“Bakı İnşaat Sənaye” Açıq Səhmdar Cəmiyyəti həm daxili, həm də yaxın xarici ölkələrin bazarlarında etibarlı tərəfdaş və keyfiyyətli məhsul istehsalçısı kimi tanınır. Respublikamızın qeyri-neft sektorunda dinamik inkişaf edən bu şirkət tərəfindən yeni texnologiyalar əsasında korroziyaya davamlı qaz və su xətlərində işlədilən polad borular, habelə müxtəlif ölçülü profillər istehsal olunur. Müəssisədə 225-dən çox işçi çalışır.
Hazırda respublikamızın hər yerində olduğu kimi, adıçəkilən ASC-də də əhval-ruhiyyə qarşıdan gələn prezident seçkilərinə köklənib. Kollektiv üzvlərindən bir neçəsi ilə etdiyimiz söhbət zamanı onlar diqqəti əsasən respublikamızda xalqın milli maraqlarının qorunması istiqamətində reallaşdırılan tədbirlərə yönəltdilər, prezident seçkilərinin demokratik, beynəlxalq standartlara uyğun keçiriləcəyinə əminliklərini vurğuladılar. Bildirdilər ki, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, iqtisadiyyatın getdikcə güclənməsi, əhalinin rifahının yüksəlməsi, əmin-amanlığın hökm sürməsi bu mühüm siyasi kampaniyanın xalqın böyük fəallığı ilə gerçəkləşəcəyini deməyə əsas verir.
ASC-nin idarə heyətinin sədri Ramiz Əhmədov: – Müəssisədə əldə edilən uğurların miqyası ildən-ilə genişlənir. Təbii ki, bu, ölkəmizdə yaradılan siyasi sabitliklə, dövlət tərəfindən həyata keçirilən düzgün və çevik iqtisadi siyasətlə, iş adamlarına göstərilən diqqət və qayğı ilə bağlıdır.
1993-cü ildən indiyədək dinamik inkişaf yolu ilə inamla irəliləyən Azərbaycanın siyasi, sosial-iqtisadi sahələrdəki nailiyyətləri ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən strategiyasının uğurla gerçəkləşdirilməsi nəticəsində əldə edilib.
Ulu öndər Heydər Əliyevin “Heç bir cəmiyyət şəxsiyyətsiz yaşaya bilməz” müdrik kəlamını xatırladan R.Əhmədov daha sonra bildirdi: – Həqiqətən, istər ən çətin, mürəkkəb vaxtlarında, istərsə də yüksəliş və sabitlik dövründə hər bir cəmiyyət öz liderinə arxalanır, onun simasında taleyini etibar edə biləcək bir şəxsiyyət görür. 1993-cü ilin ağır, dözülməz günlərində xalq öz layiqli oğlu Heydər Əliyevə üz tutdu, bu dahi şəxsiyyəti yenidən özünə rəhbər seçməklə mustəqiliyini qorudu, təlatümlərdən şərəflə çıxa bildi. Tarix bir daha sübut etdi ki, xalqımız öz qərarında heç zaman yanılmır. Həmin vaxtdan ötən dövr ərzində Azərbaycan həyatının müxtəlif sahələrində baş verən müsbət dəyişikliklər göstərdi ki, Heydər Əliyev strategiyası alternativsizdir və 14 ildir ki, bu strategiyanın uğurla gerçəkləşdirilməsi nəticəsində respublikamız sabitlik şəraitində dinamik inkişafın keyfiyyətcə yeni mərhələsinə daxil olub.
Son 14 ildə ölkəmizin əldə etdiyi mühüm uğurların panoramasına, müasir Azərbaycanın inkişafı kontekstində baş verən geosiyasi dəyişikliklərə diqqət çəkən R.Əhmədov sonda vurğuladı ki, öz Vətəninə, xalqına sıx bağlı olan cəmiyyətin hər bir üzvü bu tarixi nailiyyətlərdən qürurlanır, öz gələcəyini Heydər Əliyev siyasətinin davamında görür.
“Bakı İnşaat Sənaye” ASC-nin texniki direktoru Adilxan Musayev: – Müstəqilliyinin cəmi 26 yaşı olan Azərbaycan dövlətinin qısa bir zaman kəsiyində siyasi, sosial-iqtisadi inkişaf baxımından mühüm nailiyyətlər qazanması artıq beynəlxalq miqyasda etiraf olunan inkaredilməz faktdır. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan Respublikası davamlı iqtisadi inkişafı ilə bir çox ölkələr üçün nümunəyə çevrilib. Dünya iqtisadiyyatında baş verən böhranlara baxmayaraq, hazırda iqtisadi cəhətdən özünü təmin edən, hər hansı xarici yardıma ehtiyac duymayan respublikamızın uğurları, əlbəttə ki, düzgün iqtisadi strategiya, məqsədyönlü və uzaqgörən siyasət nəticəsində əldə edilib.
A.Musayev daha sonra bildirdi ki, zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, uğurla həyata keçirilən dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənaye sektorunun formalaşdırılması üçün əlverişli şərait yaradıb. Modern sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin reallaşması nəticəsində Azərbaycan regionun sənaye mərkəzinə çevrilib.
Vahid Rəsulov, işçi: -- Müstəqil xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionunda əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum şəkildə yararlanaraq uğurlarının miqyasını artırmaqdadır.
Azərbaycanın zəngin təbii ehtiyatları respublikamızın daha da qüdrətlənməsi və milli rifahın təmin olunması üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycan Respublikasının və tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir.
Fazil Hüseynov, işçi: – Azərbaycanda son 14 ildə nəhəng işlər görülüb. Dövlətimizin yürütdüyü siyasət, irəli sürülən bütün təşəbbüslər ölkəmizin, regionumuzun, eləcə də Avrasiya məkanının iqtisadi mənzərəsini dəyişib, həm bizim, həm də respublikamızla sülh və əməkdaşlıq şəraitində yaşamaq istəyində olan xalqların rifahına müsbət təsir göstərib. Bu, isə Azərbaycanın doğru yolda olmasını deməyə əsas verir, sabaha ümidlə baxmasını şərtləndirir.
Həmsöhbətlərimin qarşıdakı seçkilərlə bağlı fikirləri də yekdil idi: Bu taleyüklü kampaniyanın yüksək əhval-ruhiyyədə keçməsi şübhəsizdir. Çünki Azərbaycan müstəqilliyinin 27-ci ilində demokratiyaya yeni qədəm qoyan respublika deyil, artıq demokratiyanın təşəkkül tapdığı ölkələrdən biridir. Azərbaycan seçiciləri isə bir neçə prezident, parlament və eyni zamanda, bələdiyyə seçkilərini geridə qoyan seçicilərdir. Ona görə də xalqımızın 11 aprel prezident seçkilərində fəal iştirakı ilə Azərbaycanın demokratik ölkələr ailəsində irəliyə doğru daha bir ciddi addım atacağı şəksizdir.
Hazırladı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.