“Xəzər balladası” 50 il əvvəlki kimi bu gün də səhnədədir

Aprelin 4-də Azərbaycan Dövlət Opera və Balet Teatrında bu əsərin yubiley tamaşası nümayiş etdirilmişdir. Qeyd edək ki, Respublikanın Xalq artisti, professor, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun Xəzər neftçilərinin əməyinə həsr etdiyi “Xəzər balladası” adlı birpərdəli baleti (ssenari məllifləri Tamilla Şirəliyeva və Səyavuş Məmmədzadədir) Azərbaycanın, keçmiş SSRİ-nin və Avropanın onlarca ölkəsinin məşhur teatrlarında tamaşaçılara təqdim edilmişdir. Dahi bəstəkar, Tofiq Bakıxanovun müəllimi Qara Qarayev musiqi tarixində dəniz neftçilərinin çətin və rəşadətli əməyinə həsr edilmiş ilk əsər olan bu baleti "Xəzər neftçilərinin qəhrəman, romantik əməyini əks etdirən əzəmətli musiqi" adlandırmışdır.

Qeyd etdiyimiz kimi, bu əsər öz müəllifinə Azərbaycanda və onun hüdudlarından kənarda da böyük şöhrət gətirmişdir. Balet 1968-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrında tamaşaya qoyulduqdan sonra (baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov) tezlikdə Moskva, Sankt-Peterburq, Kiyev və keçmiş SSRİ-nin digər şəhərlərində, eləcə də Fransanın bir neçə şəhərlərində, Lüksemburqda və Monte-Karloda göstərilmişdir. Azərbaycan bəstəkarının bu əsəri Moskvanın Qurultaylar Sarayında daha böyük alqışlarla qarşılanmışdır. SSRİ-dən kənarda isə bu balet 30 dəfədən çox nümayiş etdirilmiş, Fransanın Amyen, Bezanson, Dijon, Le-Krezo, Nansi, Eks-Provans, Monpelye şəhərlərində tamaşaya qoyulmuşdur. Əsər Parisdə keçirilən VII Beynəlxalq rəqs festivalında "Şan Elize" teatrında oynanılaraq böyük uğur qazanmışdır.

Bu haqda Fransa mətbuatında da bir sıra müsbət rəylər çap olunmuşdur. Məsələn, "Parizyen libere" yazırdı ki, "Xəzər balladası" baleti koloritli və şəffaf tərzdə instrumentləşdirilmiş musiqidən ibarətdir". "Le Monde" qəzetində çıxmış rəydə belə deyilirdi: "Bu əsər həqiqətən dəniz neftçilərinin həyatından bəhs edən gözəl bir himndir... Bu musiqi əsərində maşınların işləməsi, neftin necə əldə olunması və s. geniş surətdə qələmə alınmışdır". Bu uğurları qiymətləndirən Qara Qarayev qürurla qeyd edirdi ki, "Paris Azərbaycan baletinin varlığını etiraf etdi".

Aprelin 4-də, 50 ildən sonra, yenə də Bakıda tamaşaçılara təqdim edilən “Xəzər balladası”nı (quruluşçu baletmeyster Xalq artisti, SSRİ Dövlət mükafatı laueratı Tamilla Şirəliyeva , quruluşçu rəssam isə Xalq rəssamı Tahir Tahirovdur) Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın, Bəstəkarlar İttifaqının nümayəndələri, Bakı Musiqi Akademiyasının və Milli Konservatoriyanın professor-müəllim heyəti, ölkə ictimaiyyətinin çoxsaylı təmsilçiləri, əcnəbi qonaqlar və mətbuat işçiləri böyük maraqla qarşılamışlar. AMEA-nın vitse prezidenti İsa Həbibbəyli, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəsi Bəxtiyar Əsgərov, eləcə də gprkəmli musiqi və teatr xadimləri Tofiq Bakıxanovu bu əlamətdar gün münasibətilə təbrik etmişlər. Əsər 50 il əvvəl olduğu kimi , yenə də musiqi ictimaiyyətinin alqışlarını qazanmışdır.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında