Azərbaycan dünyada sülhün və sabitliyin möhkəmlənməsinə mühüm töhfələr verən nüfuzlu dövlətdir

Bu günlər dünyanın nəzər-diqqəti yenidən Azərbaycana yönəlib. Söz yox ki, son illər respublikamız dünyada sülhə verdiyi töhfələri ilə diqqət mərkəzində olub. Buna ölkəmizin demokartik ənənələrə sadiqliyini, dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilməsini, sivilizasiyalar və mədəniyyətlərarası dialoqların keçirilməsini də əlavə etsək, respublikamızın dünya birliyində sayılıb-seçilən ölkələrdən olduğu özünü açıq şəkildə büruzə verər. “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının Bakıda keçirilməsi bir daha təsdiqlədi ki, Azərbaycan dünyada sülh, əmin-amanlıq tərəfdarı kimi tanınır, eyni zamanda, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasına görə nümunəvi dövlətdir.

Qoşulmama Hərəkatı dünyanın nüfuzlu təşkilatlarındandır. Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməməsi üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Qurumun əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır.

Qoşulmama Hərəkatına üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. Azərbaycan dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Hazırda bu qurumda 120 ölkə, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat təmsil olunur.

Qoşulmama Hərəkatı dünyada humanizm ideyalarının təbliğində, sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Hərəkat beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir. Belə bir təşkilatın öz tədbirini Bakıda keçirməsi hər birimiz üçün qürurverici haldır. Çünki bu fakt da təsdiqləyir ki, bu gün Azərbaycanın dünya birliyindəki reytinqi getdikcə yüksəlir, əlaqələri genişlənir və mövqeyi möhkəmlənir.

Bu tədbirdə 800-dən artıq şəxsin iştirak etməsi, tədbiri işıqlandırmaq üçün yerli və xarici media nümayəndələri də daxil olmaqla, 150-dən artıq şəxsin akkreditasiyadan keçməsi ölkəmiz haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bir faktı da qeyd edək ki, Azərbaycan Respublikası da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi etdikdən sonra bu qurumla əlaqədar qarşıda daha mühüm məsələlər dayanır . Belə ki, ölkəmiz 2019-cu ildə Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə isə bu quruma sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə öz töhfəsini verəcək.

Hər dəfə respubikamzda belə mötəbər tədbirlər keçiriləndə iştirak edən nümayəndələr ölkəmizin inkişafı, xalqımızın qonaqpərvərliyi ilə yaxından tanış olur, davamlı ictimai-siyasi sabitliyin, əmin-amanlığın təmin olunmasını şəxsən görürlər. Ölkəmizin sülhməramlı olması haqqında yaranan təəssürat Ermənistanın işğalçılıq siyasəti barədə olan inamı daha da möhkəmləndirir.

Tədbirdə iştirak edən dövlət və hökumət nümayəndələrinin respublikamızın rəhbəri ilə keçirdikləri görüşlərdə səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, indiki mürəkkəb və çətin dövrdə Azərbaycanın inkişafını, sabitliyini qoruyub saxlaması dünya birliyinin diqqət mərkəzindədir. BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçakın, Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserratın, Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-honun, Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Pradip Kumar Qyavalinin və digərlərinin ölkəmizdəki böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığından və bizimlə əməkdaşlıqdan məmnunluq ifadə etmələri, Azərbaycanın təmsil etdikləri ölkələrlə dostluq münasibətlərindən razılıqlarını bildirmələri əməkdaşlığımızın yüksələn xətt üzrə inkişafından xəbər verir.

BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak Azərbaycana hər səfərindən sonra ölkəmizdə böyük inkişaf prosesləri getdiyinin şahidi olduğunu bildirdi. O, Azərbaycana Qoşulmama Hərəkatı təşkilatına sədrliyi dövründə uğurlar arzuladı. Miroslav Layçak ölkəmizin BMT çərçivəsində fəal roluna görə təbriklərini çatdırdı, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa, həmçinin beynəlxalq terrorizmlə mübarizə sahəsinə verdiyi dəstəyin dünyada yüksək qiymətləndirildiyini bildirdi. Respublikamızın təşkilata sədr seçilməsi Qoşulmama Hərəkatı üzvlərinin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzunun göstəricisi olduğu barədə fikirlərin səsləndirilməsi də qürurverici haldır.

Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fikir mübadiləsi aparılması xalqımızın ən ağrılı yerinin beynəlxalq aləmin də diqqət mərkəzində olmasından xəbər verir. Tədbirdə səsləndirilən fikirlər, xüsusilə Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserratın dedikləri təsdiqlədi ki, bu gün dünya birliyi, həmçinin hətəkata daxil olan üzv ölkələr qarışıqlıq, qeyri-müəyyənlik və başqa ölkələrin suverenliyi üçün problemlər yaratmaq istəyən bəzi ölkələrin yürütdüyü siyasəti pisləyir. Bu, sülh və beynəlxalq həmrəyliyə ziddir. Qeyd edildi ki, bəşəriyyət çox dinamik və mürəkkəb vəziyyətlə üz-üzədir. Çünki bəzi ölkələrin yürütdüyü siyasət getdikcə daha da eqoist və qərəzli olur. Belə hallara qarşı həmrəyliyi gücləndirmək, bu mühüm hərəkatın canlandırılması prosesində irəliləyişə nail olmaq üçün əsas hədəflərin müəyyənləşdiriməsi təklif olundu.

Azərbaycan 1988-çi ildən başlayaraq, belə hallarla, ədalətsizliklə, işğal siyasəti, terror aktları ilə üz-üzə qalıb. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, ölkəmiz beynəlxalq hüququn və ədalətin pozulmasını öz üzərində hiss edib. İyirmi beş ildən artıqdır ki, respublikamızın ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz işğal olunub. Respublikamızın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin bu vaxta qədər Ermənistan tərəfindən işğal altında saxlanılması və dünya birliyinin bu ədalətsizliyə göz yumması bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı doğma ata-baba yurdundan didərgin salınaraq, qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. İşğal olunmuş ərazilər tamamilə viran edilib. ATƏT məlumatların toplanması məqsədilə oraya iki dəfə fakt araşdırıcı missiya göndərib və onların hesabatlarına əsasən, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız və muzeylərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, eyni zamanda, Azərbaycan mədəniyyətinə qarşı cinayətdir.

İşğalçı dövlətin dünyada anoloqu olmayan Xocalı soyqırımını törətməsi və bu soyqırımının dünyanın 10 dövləti tərəfindən tanınmasının üzv dövlətlərin diqqətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Üzv dövlətlərin də bu məsələni müzakirə edərək insanlığa qarşı olan həmin cinayətlə bağlı mövqelərini bildirəcəklərinə ümid etmək olar. Axı, Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə işgəncəyə məruz qalıb və qətlə yetirilib. Minlərlə insan yaralanıb və ya itkin düşüb. Bu, insanlığa qarşı olan bir cinayətdir.

Ermənistan silahlı qüvvələri tərəfindən işğalçılıq siyasətinin bu günə qədər davam etdirilməsi barədə tədbir iştirakçılarına məlumat verildi. Xatırladaq ki, Qoşulmama Hərəkatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edilib. Bununla bağlı digər təşkilatlar da oxşar qətnamələr qəbul ediblər.

Hərəkata qatılan üzv dövlətlərin nümayəndələrinə bəyan edildi ki, Ermənistanın xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmasının bu günə qədər cəzasız qalması, beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik və etinasızlıq digər münaqişələrin alovlanmasına rəvac vermişdir.

Ölkəmizin ərazisinin 20 faizinin işğal altında qalmasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün halında yaşamasına baxmayaraq, Azərbaycan bir çox mühüm beynəlxalq tədbirləri təşkil etməyə və uğurla keçirməyə qadirdir. Bu vaxta qədər keçirilən siyasi və iqtisadi forumlar, müxtəlif konfranslar, humanitar dialoqlar da bunu təsdiqləyir. 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarını keçirilməsi dünyanın bütün xalqları arasında mədəniyyətlərarası dialoqa, qarşılıqlı anlaşmaya verilən töhfə idi.

Ölkəmizin daha bir uğuru da tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Azərbaycan Qoşulmama Hərəkatının yeganə üzvüdür ki, “Ekspo 2025”ə öz namizədliyini irəli sürüb. Bu addımın özü bir daha göstərir ki, Azərbaycan belə mühüm qlobal tədbiri keçirməyə qadirdir. Müstəqilliyini cəmi 26 il öncə bərpa etmiş bir ölkə üçün həmin tədbir indiyə qədər qazanılan nailiyyətləri nümayiş etdirmək fürsəti olacaq.

Tədbirdə diqqətçəkən məqamlardan biri də üzv dövlətlərin bir-birini dəstəkləməsi, həmrəyliyin möhkəmləndirilməsi, bir-birinin işinə müdaxilə etməmək, diktə etməmək barədə fikirlərin səsləndirilməsi oldu.

Xatırladaq ki, konfransın ikinci günü Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə ziyafət verilmişdir. Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva konfransın bütün iştirakçılarına səmimi salamlarını çatdırmış və qonaqların paytaxtımızın zəngin ruhundan və xalqımızın qonaqpərvərliyindən zövq alacağına əminliyini bildirmişdir. Birinci xanım tədbir iştirakçılarına xoşbəxtlik, ölkələrinə isə sülh və rifah arzu etmişdir.

Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransına ev sahibliyi etməklə Azərbaycan təşkilat çərçivəsində həmrəyliyin möhkəmləndirilməsi işinə töhfəsini bir daha nümayiş etdirdi. Gələn ildən Azərbaycanın təşkilata sədrlik etməsi isə Qoşulmama Hərəkatı üzvlərinin ölkəmizə etimadının, eyni zamanda, respublikamızın beynəlxalq aləmdəki yüksək nüfuzunun göstəricisidir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında