“Bir yerə qoyulmuş” sözlərin yaratdığı möhtəşəmlik

Yaxud, mətbuat ictimaiyyətimiz arzulanan  həmrəyliyi növbəti dəfə  nümayiş etdirir

Başqa dilləri bilmirəm, az-çox bələd olduğumuz ruscada qeyri-maddi olan nələrinsə bir yerə qoyulmasını ifadə edən söz yoxdur. Varsa da, tapa bilmədim. Amma mənim ana dilim elə zəngindir ki, bu dildəki sözlərlə maddi və ya qeyri-maddi hər şeyin bir yerə qoyulduğunu demək və sübut etmək mümkündür. Mən martın 30-da həmin ifadənin təsdiqini növbəti dəfə gördüm. Biz – ürəyi milli dövlətçiliyimizlə döyünən , beyni xalqımızın firavan sabahını düşünən Azərbaycan jurnalistləri növbəti dəfə “sözü bir yerə qoyduq” və arzu olunandan da möhtəşəm bir həmrəylik nümayiş etdirdik. 

Martın 30-da Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: mənfi meyillərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilirdi.  İştirakçısı olduğumuz toplantı sözün həqiqi mənasında mükəmməl bir həmrəylik nümunəsi idi.  Bu tədbir həm  də, ixtisasca həmkar olanların ətrafda baş verənlərə münasibətdə həmrəy olduğunun  da göstəricisi kimi qəbul edilirdi.

Mən Azərbaycan mətbuatının bu qəbildən  olan həmrəyliyini 1995-ci ilin mart ayında -- ulu öndər Heydər Əliyevin çağırışı ilə yüz minlərlə soydaşımızın küçələrə axışdığı gecə də görmüşdüm, bəzi xarici qüvvələrin Azərbaycana diş qıcartdığı 2013-cü il prezident seçkilərində də, iki il əvvəl Milli Ordumuzun Ermənistan rəhbərliyinə və düşmənin ordusuna dərs verdiyi tarixi Aprel döyüşləri günlərində də. Milli dövlətçilik və ərazi bütövlüyümüzün bərpası ilə bağlı olan həmin tarixi günlərin hamısında Azərbaycan mətbuatı dövlətin yanında, xalqın arasında və ordunun sırasında idi. Haqqı yazan qələmlərin hər biri silah, qələm sahiblərinin hamısı əsgər olmuşdu. Qürurverici məqamlar idi. Martın 30-da o məqamların növbətisinin şahidi olduq.

Söhbət ondan gedir ki, prezident seçkilərinin astanasında olan müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsini və suverenliyimizin əbədiləşdirilməsini gözü götürməyən xarici və daxili qüvvələr sözün həqiqi mənasında dövlətimizə qarşı yeni bir cəbhə açıblar. Ən ali dövlət vəzifəsindən tutmuş mövcud siyasi kursu dəstəkləyən sıravi qələm sahibinə qədər hamıya qarşı böhtan yağdırılır, hədyan söylənilir və söyüş, qarğış, təhqirlər gündəlik həyat norması kimi adiləşir. Belə bir vaxtda mətbuatın ən ümdə vəzifəsinin nədən ibarət olduğunu kimdənsə soruşmağa və ya kiməsə izah etməyə qətiyyən ehtiyac yox imiş. İçtirakçısı olduğumuz toplantı tədbir sübut etdi ki, Azərbaycan mətbuatının aparıcı simalarının hamısı sözü  bir yerə qoymağın da, çəkici eyni nöqtəyə döyməyin də ustasıdırlar.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirdə çıxış edərək Avropaya sığınan bir neçə azərbaycanlının son zamanlar etik prinsipləri pozaraq Azərbaycan, dövlətimizin başçısı, dövlət rəmzləri haqqında təhqiredici ifadələr səsləndirdiklərini söylədi.  O dedi ki, qarşıdan prezident seçkiləri gəlir və biz belə çirkin əməlləri bununla əlaqələndiririk.

Xatırladıldı ki,  belə çirkin əməllər əvvəlki seçkilər ərəfəsində də müşahidə olunub. Lakin bu hal indi daha kəskin və sərt təhqir, qəzəb və söyüşlə müşayiət olunur. Belə qüvvələrin məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır. Lakin onlar azlıq təşkil edirlər. Bu gün Avropada və dünyanın digər ölkələrində xeyli sayda azərbaycanlı yaşayır. Onlar Azərbaycanı xaricdə uğurla təmsil edir, ölkəmizlə bağlı həqiqətləri fəal təbliğ edirlər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  qeyd etdi ki,  cəmiyyətimizi düşündürən mühüm ictimai-siyasi proses – prezident seçkisi ərəfəsində belə mövzuda müzakirələrin aparılması çox önəmlidir: “Dünyada xalqların gücü onların sayı, yaşadığı ərazinin böyüklüyü, iqtisadi resursları ilə yanaşı, həm də həmin xalqı təmsil edən milli elitanın səviyyəsi, fəallığı, ölkə daxilində və xaricində baş verən hadisələrə yanaşması ilə ölçülür. Azərbaycan cəmiyyəti də digər cəmiyyətlərdən ciddi fərqlənmir. Milli elitanın ən fəal təbəqəsi qələm sahibləridir. Azərbaycan cəmiyyətində həmişə mühüm proseslərə qiymət verən, insanlarda həmin hadisələrlə bağlı münasibət formalaşdırmağa təsir edən məhz belə ziyalılardır. Çox yaxşı haldır ki, bu məsələdə də obyektiv mövqedən çıxış edən ziyalılarımız oldu”.

Əli Həsənov xarici ölkələrdə yaşayan bir neçə azərbaycanlının ölkəmizə qarşı heç bir əxlaq çərçivəsinə sığmayan münasibətlərinə, fikirlərinə cəmiyyətin əksər üzvlərinin  kifayət qədər konstruktiv, təsirli və cəmiyyət üçün əhəmiyyətli rakurslardan yanaşaraq münasibət bildirdiyini söylədi. Natiq qeyd etdi ki, hazırda Azərbaycanda Facebook, Tvitter, Youtube, İnstagram və digər sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşır: “Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə müsbət münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait müqabilində təəssüf ki, bəzi dairələrin mövcud imkanlardan sui-istifadə cəhdləri cəmiyyətimizi narahat etməyə bilməz. Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir. Ayrı-ayrı vaxtlarda təşkil olunan kampaniyaların təşkilatçıları və iştirakçıları ölkədəki dünyəvi rejimi, etnik-dini münasibətlər sistemini hədəf götürür, ölkəmizin adının belə “tarixi səhv” nəticəsində yarandığı haqda uydurmalar yayırlar. Məqsədyönlü şəkildə açılmış, fərqli radikal dini qrupların, separatçı dərnəklərin nəzarətində olan səhifələr ölkədəki tolerant mühiti, ən böyük sərvətimiz və inkişafımızın rəhni olan sabitliyi hədəfə alırlar. Sirr deyil ki, bu çevrələr, dərnəklər, qruplar bəzi qonşu dövlətlərin, xüsusən Ermənistanın məkrli mərkəzlərinin təsiri altındadır”.

Prezidentin köməkçisi dedi ki, məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb – hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır. Bu işin təşkilatçıları və icraçılarını Azərbaycanı suriyalaşdırmaq istəyən “virtual İŞİD” adlandırmaqda haqlı olduğum indi həmin qüvvələrin “ağsaqqalları” tərəfindən dolayısı ilə etiraf olunur”.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov belə bir arzunu dilə gətirdi ki, ölkəmizdən  kənarda yaşayan həmvətənlərimiz xalqımızın milli-mənəvi dəyərlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vəzifəsini unutmamalıdırlar.

“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov  təəssüflə bildirdi ki, öz xalqı və dövləti əleyhinə təhqirlər səsləndirən belə azərbaycanlılar xalqımıza qarşı soyqırımları törətmiş erməni liderləri barədə etiraz bildirməyiblər.

Milli Məclisin deputatı Aqil Abbas  təklif etdi ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri həmin dövlətlərin müvafiq qurumlarına ölkəmizdə vətəndaş qarşıdurması yaratmaqla bağlı çağırışlar səsləndirən bu insanlar barədə lazımi tədbirlərin görülməsi üçün fəallığı artırmalıdırlar.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qeyd etdi ki, bəzi ziyalıların bu insanları dialoqa çağırmalarından sonra həmin ziyalılara qarşı da hücumların olması belə insanların ölkəmizə qarşı nə dərəcədə barışmaz mövqe tutduqlarını göstərir. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu dedi ki,  biz “yumşaq güc” vasitəsilə münasibətləri hüquqi mexanizmlərlə tənzimləməliyik. Belə ki, siyasi mübarizədə təhqir və söyüşlərdən istifadənin qarşısı hüquqi yollarla alınmalıdır.

Azərbaycan Televiziyasının informasiya proqramları studiyasının baş direktoru Faiq Hüsüyev  ziyalıların və jurnalistlərin belə şəxslərə qarşı fəal mübarizə aparmalarının, bu cür halların qarşısının alınması üçün ictimai qınağın təşkil edilməsinin vacibliyini vurğuladı. “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz qeyd etdi ki, xaricdə yaşayan və ələ alınmış bəzi azərbaycanlılar tərəfindən ölkəmiz, dövlətimiz, seçkilər dövründə isə namizədlərə qarşı sistemli şəkildə təhqir və böhtan xarakterli fikirlər səsləndirilir. Biz buna qarşı vahid mövqedən çıxış etməliyik.

Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin fikrincə, belə insanlar hətta milli mentalitetimizin qırmızı cizgisini keçən ən sərt təhqir və söyüşlərdən istifadə edirlər. Ona görə də cəmiyyətimizin hər bir üzvü, o cümlədən həm QHT, həm də KİV təmsilçiləri belə hallara qarşı ortaq mövqedən çıxış edərək, güclü ictimai qınaq formalaşdırmalıdırlar.

“Gününsəsi.info” saytının baş redaktoru Pərviz Həşimli, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Elşən Musayev,“Bakinski raboçi” qəzetinin və “1news.az” saytının baş redaktoru Rəhman Hacıyev, “Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və  Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli özünəməxsus təkliflərlə çıxış etdilər və səsləndirilməsi vacib olan faktları dilə gətirdilər.

Prezidentin köməkçisi  jurnalistlərin cəmiyyətin avanqard qüvvəsi olduqlarını vurğuladı və  fəal vətəndaşlıq, ziyalı mövqeyinə görə həmkarlarımıza minnətdarlığını bildirdi.

Mən isə toplantıda səsləndirilən bütün fakt, arqument və təkliflərlə tamamilə razılaşsam da, orada eşitdiyim bir ifadəyə bu sətirlərin sonunda  qəti etiraz etdiyimi deyirəm. Belə ki, çıxışların birində belə məqam var idi:  “ Biz ya öz monolit birliyimizlə bütün bədxahlarımızı susdurmalıyıq, ya da  mövqelərimizdən çəkilməliyik”.

Qətiyyətlə deyirəm ki, sıramızdakılardan heç kəs heç bir mövqedən çəkilməyəcək, biz prezident seçkilərini də uğurla başa vuracağıq, Azərbaycanın  qüdrətlənməsini də təmin edəcəyik, ərazi bütövlüyümüzün bərpasına da nail olacağıq, bugünkündən beş qat, on qat  artıq olan bədxahlarımızı da ifşa edərək,  tamamilə təhlükəsizləşdirəcəyik. Geridə qalan mübarizə illərimiz bizim daha əzmli, daha qətiyyətli olmağmızı təmin edib. Ona görə də bütün qələbələrə çatacağımız şəksizdir. Külək okeanın hansı tərəfindən əsirsə, əssin, biz ancaq irəli gedəcəyik!

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist, 31 mart, 2018-ci il.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında