Söyüş-qarğış yolunun sonu peşmançılıqdır

Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun xarici ölkələrdə mühacir həyatı yaşayan bəzi soydaşlarımızla bağlı paylaşdığı statuslarla tanış oldum və qərara gəldim ki, bu gün tamamilə haqlı hesab etdiyim bu fikirlərə münasibət bildirim.

Hazırda Azərbaycan cəmiyyətində bu məsələdən xəbərsiz qalan, demək olar ki, yoxdur. Təsəvvür edirəm, məsələ gör nə həddə qədər şişib ki, Azərbaycan Prezidentinin köməkçisi buna münasibət bildirməyi lazım bilib. Acınacaqlı haldır. Eyni zamanda, millət olaraq adımıza yalnız əskiklik gətirən, bir az da sərt desəm, bizi biabır edən bir haldır.

Əslinə qalanda xarici ölkələrdə məskunlaşmış soydaşlarımız, sözün bütün mənalarında, milli-mənəvi dəyərlərimizi uca tutmalı, dövlət simvollarımıza hörmətlə yanaşmalı, müstəqil dövlətimizin olması, millətlər arasında bizim millətin də imzası olması ilə qürur duymalı olduqları halda, öz ölkələrinə və dövlətlərinə iftiralar yağdırması normal məntiqə, ağla, kamala sığmayan bir işdir. Cənab Əli Həsənov da öz statusunda qeyd edir ki, məqsədi, “bir tərəfdən, siyasi mübarizə meydanında son zamanlar bəhs olunan şəxslər tərəfindən başladılmış və getdikcə genişlənən qeyri-əxlaqi mübarizə üsullarını aradan qaldırmaq, digər tərəfdənsə, bu cür hərəkətlərin heç kimə şərəf gətirməyəcəyinə, qeyri-əxlaqi davranış sahiblərinin xalqın nifrətini qazanacaqlarına onları inandırmaq idi”.

Təbii ki, Azərbaycan Prezidentinin köməkçisi böyük səbr və dözüm nümayiş etdirərək yolundan azmış, yaxud xarici ölkələr, onların müəyyən qurumları qarşısında öhdəlik götürmüş bu insanları mədəni şəkildə başa salmağa çalışır. Bildirir ki, “mən hər bir insanın mahiyyətində və əxlaqında bir xeyir başlanğıcı olduğuna inanıram və inandırmaq istəyirəm ki, bu və ya digər yad təsirlər, şəxsi və ya siyasi uğursuzluqlar üzündən yaranmış hər hansı kin-küdurət hissi azərbaycanlıların öz dövlətinə düşmən kəsilməsi üçün səbəb ola bilməz”. Bununla da cənab Əli Həsənov demək istəyir ki, ay millətimizin balaları, içinizdə bir xeyir başlanğıcı, bir insanlıq, vətəndaşlıq harayı var, ona qulaq as, milli mənəviyyatımıza, xaqımıza məxsus davranış qaydalarına, ən nəhayət, aldığınız ailə tərbiyəsinə dönük çıxmayın. Bu yolun sonu yoxdur.

Ancaq görünən budur ki, Azərbaycan dövlətinə, hakimiyyətə, ayrı-ayrı şəxslərə, o cümlədən də şəxsən ölkə Prezidentinə və onun köməkçisi kimi Əli Həsənova qarşı çirkin kampaniya aparan həmin “insanlar” polemika mədəniyyətlərinin olmadığını, həm də tərbiyə və əxlaq normalarından çox-çox uzaq olduqlarını bir daha nümayiş etdirirlər... Əli müəllim onlara məsləhət görür ki, biz azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var. “Siyasi mübarizəni də həmin çərçivədə, cəmiyyətimizə, vətəndaşlarımıza utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi dəyərlərimizə uyğun şəkildə aparmalıyıq. Bu gün öz “siyasi mübarizəsini” söyüş və təhqir üzərində quranlar tutduqları yolun nə onların özlərinə, nə də ki, Azərbaycan cəmiyyətinə heç bir faydası olmadığını anlamalıdırlar”.

Tamamilə doğrudur. Bunu nə qədər tez anlasalar, o qədər yaxşıdır. Əks halda bu söyüş söyənlər, iftira yağdıranlar bəd əməllərinin ağır məsuliyyətini çəkməli olacaqlar. Onda isə çox gec olacaq... Soydaşlar, daşı ətəyinizdən tökün, mübarizənizi sivil formada aparın, elə mübarizə aparın ki, ata-ananız, bacı-qardaşınız, qohum-əqrəbanız sizə baxanda utanmasınlar, əksinə qürur duysunlar. Vallah, tutduğunuz yolun sonu peşmançılıqdır. Çəkinin bu peşmançılıqdan!..

 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında