Prezidentliyə namizəd Razi Nurullayevin seçki proqramı

Davamı qəzetimizin 6 aprel 2018-ci il tarixli nömrəsində dərc olunacaqdır.

Siyasət

Dövlət idarəçiliyi

 

Dövlət insanların hüquq və azadlıqlarını qorumaq üçün yaradılmış və onun strukturları – QANUNVERİCİLİK, İCRA və MƏHKƏMƏ hakimiyyəti vətəndaşların iradəsi ilə formalaşır. Dünyada ən yaxşı Qanun xalqın xoşbəxtliyinə xidmət edən qanundur. Ən güclü hakim isə ədalətdir. Ölkənin ədalətli idarə edilməsinin əsas şərti qanunların işləməsini təmin etməkdir. Azərbaycanın hər bir vətəndaşının azad, firavan yaşaması, qanunların və onun icrasının hamı üçün bərabər, ali və ədalətli olması uğrunda mübarizə bizim fəaliyyətimizin əsas istiqamətidir. Ədalətli qanunlar, onların hər bir insan üçün aliliyi baxımından tətbiqi xalqı birləşdirir, cəmiyyəti inkişaf etdirir, dövləti möhkəmləndirir.

Dövlət idarəçiliyində əsas şərtlərdən biri xalqın həyat səviyyəsinin yüksəlməsi üçün güclü və dinamik inkişaf edən iqtisadiyyatın yaradılmasıdır. Hesab edirik ki, ədalətli dövlət idarəçiliyi üçün sosial-iqtisadi problemlərin həllinə nail olmaq vacibdir. Bunun üçün,

- Azad bazar iqtisadiyyatının inkişafı və ədalətli rəqabət mühitinin formalaşması, o cümlədən iqtisadi azadlıqların təmin edilməsi;

- korrupsiyaya qarşı sistemli mübarizə, barışmazlıq və milli sahibkarların yaranmasını ləngidən süni maneələrin aradan qaldırılması;

- sosial yönümlü layihələrin icrasının genişləndirilməsi və şəffaflığının təmin edilməsi;

- ölkənin ÜTM-ə üzv olması və kiçik biznesin inkişafına ayrılan kreditlərin sayını artırmaqla faiz dərəcələrinin aşağı salınması;

- mülkiyyətin toxunulmazlığının təmin olunması.

İnsan haqları və hüquqlarının təminatı

 

Dövlət idarəçiliyində ədalətli üsullardan biri də insan haqları və hüquqlarının təminatıdır. Cəmiyyətin bir hissəsinin qanunsuz yollarla sürətlə varlanması, digər hissəsinin yoxsullaşması kimi sosial konflikt yaradan vəziyyətin aradan qaldırılması əsas məqsədlərimizdəndir. Ölkədə yaşayan bütün xalqların mədəniyyətinin, dini əqidəsinin, hüquq və azadlıqlarının qorunması əsas vəzifələrimizdən biridir.

Azərbaycan Respublikasının ən böyük sərvəti onun vətəndaşlarıdır. Hər şey xalqa, hər şey insana, vətəndaşa xidmət etməlidir!

- Qanunun aliliyinin, dövlət də daxil olmaqla bütün hüquq subyektlərinin qanun qarşısında bərabərliyinin təmin olunması;

- qanunların qəbulu zamanı xalqın milli-mənəvi xüsusiyyətlərinin gözlənilməsi, demokratikləşmə və insan hüquqlarına hörmət prinsiplərinin əsas götürülməsi istiqamətində müvafiq addımların atılması;

- ictimai birliklərin, siyasi partiyaların və kütləvi informasiya vasitələrinin qanunla müəyyən olunmuş qaydada fəaliyyəti üçün bərabər şəraitin yaradılması və onların inkişafı üçün əməli addımların atılması;

- vətəndaşların siyasi hüquqlarının, fəaliyyət azadlıqlarının, sosial hüquqlarının, şəxsi mənafe və maraqlarının qorunması mexanizminin inkişaf etdirilməsi.

Vətəndaş cəmiyyətinin inkişafı

 

Vətəndaş cəmiyyəti vətəndaşın suverenliyinə, hüquqi, demokratik dövlət quruluşuna, azad sahibkarlığa,yerli özünüidarəçiliyə, parlamentarizmə, insanların könüllü birləşməsi birliklərinə, qeyri-dövlət, qeyri-siyasi münasibətlərə, azad rəqabətə, əməkdaşlığa, müxtəlif mülkiyyət formalarına, konsensus və kompromisə, özünütəşkilə və sinergetik başlanğıclara, tolerantlığa, humanizmə, fərdlərin uyğunlaşdırılmış fəaliyyətinə, qarşılıqlı yardıma, azadlığa, demokratiyaya əsaslanan, yüksək inkişaf etmiş, xüsusi tipli açıq cəmiyyətdir. Bu cəmiyyəti qurmaq bütün bəşəriyyətin əzəli, əbədi, müqəddəs məqsədidir.

Vətəndaş cəmiyyətinin mənəvi sahəsinə aşağıdakı elementləri aid etmək olar: söz, fikir azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı, öz mövqeyini açıq ifadə etmək azadlığı, yaradıcı, elmi birliklərin müstəqilliyi və dövlətdən asılı olmaması. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını aşağıdakı prinsiplərin möhkəmlənməsində görürük:

- iqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri, o cümlədən insan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması;

- müstəqil kütləvi informasiya vasitələri, azad mətbuat, söz, fikir azadlığının möhkəmlənməsi və dövlətin şəxsi və ictimai həyata müdaxilə etməməsi, vətəndaş və dövlətin qarşılıqlı vəzifələri, məsuliyyət və öhdəlikləri;

- milli barışıq, kompromis, qarşılıqlı əməkdaşlığın inkişafı.

 

Qarabağ probleminin həllinə baxış

 

Azərbaycan Respublikası qarşısında duran ən ciddi problem Qarabağ münaqişəsi və dövlət ərazimizin 20 faizinin işğal olunmasıdır. Torpaqlarımızın işğalı ilə bitən birinci Qarabağ müharibəsində atəşkəsin imzalanmasından 20 ildən artıq vaxt keçir. Ədalətli həll planı və sülh yolu bir nəticə verməyib. ATƏT-in Minsk qrupunun müxtəlif təklifləri illərlə müzakirə edilsə də, konkret nəticəyə nail olunmayıb. Artıq kifayət qədər zaman keçib və Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün hüquqları özündə saxlayır.

Ermənistan tərəfi sülhə gəlmək və torpaqları işğaldan azad etmək əvəzinə cəbhə boyu yeni təxribatlar törətməkdən əl çəkmir. Dəfələrlə belə təxribatlar törədilib. 2016-cı ilin aprel ayında növbəti təxribata cəhd edildi, lakin Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi və torpaqlarımızın bir hissəsi, əsas strateji yüksəkliklərdən bir neçəsi işğaldan azad edildi.

Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etmək gücü  vardır və eyni zamanda, bu hüquqa malikdir. Lakin humanizm prinsiplərinə söykənərək sülh yolu əsas götürülür. Amma işğalın 25 ildən də çox bir müddəti artıq Azərbaycan xalqında, ictimaiyyətdə səbirsizlik yaradır. AXCP olaraq hesab edirik ki, hüquqi baxımdan, yəni beynəlxalq normalar, konvensiyalar prizmasından Qarabağ probleminin həlli faktiki olaraq öz “ölü” nöqtəsindən tərpənmir və bunu Azərbaycanın son 30 illik təcrübəsi də göstərir. Ona görə də hesab edirik ki, Azərbaycan bu problemi həll etmək üçün bir neçə addım atmalıdır və yalnız bu yolla Qarabağ probleminin həlli mümkündür. Hesab edirik ki,

- ilk olaraq, Azərbaycan “Nüvə silahının yayılmaması haqqında” müqavilədən imtina edir və eyni zamanda, Qoşulmama Hərəkatından çıxdığını bəyan edir. Bununla da məhdudlaşdırıcı hərbi hüquqlardan imtina edərək, Azərbaycan hərbi əməliyyatların keçirilməsi ilə bağlı üstünlük hüququ əldə edir;

- daha sonra Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyən və Ermənistanın müstəqilliyini tanımayan nüvə dövlətlərindən biri olan Pakistanla hərbi əməkdaşlıq sazişi imzalanır və Pakistan ordusunun müəyyən taborlarının Qarabağətrafı regionlarda dislokasiyasna icazə verilir. Hərbi əməkdaşlığa əsasən həmin taborlar da Qarabağda antiterror əməliyyatlarına cəlb edilir. Pakistanın nüvə dövləti olması maraqlı və Ermənistanı müdafiə edən dövlətlərin münaqişəyə cəlb edilməsini əngəlləyəcək.

- Azərbaycan yalnız bu sazişlərdən şərtlə çıxa və Pakistan hərbi hissələrinin ölkə ərazisində yerləşdirilməsindən imtina edə bilər ki, ATƏT-in həmsədr ölkələrinin prezidentlərinin, o cümlədən qonşu Türkiyə və İran prezidentlərinin birgə iştirakı ilə Qarabağ probleminin həllinə dair Beynəlxalq Konfrans keçirilir, Qarabağın işğaldan azad edilməsi ilə bağlı konkret tarix (6 ay və ya bir il) təyin edilir.

- Azərbaycan-Pakistan hərbi-strateji müttəfiqliyini möhkəmləndirmək üçün Azərbaycan Dövlət Neft Fondundan Pakistan İslam Respublikasına müxtəlif investisiyalar formasında 5 milyard manat həcmində sərmayə yatırılır və Pakistanla hərbi sahədə olduğu kimi, iqtisadi sahədə də geniş və hərtərəfli müqavilələr imzalanır.

Namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin ödənişsiz əsaslarla dərc edilən seçkiqabağı təşviqat materialı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında