Böyük dövlətlərin qlobal geosiyasi nüfuz uğrunda apardıqları mübarizə kəskinləşdikcə, meydana yeni məqamlar çıxır. Onların sırasında Yaxın Şərqdə bütövlükdə vəziyyətin inkişaf meyilləri məsələsi də yer alır. Qərb ekspertləri problemin bu aspektinə son zamanlar daha çox diqqət yetirməyə başlayıblar. ABŞ mətbuatında dərc edilən bir sıra yazıların analizi göstərir ki, Türkiyənin “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları Vaşinqton və Brüsselin Ankaraya münasibətini yeniləşdirməkdədir. Belə ki, Qərbin böyük dövlətləri, o cümlədən Avropa İttifaqı Türkiyənin qlobal geosiyasətdəki rolunun yüksəlməsi ilə barışmalı olublar. Bu səbəbdən onlar Ankara ilə əməkdaşlıqda indi daha çox maraqlıdırlar. Problemə bu tezislərin prizmasından baxdıqda, dünyanın geosiyasi mənzərəsində hansı yeniliklər özünü göstərə bilər?
Ankaranın qətiyyəti: Yaxın Şərqin geosiyasi mənzərəsi dəyişir
Türkiyənin Yaxın Şərq siyasətində daha qətiyyətli və aktiv mövqe nümayiş etdirməsi özünün geosiyasi bəhrələrini verməyə başlayıb. Öncə, Ankaranın atdığı addımlara səbirsiz yanaşan Qərbin böyük dövlətləri artıq fərqli “notlarda danışırlar”. Ekspertlər onun iki əlamətini vurğulayırlar. Onlardan birincisi Türkiyə-Aİ, digəri isə ABŞ-Türkiyə münasibətlərində özünü göstərir.
Bolqarıstanın Varna şəhərində keçirilən Avropa İttifaqı-Türkiyə sammiti geniş müzakirələr məkanı oldu. Tərəflər illərdir ki, yığılıb qalmış və prinsipial əhəmiyyət daşıyan məsələləri masa üzərinə qoyublar. Türkiyə tərəfi apardığı “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarının əsl mahiyyətini avropalı siyasətçilərə konkret faktlarla bir daha izah edib. Afrin əməliyyatında meydana çıxan yeraltı mühəndis qurğuları, silahlar, orada döyüşən avropalılar haqqında Aİ rəsmilərinə informasiyalar verilib. Bu cür izahlardan sonra Aİ nümayəndələri Ankaranın düzgün addım atdığını etiraf ediblər. Terrordan təmizlənmiş yerlərə humanitar yardımın çatdırılması ilə bağlı məsələ qaldırılıb. Türkiyə bunu yüksək qiymətləndirib və qəbul edib. BMT-nin də həmin məsələ ilə bağlı təklifinə razılıq verilib.
Varnadakı görüşlərdə Aİ miqrant məsələsində Ankaranın həyata keçirdiyi siyasətdən razılığını da ifadə edib. Türkiyəyə “3+3” milyard avro formulu ilə ayrılmalı olan maliyyə dəstəyi ilə bağlı konkret mövqe ortaya qoyulub. Prezident Rəcəb Tayyib Ərdoğan bu vəsaitin birbaşa verilməsi məsələsini qaldırıb.
Aİ-Türkiyə zirvəsinin mərkəzi müzakirə mövzusu üzvlük və gömrük sazişi ilə bağlı olub. Türkiyə tərəfi təşkilata daxil olmaq siyasətini davam etdirməkdə qərarlı olduğunu bir daha təsdiqləyib. O cümlədən gömrük sazişi və viza sisteminin sadələşdirilməsi ilə əlaqədar konkret addımların atılması zəruriliyi vurğulanıb. Tərəflər Türkiyənin üzvlüyü ilə bağlı müzakirələri davam etdirmək qərarına gəliblər.
Görüşdən sonra jurnalistlərə Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan ediblər ki, Avropa İttifaqı Türkiyə ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Ankaranın Suriya və İraqla bağlı qayğılarını da anlayırlar. Müzakirələrin davam etdirilməsi lazımdır. Doğrudur, Aİ-də hər bir üzv belə mövqedə deyil. Lakin əksəriyyət Ankara ilə münasibətlərin inkişafını doğru sayır.
Bütün bunlar onu göstərir ki, Brüssel Ankara ilə təzyiq dilində danışmağın mənasız olduğunu anlayıb. Avropa Türkiyə ilə əməkdaşlığın daha vacib olduğunu qəbul edib. Onlar dərk ediblər ki, nə Suriya, nə də İraqda türk ordusunun qarşısını ala bilməyəcəklər. Türkləri durdurmaq yox, onları anlamaq daha məqbul yoldur. Bu aspektdə də Ankara ilə əməkdaşlıq qurmaq gərəkdir.
Bu sırada ABŞ-ın Türkiyə siyasəti maraqlı çalarlar almaqdadır. Amerika KİV-i bununla bağlı diqqətçəkən yazılar dərc edir. Onlarda Vaşinqtonun Ankara ilə indi mövcud olandan bir qədər fərqli münasibətlər qurmalı olduğu ayrıca vurğulanır. Analitiklər qeyd edirlər ki, türklər dedikləri sözə əməl etdilər. Afrin əməliyyatı göstərdi ki, türk ordusu ölkə xaricində peşəkar səviyyədə fəaliyyət göstərə bilər. Bu səbəbdən Türkiyənin iradəsinə qarşı çıxmaq faydasızdır. Məsələnin digər tərəfi mənəvi-ideoloji məqamla bağlıdır. İndi Telafir, Münbic və Rakka istiqamətlərində Türkiyə və Azad Suriya Ordusuna ciddi müqavimət göstəriləcəyi ehtimalı azdır.
Yeni güc mərkəzi: Türkiyə qlobal oyunçu kimi
Yerli dinc əhali – ərəblər, kürdlər, türkmənlər və b. türk ordusunun onları da azad etməsini tələb edirlər. Bu, çox ciddi uğurdur. Və eyni zamanda, ABŞ-ın dəstəklədiyi qüvvələrin məğlubiyyətidir. Aydın olur ki, insanlar onları sevmir və qəbul etmirlər. Suriyalılar nə Əsəd rejiminə, nə də ABŞ-ın başçılıq etdiyi müxalif radikal qruplara etibar edirlər. Onlar Türkiyəni xilaskar kimi görürlər.
Deməli, Suriyadakı radikal kürd qrupları anladılar ki, amerikalılar onlardan “günah keçisi” kimi istifadə edirlər. Bu səbəbdən onlar özlərinə yeni müttəfiq axtarışına çıxmağa çalışırlar. Lakin eyni məntiqlə amerikalılar da hərəkət edirlər. Bir sıra mütəxəssislər Vaşinqtonun Bəşər Əsədlə ittifaqa gedə biləcəyini yazır (bax: məs., Mehmet Seyfettin Erol. Ankara-Washington Hattında Üç İtiraf, Tek Gerçek! / ANKASAM, 22 mart 2018).
“Washington Post”da Paul Sonne və Karen DeYoung yazırlar ki, Amerika rəsmiləri içərisində, birincisi, Suriya Demokratik Gücləri (SDG) ilə Əsədin anlaşmaya nail olmalarını, ikincisi, ABŞ-ın regionda əsgəri gücünü artırmalı olmadığını, üçüncüsü, SDG-Əsəd ittifaqı müxalifət və İŞİD-lə yanaşı, Türk güclərinə də qarşı savaşmalıdırlar, düşüncəsində olanlar vardır (bax: əvvəlki mənbəyə). Burada başlıca məqsəd türkləri Suriyadan çıxarmaqdan ibarətdir.
Bunlar nəyin əlamətidir? Ekspertlər hesab edirlər ki, hər şeydən öncə ABŞ daxilində fikir ayrılıqları dərinləşir. Rəsmi dairələrdə Yaxın Şərq, o cümlədən Türkiyə istiqamətində vahid mövqe yoxdur. Bir qisim Türkiyə ilə səmimi əməkdaşlıq edib, strateji müttəfiqliyi gücləndirməyi, digər qisim isə Ankaranı cəzalandırmağı uyğun sayır.
Bunlardan hansının üstün gələcəyini indidən demək çətindir. Lakin artıq aydındır ki, Türkiyə öz məqsədinə doğru inamla getdikcə, Qərb siyasi dairələri təlaş keçirirlər. Artıq onların manevr imkanları xeyli məhdudlaşıb: ya Türkiyəyə qarşı səmimi olub, əməkdaşlığa davam etmək, ya da qarşıdurmanı gücləndirməklə Türkiyəni və bütövlükdə Yaxın Şərqi itirmək.
ABŞ ekspertlərinin qənaətinə görə, sonuncu məqam daha təhlükəli geosiyasi tendensiyanın əlamətidir. Almaniya kəşfiyyatının keçmiş şefi Auqust Hanninq deyir ki, əvvəla, Türkiyə Qərbdən uzaqlaşır, ikincisi, Osmanlı ənənəsinə daha güclü bağlanır, üçüncüsü, İslam dünyasında daha güclü bir rola sahib olmağa çalışır (bax: əvvəlki mənbəyə). Fikrinə davam edərək o, bildirir: “Türkiyənin Suriyaya hərbi müdaxiləsinə ittihamedici yanaşmaqla bərabər, Türkiyənin mövqeyini dəyişə biləcək mövqedə olmaq qayğımız da yoxdur. NATO üzvü olaraq bizim Türkiyə ilə əlaqələrimizi qorumaq üçün çalışmamız lazım gəldiyini düşünürəm” (bax: əvvəlki mənbəyə).
A.Hanninq öz mövqeyini bununla əsaslandırır ki, Qərb öz daxilində mövcud olan fikir ayrılığı ucbatından Türkiyəyə əvvəlki kimi təsir edə bilmir. Deməli, qlobal geosiyasətdə Qərbin böyük dövlətlərinin doldura bilmədiyi bir boşluq meydana gəlib. O, Qərblə Şərq arasında geosiyasi tarazlıq formalaşdıra biləcək yeni güc mərkəzinin formalaşmasıdır. Özü də bu, sürətlə dəyişən geosiyasi şərtlər daxilində baş verməlidir. Türkiyə məhz həmin statusa sahib olmaq istiqamətində fəaliyyət göstərir. Hələlik Ankara uğurlu addımlar atır.
Türkiyənin tarazlıq yaradan yeni güc mərkəzinə çevrilməsi faktiki olaraq bütün Avrasiyada yeni geosiyasi mənzərəni formalaşdıra bilər. Avropadan tutmuş Uzaq Şərqə qədər geniş bir məkanda sabitlik təmin edilər. Bu, yalnız Qərbə deyil, Rusiya və Çinə də eyni dərəcədə sərfəlidir. Elə bu faktor da Ankaranın şansının yüksək olduğunu göstərir.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.