Ermənistan: Aprelin 9-dan 16-dək ölkədə qan tökülməsi qaçılmaz olacaq

İşğalçı ölkənin mətbuatı həyəcanlı şərhlərlə doludur...

Serj Sarkisyana himayədarlıq edənlər və onun ölkədəki tərəfdaşları elə bilirdilər ki, Ermənistanda siyasi idarəetmənin dəyişdirilməsi üçün həyata keçirilən tədbirlərin baş tutması, xüsusən, parlamentin martın 2-də keçirilmiş iclasında yeni, tamamilə səlahiyyətsiz prezidentin seçilməsi qansız-qadasız başa çatıb. Ancaq elə deyilmiş. Qan-qada hələ qabaqda imiş. “Panorama.am” sübut edir ki, ölkədə əsas müzakirə məsələsi yeni prezidentin seçilməsi yox, yeni səlahiyyətlər verilmiş baş nazirin seçilməsidir ki, həmin məsələdə ermənilərin böyük əksəriyyəti Serj Sarkisyanın namizədliyinin əleyhinədir.

 

Söhbət ondan gedir ki...

 

Bu il martın 2-də Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermə keçirilib və yeganə namizəd olan Armen Sarkisyan parlament üzvlərinin “dəstəyini qazanıb”. Ermənistanın Böyük Britaniyadakı səfiri olmuş Armen Sarkisyanın namizədliyi hakim Ermənistan Respublikası Partiyası tərəfindən irəli sürülmüşdü. Keçmiş diplomatın parlamentdəki deputatların 90 faizinin səsini qazanması da təsadüfi deyildi. Çünki onu hamıdan əvvəl hakim partiyanın sədri Serj Sarkisyan dəstəkləyirdi.

Məsələnin mahiyyəti ondan ibarət idi ki, 2018-ci ilin aprel ayından – Sarkisyanın prezidentlik müddətinin ikinci dövrü bitəndən sonra Ermənistan parlament idarəçiliyi modelinə keçir və bununla da əsas səlahiyyət baş nazirə verilir. Belə olan halda isə prezidentlik vəzifəsi simvolik xarakter daşıyır. Ermənistanın yeni konstitusiyası prezidentə , demək olar ki, praktiki səlahiyyət vermir. O, parlamentin spikeri kimi yeni Təhlükəsizlik Şurasının tərkibinə də daxil olmayacaq. Çünki Təhlükəsizlik Şurasına baş nazir rəhbərlik edəcək. Ermənistan ictimaiyyəti isə Serj Sarkisyanın bu çirkin oyunları ilə razılaşmaq fikrində deyil.

Ölkənin əksər mətbuat vasitələri yazırlar ki, Ermənistan müxalifəti Serj Sarkisyanın baş nazir postuna gözlənilən namizədliyinin qəti əleyhinədir. “Panorama.am” yazır ki, hamı Sarkisyanın əleyhinə olsa da, ortada bir “əmma” da var. Nə imiş bu “əmma”? Sən demə, hamı Serj Sarkisyanın baş nazir postuna namizədliyinin əleyhinə olsa da, müxalifətin həmin vəzifəyə hələlik konkret namizədi yoxdur. Vaxt isə azalır.

Yenidən formalaşdırılmış və Sosial Demokrat Partiyası adı verilmiş siyasi təşkilatın (əvvəlki adı “Qnçakyan” olub) mərkəzi idarəsinin sədri, parlamentin sabiq deputatı Lyudmila Sarkisyan mətbuat konfransında deyib ki, apreldə bizi çox mühüm vəzifələr gözləyir və buna heç bir erməni biganə qalmamalıdır. Çünki söhbət ermənilərin və Ermənistanın gələcək taleyindən gedir. “Bu xalq Serj Sarkisyana daha bir şans verəcəksə, onda biz elliklə intihara razılıq vermiş olacağıq.”

Lyudmila Sarkisyan erməniləri ayıq olmağa çağırır: “Sənin Serj Sarkisyana olan münasibətin tamamilə aydındırsa, onun xalqa zülm etdiyini bilirsənsə və apreldə baş nazir postunu tutmasına etiraz edirsənsə, həqiqi, xalqa xidmət edən yoldasan. Buna görə sağ ol! Bəs Serjin namizədliyinə mane olandan sonra kimin namizədliyini irəli sürəcəksən? Bu sual cavabsızdır və deməli, bizim mübarizəmiz hələ ki, qeyri-realdır”.

 

Nikol Paşinyan: Onu ancaq xalqın iradəsi hakimiyyətdən kənarlaşdıra bilər

 

Xatırladaq ki, martın 5-də parlamentin müxalifətçi “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan Serj Sarkisyanın baş nazir postuna namizıədliyinə münasibət bildirərkən demişdi ki, bizim fraksiyamızın əsas hədəfi Serj Sarkisyanın hakimiyyətdən tamamilə uzaqlaşdırılmasıdır və buna nail olacağıq. Serj Sarkisyanı yalnız xalqın iradəsi hakimiyyətdən kənarlaşdıra bilər.

Paşinyan bunun çıxış yolunu da göstərir: “Aprelin 9-da Serj Sarkisyanın prezidentlik müddəti başa çatır. Ayın 16-dək faktiki olaraq onun heç bir vəzifəsi və ya səlahiyyəti olmayacaq və biz həmin günlərdən maksimum bəhrələnməliyik. Xalqın həmin iradəsinin reallaşdırılması üçün vaxtın az olduğunu hamı bilməli və hər şeyi götür-qoy etməlidir”.

Yuxarıda adını çəkdiyimiz Lyudmila Sarkisyan başqa bir məsələni də yada salır və xalqı xəbərdar edir: “ Biz Serj Sarkisyanın hakimiyyətinə qarşı mübarizə aparırıq. Ancaq apreldə o, bizə başqa bir sürpriz yaşada bilər. Belə ki, xalqın dirənişli etirazlarını görən Serj apreldə öz partiyasından olan başqa bir adamın namizədliyini irəli sürər ki, onda biz Sarkisyanın namizədliyinə şükür etməli olarıq. Bütün bunlar Ermənistanı qarşıdurmalara doğru aparır. Özü də sürətlə”.

 “Tsarukyan” fraksiyasının adı çəkilən mübarizədə müxalifətə kömək edib-etməyəcəyi məsələsinə gəlincə, Lyudmila Sarkisyan deyib ki, onların iqtidar, yoxsa müxalifət ynümlü olduğunu hələ heç kəs bilmir (əsl erməni xisləti məhz belə olar).

 

“Joxovurd” qəzeti: Koçaryan Ağdamın talan edilməsi zamanı, Sarkisyan isə korrupsiya və rüşvətxorluq nəticəsində varlanıb

 

Maraqlıdır ki, ermənilər, gündəlikdəki aktual məsələlərlə yanaşı, xalqın qanını içən prezidentlərin sürətlə varlanmasının səbəblərini, dövlət rəsmilərinin imkan düşən kimi ölkədən qaçmaq üçün sərvət topladıqlarını da tez-tez gündəliyə gətirirlər.

“Joxovurd” qəzeti yazır ki, bir vaxtlar heç nəyi olmayan Robert Koçaryan və ailəsi cəmi 10 il ərzində Ermənistanda ən varlı insanlara çevrilib. Robert Koçaryan, əslində, ötən əsrin 90-cı illərinin ilk yarısında Azərbaycan şəhəri olan Ağdamın talan edilməsi ilə varidat toplamağa başlayıb. Qəzetin yazdığına görə, Dağlıq Qarabağda gedən müharibənin aktiv mərhələsində Robert Koçaryan daha çox qarət və talanla məşğul olub.

Respublika Partiyasının sədri Aram Sarkisyan da bir vaxt bildirirdi ki, Ağdamın işğalı zamanı Robert Koçaryan burada qarətlə məşğul olub. O, hətta binaların, evlərin söküntüsündən əldə olunan materialları da tikinti bazarında satışa çıxarırmış.

Ermənilər sübut edirlər ki, Robert Koçaryan 1998-2008-ci illərdə hakimiyyətdə olduğu zaman özünə daha çox var-dövlət toplayıb, ölkəni korrupsiya bataqlığına çevirib. Elə bu səbəbdəndir ki, Ermənistanın aktiv müəssisələrinin böyük əksəriyyəti Koçaryanın və digər dövlət məmurlarının əlində cəmləşib. Həmin şəxslər maliyyə axınının 90 faizini öz nəzarətləri altında saxlayırlar.

Serj Sarkisyanın Ermənistan tarixinin ən “təcrübəli və səriştəli” korrupsioneri olduğunu yazan erməni mətbuatı qeyd edir ki, Robert Koçaryanla Serj Sarkisyan ölkəyə müxtəlif illərdə rəhbərlik etsələr də, əslində, xalqın başına eyni bəlaları gətiriblər. Bu cütlük elə korrupsiya şəbəkəsi formalaşdırıb ki, orada məmurlar özlərinə böyük gəlir götürürlər. Ermənistanda bu və ya digər məmur asan qazanc əldə etmək məqsədilə vəzifə səlahiyyətindən sui-istifadə etməyi adi hala çevirib, bununla bağlı məmurların fəaliyyət dairəsi daim genişlənməkdədir.

Mətbuat yazır ki, Ermənistanda əsas iş adamları kimi yalnız yüksək çinli məmurlar çıxış edirlər və ölkənin mövcud reallığı kontekstində hakimiyyət və biznesin tam qovuşmasını görmək mümkündür. Ermənistanın iqtisadi cəhətdən sürətlə çökməsinin əsas səbəblərindən biri də hədsiz miqdarda varidata sahib olan yüksək çinli məmurların gündən-günə artan korrupsiyasıdır.

Elə ötən il dekabrın 6-da keçirilən referendumla konstitusiyaya dəyişiklik edilməsi də, bu il martın 2-də parlamentin tamamilə səlahiyyətsiz prezidenti seçməsi də məhz Serj Sarkisyan və onun partiyasının hakimiyyətdə qalması üçün ortaya atılan üsuldan başqa bir şey deyil.

Hazırladı: İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında