Kəlbəcər rayonunun Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmasından 25 il keçir. 1993-cü il mart ayının sonu – aprelin əvvəllərində 3054 kvadratkilometr ərazisi, 74 min nəfərdən çox əhalisi olan Kəlbəcər məhz Ermənistanın hərbi təcavüzü nəticəsində ələ keçirilmişdir. Nəticədə 129 kənd, şəhər tipli 1 qəsəbə, 10 min nəfərdən çox əhalisi olan Kəlbəcər şəhəri talan edilmiş, yandırılmış, adamlar silah gücünə öz doğma yurd-yuvalarından didərgin salınmışdır.
Azərbaycanlılara qarşı tarix boyu ən qatı cinayətlərə əl atmış ermənilər, hələ Xocalı qətliamından az keçməmiş, yəni 1992- ci il aprelin 8-də Kəlbəcərdə dinc əhaliyə amansızlıqla divan tutmuş, növbəti soyqırımını törətmişlər. Onlar rayonun Ağdaban və Çayqovuşan kəndlərinə hücum etmiş, 130-dan çox evi yandırmış, 33 nəfəri, o cümlədən 2 azyaşlı uşağı, 8 nəfər 90-100 yaşlı qocanı işgəncə ilə öldürmüş, 7 nəfər qadını girov götürmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirmişlər.
Ermənilərin 1993-cü ilin aprel ayının əvvəlində Kəlbəcərə qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində isə 511 nəfər qətlə yetirilmiş, 665 nəfər girov götürülmüş, onlardan 122 nəfəri sonralar geri qaytarılsa da, əsirlikdə olan 543 nəfərdən indiyədək heç bir xəbər yoxdur. Əsirlərə insanlığa xas olmayan ağır işgəncələr verilir, onlar dözülməz şəraitdə saxlanılırdılar. Dəfələrlə müraciət edilsə də, böyük dövlətlər və beynəlxalq təşkilatlar erməni əsarətində inləyən, imdad diləyən soydaşlarımızın səsini eşitmirlər. Cəzasız qalan erməni hərbi xuntası Kəlbəcərə öz doğmalarının qəbirlərini ziyarət etmək üçün gedən Dilqəm Əsgərovu və Şahbaz Quliyevi həbs etmiş, Həsən Həsənov isə qətlə yetirilmişdir.
Nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayan Ermənistan 25 ildir ki, ata-baba yurdlarımızı işğal altında saxlayır, təbii sərvətlərimizi talan edir, xaricdə yaşayan erməniləri Kəlbəcərdə məskunlaşdırır. Kəlbəcərin qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin 822 saylı qətnaməsi hələ də Ermənistan rəhbərliyi tərəfindən yerinə yetirilmir. Ermənistanın bugünkü rəhbərliyi sülh danışıqlarını qəsdən pozur, işğalçı qüvvələrini torpaqlarımızdan çıxarmaq istəmir, sülh danışıqlarından müxtəlif bəhanələrlə qaçır.
Azərbaycanın 54 rayon və şəhərinin 1000-dən çox yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkünlər hər gün doğma yurd yerlərinə qayıtmaq ümidi ilə yaşayırlar. Bu gün hər bir kəlbəcərli işğalçı Ermənistana qarşı təzyiqlərin artırılmasını, erməni silahlı qüvvələrinin Kəlbəcərdən və işğal olunmuş digər torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını, torpaqlarımızın işğalına son qoyulmasını istəyir və bunu nüfuzlu beynəlxalq təşkilatlardan tələb edir. Azərbaycan dövlətinin münaqişəni sülh yolu ilə həll etmək üçün apardığı davamlı siyasətə dəstək olmaq, beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanı işğal olunmuş torpaqlarımızdan geri çəkilməyə məcbur etmək onların borcudur.
Kəlbəcərdə 130 yaşayış məntəqəsi düşmənin əlinə keçmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 min fərdi ev, yüzlərlə tarixi abidə, 37 min 852 hektar meşə sahəsi, digər təbii ehtiyatlar, eləcə də, zəngin qızıl yataqları dağıdılmış və talan edilmişdir. O dövrün məzənnəsi ilə Kəlbəcərə, bütövlükdə 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur.
Erməni vandalları tərəfindən Kəlbəcər işğal olunduqdan sonra tarixi abidələrin əksəriyyəti məhv edilib. Vənd kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində eyniadlı qala, Camışlı kəndində Keşikçi qalası, şəhərdəki məscid, Taglıdaş körpüsü, tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Seyid Əsədullanın ziyarətgahı və digər tarixi abidələr, obyektlər darmadağın edilmişdi. Səbəb isə bəlli idi. Daim başqalarının torpaqlarına göz tikən ermənilər izi itirmək, sonradan bu yerlərin onlara məxsus olduğunu iddia etmək istəyirdilər. Amma tarixi saxtalaşdrımaq indiyədək heç kimə üzqaralığından başqa heç nə gətirməyib, o cümlədən bədbəxt erməni millətindən olan daşnaklara, soyğunçulara, vandallara da həmçinin. Axı nə dağıdılır-dağıdılsın, nə silinir-silinsin, “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Bunu ki, dana bilməyəcəklər.
Yeri gəlmişkən, Kəlbəcərdəki toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də həmin toponimlərdə yaşayır. Bura ən qədim insan məskənlərindən biridir. Yəni ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Həmin dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir.
Azərbaycanın 54 rayonunda müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkünlər hər gün doğma yurd yerlərinə qayıtmaq ümidi ilə yaşayırlar. Bu gün hər bir kəlbəcərli işğalçı Ermənistana qarşı təzyiqlərin artırılmasını, erməni silahlı qüvvələrinin Kəlbəcərdən və işğal olunmuş digər torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını, işğala son qoyulmasını istəyir və bunu nüfuzlu beynəlxalq təşkilatlardan tələb edir. Azərbaycan dövlətinin münaqişəni sülh yolu ilə həll etmək üçün apardığı davamlı siyasətə dəstək olmaq, beynəlxalq hüquq normalarına uyğun şəkildə Ermənistanı torpaqlarımızdan geri çəkilməyə məcbur etmək onların borcudur.
Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq barədə erməni daşnakların məkrli planları heç vaxt baş tutmayacaq, Kəlbəcər rayonunun əhalisi, Azərbaycan xalqı bir qarış torpağından belə əl çəkəsi deyil. Ermənistan və onun havadarları yaddan çıxarmamalıdırlar ki, onlar sülhə gəlməsələr, onda biz başqa yollarla öz doğma torpaqlarımızı azad edəcəyik. İnişilin aprel döyüşləri ermənilərə dərs olmalıdır. Onlar ordumuzun nəyə qadir olduğunu gördülər. Bizimlə danışanda, Qarabağ xülyasına düşəndə bunları yada salsınlar.
Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Burada 30 min ildən çox tarixi olan qədim yaşayış məntəqələri, 6 min illik yaşa malik qala təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.
Erməniləri narahat edən, vandalizmə sürükləyən məhz bunlardır. Amma dünya ictimaiyyəti bilir ki, Kəlbəcər Azərbaycanın dədə-baba torpaqlarıdır
Düz 25 ildir ki, doğma torpaqlarından ayrı düşmüş kəlbəcərlilər, eləcə də digər məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş əlavələrə uyğun olaraq kəlbəcərli məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün bir sıra mühüm tədbirlər həyata keçirilmiş və bu gün də həmin işlər davam etdirilir. Məcburi köçkünlərimizin müvəqqəti məskunlaşması üçün Gəncə, Goranboy, Qəbələ, Ağdam, Yevlax, Bərdə, Şəki, Mingəçevir, Bakı və diğər şəhər və rayonlarda yeni qəsəbələr inşa edilmiş və həmin qəsəbələrdə 4000-dən çox kəlbəcərli ailəsi hər bir şəraitə malik yeni mənzillərlə təmin olunmuşdur. Yeni salınmış qəsəbələrdə müasir tipli məktəb binaları, bir neçə müasir tipli uşaq bağçası, klub və mədəniyyət evi, həkim məntəqələri, rabitə binaları və digər obyektlər tikilərək məcburi köçkünlərin istifadəsinə verilmişdir.
Əmək yarmarkaları vasitəsilə əmək qabiliyyətli məcburi köçkünlərin müvafiq işlərə cəlb edilməsi, rayon mərkəzi xəstəxanasında onların pulsuz müayinə, dərman preparatları ilə təmin olunması ilə əlaqədar zəruri işlər görülmüşdür. Təbii qazla təmin olunmayan yerlərdə məskunlaşmış ailələr payız-qış mövsümündə ağ neft yanacağı ilə təmin olunmuş, onların məskunlaşdıqları şəhər və rayonlara təhkim edilmiş mərkəzi idarələr tərəfindən yardımlar göstərilmişdir. Məcburi köçkün sahibkarlara, fermer təsərrüfatlarına güzəştli kreditlərin verilməsi işləri davam etdirilir.
Dövlət tərəfindən məcburi köçkünlərə təhsil sahəsində də müəyyən güzəştlər göstərilmişdir. Belə ki, rayonun ali məktəblərdə təhsil alan məcburi köçkün tələbələri təhsil haqqından azad olunmuşlar.
1996-cı ilin aprelində Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə ümummilli liderimiz Heydər Əliyev qeyd etmişdi ki, Kəlbəcəri öz coğrafi mövqeyinə görə işğal etmək, sadəcə olaraq, mümkün deyildi. Ulu öndər demişdir: “Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildə hücum etmiş, Kəlbəcər isə 1993-cü ilin mart ayının sonunda işğal olunmuşdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən, Dağlıq Qarabağ, o zaman Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal olunmuşdu. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da, coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən, Dağlıq Qarabağdan, Laçından başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri coğrafi nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi”.
Kəlbəcərin işğalı zamanı 500 nəfərdən çox günahsız sakinimizin həlak olmasını unutmuruq və onların hər birinin xatirəsi bizim üçün müqəddəsdir, əzizdir. İndiyədək onların hamısının rununu yad etmək, qəbirlərinin üstünə, heç olmasa, qərənfil düzmək imkanımız yox idi. Bu yaxınlarda Gəncədə, icra hakimiyyəti binasının qarşısında geniş bir ərazidə onların xatirəsinə gözəl bir abidə kompleksi ucaltmışıq.Hamısının adları qızılı hərflərlə mərmər lövhələrə həkk olunub.İndi bura gələndə, gül-çiçək düzəndə az da olsa təsəlli tapırıq. Abidə-xatirə kompleksini tədricən daha da zənginləşdirəcəyik. Kəlbəcərin tarixinin müəyyən məqamları, dünəni və bu günü də burada öz əksini tapacaq.
Nə o günahsız soydaşlarımızın qanı yerdə qalacaq, nə də torpaqlarımız düşmən tapdağı altında. O torpaqlara qayıdacağıq, mütləq qayıdacağıq!
Aqil Məmmədov,
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.