğumuz 2018-ci ilin gələcəyə ünvanlanmış taleyüklü siyasi vəzifələri baxımından hər zaman Azərbaycanın müstəqillik tarixinin hərəkətverici qüvvəsini təşkil etmişdir. Başqa sözlə, ulu öndərin cənab İlham Əliyevin “gələcəyinə böyük ümidlər bəsləyirəm” ifadəsi təkcə güclü siyasi liderə deyil, daha böyük mənada, həmin gündən gələcək kimi görünən bugünkü Azərbaycana bəslənilən ümidlər idi. Artıq dördüncü dəfə xalqımızın özünün gələcəyi naminə böyük etibarını qazanaraq, son prezident seçkilərindən də parlaq qələbə ilə çıxan cənab İlham Əliyevin davam etdirdiyi, siyasi zamanın inkişafına uyğun yaradıcı təkamül nümunələri ilə zənginləşdirdiyi müstəqil milli dövlətçilik siyasəti məhz bu ümidlərin işığında reallığa çevrilir.
Hələ 2003-cü il oktyabrın 31-də ilk dəfə Azərbaycan Respublikasının Prezidenti kimi and içərkən cənab İlham Əliyev deyirdi: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır”.
Bu baxımdan ötən illərin təcrübəsi yalnız bir sarsılmaz həqiqətlə əlamətdardır: verilən bütün vədlər yerinə yetirilmiş, ölkəmizin siyasi-hüquqi və sosial-iqtisadi inkişafı istiqamətində çox işlər görülmüş, onilliklərə sığacaq uzun bir məsafə cəmi 15 il ərzində qət edilmişdir. Bu uğurlu siyasətin həyata keçirilməsi üçün vacib şərt – ölkədaxili ictimai-siyasi sabitlik pozulmaz, sarsılmaz şəkildə təmin edilmiş, Azərbaycanın yerləşdiyi coğrafi regionun bütün mürəkkəbliyinə, ölkəmizdəki sabit vəziyyətdən məmnun qalmayan xarici qüvvələrin məkrli planlarına, mənfur qonşularla müstəqilliyin ilk illərindən başlayan müharibə vəziyyətinə baxmayaraq, Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biri statusunu qoruyub saxlamışdır.
Məhz bu amil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının təmin edilməsi sahəsində qazanılan yeni və daha böyük nailiyyətlərin təməlində durmuşdur. 2003-2017-ci illərdə ölkəmizdə ümumi daxili məhsul 3,2 dəfə artaraq 70 milyard 135 milyon manata, onun adambaşına düşən hissəsi 6 dəfədən çox artaraq 7205 manata çatmışdır. Sənaye məhsulu istehsalı 2,6, kənd təsərrüfatının ümumi məhsulu 1,7 dəfə artmışdır. Bu dövrdə ixracın həcmi 6 dəfə yüksələrək 15,5 milyard ABŞ dollarına çatmışdır.
Sürətli və dayanıqlı iqtisadi inkişaf Azərbaycanın regiondakı lider ölkə statusunu möhkəmləndirmiş, vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasında mühüm nəticələrə gətirib çıxarmış, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurla icra edilməsi ölkənin bütün ərazisi üzrə yeni inkişaf simasını müəyyənləşdirmişdir. Bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələri sırasında 35-ci yerdədir.
15 il ərzində dövlət büdcəsindən təhsilə ayrılan xərclər 7,6, səhiyyəyə çəkilən xərclər 13,5, mədəniyyətə ayrılmış vəsait 3,1, idmanın inkişafı üçün yönəldilən xərclər isə 5,8 dəfə artmışdır. Nəticədə, ölkədə 3100 yeni məktəb binası, 635 səhiyyə müəssisəsi, 244 mədəniyyət obyekti tikilmiş və ya əsaslı təmir olunmuş, idmançılarımız müxtəlif səviyyəli yarışlarda 8,5 min medal qazanmış, turizm obyektlərinin sayı 2,2 dəfədən çox artaraq 563-ə çatmış, bu dövrdə ölkəmizə 2,7 milyon nəfərə yaxın turist gəlmişdir. Qaçqın və məcburi köçkünlər üçün 5,6 milyard manat vəsait ayrılmış, tikilmiş 92 yaşayış kompleksində 48 min 300 ailə və ya 245 min nəfər yeni mənzillə təmin edilmişdir. Sosialyönümlü iqtisadi siyasətin əsas nəticələri özünü 1 milyon 958 min 400 yeni iş yerinin yaradılmasında, yoxsulluğun səviyyəsinin 44,7 faizdən 5,4 faizə, işsizliyin səviyyəsinin 9,2 faizdən 5 faizə enməsində, aztəminatlı gənc ailələr üçün sosial mənzillərin tikilib 2018-ci ildən başlayaraq istismara verilməsində göstərmişdir. Son 15 il ərzində maaşlar və pensiyalar 8 dəfə artmış, ölkə əhalisinin sayı 2003-cü ildəki 8 milyon 269 min nəfərdən 9,9 milyon nəfərə çatmış, yəni 20 faiz artmışdır.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, həmçinin reallaşdırılmaqda olan TAP, TANAP, “Cənub” qaz dəhlizi kimi regional və beynəlxalq neft-qaz layihələri ölkəmizin dünya enerji təchizatı sistemində rolunu daha da artırmış, Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi” 2050-ci ilədək uzadılmışdır. Azərbaycanın tarixi İpək Yolunun bərpasındakı aparıcı mövqeyi, “Bakı-Tbilisi-Qars” dəmir yolu xəttinin istifadəyə verilməsi, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması üçün əsas faktorlardan olan ölkəmizin bu layihədəki iştirakı onun beynəlxalq nəqliyyat sistemindəki danılmaz rolunu daha da ön plana çıxarmışdır.
Ölkəmizin hərbi qüdrəti bu illər ərzində xeyli güclənmiş, dövlət büdcəsindən müdafiə sahəsi üzrə ayrılan xərclər 4 dəfədən çox artaraq 2 milyard 738 milyon manatı ötmüş, Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silahlarla təchiz edilmiş, hərbi infrastrukturun 80 faizdən çoxu yenidən qurulmuş və maddi-texniki baza xeyli möhkəmləndirilmişdir. 2016-cı ilin aprel ayında düşmənin növbəti təxribatının qarşısının böyük mərdliklə alınması, 2 min hektar ərazimizin, bir sıra strateji yüksəkliklərin işğaldan azad edilməsi, ordumuzun və bütün xalqımızın döyüş ruhunun daha da yüksəlməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin milli ordu quruculuğu siyasətinin mühüm bəhrələridir. Azərbaycan özünün 2005-ci ildən müdafiə sənayesi olan dövlətə çevrilmiş, hazırda ölkəmiz 1000-dən çox adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir.
Bununla belə, sülhpərvər xalqımız və onun ən böyük milli sərvəti olan Azərbaycan dövləti özünü dünyaya tolerantlığın, bütün sivilizasiyaların, xalqların, dinlərin yanaşı, sərbəst və rahat birgəyaşayışının təmin oldunduğu bir məkan kimi təqdim edir. Hər il ölkə paytaxtında keçirilən ənənəvi “Bakı prosesi” artıq ölkəmizin sülhsevər simasını və dünyaya multikultural Azərbaycan modelini tanıdan beynəlxalq tədbir kimi böyük nüfuz qazanmışdır. Bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq idman yarışları da yalnız idmanın təbliğinə və turizmin inkişafına hesablanmayıb, eyni zamanda, sülh və idman ölkəsi olan Azərbaycana böyük bəşəri dəyərlər səltənəti kimi nüfuz qazandırmaqdadır.
Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu, yerini və rolunu təmin edir. İndi torpaqlarımıza düşmən təcavüzü, Qarabağ həqiqətləri, Xocalı faciəsi, bir sözlə, ölkəmizin cəlb olunduğu münaqişədəki ədalətli mövqeyi dünya dövlətləri və beynəlxalq birlik tərəfindən daha tez və obyektiv şəkildə qəbul olunur. Azərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daimi üzvü seçilmişdir. Dövlətimizin yürütdüyü düşünülmüş və qətiyyətli balanslaşdırılmış xarici siyasət kursu, bəzi qüvvələr tərəfindən nə qədər müqavimətlə qarşılansa da, müstəqilliyimizin qorunub saxlanılmasında çox böyük əhəmiyyət kəsb edir.
Əlbəttə, sadaladıqlarımız ölkəmizin son 15 ildə qazandığı uğurların heç də hamısı deyil. Lakin bunlar da kifayət edir ki, insanlarımızın öz fərdi yaşayışındakı, xalqımızın, ölkəmizin həyatındakı yüksəlişi yaşayaraq və tərəqqini görərək yenidən düzgün seçimlə və əslində, yekdilliklə öz müdrikliyini təsdiqləməsinin sirri aydın olsun. Bu baxımdan ölkə 11 aprel seçkilərinə yol gedərkən Azərbaycan vətəndaşı və seçicisi heç bir dilemma qarşısında deyildi. Demokratik siyasi əsaslara, şəffaflığa, azad iradənin ifadəsinə əsaslanan prezident seçkiləri sadə vətəndaşın təsəvvüründə möhkəmlənmiş əsl lider seçiminin təntənəsi ilə əlamətdar oldu.
Sarsılmaz siyasi mövqedə təmsil olunan hər bir vətəndaş öz səsi ilə son 15 il ərzində görülən işlərə yüksək qiymət verdi! Çünki bütün bu uğurlar dövlət başçısının liderliyi ilə hamılıqla, bütöv bir xalq şəklində birlikdə qazanılmışdır. Seçici yaxın və uzaq ölkələrdəki prosesləri dərindən təhlil edərək xalq-iqtidar birliyinə, Azərbaycan gerçəkliyinin əsas amilinə – sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verdi!
Seçici doğru siyasətə – real işə səsini verdi! O siyasətə ki onun mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları və rifahı dayanır.
Ən nəhayət, Azərbaycan seçicisi İlham Əliyevi yenidən özünə, xalqına, dövlətinə lider seçməklə bütün bunların rəhnini təşkil edən milli dövlətçiliyin Heydər Əliyev yoluna – əbədi müstəqil Azərbaycana səs verdi!
Seçimin mübarək, Azərbaycan!
Elman CƏFƏRLİ,
tarix üzrə fəlsəfə doktoru,
dosent
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.