Şəhəri gəzərkən, onlara demək olar ki, hər yerdə rast gəlirik: həyətlərdə, yol kənarlarında xüsusi yerlərdə, mağaza və dükanların pəncərələrində... Müxtəlif forma və dizaynda hazırlanmış maarifləndirici xarakterli məlumatlar vətəndaşlara 11 aprel --prezident seçkilərinin keçiriləcəyini bir daha xatırladır. Bu məlumatlar maarifləndirməklə yanaşı, həm də ölkəmizdə artıq seçki təcrübəsi və ənənələrinin formalaşmasından, eləcə də əhalinin seçki ilə bağlı maariflənməsi səviyyəsindən xəbər verir. Şəhərimizdə olan istənilən əcnəbi turist və ya qonaq da seçki əhval-ruhiyyəsini bunların vasitəsilə hiss edə bilər. Bu məlumatlara baxanda, istər-istəməz, ilk dəfə səsvermədə iştirak etdiyim o həyəcanlı anı xatırlayıram...
...Heç yadımdan çıxmaz. İlk dəfə seçkidə iştirak etdiyim və səs verdiyim vaxt 2003-cü il idi. Və o il ölkənin ictimai-siyasi tarixində bir başlanğıc nöqtəsi oldu.
...Məktəbə “əlvida” deyib, müstəqil həyata atılmışdıq. Son zəng günü məktəbə qədəm qoyduğumuz ilk günü xatırladım. Kiril əlifbasını artıq bilirdim, yazıb oxuyurdum. Lakin artıq sovetlər dağılmış, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etmişdi. Biz isə müstəqil Azərbaycanın gələcəyi olan birincilər idik. 1992-ci il artıq yeni müstəqil Azərbaycanın da. Mənim də həyatımda başlanğıc nöqtəsi oldu. Yenicə müstəqilliyini dünyaya duyurmuş Azərbaycan körpə uşaq kimi, kövrək addımlarını necə atırdısa, biz birincilər də elə idik. İlk dəfə latın qrafikalı əlifbada dərs keçən, kitablar oxuyan da məhz ilk olaraq biz olduq...
İlk dəfə olaraq, “Qarabağ” sözünü də məhz orada doğulub böyümüş, lakin məcburi köçkün düşmüş sinif yoldaşlarımızın dilindən eşitdim. Sonralar Şuşanı, Xocalını, Ağdamı, Cəbrayılı... hamısını onların danışıqlarından, söhbətlərindən tanıdım, müharibənin uşaqların həyatını necə yarıda qoymasını öyrəndim.
Azərbaycan çətin sınaqlar qarşısında idi o zaman. Biz isə hələ böyüyürdük, uşaq da olsaq, yadımızda qalan bəzi epizodları unuda bilmirdik. Bu, təkcə uşaqlıq xatirəsi yox, həm də o dövrün ictimai- siyasi mənzərəsinin göstəricisi idi.
Həyətə düşəndə anam bərk-bərk tapşırardı: “Yerdə nəsə, hətta oyuncaq görsəniz də, əl vurmayın, partlaya bilər”. 1980-ci illərin sonlarında Bakı artıq heç də təhlükəsiz şəhər deyildi, ermənilər uşaqları da hədəfə alıb, təxribatlar törədirdilər...
Sonra müstəqillik dövrü başlandı. Amma Azərbaycanın müstəqilliyi hələ sual altında idi, çünki rəhbərlikdə olanların səriştə və fəaliyyəti yox dərəcəsində idi, onlar dövləti qorumaq iqtidarında deyildi. Xaos başlanmışdı, separatizm təhlükəsı ilə üz-üzə idi ölkə...
...Anam bizi (məni və qardaşımı) evdə tək qoyub çörək almağa gedəndə tez balkonun pəncərəsi önünə “taburetka” qoyub üstünə çıxar, aşağıya – çörək zavodunun yanındakı dükanın qabağında uzanan növbəyə tamaşa edərdik. Bəli, 1992-1993-cü il dövründə hələ təkcə çörək üçün insanlar saatlarla növbə tuturdu.
Aldığın da ki, barı çörək ola...
2003-cü il. Artıq Bakı o vaxtkı Bakı deyildi, xeyli müasirləşmiş, dünyada tanınan və sevilən şəhərə çevrilmişdi. Çünki ölkəni çətin və mürəkkəb ictimai-siyasi durumdan güclü bir əl-uzaqgörən siyasətçi Heydər Əliyev xilas etmişdi. Məhz onun dövründə 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı ki, bu, Azərbaycanın tarixinin inkişafında dönüş nöqtəsi oldu. Beləliklə, Azərbaycan seçicisinin inamı və güvəni əməli şəkildə təsdiqini tapdı.
2003-cü il həyatımda yeni bir başlanğıc nöqtəsi oldu. Artıq tələbə idim, Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından biri olan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuşdum. Azərbaycan da ictimai-siyasi tarixinin yeni başlanğıc nöqtəsində idi. Həmin il prezident seçkiləri ili idi. 2003-cü ildə ilk dəfə seçkidə iştirak etdim, səs verdim. 2003-cü ildə səs çoxluğu ilə İlham Əliyevin prezident seçilməsi ölkə tarixində yeni bir mərhələnin əsasını qoydu.
Məhz həmin dövrdən başlayaraq, Bakı artıq beynəlxalq tədbirlərin, konfrans və forumların ev sahibinə çevrildi. 2012-ci ildə “Eurovision” müsabiqəsinin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə Bakıda keçirilməsi, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, 2014-cü ildə “Cənub” qaz dəhlizinin təməlinin qoyulması və ən nəhayət, keçən il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təntənəli açılışı... Bütün bu beynəlxalq əhəmiyyətli hadisələr Azərbaycana səriştəli rəhbərliyin və dövlətin düzgün siyasətinin nəticəsidir.
İndi 2018-ci ildir. Azərbaycan yenə də önəmli bir tarixi hadisənin astanasındadır. Mən də daxil olmaqla, bütün yuxarıda qeyd etdiyim nailiyyətlərin şahidi olan hər bir vətəndaş və o cümlədən milyonlarla gənc aprelin 11-də səsvermədə iştirak edəcək. Onların arasında ilk dəfə səs verən gənclər də kifayət qədər çox olacaq. Onlar üçün də bu seçki həyatlarının yeni başlanğıc nöqtəsidir.
Bu dəfə mən həm də jurnalist olaraq, seçki prosesini izləyəcəyəm. Müstəqil ölkəmin işıqlı sabahı naminə keçirilən seçkiləri işıqlandırmaq həm də bir ayrı qürurdur. Vaxtilə, bəlkə də, xəritədə Azərbaycanı belə tanımırdılarsa, indi ABŞ başda olmaqla, dünyanın ən mötəbər ölkələrinin, beynəlxalq təşkilatlarının nümayəndələri, müxtəlif ölkələrinin parlamentariləri respublikamızda seçkilərə hazırlığın gedişini müşahidə edir, təəssüratlarını bölüşürlər.
...Bir neçə gündür ki, seçkilərə hazırlıq aktiv fazasına daxil olub təşviqat prosesinə start verilib. Prezidentliyə namizədlər mətbuatda, televiziya və radiolarda öz seçicisinə üzünü tutaraq, platformasını açıqlayır. Qalır, vətəndaşın seçimi və məntəqələrə gəlib səs verməsi.
Şəhəri gəzərkən yolboyu nəzərə çarpan seçki ilə bağlı məlumatların yazıldığı lövhələr diqqətimi çəkir: “Aprelin 11-i prezident seçkiləri günüdür. Sənin səsin həlledicidir”. Bəli, hər bir vətəndaşın səsi böyük bir toplumun fikrini formalaşdırır. Necə deyərlər, sənin səsin, mənim səsim, onun səsi – birlikdə toplumun səsi olur. Odur ki, aprelin 11-i hamılıqla səs verək: müstəqilliyimizin etibarlı şəkildə qorunması, dövlətimizin çiçəklənməsi naminə!
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.