Sisyan (Zəngəzur) bölgəsində azərbaycanlıların soyqırımı

Əsrlər boyu bütün dünyaya səpələnən ermənilər məskunlaşdıqları yerləri özlərinə vətən sayıblar. Onlar 1828-ci ildə məqsədli şəkildə İrəvan, Naxçıvan və Qarabağ torpaqlarına köçürüləndən sonra bu ərazilərə də yiyələnmək iddiası ilə yaşayıblar.

Ermənilər “Qnçaq” və “Daşnaksütyun” partiyalarını yaratmaqla azərbaycanlıların adları çəkilən həmin əzəli yurdlarından didərgin salınmasını sistemli şəkildə həyata keçiriblər.

“Daşnaksütyun” partiyasının qarşıya qoyduğu vəzifələrdən biri “dənizdən-dənizə böyük Ermənistan” dövləti yaratmaq idi. Bu sərsəm ideyanı gerçəkləşdirmək məqsədilə Azərbaycan dövlətini parçalamaq, məhv etmək, əhalisini soyqırıma məruz qoymaq ön plana çəkilmişdi. Bunun üçün Bakı və Bakıətrafı yaşayış məntəqələrinin işğalı daşnak lideri, bolşevik qiyafəli Stepan Qeorqiyeviç Şaumyana, Şirvan, Muğan və Talış bölgələrinin məhvi qaniçən Styopa Lalayana, habelə onun silahdaşı Tatoves Əmiryana, Quba qəzasını yerlə-yeksan etmək daşnak lideri Hamazaspa, Naxçıvan, Zəngəzur və Qarabağın talanı isə Andronik Tarosoviç Ozanyana tapşırılmışdı. Adları sadalanan quldurlara Stepan Qeorqiyeviç Şaumyan rəhbərlik edir, onların törətdikləri faciələrdən ruhlanaraq daha da qəddarlaşırdı.

Yeri gəlmişkən, o dövrdə Andronik Tarosoviç Ozanyanın rəhbərlik etdiyi quldur dəstələrinin Zəngəzurda dinc əhaliyə qarşı törətdikləri qətliamlar barədə də danışmaq istərdim. Xatırladım ki, 1865-ci ildə Türkiyənin Şahtah qəzasında anadan olan Andronik Ozanyan hələ gənc yaşlarından eyş-işrət içərisində yaşayıb, quldurluğa və terrorçuluğa meyilli olub, mal-qoyun oğrusu kimi tanınıb, eyni zamanda, türkləri qətlə yetirməkdən, millətlər arasında ədavət yaratmaqdan çəkinməyib. Elə buna görə də o zaman dişini türk dünyasına qıcayan rus çarı quldur dəstəsinə Andronik Ozanyanı da qoşub. Məsələni də belə qoyub ki, erməni quldurları rus çarına sədaqətlə qulluq etsələr, əvəzində Türkiyənin Şərqi Ərzurum, Sarıqamış, Qars və Van gölünü, Azərbaycanın isə qərbi – Uluxanlı, Vedibasar, Qəmərli, Dərələyəz, Zəngəzur bölgələrini Ermənistana birləşdirib “böyük Ermənistan” yaradacaq və Andronik də həmin ərazinin hökmdarı olacaq... Andronik Ozanyan 1912-1914-cü illərdə Balkan müharibəsində quldurluq edərək bir müddət silahsız, dinc türk əhalisinə divan tutur. 1914-1915-ci ildə isə Tiflisə gəlir, burada türklərə qarşı vuruşmaq niyyətində olduğunu bildirir. Müsbət cavab aldıqdan sonra Türkiyə ərazisində erməni könüllülərindən ibarət rusların hazırladıqları 4 korpusdan birini ona həvalə edirlər.

Erməni könüllüləri rus ordusu ilə çiyin-çiyinə Türkiyənin Van, Qars, Sarıqamış və Ərzurum vilayətlərində döyüşür və türk əhalisinə divan tuturlar. Lakin bu savaşda məğlubiyyətə uğrayan Andronik 1917-ci ildə çar hökumətinin devrildiyini, general Baratovun geri çəkildiyini görüb rusların silah-sursatlarını oğurlayıb 15 min qoşunla qaçır. O, İranın Xoy şəhərini, Cənubi Azərbaycanı, Culfanı keçərək Naxçıvana basqın edir. S.Şaumyanla əlaqə quran Andronik “Daşnaksütyun” partiyasının “böyük Ermənistan” yaratmaq planı ilə tanış olur. Naxçıvana soxulduqdan sonra isə bildirir ki, onu Naxçıvana rəhbər təyin ediblər. Andronik S.Şaumyanın göstərişi ilə Naxçıvan əhalisindən bütün silahları yığır. Onun bu hərəkətlərini S.Şaumyan bəyənir və Androniki “xalq qəhrəmanı” adlandırır, eyni zamanda, Leninə belə bir teleqram vurur: “Andronik Ozanyan Naxçıvanda şura hökumətini qurur. Ona əlavə kömək lazımdır”. Teleqram Leninə çatar-çatmaz, daşnaka “əlavə kömək” edilir...

1918-ci il mart ayının 10-da Qərbi Azərbaycanın Ləmbəli bölgəsindən olan milis (polis) işçisi Mustafa Əfəndiyev İrəvandan Naxçıvana gedən qatarda yoxlama apararkən xeyli silah aşkar edir. Burada atışma başlayır, ölən və yaralanan olur. Mustafa Əfəndiyev həbs olunur və onun taleyi bu gün də məlum deyil... Sən demə, Şaumyanın qeyd etdiyi “əlavə kömək” isə azərbaycanlıları qətlə yetirmək üçün Andronikə göndərilən silah-sursat imiş... Şaumyana belibağlı olan quldur Andronik öz qoşunu ilə Çənnəb, Aza, Yayıcı, Camaldin, Əbrəqunis, Ərəzin, Çeşməbasar kəndlərini talan edir, od vurub yandırır, əhali dədə-baba yurdundan didərgin düşür. Evlər, məscidlər, örüşlər, yamaclar, zəmilər odlara qalanır.

Andronikin quldur dəstəsi Sisyan mahalına üz tutarkən yolüstü Naxçıvanda 11, Ordubadda 9, Culfada isə 3 kəndi viran qoyub, Sirap dərəsində sığınacaq tapan 20 min əhalini cinsinə, yaşına fərq qoymadan güllələyib, Yayıcı kəndinin 2500 nəfər əhalisini isə qılıncdan keçirərək meyitləri Araz çayına atıb. O zaman Naxçıvan bölgəsində Qaçaq Süleyman, Kəblalı xan kimi el qəhrəmanları olmasaydı, eyni zamanda, köməyə türk ordusu gəlməsəydi, daha dəhşətli faciələr törədilərdi...

Mirzə Cabbar Baxçabanın dediklərindən:

– 1918-ci ildə daşnaklar İrəvan vilayətində 211 azərbaycanlı kəndini dağıdıb, 300 mindən çox insanı qətlə yetiriblər. Fəlakətlə, ölümlə üzləşən azərbaycanlılar ev-eşiklərini atıb xiyabanlara, dağlara qaçıblar... Mən Noraşen kəndində ailə üzvlərimlə tövlədə bir köynəkdə, alt paltarında qalırdım. Bu kənd İrəvandan qaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həmin vaxt daşnaklar Naxçıvanı viran etmişdilər. Andronikin göstərişi ilə adamların diri-diri dərisini soyurdular. Kütləvi sürətdə əhalini qırırdılar. İran azərbaycanlıları Naxçıvana köməyə gəlmək istəyirdilər. Lakin İran dövləti onları Naxçıvana getməyə qoymur, qabaqlarını alırdı... Andronik Ozanyan Naxçıvandan Zəngəzura aşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə toqquşur, xeyli itki verir. Silah yüklü üç at Dəli Təhməzin əlinə keçir. Həmin silahlarla onun oğlu Quşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşur, bu el qəhrəmanı ömrünün sonuna kimi Şahbuz dağlarında qaçaqlıq edir.

Andronik Zəngəzura yetişəndən sonra azərbaycanlılar yaşayan məntəqələrin əhalisinə divan tutur, Bazarçay boyunca yerləşən Ərikli, Sükar, Pulkənd, Şükarlı, Məliklər, Saybalı, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdü, Şam, Pürüllü, İrmis, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli, Çınqıllı kəndlərini xaraba qoyur.

Andronikin quldur dəstəsi Sisyanın 31 kəndini dağıdıb, əhalini qırır. Ağdü kəndində 400 nəfər tutan məscidə adamları yığaraq bütün çıxışları bağlayıb. Qızmış buğaların üstünə neft tökərək od vurub içəri buraxıblar. Buğalar adamları dırnaqları altına alıb şil-küt edib. Sonra qəddar ermənilər məscidin damını sökərək içəri küləş doldurub od vurublar, məscidin künc-bucağında qalanlar da tüstüdən boğulub ölüblər...

“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı. Sənədlər toplusu” kitabının II cildində qeyd edilir ki, Andronikin quldur dəstəsi 1918-ci ildə təkcə Sisyan rayonunun Şükar kəndindən 377 nəfəri vəhşicəsinə öldürüblər. İrmişli kəndini qətl-qarət edərkən südəmər uşaqları süngülərə keçirib, meyitləri isə tikə-tikə doğrayıblar. Ağkənddə evləri yandıraraq külə döndərib, qaçan 65 sakini öldürüb, 4-nü yaralayıblar. Vağudi kəndini dağıdıb, sakinlərin bütün əmlakını talayıblar.

Şükar kəndindən Abbas kişinin 1967-ci ildə mənə dediklərindən:

– Andronikin quldur dəstəsi kəndi mühasirəyə almışdı. Bacılarım Gövhər və Nigar kənddə qalmışdılar. Gövhər qonşumuz Tağının oğlu Eldənizə adaxlanmışdı. Atam Şamil görür ki, çıxış yolu yoxdur, ona görə də qızların erməni əlinə keçməməsi üçün onları öldürür... Andronikin quldur dəstəsi tərəfindən 1918-ci ildə Zəngəzur qəzasının azərbaycanlılar yaşayan 115 kəndi məhv edilmiş, 7729 nəfər azərbaycanlı, o cümlədən 3257 kişi, 2276 qadın və 2196 uşaq vəhşicəsinə öldürülmüşdür...

...Bu gün vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı, hər bir Vətən övladı ermənilərin xəbis niyyətlərini, ortaya atdıqları sərsəm planları ifşa etməli, Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni əsirgəməməlidir.

Əvəz MAHMUD LƏLƏDAĞ,
Sumqayıt Dövlət Universitetinin müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında