Bütün Şərqdə, eləcə də Türk–İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşməklə yanaşı, Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini bərpa etdi, insan hüquq və azadlıqlarının təmin edilməsinə, irqi, milli, dini, sinfi və digər sosial bərabərsizliklərin ləğvinə əsaslı şərait yaratdı.
Siyasi quruluşuna, həyata keçirdiyi demokratik tədbirlərə, qarşısına qoyduğu məqsəd və vəzifələrin yerinə yetirilməsinə görə də, o, dünyanın ən demokratik quruluşları ilə müqayisə edilə bilərdi. “Azərbaycan Xalq Cümhuriyyəti Paris sülh konfransının qərarına (1920, 11 yanvar) əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə (Türkiyə, İran, Ukrayna, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Polşa, İsveç, İsveçrə, Latviya, Litva, Estoniya, Finlandiya, Rumıniya, Almaniya, Gürcüstan, Ermənistan, Dağlılar Respublikası, Krım və b.) səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. Azərbaycan Xalq Cümhuriyyəti 1920 il aprelin 28-də beynəlxalq hüquq normalannı kobudcasına pozan Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya ilhaq olundu. Sosializm sistemi və Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağıldıqda, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi (1991, 18 oktyabr)”. (Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. Bakı, 2005, s. 334).
Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 May günü hazırda Respublika Günü kimi qeyd olunur. ADR-in dövlətçilik tariximizdə önəmli yeri olduğunu vurğulayan Milli Məclisin deputatı Cavanşir Feyziyev “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli oyanışının məntiqi yekunu idi” məqaləsində yazırdı: “...Azərbaycanda cümhuriyyət yaranmasaydı, sonradan ölkəmizin müttəfiq respublika kimi Sovet İttifaqının tərkibinə daxil olması və bu ittifaq da dağılarkən, bir suveren dövlət kimi öz müstəqilliyini bərpa etməsi də mümkün olmayacaqdı”. C.Feyziyevin söylədiyi bu mülahizənin ikinci müstəqillik tariximizdə də həm siyasi, həm də tarixi baxımdan nə qədər dəyərli rolu olduğunu xüsusi vurğulamaq yerinə düşərdi (“Xalq qəzeti”, 27 may 2011).
Amma təəsüflər olsun ki, üzun illər bu şərəfli tarix xalqdan, millətdən gizlədilmiş, yaxud da saxtalaşdırılmış bolşevik təfəkkürünün iddaları ilə cəmiyyətə təqdim edilmişdir. Tarixci alimlərimizdən Anar İsgəndərovun bu barədə ciddi bir ittiham və riqqətlə yazdıqları fikirlərimizi bir daha təsdiq edir: “Tarixi həqiqətlərin konyukturçu nöqteyi-nəzərdən, qəsdən təhrif edilməsinin bariz nümunəsi 1918- 1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixidir. Bu torpağın üstündə addımlayaraq, bu xalqın çörəyini yeyərək, onun maddi-mənəvi dəstəyi ilə ərsəyə yetib elmi mənsəb, şan-şöhrət sahibi olaraq, böyük pafosla özünü taritxçi-alim adlandıran kommunist məddahları adidən də adi həqiqətə–Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra soyqırımının Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildiyinə uzun illər boyu göz yummuş, yaxud xalqımıza qarşı ermənilərin soyqırımı siyasətinin ayrı-ayrı təzahür hallarının mahiyyətcə təhrif olunmuş şəkildə, məsələn, 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsini ən yaxşı halda “Vətəndaş müharibəsi” kimi təqdim etməkdən zərrəcə olsa da, vicdan əzabı çəkməmişlər” (“Xalq qəzeti”, 9 may 2017).
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra tarix xalqımıza təkcə azadlıq adlı əvəzsiz bir neməti yox, həm də şərəf düyacağımız bir tarixi də qaytarmış oldu. Tarixçi alimlərimizin, tədqiqatçıların üzünə “tam məxfi” və “məxfi” qrifləri ilə bağlı elan edilmiş arxivlərin, fondların açılışı AXC tarixinə dair önəmli və yeni münasibətləri ortaya qoydu. O cümlədən müstəqil Azərbaycan mətbuatının bu barədə yazdıqları və bundan sonra da yazacaqları bu şərəfli tarixin cəmiyyətə çatdırılmasında mühüm rol oynadı.
Təbii ki, mətbuatın bu sahədəki rolunu önə çəkməklə, həm də xalqın və cəmiyyətin qurduğu dövlətin bu sahədə apardığı və həyata keçirdiyi olduqca miqyaslı tədbirlərin nə qədər dəyərli olduğunu və xalqın istəkləri ilə üst-üstə düşdüyünü aydın görürük. Bu məsələdə məşhur mətbuat tədqiqatcımız Şirməmməd Hüseynovun 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinə münasibətində deyildiyi kimi, “Tarix ancaq onu öyrənib imtahan vermək üçün deyil. Müsəlman Şərqində ilk demokratik cümhuriyyəti yaradan şəxsləri, onların yaratdığı ideologiyanı, məfkurəni yeni nəsilə öyrətmək lazımdır” (“Xalq qəzeti”, 9 may 2017).
Təbii ki, müstəqil Azərbaycanın Cümhuriyyətin varisi elan edilməsi dövlətin tarixinə sahib çıxmasından qaynaqlandığı kimi, bu tarixin öyrənilməsi və cəmiyyətə çatdırılması da dövlət siyasətidir. Buna görə də AXC tarixinin öyrənilməsi və cəmiyyətə catdırılması təkcə tarixçilərin və araşdırmaçıların yox, həm də jurnalistikanın ümdə vəzifələrindəndir. Umumiyyətlə, jurnalistika bu sahədə nə kimi işlər gördü və ya görməkdədir? – sualının ilkin cavabını vermək üçün ayrı-ayrı təqdimat və təhlilər haqqında danışmadan öncə Аzərbaycan Milli Кitabxanasının “Azərbaycan Xalq Cümhuriyyəti – 90” adı ilə nəşr etdiyi biblioqrafik göstəricilərdən götürdüyümüz bəzi statistik məlumatları təqdim etməyi lazım bildik. Bu biblioqrafik göstəricidə AXC-nin yaranmasını, fəaliyyətini və süqutunu, onun ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətini əhatə etməklə, 1918-ci ildən 2008-ci ilə qədər olan tarixi dövr haqqında yazılmış elmi işlərin, tədqiqat və məqalələrin əhatəli təqdimatı verilir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu haqqında ilk məlumatlar “Azərbaycan” qəzetinə məxsusdur. 1918-ci ildə bu qəzet 8 məqalə dərc etmişdir. Sonrakı 2 ildə, yəni Cümhuriyyət dövründə müvafiq olaraq, yenə də “Azərbaycan” qəzeti bu mövzuda 22 və 5 məqalə dərc etmişdir. 1919-cu ilə aid olan 22 məqalədən 10-nun müəllifi AXC-nin Ukrayna və Türkiyədə səfiri olmuş, görkəmli ədib Yusif Vəzir Çəmənzəminlidir. Bu məqalələrin hər biri ad müxtəlifliyi ilə fərqlənsə də, AXC-nin o dövrdəki xarici siyasətinin ən ümdə məsələlərinə həsr edilmişdir. 1920-ci ilin mayında bolşevik təcavüzünün qurbanı olan AXC haqqında 1989-cu ilə kimi mətbuatda, demək olar ki, tarixçi alim Zülfəli İbrahimovun 1957-ci ildə dərc olunmuş “Almaniya və Türkiyənin hökmü ilə Zaqafqaziyanın “müstəqil” elan edilməsi: 1917-ci il Oktyabr Sosialist İnqilabından sonra Azərbaycanda milli azadlıq hərəkatının genişlənməsi haqqında” məqaləsini çıxsaq, bir dənə də olsun yazıya rast gəlinmir. 1989-cu ildə milli oyanışın başlanması ilə bu məsələ yenidən mətbuatın gündəminə gəlmişdir
və “Xəzər”, “Qobustan” jurnallarında, “Kommunist”, “Elm” (3 məqalə), “Ədəbiyyat və incəsənət” (2 məqalə), “Azərbaycan”, “Odlar yurdu” qəzetlərində 10 məqalə dərc edilmişdir. Yeri gəlmişkən bir məsələni də diqqətə çatdırım ki, “Kommunist” qəzeti “Xəzər”, “Qobustan” jurnallarından sonra Cümhuriyyət haqqında yazı dərc etmişdir. “Kommunist” qəzetinin dərc etdiyi “1918-1920-ci illər dövrünün bəzi məsələləri: (“Dəyirmi stol” arxasında alimlərimizin söhbəti)” adlı bu yazı hələ sovetlər dönəmində ilk rəsmi qəzet nəşri də sayıla bilər. “Kommunist”in dərc etdiyi və Cümhuriyyət tarixinin yad edildiyi A2 formatlıq bir səhifədən də xeyli çox, böyük həcmli bu yazıda AXC dövründə kommunist-bolşevik fəaliyyətinin araşdırılmasına önəmli yer verilsə də, Şərqdə ilk müsəlman dövləti kimi tarixə düşmüş Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin də öyrənilməsi aşkarlıq dövrünün ümdə vəzifələrindən olması diqqətə çatdırılır. Görkəmli alimlərimizin – Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, akademik Cəmil Quliyevin, Azərbaycan SSR Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik, SSRİ Xalq deputatı Püstəxanım Əzizbəyovanın və başqalarının həmsöhbət olduğu “dəyirmi stol”da AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Qaraş Mədətovun səsləndirdiyi fikirlər həm tarixi, həm də keçmişimizin öyrənilməsi baxımından olduqca cəsarətli və təqdirəlayiq fikirlər kimi dəyərləndirilməlidir: “Tarix ədəbiyyatımızda Azərbaycan Demokratik Respublikasının tarixi hələ öz obyektiv qiymətini tapmamışdır. Məncə, heç kəs bu hökumətin burjua-mülkədar mahiyyətini inkar etmək, onu yaxşı məziyyətlərlə bəzəmək fikrində deyildir. Lakin tarixi həqiqət tələb edir ki, onun yaranmasının, fəaliyyətinin, daxili və xarici siyasətinin şərhində birtərəflilik aradan qaldırılsın, hər şey açıq-aydın, dərindən təhlil edilsin. Azərbaycan Demokratik Respublikasının dövlət strukturu, onun mərkəzdə və yerlərdə orqanlarının, xüsusən parlamentinin tərkibi və fəaliyyəti hərtərəfli işıqlandırılmalıdır. Azərbaycan Demokratik Respublikasının əsl mahiyyətini açmaq üçün onun iqtisadi siyasətini, xarici əlaqələrini, vergi siyasətini, mədəni quruculuq sahəsindəki fəaliyyətini və başqa məsələləri öyrənmək lazımdır” (“Kommunist”, 6 iyun 1989).
Azərbaycan Demokratik Respublikasının görkəmli xadimləri haqqında istər Cümhuriyyət, istərsə də sovet dövründə 1988-ci ilə kimi ancaq bir məqalə dərc edilmişdir: 1926-cı ildə “Maarif və mədəniyyət” jurnalında dərc edilmiş Yusif Vəzir Çəmənzəminlinin “Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri” adlı
məqalə. 1988-ci ildə “Odlar yurdu” (7 məqalə) və “Elm” (1 məqalə) qəzetləri Məmməd Əmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov, Ceyhun Hacıbəyli, Əliağa Şıxlinski, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov haqqında Möhsün Əliyevin 8 məqaləsini dərc edir. 1989-cu ildə Cümhuriyyət dövrünün görkəmli xadimləri haqqında 10, 1990-cı ildə 22, 1991-ci ildə 23 məqalə təqdim edilmişdir. Ümumiyyətlə, 1918-2008-ci illər arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu haqqında 700-ə yaxın, Azərbaycan Demokratik Respublikasının qurucuları haqqında-250-yə yaxın məqalə dərc edilmişdir. Bu siyahıya 150 kitabın, 30-a qədər elmi işin adlarını, rus dilində dərc edilmiş daha 227 məqalənin, 38 kitabın və başqa dillərdə olan 30-a qədər ədəbiyyat nümunələrinin adlarını da əlavə etsək, nə qədər böyük və uğurlu işlərin aparıldığını görərik.
“Kommunist”, (sonra “Xalq qəzeti”), “Azərbaycan”, “Bakinski raboçi”, “İzvestiya”, “Bakı-Baku”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Molodyoj Аzerbaydjana”, “Vışka”, “Açıq söz”, “Respublika”, “Yeni Azərbaycan”, “Müsavat”, “Azadlıq”, “Xalq cəbhəsi”, “Ədəbiyyat və incəsənət” (sonralar “Ədəbiyyat qəzeti”), “Panorama”, “Ayna-Zerkalo”, “525-ci qəzet”, “Ədalət”, “Panorama Azerbaydjana”, “Mədəni-maarif”, “Azərbaycan kommunisti” – “Kommunist Azerbaydjana”, “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycan məktəbi”, “Hərbi bilik” və s. adlarını çəkə bilmədiyimiz onlarca qəzet və jurnallarda dərc edilmiş bu məqalələr Cümhuriyyət tariximizin dəyərli səhifələridir. “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası”nda deyidiyi kimi, “Cümhuriyyət tarixinin ayrı-ayrı məsələləri yaxın keçmişdə saxtalaşdırıldığından və qəsdən təhrif olunduğundan, həmçinin bu dövrün bir çox problemləri indiyədək lazımınca araşdırılmadığından ensiklopediyada verilən məqalələrin böyük əksəriyyəti tədqiqat xarakteri daşıyır və yeni elmi baxışı əks etdirir”.
Bu gün də həmin tendensiya davam etdirilir, yeni fakt və bilgiləri üzə çıxaran alim və tədqiqatçılarımız bu dəyərli tarixin hər bir incəliyinin açılmasına çalışır, fəaliyyətlərini davam etdirirlər. Çağdaş dövr mətbuatın dərc etdiyi məqalələrin xəritəsinə diqqət edəndə bu mövzuda materialların kifayət qədər çoxluğu, qəzet səhifələrində yer almış məqalələrin mövzu və tədqiqat fərqliliyi AXC tarixinin mətbuatımız üçün də əbədi mövzu olduğunu təsdiqləməkdədir.
Namiq Əhmədov,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.