Əgər məndən soruşsaydılar ki, Azərbaycanın müstəqilliyinə və demokratik inkişafına ən böyük təhlükə nədir, cavabım bir çoxları üçün, bəlkə də gözlənilməz olardı. Əlbəttə, Dağlıq Qarabağ problemi, beynəlxalq terrorçuluq, dini ekstremizm, yaxud xaricdən ixrac olunan demokratiya bizim azadlığımıza təhlükədir, lakin mənim nəzərimdə bir nömrəlisi deyil. Bizim milli varlığımıza ən böyük təhlükə mövqesizlik, biganəlik və laqeydlikdir.
Diqqət yetirin: Azərbaycana xaricdən açıq-aşkar terror çağırışları edilir, müqəddəs yerləri dağıtmaq və siyasi qətllər həyata keçirmək barədə bəyanatlar yayılır. Onlar XII Qırmızı Ordu kimi gələcəklərini bəyan edirlər, amma mütləq əksəriyyət susur.
Ona görə də mən, 100 minlərlə Heydər Əliyevsevərlərə müraciət edirəm, əgər kimsə sizin ideallarınızı ləkələmək istəyirsə, siz də onlara kəskin cavab verin!
Mən, hökumət və dövlət adamlarına, yerli icra hakimiyyəti orqanlarına müraciət edirəm, 20 il qabaq hər həftə Heydər Əliyev haqqında bir-iki kitab təqdimatına bizi çağırırdız, indi yaradıcılıq pəriniz sizi tərk edib, deyin görək, hansı sirlərinizin açılıb töküləcəyindən qorxursuz? Biz də sizi doğrulara və oğrulara bölüb kimisə asıb-kəsməklə hədələmirik ki. Heç olmasa, oturduğunuz kreslo naminə mövqeyinizi bildirin. İmam Əli deyirdi ki, səbr iki cürdür – bir bəyənmədiyinə dözmək, bir də sevdiyinizə görə dözmək. Sizdə indi hansındandır?
Mən, Elmar Məmmədyarova müraciət edirəm: Onsuz da xarici işlər naziri kimi apardığınız danışıqlar haqqında nə xalqa, nə də parlamentə bir dəfə də hesabat verməmisiniz, heç olmasa, Qərb ölkələrinin səfirliklərini dəvət edib onların ölkələrindən bizim əleyhimizə hazırlanan İŞİD-çiləri qoruyub saxlamaqda məqsədlərinin nə olduğunu soruşasınız. Axı onlar nəinki dövlətə, neft buruqlarını dağıtmaqdan tutmuş hər şeyə təhlükə törədəcəklərini deyirlər. Həmin materiallar tərcümə olunaraq diplomatik vasitələrlə o ölkələrə çatdırılmalıdır. Çünki 1951-ci il tarixli Qaçqınlıq statusu haqqında Beynəlxalq Konvensiya belə onları məsuliyyətdən azad etmir. Elə isə səfirliklər niyə susurlar?
Bildiyiniz kimi, Azərbaycanın demokratik gələcəyini qurmağa 3 qüvvə iddialıdır. Onların biri uzun müddətdir xaricdə yaşayan Rəsul Quliyevdir. Bilirsiniz ki, o, Azərbaycan parlamentinin sədri olub və ölkədə neft mədənlərini özəlləşdirərək Berezovski, Abramoviç, Qusinksi olmaq istəyirdi. Heydər Əliyev buna imkan verməyəndə ölkədən çıxıb getdi.
İndi bircə müqayisə aparmaq istəyirəm, ötən əsrin əvvəllərində Cümhuriyyət parlamentinin sədri Əlimərdan bəy Topçubaşov min bir əziyyətlə getdi İstanbula, oradan da Parisə. O və digər istiqlalçı mücahidlər Azərbaycanın müstəqilliyini tanıtdırmağa nail oldular. 1920-ci ildə onlar istəklərinə çatdılar, lakin az sonra bolşeviklər gəlib Bakını aldılar və Topçubaşov, Ceyhun Hacıbəyli Parisdə qalıb orada kasıblıq içində, lakin yüksək Vətən segisi ilə dünyadan köçdülər. İndi xalqdan oğurladığını yeyən Rəsul Quliyevlə Topçubaşov bir-birinə bənzəyirmi?
Demokratiyanı qurmaq istəyən o biri qüvvə Milli Şuraya daxil olanlardır. Əli Kərimli 25 ildir bir taxtda oturub, məni tənqid edib ki, hakimiyyəti müdafiə edirəm. Martın 10-da mitinqdən sonra Əli Kərimlini yüzə yaxın gənc gətirib maşınına əyləşdirir.Adamı kimdən qoruyurlar? Bəs onlar bütləşdirməyə qarşı idilər, nə oldu özləri ikona bəsləyirlər?
Bəs, hakimiyyətin siyasətində məni narahat edən nədir? İstənilən bir məmuru işdən çıxarırsan, yeni gələn bütün sistemi və binanı söküb təzədən yığır...Hər yeni gələn deyir ki, ondan əvvəl həmin qurumu dağıdıblar. Beləliklə, kollektiv yığılıb hamısı köhnə rəhbəri söyür. Bu, imkan vermir ki, varislik və müsbət ənənələr yaransın...
Amerika Birləşmiş Ştatlarında Tramp Obamanı əvəz edib, cəmi 3500 vəzifəyə yeni təyinat olacaq. Amma bizdə bir xəstəxana rəhbəri, bir texnikum direktoru işdən çıxarılır və elə hamısında, dərhal dediyimiz problem başlayır. Ona görə də bizim 4-cü şüarımız belədir: Peşəkarlar öz vəzifələrini qoruyub saxlamalıdır!
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.