Beynəlxalq müşahidəçilər prezident seçkilərinə hazırlıq işlərini yüksək qiymətləndirirlər

Bolqarıstanlı müşahidəçi Omurtaq Petkov: “Bu gün Azərbaycanda beynəlxalq standartlara uyğun demokratik və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şərait mövcuddur”.

Azərbaycanda aprelin 11-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin demokratik, şəffaf başa çatması üçün hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. Seçkilərdə şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlər xüsusilə qeyd olunmalıdır. Bunu seçki prosesini izləmək üçün ölkəmizə gəlmiş beynəlxalq müşahidəçilər də təsdiqləyirlər. Artıq 119 seçki dairəsini əhatə edən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu, seçki məntəqələrinin ümumi sayının 20 faizini təşkil edir və dünyada seçkilərə qiymət vermək üçün yetərli hesab olunur.

Ölkəmizə gəlmiş beynəlxalq müşahidəçilər müxtəlif qurumlarla, QHT və media nümayəndələri, seçki, siyasi, hüquq ekspertləri ilə görüşlər keçirir, monitorinqlər aparır və seçkiyə hazırlq işlərini qiymətləndirirlər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerin və Bolqarıstanın Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsünün (GİSDİ) təmsilçiləri Bakıdakı görüşlərini davam etdirirlər. Artıq bolqarıstanlı müşahidəçilər aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi barədə hesabatını da təqdim edib. Onu da qeyd edək ki, bolqar müşahidəçilərinin təmsil etdiyi təşkilatın 30 illik təcrübəsi var və 2003-cü ildən bəri Azərbaycanda seçkiləri müşahidə edirlər. Hesabatda əsas diqqətçəkən məqam Azərbaycanda beynəlxalq standartlara uyğun demokratik və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şəraitin mövcud olmasının öz əksini tapmasıdır. Hesabat siyasət, media, seçki, hüquq və vətəndaş cəmiyyəti ekspertlərindən ibarət uzunmüddətli müşahidəçilər missiyasının araşdırmaları nəticəsində hazırlanıb. Sənədə ekspertlərin makrosiyasi şərait və sistem, Azərbaycanda seçkiqabağı vəziyyət, hüquqi çərçivə və seçki administrasiyası, seçki siyahıları və seçicilərin qeydiyyatı, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki günü seçkilərin müşahidəsi və seçki kampaniyası istiqamətlərində müşahidələri daxil edilib.

GİSDİ-nin analitiki Omurtaq Petkov bildirib ki, təşkilatın uzunmüddətli müşahidə missiyasının ekspertlərinin müşahidə və araşdırmalarında müəyyən edilib ki, azad və demokratik seçkilərin keçirilməsi baxımından ölkədəki makrosiyasi mühit münbitdir. Ölkədə seçkiqabağı mühit sabitdir, elektoratın öz seçimini azad ifadə etməsi, ədalətli və demokratik seçkilərin təşkili baxımından heç bir təhlükə yoxdur. Azərbaycan Respublikasında seçki prosesini tənzimləyən hüquqi sənədlərin təhlili onu deməyə əsas verir ki, ölkədə demokratik seçkilər keçirməyə tam yararlı, beynəlxalq standartlara uyğun hüquqi çərçivə mövcuddur. Həmçinin, hesabatda seçici siyahıları ilə daimi iş aparılması, onların yenilənməsi və dəqiqləşdirilməsi, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi də müsbət qiymətləndirilib.

O qeyd edib ki, müşahidə missiyası üzvlərinin bu günə kimi apardıqları monitorinq zamanı seçki qanunvericiliyinin ciddi pozulması və ya namizədlər üçün qeyri-bərabər şəraitə dair faktlara rast gəlinməyib: “Azad toplaşma hüququ təmin olunur. Seçkiqabağı şərait və qanunverici baza ədalətlidir və bu da demokratik seçkilərin keçirilməsini təmin edir”.

Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü bəyan edib ki, bu gün Azərbaycanda beynəlxalq standartlara uyğun demokratik və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şərait mövcuddur.

Seçkiöncəsi aparılan maarifləndirmə işi, ilk dəfə səs verəcək seçiçilərlə keçirilən görüşlər, onlarla aparılan söhbətlər seçkilərin azad və ədalətli keçirilməsində müsbət rol oynayır. Dairə seçki komissiyalarının sədrləri, aşağı seçki komissiyaları üçün yerlərdə keçirilən üç günlük maarifləndirmə tədbirlərinin keçirilməsini və bütün respublikanı əhatə edən treninqləri xüsusi qeyd etmək lazımdır. Bundan əlavə, Mərkəzi Seçki Komissiyası tərəfindən müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də aşağı seçki komissiyalarının üzvləri, həmçinin müşahidəçilər üçün Azərbaycan, rus və ingilis dillərində yaddaş kitabçalarının hazırlanıb dərc edilməsi seçki prosesində yarana biləcək mübahisələrin aradan qaldırılmasında müsbət rol oynayacaq. Yaddaş kitabçalarının xarici dillərdə hazırlanması da beynəlxalq müşahidəçilərin seçkiyə olan marağından irəli gəlib.

Seçicilərin əhval-ruhiyyəsi yüksəkdir. Artıq onlar prezident seçkiləri ilə bağlı tam məlumatlıdırlar. Bunu aparılan rəy sorğularının nəticələri də təsdiqləyir. ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar “exit-poll” öncəsi apardıqları sosioloji araşdırmanın nəticələri bu baxımdan diqqəti cəlb edir.

Sosioloji sorğunun keçirilməsində əsas məqsəd prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğu vərəqəsindəki suallarda, əsasən, əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi, ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət, əhalinin siyasi fəallığı və s. əhatə olunub. Sorğuya, ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1500 nəfər respondent cəlb edilib. Sorğuda əhalinin müxtəlif təbəqələri, ayrı-ayrı yaş qrupları, yaşlılar və ilk dəfə səs verənlər iştirak ediblər. Ümumilikdə, rəyi soruşulanların 74 faizi (1110 nəfər) həmişə seçkilərdə iştirak etdiklərini bildiriblər. Müxtəlif suallara verilən cavablar da təsdiqləyir ki, aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir. Maarifləndirmənin yüksək səviyyədə təşkili nəticəsində əhali prezident seçkiləri ilə bağlı məlumatlıdır. Bu da prezident seçkilərinə dövlət səviyyəsində aparılan təbliğatın müsbət gedişindən xəbər verir. Bu gün həm paytaxtın, həm də regionların münasib, əhalinin daha gur olan yerlərində quraşdırılmış xüsusi dəmir lövhələrdə prezidentliyə namizədlərin bərabər səviyyədə təbliğat-təşviqat kampaniyası aparmaları üçün demokratik şəraitin yaradılması siyasi iradənin nümayişi və şəffaf seçki keçirilməsinə dövlət marağının nəticəsidir. Bundan başqa, namizədlərə öz təbliğat və təşviqatlarını istədikləri şəkildə aparmaq üçün 84 açıq və qapalı yerlər ayrılıb. Bu, təşviqat aparmaq üçün daimi yerlərdir. Həmin yerlər respublikanın bütün coğrafiyasını əhatə edir.

Seçkilərdə bütün təbəqələrin iştirakı üçün hazılıq işləri də yüksək dəyərləndirilir. Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın seçki hüququ tam təmin olunacaq. Onların səsvermədə iştirakı üçün dairə və seçki məntəqələri yaradılıb. Həmçinin xarici ölkələrdə yaşayan, səsvermə hüququ olan seçicilər, qapalı tipli müəssiələrdə, səhiyyə ocaqlarında seçicilərin konstitusion hüquqları tam təmin olunacaq və onlar səvermədə iştirak edəcəklər. Bu məqsədlə 215 müvəqqəti seçki məntəqəsi yaradılacaq.

Seçkiyə hazırlıq işləri bir daha təsdiqləyir k, ölkədə seçki prosesi və seçkiyə hazırlıq işləri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənmiş “Təqvim Planı” və Seçki Məcəlləsi əsasında həyata keçirilir.

 Azərbaycanda keçirilən bütün seçkilər, daim beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Aprelin 11-də keçiriləcək prezident seçkilərini izləyəcək beynəlxalq müşahidəçilərin sayı da bunu təsdiqləyir. Son məlumata görə, indiyədək 603 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Onlar 53 beynəlxalq təşkilatı təmsil etməklə 54 ölkənin vətəndaşlarıdır. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 55 min 905 nəfərdir. Qeyd etdiyimiz kimi, ATƏT-in uzunmüddətli müşahidə missiyası da fəaliyyətdədir və onlar respublikamızda öz müşahidələrini aparırlar. Təbii ki, bu, son hədd deyil. Beynəlxalq müşahidəçilərin sayı getdikcə artacaq.

Aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri, həmçinin beynəlxalq müşahidəçilərin ilkin hesabatları da təsdiqləyir ki, ölkəmiz daha bir demokratik, şəffaf, azad və ədalətli seçki keçirməyə hazırdır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında