Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləsək, heç də yanılmarıq. Məlumdur ki, əksər böyük tibb müəssisələri məhz Heydər Əliyevin hakimiyyəti dövrlərində tikilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar inşa edilərək əhalinin istifadəsinə verilib.
Müdrik siyasətçinin rəhbərlik etdiyi illərdə ulu öndərin tövsiyəsi ilə bir çox tibb mütəxəssisləri xarici ölkələrə göndərilir, öz peşə və bacarıqlarını inkişaf etdirib Vətənə qayıdırdılar. Azərbaycanda müxtəlif konfrans və simpoziumlar keçirilirdi. Ümummilli liderin beynəlxalq aləmdəki nüfuzu sayəsində bəzi yoluxucu xəstəliklərin kökünü kəsmək məqsədilə ölkəmizə çoxlu zərdab və peyvəndlər gətirilir, müxtəlif kompaniyalar təşkil edilirdi.
Qeyd etməliyik ki, ulu öndərin başladığı siyasi kurs bu gün də çox uğurla davam etdirilir. Son illər ərzində təkcə paytaxtda deyil, respublikanın bütün bölgələrində 600-dən artıq tibb müəssisəsi, diaqnostika mərkəzləri tikilib istifadəyə verilməklə yanası, həm də son dərəcə müasir aparatlar və avadanlıqlarla təchiz olunub. Yüzlərlə gənc mütəxəssis Avropanın ən böyük tibb müəssisələrinə təkmilləşmə kurslarına göndərilib və indi həmin aparatlarla əvvəllər təyin edə bilmədikləri xəstəlikləri aşkarlayırlar.
Əvvəllər xəstələrimiz ürək əməliyyatları, orqan və sümük iliyi transplantasiyası, müxtəlif göz əməliyyatları və digər mürəkkəb cərrahi prosedurlar üçün xarici ölkələrə üz tuturdularsa, bu gün həmin mürəkkəb əməliyyatlar nəinki paytaxtda, ayrı-ayrı regionlarda da uğurla icra edilir.
Ölkəmizdə səhiyyənin inkişafından danışanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əməyini xüsusi qeyd etmək yerinə düşər. Heydər Əliyev Fondunun prezidenti ona üz tutan insanlara daim hər sahədə yardım göstərib və məhz onun təşəbbüsü ilə yaradılan Talassemiya mərkəzi bu gün səmərəli fəaliyyət göstərir.
Hər il səhiyyə işçilərinin peşə bayramında, həmkarlarım “Tərəqqi” medalı, “Əməkdar həkim” və “Əməkdar müəllim” fəxri adlarına layiq görülürlər. Bu təltiflər onların daha məsulliyyətlə işləmələrinə stimul verir.
Qarşıdan çox böyük əlamətdar gün gəlir. Aprelin 11-i prezident seçkiləri günüdür. Qeyd etməliyəm ki, ildən-ilə dəyişən, böyük nüfuz, söz sahibinə çevrilən Azərbaycanla bu gün dünyada hesablaşır, ona hörmət edirlər. Dövlətimizin güclü potensialı milli maraqlarımıza uyğun, tam müstəqil siyasət yürütmək imkanı verir. Neçə ildir ki, Azərbaycan demokratik inkişafın önündə gedir. Burada ümummilli lider Heydər Əliyevin bir fikrini vurğulamaq yerinə düşərdi: “Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə tədricən gedir”. Həqiqətən hazırda Azərbaycanda demokratik dəyərlərə sadiqlik nümayiş etdirilir. Bu, onu deməyə əsas verir ki, ölkəmizdə aparılan genişmiqyaslı islahatlar idarəetmənin təkmilləşdirilməsində, insan hüquq və azadlıqlarının qorunmasında, hüquqi dövlət quruculuğu prosesinin dönməz xarakter almasında özünü bir daha nümayiş etdirir.
Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, seçkilər daha mükəmməl qanunvericilik bazası və daha böyük seçki təcrübəsi əsasında keçirilir. Bu məsələdə təkcə beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy almış seçki qanunvericiliyimiz mühüm rol oynamır, həm də Mərkəzi Seçki Komissiyasının uzun illər ərzində topladığı zəngin seçki təcrübəsinin əhəmiyyəti böyükdür. Artıq Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq ölkə ərazisində genişmiqyaslı maarifləndirmə işləri aparılır. İctimaiyyətin ayrı-ayrı təbəqələrinin nümayəndələri, eləcə də ziyalılar, müəllimlər, həkimlər, başqa sahələrdə çalışan vətəndaşlarımız seçkidə fəal iştirak edəcəklərini, ölkəmizin işıqlı gələcəyinə səs verəcəklərini bəyan edirlər. Səhiyyə işçiləri inanır ki, həmişə olduğu kimi, budəfəki seçkilərdə də demokratiklik və şəffaflıq təmin ediləcək, seçkilərin nəticələri xalqımız üçün xeyirli olacaq.
Ölkəmizi gözləyən mühüm siyasi kampaniyada, prezident seçkilərində səhiyyə sahəsində çalışanlar da fəal iştirak edəcəklər. Tibb işçiləri aprelin 11-də müstəqil şəkildə növbəti dəfə, eyni zamanda gələcək 7 ildə ölkəyə rəhbərlik edə biləcək prezidentini seçəcək. Mən əminəm ki, budəfəki – 8-ci prezident seçkiləri də yüksək səviyyədə, qanunazidd hərəkətlərə yol verilmədən, seçki məcəlləsinin tələblərinə uyğun şəkildə keçiriləcək. Həkimlər, ümumiyyətlə, tibb işçiləri heç vaxt cəmiyyətimizdə gedən proseslərdən kənarda qalmır, ölkədə gedən inkişafı, böyük quruculuq işlərini dəstəkləyir və bu istiqamətdə görülən işlərin davamlı olması üçün əllərindən gələn köməyi əsirgəmirlər. Xalqın iradəsinə arxalanmaq demokratik və hüquqi dövlət quruculuğunun mühüm prinsiplərindəndir. Son olaraq demək istəyirəm ki, Azərbaycanda müstəqilliyin son iki onilliyində ölkəmizin əldə etdiyi nailiyyətlərdə bu amil həlledici rol oynamışdır. Əminəm ki, seçkilərdə hər bir vətəndaş öz potensialı və səyi ilə dövlətinin gələcəyi naminə fəallıq göstərəcək, xalqımızın titanik əməyi ilə əldə edilmiş uğurlarını daha da artırmağa səs vermək üçün seçki məntəqəsinə gələcək. Bununla da, o vətəndaşlıq borcunu yerinə yetirəcək, Azərbaycanın dinamik və dayanıqlı inkişafına, onun daha qüdrətli olmasına dəstək verəcəkdir.
Rasim QƏHRƏMANOV,
“Bakı Medikal Plaza” klinikasının radiologiya şöbəsinin müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.