Azərbaycan bütün ölkələrlə əməkdaşlıqda maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir

Bu gün dünyada elə bir ölkə və ya beynəlxalq təşkilat yoxdur ki, Azərbaycan onunla qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlıqdan imtina etsin. Təbii ki, işğalçı Ermənistan istisna olmaqla. Eyni zamanda, dünyada elə bir ölkə və ya beynəlxalq təşkilat tapılmaz ki, Azərbaycanla əməkdaşlığa can atmasın. Maraqlıdır ki, burada Ermənistanın istisna təşkil etdiyini demək mümkün deyil. Çünki respublikamızın sürətli inkişafını görən Ermənistan rəhbərliyi ölkəmizin təbii sərvətlərindən yararlanmaq üçün müxtəlif emissarlar vasitəsilə Bakıya çatdırır ki, biz Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıyıq. Ancaq ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra biz Ermənistan şirkətlərinin də regional iqtisadi layihələrdə iştirakına etiraz etməyəcəyik.

Xarici siyasətimizdəki dünya üçün açıqlıq prinsipi bu gün həmişəkindən daha aktualdır və beynəlxalq aləmdə artıq hamı Azərbaycanı etibarlı tərəfdaş və sədaqətli dost ölkə kimi tanıyr. Ona görə də paytaxt Bakı beynəlxalq tədbirlərin daha sıx keçirildiyi bir məkana çevrilmişdir. Təkcə bu ilin birinci rübündə ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirlər dövlətimizin beynəlxalq nüfuzunu artırır, Azərbaycanı dünyaya müasir, inkişafda olan ölkə kimi təqdim edir.

Həm ölkə mətbuatı, həm də beynəlxalq aləmdəki ekspertlər VI Bakı Qlobal Forumu barədə ürəkdən söz açır və həmin tədbiri təqdir edirlər. Qeyd edilir ki, bu forum qısa müddət ərzində dünya miqyasında böyük hörmət qazanmış bir beynəlxalq platformadır. Dünyada keçirilən aparıcı forumlar arasında Bakı Beynəlxalq Forumu qısa müddət ərzində öz layiqli yerini tuta bilmişdir. Bunu həm forumda müzakirə olunan məsələlər, həm də iştirakçı qonaqların siyahısı təsdiq edir. VI Forumda 50-dən çox ölkədən fəaliyyətdə olan 47 sabiq dövlət və hökumət başçısı iştirak etmişdir. Dünya liderlərinin foruma göndərdikləri məktublar da göstərir ki, bu, doğrudan da, böyük beynəlxalq tədbirdir. Birinci rübdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər etmişdir.

Bundan başqa, bu günlərdə ölkəmizdə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Bu, çox önəmli beynəlxalq tədbirdir. Çünki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır. Ölkəmiz bu təşkilata 7 il əvvəl üzv olub və qısa müddət ərzində təşkilatda böyük rəğbət və hörmət qazana bilmişdir. Elə bunun nəticəsidir ki, belə bir mötəbər beynəlxalq tədbir məhz ölkəmizdə keçirilir. Gələn ildən başlayaraq isə Azərbaycan dünyanın ikinci böyük təşkilatına sədrliyi öz üzərinə götürəcək. Bu, 120 ölkənin Azərbaycana olan böyük hörmətinin, inamının təzahürüdür.

Xarici siyasətimizin uğurları sırasında regional layihələri də xüsusilə qeyd etmək zərurəti var. Belə ki, Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə olaraq regional əməkdaşlıq çərçivəsində qonşularımızla dördtərəfli əməkdaşlıq formatına start verilib. Əlbəttə ki, regionda yaşanan problemlərin həlli, sabitliyin, təhlükəsizliyin, inkişafın təmin edilməsi üçün bu əməkdaşlıq formatı və digər əməkdaşlıq formatları böyük rol oynayır.

Demokratiya və tərəqqi yolunda inamla irəliləyən Azərbaycanın Avropa miqyaslı beynəlxalq təşkilatlarla da, xüsusən, Avropa İttifaqı ilə əməkdaşlığı Avratlantik məkana inteqrasiya kontekstində uğurla irəliləyir. Respublikamızın milli maraqların təmin edilməsinə əsaslanan xarici siyasəti Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu, yaxın təmaslara söykənən harmonik münasibətlərin qurulmasını təmin edir. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın geostrateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını daha da artırıb.

Bu gün Azərbaycan Avropa İttifaqı ilə müxtəlif sahələr üzrə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilən Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələrin enerji balansında Azərbaycan nefti 20-30 faiz təşkil edir. Ölkəmizdən təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi hazırda Avropanın enerji gündəliyində duran ən vacib məsələlərdən biridir. Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir.

Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. XX əsrin sonlarında reallaşan və XXI əsrdə davam etdirilən “Əsrin müqaviləsi” Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan aktorlardan birinə çevirməklə ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasına şərait yaradır. 2017-ci il fevralın 23-də Bakıda “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının üzvü olan dövlətlərin nazirlərinin, ABŞ və Böyük Britaniya hökumətləri nümayəndələrinin, Avropa Komissiyasının vitse-prezidentinin, şirkət və beynəlxalq maliyyə təşkilatları təmsilçilərinin iştirakı ilə keçirilən toplantıda bütün bunlar ətraflı müzakirə olunub.

Azərbaycan Avropa İttifaqının bir qurumu olan Avropa Şurasına üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb. Azərbaycanın Avropa Şurasına üzvlüyündən sonrakı dövr ərzində Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin respublikamız üzrə həmməruzəçilərinin ölkəmizin qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə mütəmadi olaraq Bakıya səfərləri təşkil edilib. Hər dəfə hazırlanmış məruzələrdə Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi yüksək qiymətləndirilmiş, ölkəmizin demokratiya sahəsində mühüm inkişafa nail olduğu qeyd edilmişdir.

Ölkəmizdə və xarici aləmdə keçirilən beynəlxalq tədbirlər çərçivəsində və eyni zamanda, Azərbaycana edilən çoxsaylı səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində dövlətmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir. Çünki bütün görüş və müzakirələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi, münaqişə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.

Dönə-dönə qeyd edilir ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, işğalçı dövlət tərəfindən işğal edilib. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, torpaqlarımız işğal altındadır, tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıbdır. Bildirilir ki, bütün beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən qərar və qətnamələr qəbul etmişlər və bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Dövlətimizin uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb və heç bir dövlət qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və tanımayacaq. Kriminal rejim tərəfindən ötən il keçirilmiş “referendum”u da heç kim tanımayıb. Bu, işğalçılara beynəlxalq aləm tərəfindən vurulan növbəti bir zərbədir. Azərbaycanın səyləri nəticəsində bu qondarma qurum regionun xəritəsində qara ləkə kimi tanınır. Ölkəmizin beynəlxalq təşkilatlardakı fəaliyyəti çox səmərəlidir.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın diplomatik gedişləri nəticəsində və eyni zamanda, Avropada baş qaldıran separatizmə qarşı yaranan yeni yanaşma nəticəsində Avropa İttifaqında münaqişələrlə bağlı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin konfransında qəbul edilmiş qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir. Qətnamədə bu proqrama daxil olan ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı bir daha təsdiqləndi. Bununla bərabər, Azərbaycan münaqişənin həlli ilə bağlı bütün başqa istiqamətlərdə ardıcıl siyasət aparır və aparacaq.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında