Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran edilmişdir. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı öz doğma yurd-yuvasını tərk etmək məcburiyyəti qarşısında qalmış, bununla da Azərbaycanda tarixi artıq bir əsrə yaxınlaşmaqda olan həqarətli qaçqınlıq ənənəsinin əsası qoyulmuşdur.
Milli Məclisin ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə bağlı bəyanatından:
Bu da taleyin qismətidir ki, biz hər cür pislik və naqisliklərin daşıyıcısı olan ermənilərlə qonşu olmuşuq. Ona görə də 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 1905-1907-ci illərin və 1918-ci ilin dəhşətli qırğınları, 1948-953 və 1988-ci il deportasiyalarını yaşamalı olmuşuq. Ancaq o da taleyin qismətidir ki, həmin düşmənçiliklərin hamısını beynəlxalq aləmə çıxara bilməyimiz və onlara hüquqi-siyasi qiymət verilməsi üçün Tanrı bizə Heydər Əliyev dühasını bəxş etmişdir. Bu ilin əvvəlindən bəri xatırladığımız 20 Yanvar və Xocalı soyqırımları kimi 1918-ci ilin mart soyqırımı faktı da məhz ulu öndərin prinsipiallığı, siyasi uzaqgörənliyi və qətiyyəti nəticəsində öz həqiqi qiymətini almışdır.
Ulu öndərin mart soyqırımı barədə imzaladığı məlum fərmanda qeyd edilir ki, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu, “böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
Həmin möhtəşəm tarixi sənədin ərsəyə gəlməsindən dərhal sonra Azərbaycan Respublikası Milli Məclisi xüsusi bəyanatla çıxış etmişdi. Sənəddə deyilirdi: “Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidenti zati-aliləri cənab Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının tariximizin bu qaranlıq səhifələrinə işıq saçan ilk rəsmi sənəd kimi böyük əhəmiyyətini qeyd edir və 80 il bundan əvvəl azərbaycanlılara qarşı törədilmiş cinayətlərin ildönümü ərəfəsində 31 mart gününü “Azərbaycanlıların soyqırımı günü” elan etməsini milli yaddaşımızı dirçəldən, tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan verən mühüm siyasi-hüquqi və mənəvi aksiya sayır”.
Parlamentimizin bütün üzvlərinin yekdil qərarı ilə qəbul edilmiş bəyanatda əlavə edilirdi ki, bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq Azərbaycanın XIX əsrdə zorakılıqla parçalanmasından sonra soydaşlarımıza qarşı törədilmiş, bəşər tarixində görünməyən vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınların -- soyqırımlarının rəsmən adı çəkilir, xüsusilə 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə erməni millətçi, şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlərin mürtəce qüvvələri tərəfindən bütün Zaqafqaziya miqyasında azərbaycanlı əhaliyə qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılır, “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas və real yolunu tarix boyu bu ərazilərin yerli sakini olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur fəaliyyətinə siyasi qiymət verilir.
Xatırladaq ki, Azərbaycanın çar Rusiyası tərəfindən işğalını rəsmiləşdirən Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra ölkəmizə on minlərlə erməninin köçürülməsi, həm də din birliyi əsasında onlara yerli əhali ilə müqayisədə böyük hüquq və imtiyazların verilməsi tezliklə azərbaycanlı əhalinin hər vasitə ilə sıxışdırılmasına gətirib çıxardı. “Daşnak” və “Qnçak” kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik erməni kütlələrini şovinist ideyalar ətrafında birləşdirməsindən sonra isə bu proses daha da sürətləndi. Birinci rus inqilabının başladığı 1905-ci ildə silahlanmış mütəşəkkil erməni dəstələri etnik zəmində soyqırımı kimi dəhşətli bir cinayətin Qafqazda ilk müəllifləri olmuşlar.
1905-1907-ci illərdə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər.
Bütün bunlar ilk növbədə Qafqaz tarixinin, geniş miqyasda isə türk dünyasının danılmaz faktlarıdır. Ona görə də sadalanan soyqırımı faktları birinci növbədə milli düşmənçilik zəminində türklərə, daha sonra türk dünyasının tərkib hissəsi olan azərbaycanlılara qarşı yönəldilməsi mərhələ-mərhələ araşdırılmalı, Türkiyə- Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq ideyalarının ermənilərin beyninə yeridilməsinin səbəbi və şəraiti, öz xeyirlərinə tarixi saxtalaşdırmaları xalqımıza, dünya ictimaiyyətinə çatdırılmalı, onların bu iyrənc arzu və istəkləri açıqlanmalıdır.
Bəşər tarixinin ən görkəmli simalarının mənfur, riyakar, xain, qəsbkar, terrorçu və təxribatçı adlandırdığı erməni ideoloq və siyasətçiləri uzun onilliklər boyu dünyaya car çəkərək “bu məzlum millətin” türklər tərəfindən guya soyqırımına məruz qalmasını sübuta yetirmək üçün dünya ictimaiyyətində fikir formalaşdırmağa, “erməni soyqırımının” dünya dövlətləri tərəfindən tanınmasına nail olmağa çalışırlar. Lakin onların bu iddialarının əsassız olduğu hər kəsə bəllidir. Bunun üçün sadəcə tarixə ekskurs etmək kifayətdir.
Əgər dünya alimləri tarixi faktlara nəzər salarlarsa, aşağıdakı suallara da cavab tapılar. Həqiqətən qədim erməni dövləti olubmu? Onlar türklər tərəfindən soyqırımına məruz qalıblarmı? Qafqazda, o cümlədən, Azərbaycanda ermənilər nə vaxtdan məskunlaşmağa başlayıblar? İndiki Ermənistan Respublikası əzəli Azərbaycan torpaqları hesabına süni olaraq necə yaradılıb? Bunların tarixi, hüquqi-siyasi əsası olubmu?
Azərbaycanlıların soyqırımı tarixinə nəzər salsaq görərik ki, monoetnik dövlət yaratmağa nail olan Ermənistan rəhbərləri keçmiş SSRİ-nin hərbi-sənaye potensialına arxalanaraq, Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətini, o cümlədən, 7 ətraf rayonu – Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam və Füzulini işğal edib, xarabazara çeviriblər. Ermənistanın hərbi təcavüzü təkcə Dağlıq Qarabağı və onun ətraf rayonlarını deyil, eyni zamanda, Azərbaycanın qərbində yerləşən Gədəbəy, Tovuz, Ağstafa rayonlarını da əhatə edib.
İşğal edilmiş ərazilərdə 800 yaşayış məntəqəsi, 6 min sənaye və kənd təsərrüfatı obyekti, ümumi ərazisi 9 min kvadratmetr olan 150 mindən artıq mənzil və şəxsi ev, 4366 sosial-mədəni obyekt, o cümlədən, 850 məktəbəqədər təlim-tərbiyə müəssisəsi, 690 orta məktəb, 490 tibb müəssisəsi, 927 kitabxana, 22 muzey, 6 teatr, konsert zalı və s. obyektlər erməni vandalları tərəfindən dağıdılıb.
Başqa bir faktı xatırladaq. 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu.
Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət etdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. 1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. Nəticədə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək ard-arda bəyanatlar verməklə kifayətləndi.
Həmin sənədlərdə Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi. Vəssalam.
Bu isə dünya ictimaiyyətinin sözünü deməli olan beynəlxalq təşkilatların ikili standartlarla fəaliyyət göstərdiyinin növbəti sübutu idi. Ancaq indi artıq 1992-ci il deyil. Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etməyə və tarixi haqsızlıqların aradan qaldırılmasına qadirdir. İnanırıq ki, o gün uzaqda deyil.
Leyla SÜLEYMANOVA,
Ədliyyə Nazirliyinin
Xətai rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.