Əhliman ƏMİRASLANOV: Demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir

“Azərbaycanın bugünkü uğurları, demokratik seçkinin keçirilməsi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və respublikamızın dünya birliyinə inteqrasiyası Heydər Əliyevin siyasi strategiyasının məntiqi nəticəsidir. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqın azadlıq, müstəqillik arzusunun gerçəkləşdirilməsinə yönələn real hüquqi, siyasi və iqtisadi əsaslar təşəkkül tapmışdır.

Xalqımız dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri, məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək, dayanıqlı müstəqil dövlətini qurmuş, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir. Ulu öndər həm Sovet hakimiyyəti, həm də müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərdə daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyasını siyasi uzaqgörənliklə həyata keçirmişdir”. Bu fkirləri Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov səsləndirmişdir.

Akademik demişdir ki, dahi şəxsiyyət hələ 1993-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdir ki, Azərbaycan demokratik inkişaf yolunu seçəcək, xalqımız sivil dünyanın yolu ilə gedəcək: “Həqiqətən də, Heydər Əliyevin ölkəyə yenidən rəhbərlik etdiyi ilk vaxtlardan başlayaraq, demokratik ənənələrin inkişafı istiqamətində köklü islahatlar aparıldı. Bu islahatlar içərisində ölkəmizdə demokratik-hüquqi dövlət qurulması prioritet təşkil edirdi. Ulu öndər qəti şəkildə bildirmişdir ki, Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır: “İnsan, söz, din, dil azadlığı, demokratik seçki – bunların hamısı bərqərar edilməlidir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur”.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranmasına və dövlət quruculuğu prosesinə böyük vüsət verdiyini vurğulayan komitə sədri ilk Konstitusiyada ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetlər müəyyənləşdirildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Konstitusiyanın 4-cü maddəsinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən, hər bir Azərbaycan vətəndaşının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.

Ə.Əmiraslanovun qənaətinə görə, şəffaf, obyektiv, azad və ədalətli seçkilərin keçirilməsi demokratiyanın əsas artibutlarındandır: “Seçkilərin bu meyarlar əsasında keçirilməsi siyasi mədəniyyətin, hüquq düşüncəsi və mədəniyyətinin formalaşması, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açır. Azərbaycan xalqı da dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, demokratik, dünyəvi inkişaf yolunu seçmiş, gələcək taleyini etibar etdiyi legitim siyasi hakimiyyəti məhz demokratik, azad, şəffaf seçkilər yolu ilə – azad iradə əsasında seçmək əzmini nümayiş etdirmişdir. Bu əzm ulu öndərin demokratik prinsiplərin inkişafına sadiqliyi əsasında bərqərar olmuşdur”.

Ulu öndərin müəyyənləşdirdiyi siyasi strategiyanın uğurlu davamı ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəltmişdir. Demokratik proseslərin inkişafı, xüsusilə şəffaf və obyektiv seçkilər keçirilməsində siyasi iradə nümayiş etdirilməsi, bu sahədə qanunvericilik bazasının daha da zənginləşdirilməsi ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Seçkilərin keçirilməsini tənzimləyən Seçki Məcəlləsinin qəbul edilməsi bu istiqamətdə qarşıya çıxan problemlərin aradan qaldırılmasında böyük rol oynadı, eyni zamanda, ölkəmizin reytinqini daha da yüksəltdi: “Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, Seçki Məcəlləsi seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirmiş, Avropa standartlarına uyğun tərtib olunmuşdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumun keçirilmə qaydalarını müəyyənləşdirmişdir. Seçki Məcəlləsi, eyni zamanda, Mərkəzi Seçki Komissiyasının, eləcə də dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirmişdir. Əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazisin yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır”.

Ə.Əmiraslanov bu imkanları qiymətləndirərək qeyd etdi ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində əksəriyyəti müxalifət nümayəndələri olmaqla 8 namizəd mübarizə aparır. Onların hamısı üçün bərabər səviyyədə şərait yaradılıb, təbliğat-təşviqat kampaniyalarında bu günə qədər heç bir problem, xoşagəlməz hal qeydə alınmayıb: “Artıq respublikamız seçkiyə tam hazırdır. Mən keçirdiyim görüşlərdə də açıq-aydın hiss edirəm ki, seçicilər Azərbaycanın gələcək sabitliyinin və inkişafının taleyi onların seçəcəyi dövlət başçısından asılı olduğunu çox yaxşı bilirlər. Ona görə də hamılıqla səsvermədə iştirak edəcəklərini bildirirlər”.

Akademik ötən illərdə olduğu kimi, builki prezident seçkilərinin də beynəlxalq aləmin diqqət mərkəzində olduğunu dedi. Bunu indiyə qədər 58 beynəlxalq təşkilatdan və 59 dövlətdən 871 beynəlxalq müşahidəçinin, həmçinin dörd təşkilatın “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmələri ilə əlaqələndirdi. Həmçinin 56 min 864 yerli müşahidəçi də akkreditasiyadan keçib. Bildirdi ki, Avropa və Qərbin bəzi dövlətlərinin seçki prosesini xüsusi maraqla izləmələrinə, hətta, Azərbaycana gəlib müşahidə aparmalarına heç kimin etirazı yoxdur. Əksinə, bu missiyada olanlara əlverişli şərait də yaradılır. Gəlsinlər və şahidi olsunlar ki, Azərbaycan ədalətli və şəffaf seçki keçirməyə qadir və demokratik ənənələrə sadiq ölkədir.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında