Azərbaycan xalqı XX əsrdə erməni qaniçənləri tərəfindən zaman- zaman soyqırımlarına məruz qalmışdır. Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada “böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının tarixi köklərini araşdıranda məlum olur ki, hələ XIX əsrdə Azərbaycanın çar Rusiyası tərəfindən ilhaqını təsbit edən müqavilələrə əsasən Cənubi Qafqaza yüz minlərlə erməni köçürülmüş, həm də din birliyi əsasında onlara yerli əhali ilə müqayisədə böyük hüquq və imtiyazlar verilmişdir. Bununla da yerli əhalinin–azərbaycanlıların müxtəlif vasitələrlə sıxışdırılmasına fürsət yaradılmışdır. “Daşnak” və “Hnçak” kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və qəddar terrorçu erməni kütlələrinin şovinist ideyalar ətrafında birləşdirilməsindən sonra azərbaycanlılara qarşı soyqırımı prosesi daha da açıq müstəviyə keçmişdir.
Tarixi araşdırmalar təsdiqləyir ki, ilk dəfə Birinci rus inqilabının başlandığı 1905-ci ildə silahlanmış mütəşəkkil erməni dəstələri Cənubi Qafqazda etnik zəmində soyqırımı cinayəti törətmişlər. 1905-1907-ci illərdə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda azərbaycanlılara kütləvi şəkildə divan tutmuş, şəhər və kəndləri yandırmış, qəbiristanlıqları dağıtmış, tarixi-mədəni abidələri yerlə-yeksan etmiş, uşaqları, qadınları, qocaları qəddarcasına qətlə yetirmişlər. Bu dəhşətli soyqırımdan canlarını güclə qurtaran soydaşlarımız ata-baba torpaqlarını tərk etmək məcburiyyərində qalmışlar.
Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı aktı keçmiş imperiyanın hökmranlıq etdiyi 1918-ci ildə daha geniş vüsət almışdır. Həmin dövrdə soyqırımı misli görünməmiş qəddarlıqla həyata keçirilmişdir. İmperiyanın himayədarlıq etdiyi erməni daşnakları 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, onların evlərini talan etmişlər. Həmin hadisələrdə yalnız Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir.
Azərbaycanın əzəli ərazilərinə daxil olan İrəvan şəhərində və onun ətrafında 132 min azərbaycanlı amansızlıqla qətlə yetirilmişdir. Ermənilərin vəhşilikləri, qəddarlığı nəticəsində ovaxtkı İrəvan quberniyasında azərbaycanlıların sayı xeyli azalmışdır. Bunu tarixi faktlar da təsdiqləyir. Məsələn, azərbaycanlıların sayı 1916-cı ildə 375 min nəfər idisə, 1922-ci ildə cəmi 70 min nəfər olmuşdur. Bu azalma erməni vəhşiliyini təsdiqləyən bariz nümunədir.1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Oğuzda, Qubada və Azərbaycanın digər bölgələrində soydaşlarımızla yanaşı, 3 minə qədər yəhudi də erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
Çar Rusiyasının süqutundan sonra Azərbaycanın əzəli torpaqlarında Ermənistan Respublikasının yaradılması prosesində də soydaşlarımıza qarşı soyqırımı və etnik təmizləmə siyasətindən istifadə olunmuşdur. Belə ki, həmin siyasət azərbaycanlılara məxsus olan əlavə 20,2 min kvadratkilometr ərazinin süni dövlət qurumuna qatılmasına, sovet dövründə Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin təşkil edilməsinə, 1948-1953-cü və 1988-1993-cü illərdə 1,5 milyon nəfər azərbaycanlının Ermənistandan və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən deportasiya edilməsinə və qovulmasına gətirib çıxarmışdır.
Ötən əsrin 80-ci illərində isə SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycana qarşı birbaşa hərbi təcavüzə başladılar. 1992-ci ilin fevralında isə Xocalıda azərbaycanlılara qarşı dünyada analoqu olmayan növbəti soyqırımı törədildi. Xocalı soyqırımından 26 il ötsə də, onun ağrı-acıları hər birimizin qəlbində hələ də yaşayır. Ermənilərin Xocalının dinc sakinlərinə qanlı divan tutmalarının dəhşətləri yaddaşlardan heç zaman silinməyəcək. Bir gecədə məhv edilmiş Xocalı şəhərinin adı indi Xatın, Ruanda, Srebrenitsa və Holokost ilə yanaşı çəkilir.
Xatırladım ki, Xocalıdan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin, eləcə də Xocalı faciəsindən təqribən ay yarım sonra Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı həmin yaşayış məntəqələrinin əhalisinin bir hissəsi ermənilər tərəfindən qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmiş, bu yaşayış məntəqələri yandırılaraq yer üzündən silinmişdir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər.
Erməni quldurları öz havadarlarının himayəsi ilə Azərbaycan Respublikası ərazisinin 20 faizinin, yəni Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı daha yeddi rayonun – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını işğal etmiş, tarixi-mədəni abidələri dağıtmışlar. Ermənilər mədəni abidələrə qarşı da vandallıq törətmişlər. Təkcə son işğalçılıq siyasəti nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750 adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv etmişlər. İşğal olunmuş ərazilərimizdə erməni vandalizmi nəticəsində 500-ə qədər tarixi və 100-dən çox arxeoloji abidə, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və yandırılmış, 44 məbəd və 9 məscid təhqir olunmuşdur.
Keçmiş SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun ermənilərə açıq şəkildə himayədarlıq etməsi bu qəddar milləti daha da quduzlaşdırmışdır. Törətdikləri qanlı faciələrin cəzasız qaldığını görən erməni millətçilərinin qonşu xalqların torpaqları hesabına “böyük Ermənistan” yaratmaq xülyasına düşməsi bölgədə bu gün də davam edən faciələrin əsasını qoymuşdur.
Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan həqiqətlər açıldı, ermənilərə himayədarlıq edənlər, onların törətdikləri soyqırımını ört-basdır edənlər ifşa olundu. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiyanın əsası qoyuldu. Eyni zamanda, bu, Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə verilən əsl tarixi qiymət idi.
Bu gün ulu öndərin siyasətinin müvəfəqiyyətlə davam etdirilməsi Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Artıq Ermənistan beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınır. Bu qəddar millətin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soqırımı barədə dünya ictimaiyyətinə mütəmadi olaraq məlumatlar verilir. Azərbaycanın dövlət başçısı tərəfindən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl soydaşlarımıza qarşı törətdikləri qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalanması bu baxımdan böyük əhəmiyyət kəsb edir. Sərancamda bir daha qeyd edilir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.
Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.
Bu gün həyata keçirilən düşünülmüş xarici siyasət dövlətçilik maraqlarımızın qorunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe ortaya qoyur. Bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir.
İlahə ƏLƏSGƏROVA,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon qeydiyyat şöbəsinin rəisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.