Sahibkarlar siyasi sabitliyə, iqtisadi inkişafa səs verəcəklər

Azərbaycanın iqtisadi həyatının bütün sahələrində olduğu kimi, sahibkarlığın, özəl bölmənin təşəkkülü, inkişaf etməsi də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, yalnız dahi şəxsiyyətin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və iqtisadi sabitliyə nail olunması ilə sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradılıb, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirilib.

Dahi şəxsiyyətin inkişaf strategiyası sonrakı illərdə də uğurla davam etdirilib. Dövlətimizin sistemli şəkildə həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın tərəqqisinin təmin olunmasında, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıb.

Bütün bunlara görə də diqqəti Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əldə edilən uğurlara yönəltmək istərdim. Xatırladım ki, son 14 il ərzində respublikamızda özəl bölmənin tərəqqisi ilə bağlı bir sıra mühüm addımlar atılıb, dövlətin güzəştli kreditləri hesabına sahibkarlığın keyfiyyətcə yeni mərhələyə daxil olması üçün müvafiq layihələr reallaşdırılıb.

Azərbaycanda biznes mühitinə göstərilən diqqətdən danışarkən, əvvəlcə bir məqamı qeyd etmək istərdim. Belə ki, son illərdə sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması, habelə özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş verib ki, buna da səbəb qanunvericilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması, iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı üstələməsi həm son istehlaka, həm də yığıma yönəldilən vəsaitlərin səmərəli artımına gətirib çıxarıb.

Biznes mühitinin dinamik inkişafı ilə bağlı onu da bildirim ki, ölkədə təkcə yerli sərmayədarlar üçün deyil, həm də xarici investisiyalara əlverişli vergi mühiti yaradılıb. Biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində güzəştlər müəyyənləşdirilib, sahibkarlığın və ixracın təşviqinə yönələn bir sıra tədbirlər gerçəkləşdirilib.

Özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat dövlət başçısının fərman və sərəncamlarına əsasən respublikamızda uğurla aparılır. “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən, son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə prosedurlar sadələşdirilib, elektron xidmətlərin əhatə dairəsi genişləndirilib, əsassız yoxlamaların qarşısı alınıb.

Ölkədə sahibkarlığın inkişafı istiqamətində hazırda sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Məsələn, son vaxtlarda sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı ilə əlaqədar keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması, habelə müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilməsi bunun bariz nümunəsidir.

Burada bir cəhəti də xüsusilə vurğulamaq istərdim. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda onun tətbiq dairəsi, yoxlamaların məqsəd və prinsipləri, yoxlayıcı orqanların səlahiyyətləri ilə yanaşı, sahibkarlara məsləhətlərin verilməsi kimi cox əhəmiyyətli müddəalar nəzərdə tutulub. Hazırda ölkədə tətbiq edilən bu qanun vahid məlumat reyestrinin olmasına, sahibkarların işə məsuliyyətlə yanaşmalarına və nəticədə istehlakcıların hüquqlarının qorunmasına yönəldilib.

Bu gün ölkədə biznesə başlama ilə bağlı prosedurlar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınırlar.

Biznesə başlanılması prosedurunun sadələşdirilməsi ilə bağlı digər faktlara da nəzər salaq. Hazırda ölkəmizin Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla cəmi 129 güzəşt və azadolma mövcuddur. Bununla yanaşı, Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında inzibatçılıq qaydaları sadələşdirilib. Eyni zamanda, elektron müraciət olunması, bütün gəlir növləri üzrə güzəştlərin əvvəlcədən tətbiq edilməsi, formanın təsdiqinin gəlir ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanı yaradılıb.

Sahibkarlara maliyyə yardımı da diqqət mərkəzində saxlanılıb. Son 14 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 minə yaxın sahibkara 2 milyard manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 153 mindən çox yeni iş yerinin açılması imkanı yaradıb. Ayrılmış güzəştli kreditlərin 1 milyard manatı büdcə vəsaiti, 1 milyard manatı geri qaytarılan vəsaitdir.

Hazırda investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədləri verilir. Rəsmi məlumata görə, indiyədək 190 sahibkarlıq subyektinə 205 investisiya təşviqi sənədi təqdim edilib. Bunun nəticəsində yerli istehsala 1,7 milyard manat investisiya yatırılacağı, 13 mindən çox yeni iş yerinin açılacağı gözlənilir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilən güzəştləri əldə etməyə əsas verir. Bu güzəştlərə 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50 faizindən, torpaq və əmlak vergisindən, layihə çərçivəsində texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumlarından və ƏDV-dən tam azadolma aiddir. Eyni zamanda, bu investisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə idxalı üçün 153 sahibkarlıq subyektinə 931 təsdiqedici sənəd təqdim olunub. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 40 milyon ABŞ dollarından çoxdur.

Görülmüş işlər sayəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, özəl bölmənin payı ÜDM-də 80 faizi, məşğulluqda 75 faizi, dövlət qeydiyyatına alınan sahibkarlıq subyektlərinin sayı isə 880 mini ötüb.

Əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Belə ki, ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan “Doing Business 2017” hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci pillədə qərarlaşıb, dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri olub.

Əlbəttə, yuxarıda sadaladığım göstəricilər əldə edilən uğurların bir hissəsidir. Bununla bağlı daha geniş söhbət açmaq olar. Məqsəd bu, deyil. Demək istədiyim odur ki, xalqımız bu nailiyyətlərin miqyasının daha da genişlənməsini arzulayır. Ona görə də az bir müddətdən sonra başlanacaq mühüm kampaniyada biz sahibkarlar nəzərdə tutduğumuz namizədə səs verməklə seçkilərdən sonra da sahibkarlığın inkişafının davam etdiriləcəyinə, ölkəmizin qüdrətlənəcəyinə, torpaqlarımızın işğaldan azad olunacağına, bir sözlə, Azərbaycanın daha da çiçəklənəcəyinə əminliyimizi bildiririk.

Artıq, necə deyərlər, seçkilərin bir addımındayıq. Respublikamızda aprelin 11-də prezident seçkilərinin sağlam rəqabət mühitində keçəcəyinə şübhə yoxdur. Çünki bu siyasi kampaniyanın demokratik, şəffaf şəraitdə reallaşacağı, bununla bağlı müvafiq qurumlar tərəfindən lazımi addımların atıldığı, xalqımızın hər zaman olduğu kimi, budəfəki seçkilərdə də öz iradəsini ifadə edəcəyi ilə bağlı bütün imkanlar yaradılıb.

Şahin Mövsümov, “AS Qrup İnvestment” şirkətlər qrupunun təsisçisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında