Azərbaycan jurnalistlərinin VII qurultayında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun dərin məzmunlu çıxışını dinlədikdən və onun “Feysbuk” səhifəsindəki statusunu oxuduqdan sonra mənə elə gəlirdi ki, ölkəmizin, xalqımızın, dövlətə rəhbərlik edənlərin, məmurların, dəyərli insanlarımızın ünvanına böhtan və iftira yağdıranlar, qeyri-etik və qeyri -əxlaqi davranış sərgiləyən şantaj və təhqir trolları, yəqin ki, bəd əməllərindən çəkinəcək, düşdükləri mənəviyyatsızlıq, şərəfsizlik bataqlığından çıxmağa çalışacaqlar. Nəhayət, anlayacaqlar ki, siyasi mübarizə pərdəsi arxasında gizlənib söyüş və təhqir yağdırmaq kişiyə və insanlığa yaraşan hərəkət deyil.
Təəssüf ki, virtual məkanda , sosial şəbəkədə özlərini millət, Vətən təəssübkeşi kimi ictimai fikirə sırımağa çalışan bir qrup ünsür, sən demə, insanlıq simasını tamamilə itiribmiş. Əks halda antiazərbaycan kampaniyasına son qoyardılar. “Yalan meşə kimidir, nə qədər uzağa getsən, çıxmaq da bir o qədər çətin olur” deyərkən böyük rus yazıçısı Anton Çexov necə də haqlı imiş.
Vətənə, xalqa, milli maraqlara xəyanət etmək ağır cinayətdir. Aylar, illər keçsə də, nə xəyanətkar unudulur, nə də onun törətdiyi bəd əməllər. İradəsiz, ağıl və zəka sarıdan binəsib olan bu “insanlar” sığındıqları xarici ölkələrdə məkrli güclərin təsiri altına düşərək, antimilli öhdəliklər götürmüşlər.
Azərbaycanın müstəqil siyasət yeritməsini, dinamik inkişafını və tərəqqisini gözü götürməyən dairələr “sapı özümüzdən olan baltaların”, dönüklərin, iddiaları və qabiliyyətləri tərs mütənasib olan şərəfsizlərin əli ilə bizə çamur atır, dövlət və hökumət rəsmilərini ləkələməyə, bizi tutduğumuz haqq yoldan döndərməyə çalışırlar.
Müdriklər doğru deyiblər: mənəviyyatsız və ləyaqətsiz insanları başqaları idarə edirlər. Hüseyn Abdullayev, Orduxan Teymurxan, Tural Sadıqlı, Vidadi İsgəndərli kimi Vətənə düşmən kəsilmiş şəxslər bilməlidirlər ki, azadlığın ən böyük düşməni səhv yola düşmüş insanların beyinlərinə hakim kəsilmiş zərərli məqsəddir, ədalətsiz mövqedir. Bu gün Azərbaycan xalqı onlar kimi ədalətsiz, mənəviyyatsız mövqe tutanları qətiyyətlə pisləyir, hiddətini bildirir.
Ölkəmizdə görülən işləri, qazanılan uğurları gözardı etmək mümkün deyil. Son 15 ildə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artmışdır.
Mətbuat, söz, ifadə azadlığının, demokratik dəyərlərin bərqərar olması heç kimə özbaşınalıq etmək, insanların şərəf və ləyaqətini təhqir etmək haqqı vermir. Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlara nə qədər hörmət və ehtiramla yanaşsaq, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar.
Tarixdə iz qoymaq hər adama müyəssər olmur. Tarixə imza atmaq ancaq dahilərə nəsib olur. Mənsub olduqları xalqın, Vətənin maraqlarını xaricdəki ağalarının ayaqları altına atan miskinlər və layəqətsizlər dahilərin mövcudluğuna dözə bilmir, şər, böhtan, iftira kampaniyasına başlayırlar.
Azərbaycan xalqı müdrik xalqdır. Ona görə də öz müdrik rəhbərinin ətrafında sıx birləşərək ölkəmizin çiçəklənməsi, dövlətimizin daha da qüdrətlənməsi naminə fədakarlıqla çalışır. Xalq siyasi təlxəklərin deyil, dahilərin, müdrik və sınanmış liderin arxasınca gedir.
Sosial şəbəkələrdəki antiazərbaycan kampaniya Azərbaycana düşmən dairələr tərəfindən maliyyələşdirilir. Həmin dairələr Azərbaycanı sözəbaxan, Qərbin diktəsi ilə işləyən bir ölkə kimi görmək istəyirlər. Lakin bugünkü Azərbaycan hakimiyyəti milli maraqlarımızın müdafiəsi istiqamətində yenilməz siyasi iradə nümayiş etdirir. Elə bu səbəbdən də mənfur kampaniyanın əsas hədəfi Azərbaycan rəhbərliyidir, Azərbaycan dövlətidir.
Biz Avropada, Qərbdə bəzi dairələrin qapıları önündə vurnuxan təxribatçıları, avantüristləri, satılmış ünsürləri qətiyyətlə pisləyirik.
Hazırda Azərbaycanda prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası gedir. Sosial şəbəkə trollarının çıxışlarında əks-təşviqat məzmunlu fikirlər üstünlük təşkil edir. Millətin, ayrı-ayrı şəxslərin, prezidentliyə namizədlərin ünvanına olmazın təhqirlər səslənir. Qərbdəki ağalarının diktəsi ilə Orduxan Teymurxan, Tural Sadıqlı və digərləri xalqı kütləvi itaətsizliyə, hakimiyyəti zorakılıqla dəyişməyə çağırırlar. Ölkənin hüquq-mühafizə orqanları bu faktlardan çıxış edərək İnterpola müraciət etməli, qanunvericilik çərçivəsində müvafiq tədbirlər görməlidirlər.
Martın 31-i Azərbaycanlıların Soyqırımı Günüdür. 1 milyondan artıq soydaşımız erməni işğalı üzündən qaçqın və məcburi köçkünə çevrilib, hüquqları tapdalanıb.
Xocalı soyqırımı, Qaradağlı və Daşaltı faciələri, torpaqlarımızın işğalı gözümüzün önündə baş verib. Amma Avropada oturub Vətəni, milləti sevdiklərini iddia edən şərəfsiz trollar bu faciələrimiz barədə inadla susurlar. Çünki onlar ağalarından başqa tapşırıq alıblar. Ona görə də bizə böhtan və iftira yağdırırlar.
Sual edirəm, müharibə caniləri, əlləri günahsız insanların qanına batmış Koçaryanların, Sarkisyanların, Balayanların ünvanına Avropadan təhqir yağdıran demirəm, adicə tənqid səsləndirən bir erməni görmüsünüzmü?!
Düşünmək məqamıdır, bu gün hər birimiz əl-ələ verərək, millət və xalq olaraq həmrəyliyimizi gücləndirməliyik, dövlətçiliyimizi, dövlətimizin rəhbərini, Vətənə sədaqətlə xidmət edən şərəfli insanlarımızı, milli maraqlarımızı qorumalıyıq. Milli elita, görkəmli ziyalılar, ictimai-siyasi xadimlər, cəmiyyətin intellektual kəsimi, kütləvi informasiya vasitələri bu mübarizənin ön sıralarında olmalıdır.
Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru,
Əməkdar jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.