Ümummilli lider Heydər Əliyevin şanlı peşəkarlıq məktəbi Dövlət Təhlükəsizliyi Xidmətinin uğurlu fəaliyyətinin konseptual təməlidir

28 mart – Dövlət təhlükəsizliyi Orqanları İşçilərinin Peşə Bayramı Günüdür

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 99 il ötür

 

Azərbaycanı XX yüzilliyin sonlarında düşdüyü xaos və anarxiyadan çıxarıb harmoniya və nizam məcrasına salan, ölkədə ictimai-siyasi sabitliyi təmin edən, XXI yüzillikdə dünyanın sivil dövlətləri ilə yanaşı addımladan dahi siyasətçi, ümummilli lider Heydər Əliyev əmək fəaliyyətinə təhlükəsizlik orqanlarında başladı və leytenantdan generala, əməliyyat müvəkkilindən Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəldi. Heydər Əliyevin sədr vəzifəsinə gəlişi ilə hər şeydən əvvəl, Azərbaycan SSR DTK-nın rəhbərliyində səriştəli, təcrübəli və peşəkar əks-kəşfiyyatçı, təhlükəsizlik sisteminin fəaliyyət mexanizminə hərtərəfli bələd olan, əməliyyat heyətinin qarşısında duran vəzifələri dərindən bilən, ən başlıcası isə xalqının milli-mənəvi irsinə, amallarına sadiq və onun mənafelərinin təminatçısı olan azərbaycanlı dayanırdı. Milli kökə və yaddaşa bağlı bir şəxs kimi o, 1950-ci illərdən başladığı azərbaycanlılaşdırma prosesini səlahiyyətləri çərçivəsində daha da inkişaf etdirdi. Məhz dahi rəhbərin misilsiz səyləri nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı xeyli artırıldı. Bununla da bu mühüm sistemdə azərbaycanlılaşmanın əsası qoyuldu.

Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri, istefada olan polkovnik Şamil Qasım oğlu Süleymanov da onlardan biridir. Kəşfiyyat və əks-kəşfiyyat sahəsində zəngin təcrübəsi olan və hazırda ömrünün 82-ci baharını yaşayan bu nurani ağsaqqal və dəyərli ziyalı saflığı, təmənnasızlığı və əqidəliliyi xüsusi xidmət orqanı əməkdaşının ən mühüm mənəvi keyfiyyəti kimi səciyyələndirir. O, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında gənc zabit kimi xidmətə başlayaraq bu keyfiyyətlərə yiyələndiyi dövrü xoş duyğularla xatırlayır. Şamil müəllim özünün bioqrafiyası, ulu öndərlə ilk tanışlığı, vaxtilə kəşfiyyatçı kimi gördüyü işlər, hazırkı ictimai fəaliyyəti və rəhbərlik etdiyi veteranlar təşkilatına Dövlət Təhlükəsizliyi Xidmətinin göstərdiyi diqqət və qayğıdan söhbət açaraq dedi:

– Mənim gəncliyim Böyük Vətən müharibəsindən sonrakı çətin və mürəkkəb bir dövrə düşüb. Həmyaşıdlarımın əksəriyyəti kimi mənim də arzum ali təhsil almaq, yaxşı bir peşənin sahibi olmaq, cəmiyyətdə öz yerimi tapmaq idi. Neft Bakısında doğulub böyüdüyümə görə, 6 nömrəli orta məktəbin rus bölməsini bitirən kimi Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mədən fakültəsinə daxil oldum. 1958-ci ilin avqustunda ali təhsilimi başa çatdırıb ixtisasım üzrə yenicə əmək fəaliyyətinə başlamışdım ki, məni Dövlət Təhlükəsizliyi Komitəsinə (DTK) işə dəvət etdilər. SSRİ-nin nüfuzlu ali məktəblərini bitirmiş dörd nəfər həmyaşıdımla birlikdə məni gələcəkdə bu orqanda işləmək məqsədilə Belorusiyanın Mogilyov şəhərindəki kəşfiyyat məktəbinə oxumağa göndərdilər. Həmin vaxt SSRİ-də siyasi ab-hava mülayimləşmiş, əvvəllər qorxulu cəza aparatı kimi ad çıxarmış xüsusi xidmət orqanının əvəzinə yeni yaradılan DTK-nın gənc və ali təhsilli kadrlarla komplektləşdirilməsi qərara alınmışdı. Mogilyovda ikiillik təhsil proqramına bütün müttəfiq respublikaları təmsil edən 200 kursant cəlb olunmuşdu. Biz ilyarım ərzində nəzəri məsələləri öyrənməli, sonra altı ay müddətində öz respublikamızda təcrübə keçməli və buraxılış imtahanı verib işə təyinat almalı idik. Lakin nəzəriyyədən imtahan verdiyimiz günlərdə - 1960-cı ilin yanvarında bizi iclas zalına yığaraq, o vaxtkı DTK sədri Aleksandr Nikolayeviç Şelepinin əmri ilə ehtiyata buraxıldığımızı elan etdilər və bizi öz respublikalarımıza yola saldılar.

Mən Bakıya qayıdıb, dərhal öz ixtisasım üzrə işləməyi qərara aldım. Neft-mədən mühəndisi olsam da, işə fəhləlikdən başladım. İki ilə yaxın bu sahədə çalışdım, qısa müddətdə istismar üzrə mühəndis vəzifəsinə irəli çəkildim, ilk komsomol təşkilatının katibi seçildim. Tezliklə partiya işinə keçmək, siyasi-dövlət idarəçiliyi sistemində vəzifə tutmaq perspektivi haqqında düşündüyüm bir vaxtda - 1961-ci ilin dekabrında DTK-nın nümayəndələri evimizə gələrək mənim ehtiyatdan xidmətə çağırıldığımı bildirdilər. Sözün düzü, planlarım başqa idi, lakin respublika DTK-sının sədri Aleksandr Vasilyeviç Kardaşevlə söhbətdən sonra fikrimi dəyişdim. Dəqiq yadımdadır ki, dekabrın 21-də kadrlar şöbəsinin rəisi məni əməkdaşı olacağım əks-kəşfiyyat şöbəsinin rəisinin qəbul edəcəyini bildirdi. Kabinetə daxil olduq. Kadrlar şöbəsinin rəisi məni təqdim edərək dedi: “Heydər Əliyeviç, bu həmin Süleymanovdur, neft mədəninin mühəndisidir”. Hündür boylu, alagözlü, iti baxışlı şöbə rəisi ayağa qalxaraq mənimlə görüşdü, sonra yer göstərdi və özü də gəlib üzbəüz əyləşdi... Özünün yüksək mədəniyyəti və dərin zəkası ilə elə ilk görüşdəcə məndə xoş və böyük təəssürat yaradan Heydər Əliyevlə iki saatlıq söhbətdən anladım ki, həyatımda yeni bir dövr başlanır. Bu söhbət mənim üçün əsl həyat dərsi oldu. Onun həmsöhbətinin gözünün içinə baxaraq dediyi sözlər adamın birbaşa qəlbinə nüfuz edirdi. Güclü intuisiyası ilə sanki həmsöhbətinin nə düşündüyünü ən xırda təfərrüatına qədər hiss edə bilirdi.

İkinci şöbədə Heydər Əliyevin rəhbərliyi altında işləməyə, əks-kəşfiyyatın incəliklərini öyrənməyə başladım. Hər gün gördüyümüz iş barədə ona məruzə edir, tövsiyələrini dinləyir, tapşırıqlar alırdıq. Müdrik və istedadlı rəhbər kimi qarşıya qoyulan vəzifələri dəqiq müəyyənləşdirir, əməliyyat tapşırıqlarını səbr və təmkinlə bizə izah edir, hər bir çətinliyin öhdəsindən gəlməyimizə yardımçı olurdu. Peşəkar və tələbkar rəisimiz bizi öz işini mükəmməl bilən, geniş dünyagörüşünə yiyələnmiş bacarıqlı bir zabit kimi yetişdirirdi. Buna görə də həmin dövrün gənc əməkdaşlarının əksəriyyəti sonralar nəinki respublikamızda, həmçinin SSRİ-nin digər yerlərində dövlət təhlükəsizliyi orqanlarında yüksək vəzifələrə irəli çəkildilər. Dövlət təhlükəsizliyi orqanlarında işlədiyim 40 il ərzində mən də bu dahi şəxsiyyətin tövsiyələrinə daim əməl etməyə çalışdım...

O vaxt podpolkovnik rütbəsində olan Heydər Əliyevin rəhbərlik etdiyi İkinci şöbə respublika DTK-sının əsas şöbəsi sayılırdı, onun tərkibində müxtəlif istiqamətlər üzrə 15 bölmə fəaliyyət göstərirdi. Sovet dövlətinin rəhbəri N.Xruşşovun apardığı islahatlar nəticəsində Birinci şöbənin - kəşfiyyat şöbəsinin funksiyaları məhdudlaşdırılmış, ştatda cəmi 7-8 nəfər işçi saxlanılmışdı. Onu da deyim ki, A.Şelepinin sədr olduğu dövrdə DTK-da 16 min əməkdaş ixtisara salınmışdı. Lakin dövlətin təhlükəsizliyinin təmin edilməsində kəşfiyyatın əhəmiyyətini dərk edən sovet rəhbərliyi 1962-ci ildə yenidən bu sahəni gənc kadrlarla gücləndirməyi qərara aldı. Tabeliyində olan gənc əməkdaşlara, xüsusən, öz doğma xalqının nümayəndələrinə xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev onlardan bir neçəsinin kəşfiyyat xidmətinə keçirilməsinə nail oldu. Mən də onun tövsiyəsi və təqdimatı ilə xidmətimi Birinci şöbədə davam etdirməli oldum və indi qürur hissi ilə deyə bilərəm ki, həm intellektual, həm də fiziki baxımdan xüsusi hazırlıq tələb edən bu çətin və mürəkkəb sahədə uzun illər səmərəli fəaliyyət göstərərək ulu öndər Heydər Əliyevin etimadını layiqincə doğrultmağı özümə şərəf bildim.

Yaxşı xatırlayıram ki, DTK-da kəşfiyyat və əks-kəşfiyyat işi ilə məşğul olmaqla yanaşı, Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafı üçün də əlindən gələni edirdi. O, nəinki komitədə, ümumən, respublikada böyük nüfuz sahibi idi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov respublikada bir çox sahələrdə, hətta kənd təsərrüfatında mövcud vəziyyət barədə dəqiq və dürüst məlumatı şəxsən Heydər Əliyevdən alır, onun tövsiyə və məsləhətlərinə qulaq asırdı. İqtisadiyyatın bütün sahələrinə dərindən bələd olmasının nəticəsi idi ki, respublikanın birinci şəxsi seçildikdən sonra Heydər Əliyev qısa vaxtda Azərbaycanda kənd təsərrüfatının da, sənayenin də sürətli inkişafına nail oldu.

Ulu öndər Heydər Əliyevdən əxz etdiyim peşəkarlıq keyfiyyətləri sovet kəşfiyyatının nümayəndəsi kimi xaricdə fəaliyyət göstərdiyim dövrdə də mənə əməliyyat şəraitini düzgün qiymətləndirmək, ən mürəkkəb tapşırıqları uğurla yerinə yetirmək imkanı verib. Mən xarici ölkələrin birində SSRİ səfirliyinin 3-cü katibi, digər dövlətdə isə səfirin elm və texnika üzrə müşaviri vəzifəsində işləyərkən həm diplomatik fəaliyyətdə, həm də kəşfiyyat xidmətində qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmışam. Onu da deyim ki, SSRİ DTK-sının yalnız 16 ölkədə elmi-texniki kəşfiyyat üzrə təmsilçisi var idi. Bu sahə üzrə müşavir vəzifəsi yalnız inkişaf etmiş ölkələrdəki səfirliklərdə Sov.İKP MK Siyasi Bürosunun məxfi qərarı ilə təsis olunmuşdu. Mən digər xarici ölkədə dörd il DTK-nın rezidenti kimi elmi-texniki kəşfiyyata rəhbərlik etdim. Bu müddətdə bir sıra uğurlu əməliyyatlar gerçəkləşdirdik ki, bunlardan biri də adını çəkməyəcəyim dövlətin müharibə vəziyyətində istifadə etmək məqsədilə saxladığı fövqəlgizli avadanlıqların ələ keçirilməsi və Sovet İttifaqına göndərilməsi idi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində, 1990-cı ildə mən artıq Bakıya qayıtmışdım və respublika DTK-sında işləyirdim. 4 iyun 1992-ci ildə AXC-Müsavat hakimiyyəti iqtidara gəldikdən sonra işdən getməli oldum. Həmin vaxt komitənin əks-kəşfiyyat idarəsinə rəhbərlik edirdim. Dövlətçiliyin qorunub saxlanması üçün müstəsna əhəmiyyəti olan xüsusi xidmət orqanına heç bir aidiyyəti, idarəçilik təcrübəsi olmayan səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbər təyin edilməsinə dözmək mümkün deyildi.

Həmin şəxslərdən biri kollektivə təqdim ediləndən sonra bizi yığıb ağıl öyrətməyə çalışdı, hətta müstəqil dövlətimizin təhlükəsizliyini təhdid edən ölkələrdən danışarkən Ermənistanın adını belə çəkmədi. Bundan sonra mən dözməyərək ayağa qalxıb dedim: “Yoldaşlar, biz böyük bir məktəb keçmişik, bizim inandığımız həqiqət belədir ki, əsl düşmən bizə qarşı vuruşan dövlətdir. Bu gün bir nömrəli düşmənimiz bizimlə vuruşan Ermənistandır. Siz bunu diqqətdə saxlayın, bu adamın heç nədən xəbəri yoxdur, nə dediyini də bilmir...”. Ertəsi gün raportumu yazıb verdim və getdim.

Pensiyaya çıxdıqdan sonra vaxtilə dövlət təhlükəsizliyi orqanlarında çalışmış, kəşfiyyat və əks-kəşfiyyat sahəsində zəngin əməliyyat təcrübəsi olan dostlarımla, həmkarlarımla yığışıb ictimai təşkilat yaratdıq. Hazırda bu təşkilatın - Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin 400 nəfərə yaxın üzvü var. Biz, əsasən, xüsusi xidmət orqanlarından pensiyaya çıxmış şəxslərlə işləyirik. Lakin uzun illər idi ki, bizim nəsildən olan pensiyaçıları dövlət təhlükəsizliyi ilə bağlı ictimai fəaliyyətə yaxın buraxmırdılar. Halbuki biz öz bilik və təcrübəmizi yeni gələn nəslə öyrədə bilərik, çünki dövlət təhlükəsizliyi orqanında varislik çox mühüm şərtdir. Bu orqana gələndə bizə Heydər Əliyev rəhbərlik edirdi, öz təcrübəsini öyrədirdi, bizi doğru yola yönəldirdi. Bu orqanlarda işləyib, öz mənafeyini güdmək, öz şəxsi maraqların üçün çalışmaq olmaz. 2015-ci ildə respublikamızın dövlət təhlükəsizliyi orqanında dönüş mərhələsi başlandı və aparılan köklü islahatlara görə biz ölkə rəhbərliyinə təşəkkür edirik. Bu orqana göstərilən diqqət və qayğı sayəsində kollektiv dövlətimizin təhlükəsizliyinin keşiyində daha ayıq-sayıq durmağa səfərbər edilməklə yanaşı, bu xidmətə yaramayan, vəzifəsindən sui-istifadə edən, rüşvətxor şəxslərdən də təmizlənib. Həyata keçirilən islahatlar bu orqanın əvvəlki nüfuzunun qaytarılmasına, xalqın ona olan inam və etimadının bərpa olunmasına xidmət edir. İndi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) öz işini müstəqil dövlətçilik prinsiplərinə, ölkə rəhbərinin tələblərinə uyğun şəkildə qurmaqla yanaşı, mütərəqqi tarixi-peşəkarlıq ənənələrinə varisliyin təmin edilməsinə də diqqət və qayğıkeşlik göstərir. Biz veteranlar da bu işlərdə can-başla iştirak etməyə çalışırıq. Qoy xalq görsün ki, bir vaxtlar onunla ünsiyyətdə olan köhnə qvardiya yenə Azərbaycan naminə öz missiyasını yerinə yetirir...

Xatırlatmaq istərdim ki, ulu öndər Heydər Əliyev dövlət təhlükəsizliyi orqanına rəhbərlik etdiyi dövrdə çekistlərin xalqla yaxın ünsiyyətini vacib sayırdı. Ulu öndərin təsdiqlədiyi tədbirlər planına əsasən, biz əməliyyatçılar, xüsusən azərbaycanlı əməkdaşlar çox incə məqamlarla milli təəssübkeşlik amallarını özündə daşıyan mövzularda da müxtəlif əmək kollektivləri ilə görüşlər keçirirdik. Bizi hər yerdə çox böyük ehtiramla və maraqlı bir müsahib kimi qarşılayırdılar. Elə o vaxtlardan Heydər Əliyevin xalq arasında necə şöhrət qazandığını, necə sevildiyini görürdük. Təsadüfi deyil ki, onun Azərbaycanın birinci şəxsi seçilməsi respublika əhalisində dərin razılıq və məmnunluq hissi doğurmuş, ruh yüksəkliyi yaratmışdı. Respublikamızın hər il ardıcıl olaraq öz uğurlarına görə ittifaq dövlətinin mükafatlarını qazanması məhz Heydər Əliyevin xalqı yüksək ideallar uğrunda mübarizəyə səfərbər etmək bacarığının nəticəsi idi. Dövlət təhlükəsizliyi orqanı əməkdaşları da daim xalqla birlikdə olmaqdan qürur duyurdular.

Dövlət Təhlükəsizliyi Xidməti ilə bizim ictimai birliyin arasında çox səmərəli əməkdaşlığın əsası qoyulub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işləmiş və zəngin təcrübə toplamış kəşfiyyat və əks-kəşfiyyat veteranlarına ümummilli liderin şanlı peşəkarlıq məktəbinin və təhlükəsizlik orqanlarındakı ənənələrinin davamçısı, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev tərəfindən bu gün diqqət və qayğı göstərilməsi, gənclərin ideya-mənəvi tərbiyəsində onların təcrübə və tövsiyəsindən istifadə edilməsi olduqca təqdirəlayiq haldır. Biz gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasında kəşfiyyat və əks-kəşfiyyat veteranlarının fəal iştirakını təmin etmək məqsədilə DTX ilə birgə tədbirlər planı hazırlamışıq və onu həyata keçirməyə başlamışıq. Hər bir azərbaycanlı, xüsusilə, vətənpərvər gənc nəslin nümayəndələri respublikamızın suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması işinə səfərbər olmalı, hər kəs çalışdığı sahədə, imkanı daxilində öz töhfəsini verməlidir. Hamı bu işdə bir olmalı, Azərbaycan dövlətinin ətrafında daha da sıx birləşməlidir. Sıralarımız nə qədər sıx olsa, düşmən niyyətli, ekstremist düşüncəli şəxslərin ölkəmizə soxulmaq cəhdləri bir o qədər tez və qətiyyətli şəkildə puça çıxarılacaqdır. Bu işdə mədəniyyət və incəsənət xadimləri, ziyalılar xüsusilə fəal olmalıdırlar. Terrorçuluğun, ekstremizmin, radikalizmin mahiyyətinin xalqa çatdırılması üçün vətənpərvərlik ruhunda əsərlər yazılmalıdır...

99 il böyük tarixdir. Bir addım, yəni, cəmi 1 il qalır ki, möhtəşəm 100 illiyə qədəm qoyulsun. Bu bir əsr ərzində üç, yaxud, dörd nəsil təhlükəsizlik orqanlarının peşəkarları yetişib və vicdanla fəaliyyət göstərərək, cəmiyyətimizdə layiqli yerlərini tutublar. Bu nəsillərin arasında mən özümü və silahdaşlarımı – bizim dəyərli veteranları bir iştirakçı kimi görürəm.

Bu gün Azərbaycanda hökm sürən sabitliyin, əmin-amanlığın qədrini bilməliyik. Ölkəmizin həyata keçirdiyi düşünülmüş və mükəmməl daxili və xarici siyasət sayəsində Azərbaycan dünyada sabitlik və inkişaf məkanı kimi tanınır. Xalqın rifahının daha da yüksəldilməsi, hər bir vətəndaşın cəmiyyətə fayda verməsi üçün geniş imkanlar yaradılıb.

Ulu öndər Heydər Əliyev deyirdi: “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”. Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar.

 

Onlara bu şərəfli fəaliyyətlərində uğurlar arzulayıram!

S.Abduləlizadə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında