İşğalçı Ermənistan rəhbərliyinin təxribatı nəticəsində başlanan və qəsbkarın məğlubiyyəti ilə başa çatan məlum Aprel döyüşlərinin ikinci ildönümü münasibətilə qələmə aldığımız bu sətirlərin əvvəlindəcə qeyd edək ki, həmin uğurların təməlində ulu öndər Heydər Əliyevin möhtəşəm siyasi kursu, xüsusən, ordu quruculuğundakı konkret fəaliyyəti dayanır. Ümummilli lider 1993-cü ildə ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı.
Ali Baş Komandanın ön xəttə səfər edərək hərbçilərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. Həmin il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı.
Heç kəsin yadından çıxmayıb. İki il əvvəl Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi təxribatlar Milli Ordumuz tərəfindən qətiyyətlə cavablandırılmışdı. Ermənilər 2016-cı il aprel ayının 1-dən etibarən müxtəlif ölçülü minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan atəş açmaqla, cəbhə xəttinin müxtəlif istiqamətlərindən yaşayış məntəqələrimizi, infrastruktur obyektlərimizi hədəf seçmiş, dinc əhaliyə ciddi ziyan vurmuşdular. Bu zaman təxribat nəticəsində dinc sakinlər həlak olmuş və yaralılar qeydə alınmışdı.
Düşmənə qarşı uğurlu əks-hücum əməliyyatı keçirmiş Azərbaycan Ordusu işğalçılara sarsıdıcı zərbələr endirməklə, minlərlə hektar ərazilərimizi nəzarət altına almış və adını şanlı hərb tariximizə qızıl hərflərlə yazdırmağa müvəffəq olmuşdu.
Hadisələrin təfərrüatına varmadan qeyd edək ki, həmin təxribatlar nəticəsində cəbhəyanı zonaya yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra məntəqələr, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdı. Artilleriya atəşləri nəticəsində 2 sakin həlak olmuş, 10 nəfər yaralanmış, müxtəlif yaşayış məntəqələrində 10-dan çox ev dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdi. İşğal altında olan Dağlıq Qarabağda və digər ərazilərdə yerləşən Ermənistan hərbi birləşmələrinin fəallığını genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq və mülki əhalini müdafiə etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilmişdi.
Cəbhənin ən gərgin -- Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi birliklər qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı layiqli cavab tədbirləri həyata keçirmiş və qısa müddətdə erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarılmış, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunmuşdu.
Azərbaycan ictimaiyyəti bu qənaətdədir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mane olan rəsmi İrəvana beynəlxalq təzyiq gücləndikcə, onlar bu cür təxribatlara əl atırlar. Bildirilir ki, 2014-cü ilin noyabr ayında da buna oxşar hadisə baş vermişdi. O vaxt da Azərbaycan Ordusu onlara tutarlı cavab vermişdi. Ancaq düşmənin aprel təxribatı daha da genişmiqyaslı idi. Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirmişdi. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayraqları dalğalanır. Bu döyüşlər xalqın və dövlətin heç vaxt işğalla barışmayacağını göstərmişdir və öz ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun bərpa edəcəyik.
Mütəxəssislərin fikrincə, Azərbaycan Ordusunun Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etməsi, Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” yüksəkliyinə nəzarəti ələ keçirməsi böyük strateji qələbə kimi qiymətləndirilir. Çünki, “Lələtəpə” yüksəkliyinin düşməndən alınmasından sonra ordumuz yaxın əraziləri, Arazboyu cənub bölgəsini nəzarət altına götürmüş oldu.
Bu strateji mövqeyin geri qaytarılmasını şərh edən hərbçilərin fikrincə, ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq, strateji mövqelərə sahib olmuşdu. Nəticədə, təmas xətti dəyişdirilmiş, Azərbaycan Ordusu tam üstünlüyü özündə saxlamaq imkanı qazanmışdır. Dövlət başçımızın fikrincə, Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Çünki həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik etməli olan dövlətlər və beynəlxalq ictimaiyyətin nümayəndələri Aprel döyüşlərindən sonra gördülər ki, Azərbaycan yaranmış vəziyyətlə barışmayacaq və xalq-iqtidar birliyi bu gün respublikada yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Bir daha sübut edildi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün, həmişə olduğu kimi, birinci yerdə dayanan prioritet məsələdir.
Artıq bütün dünyaya sübut etmişik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşayıb, yaradıb, qurub, tikib. Biz Dağlıq Qarabağ bölgəsinin tarixini yaxşı bilirik. İndi XIX əsrdə ermənilərin oraya necə köçürülməsi barədə çox gözəl elmi əsərlər, kitablar yazılır. Artıq beynəlxalq aləm də indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bilir. İrəvan, Zəngəzur, Göyçə mahalları bizim tarixi torpağımızdır. Biz ədalətsizlik, böyük dövlətlərin siyasəti nəticəsində bu torpaqlardan məhrum olduq. Əlbəttə, biz bu tarixi bilməliyik. Bilməliyik ki, qondarma Dağlıq Qarabağ qurumunun heç bir gələcəyi yoxdur və Azərbaycan öz torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.
Aprel döyüşləri zamanı ermənilər təkcə işğal etdikləri ərazilərin xeyli hissəsindən qaçmaq məcburiyyətində qalmadılar. Onlar həm də Azərbaycan Ordusunun sarsıdıcı zərbə endirməsi nəticəsində 200-ə yaxın hərbçini itirdilər, çoxsaylı texnikadan məhrum oldular. Bundan başqa, aprel döyüşləri hərbi-strateji nöqteyi-nəzərdən böyük üstünlüklər verməklə yanaşı, həm də Azərbaycanın çox mühüm psixoloji qələbənin qazanmasında da önəmli rol oynadı.
Ordumuz düşmənə sarsıdıcı zərbələr endirməklə, dünyaya nümayiş etdirdi ki, Azərbaycan işğal altında olan torpaqları azad etmək potensialına malik ölkədir. Aprel döyüşləri həm də ermənilərin ideoloji əsaslarını da heçə endirdi. Həmin döyüşlər, demək olar ki, ermənilərin ideoloji əsaslarını dağıtdı. Ötən iki il ərzində Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur.
Yaranmış vəziyyətə normal təfəkkürlə yanaşan politoloq və siyasətçilər deyirlər ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün isə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılması lazımdır. Son illər ərzində ölkəmizdə ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, belə yüksək nəticələrə gətirib çıxarır.
Aprel döyüşləri, həmşinin Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 23 il əvvəlki təhlükəsiz yaşayışa imkan yaratdı. Cocuq Mərcanlı kəndinin bərpasına başlanılması Ermənistanda çox ciddi müzakirə mövzusuna çevrilmişdir. Ermənilər Cocuq Mərcanlıda başlanmış bərpa işlərini geniş müzakirə edərək prezident Serj Sarkisyanı aprel döyüşləri barədə xalqa yalan məlumat verməkdə ittiham edirlər. Ermənistan mətbuatı və sosial şəbəkə istifadəçiləri Azərbaycan Silahlı Qüvvələrinin növbəti hədəflərinin Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi olacağını yazır, Azərbaycan əsgərinin tezliklə bu ərazilərə qayıdacağını vurğulayırlar.
Bir sözlə, Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu istənilən vaxt işğal olunmuş ərazilərimizi azad etmək gücündədir. Bu reallığı Ermənistan hakimiyyəti də bilir. Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək əzmində və iqtidarındadır. Azərbaycan xalqı da əmindir ki, qələbə günü uzaqda deyil.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.