Dəmiryolçular prezident seçkilərində fəal iştirak edəcəklər

Son 14 il ərzində Azərbaycanda böyük bir inkişaf yolu keçilib. Siyasi, sosial-iqtisadi sahələrdə möhtəşəm uğurlar əldə edilib. Qlobal miqyasda maliyyə böhranı, iqtisadi çətinliklər yaşansa da, dünya enerji bazarında baş verən kataklizmlər ölkə büdcəsinə daxilolmaları kəskin azaltsa da, bu problemlərin respublikamız üçün yaradacağı fəsadların qarşısı qısa müddətdə alınıb. Başqa sözlə, yürüdülən düşünülmüş siyasətin səmərəliliyi və aparılan islahtların məqsədyönlülüyü Azərbaycanı digər dövlətlərin üzləşdiyi böyük sosial-iqtisadi təlatümlərdən xilas edib.

Bu gün xalqımızın qarşısında Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı daha da qüdrətləndirmək, dünya birliyində sivil, modern dövlət kimi nüfuzunu daha da yüksəltmək kimi mühüm, taleyüklü bir vəzifə durur. Ötən 14 il ərzində bu məqsədə doğru inamlı bir yol qət edilib, Azərbaycan inkişafın dinamikasına görə dünyada lider ölkələrdən biri olaraq bölgənin güc mərkəzi və əsas söz sahibinə çevrilib. Avropanın yeni enerji təhlükəsizliyi siyasətinin başlıca təminatçılarından biri kimi tanınıb.

Yeri gəlmişkən, sözügedən dövrdə respublikamızın dinamik tərəqqisini “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyəti fonunda qısa şəkildə nəzərdən keçirməyi məqsədəuyğun sayıram. Əvvəla xatırladım ki, hər bir ölkənin geosiyasi və geoiqtisadi gücü həm də onun nəqliyyat sisteminin inkişafından asılıdır. Bu mənada dəmir yolu nəqliyyatının rolu mühüm önəm daşıyır. Başqa sözlə, milli iqtisadiyyatların qarşılıqlı asılılığının getdikcə artdığı, regionlararası və qitələrarası mal dövriyyəsi səviyyəsinin tədricən yüksəldiyi bir dövrdə dəmir yolu nəqliyyatı dövlətlərin inkişafının təkanverici elementinə çevrilməklə, xüsusi əhəmiyyət kəsb edir. Məhz elə buna görə də Azərbaycanda dəmir yolu sisteminin tərəqqisinin daim diqqət mərkəzində saxlanılması prioritet məsələlərdən biridir.

Son illərdə QSC-nin beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm islahatlar dəmir yolu infrastrukturunun inkişafını sürətləndirib. Azərbaycanın dəmir yolu işçilərinin ölkə iqtisadiyyatının inkişafında və sosial həyatında mühüm rolu nəzərə alınaraq, hər il oktyabrın 13-ü dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis edilib. Qurumun tarixində ilk dəfə olaraq ən müasir standartlara cavab verən texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılıb, mövcud infrastrukturun yenilənməsi istiqamətində geniş miqyaslı işlər görülüb. Qısa müddətdə ümumilikdə 500 kilometrdən çox dəmir yolu təmir olunub, kontakt şəbəkə üzrə əsaslı yenilənmə tədbirləri həyata keçirilib. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri başa çatdırılıb, kontakt şəbəkə üzrə yenilənmə və dəyişikliklər, rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi reallaşdırılıb. Lokomotiv və vaqon parklarının yenilənməsinə başlanılıb. Yük və sərnişin lokomotivlərinin, teplovozların, elektrovozların, müxtəlif təmayüllü yük vaqonlarının alınması ilə bağlı əməli tədbirlər gerçəkləşdirilib. Uzun illər işləksiz vəziyyətdə qalan Bakı–Sumqayıt sərnişin dəmir yolu istifadəyə verilib. Beynəlxalq maliyyə qurumları ilə QSC arasında iqtisadi əlaqələr gücləndirilib. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnib.

Azərbaycan dəmir yolunda xidmətin səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı mühüm uğurlar əldə edilib. Bakı Dəmir Yolu Vağzalının və QSC-nin inzibati binalarında əsaslı təmir və yenidənqurma işləri görülüb. İşçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilib. Məsələn, son iki il ərzində 150 dəmiryolçu mənzillə təmin olunub.

Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası uğurla reallaşdırılıb. Azərbaycan-İran dəmir yolu xəttinin tikintisi sürətləndirilib. Hər iki ölkənin gələcək iqtisadi inkişafına böyük təkan verəcək Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinuin müştərək şəkildə uğurla inşasına başlanılıb və qısa müddətdə müsbət nəticələr əldə edilib.

Yeri gəlmişkən, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edəcək Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu Hindistanı Fars körfəzi ilə, bu körfəzi isə Finlandiya ilə birləşdirəcək. Bu yol İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə digər yollara nisbətən daşınan malları mənzil başına 26 gün tez çatdıracaq.

Ötən il ölkəmizin həyatında baş verən tarixi bir hadisəni də xatırlatmaq istərdim. Bu, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsidir.

Bu yolun istismarı ilə bağlı bir məqamı xatırlatmaq istərdim. Belə ki, Türkiyə ilə Qafqaz və Orta Asiya ölkələri arasında dəmir yolu əlaqəsi 1993-cü ildən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi səbəbindən kəsilib. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə görə düşmən ölkə ilə sərhədlərini bağlayan Türkiyənin Qafqaz və Orta Asiyanın dəmir yolu əlaqələri də dayanıb. Bu baxımdan təməli 2007-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən qoyulan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi mühüm önəm daşıyır. Qərb ölkələrinin “Ermənistanı təcrid edir” iddiasını ortaya ataraq maliyyələşdirilməsində iştirak etmədiyi bu layihə artıq üç ölkənin maliyyə imkanları ilə gerçəkləşib…

Artıq prezident seçkilərinə az bir müddət qalıb. Bu taleyüklü kampaniyanın demokratik prinsiplər əsasında keçirilməsi üçün respublikamızda hər cür şərait yaradılıb. Dəmiryolçular da həmin gün öz iradələrini ortaya qoyacaq və gələcək uğurlarına səs verəcək, ölkəmizin çiçəklənməsi naminə düzgün seçim edəcəklər.

Əminəm ki, 11 aprel prezident seçkilərindən sonra Azərbaycanda sosial-iqtisadi islahatların keyfiyyətcə yeni mərhələsi başlayacaq, ölkə vətəndaşlarının rifahı daha da yaxşılaşacaq. Respublikamızın özünəməxsus multikultiral ənənələrə sahib olan dünyəvi ölkə kimi nüfuzu daha da yüksələcək. Ən başlıcası isə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, doğma torpaqlarımız erməni işğalından azad olunacaq.

Xeyrulla HÜMBƏTOV,
Yeni Azərbaycan Partiyasının “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti üzrə təşkilatının sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında