Fərəc Quliyev
ictimai-siyasi fəaliyyəti və milli mücadiləsi ilə zəngin tərcümeyi-hala sahibdir. Fərəc Quliyevin tərcümeyi-halından bəzi çıxarışları təqdim edirik:
Quliyev Fərəc İbrahim oğlu 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunda anadan olub. 1980-ci ildə orta məktəbi, 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1989–1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri, prezident Ə.Elçibəyin dövründə AXC sədrinin 1-ci müavini olmuşdur. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, parlamentdə Demokratik Blokun üzvü olmuşdur. 1991-ci ildə parlamentdə qəbul olunmuş “Müstəqillik aktı”nın müəlliflərindəndir.
Azərbaycanda ilk dəfə Ordubad rayonu ərazisində 5 sərhəd zastavasının rus ordusundan təhvil alınıb milliləşdirilməsinin, bu ərazidə bütün sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik etmişdir.
1990-cı il 20 Yanvar qırğınından sonra Bakıda sovet hərbçilərinə qarşı qeyri-leqal dirəniş üçün Güney Azərbaycandan olan hərakatçıların da iştirakı ilə yarım hərbi “Qisas” təşkilatını formalaşdırmışdır.
1989-cu ildə sərhəd hərəkatının təşkilatçılarından biri olmuşdur. Naxçıvanda Ermənistanla sərhəddə yerləşən “Soyuq” adlı zirvədə Yaxın Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni 1991-ci il dekabrın 17-də rus-erməni hərbi birliklərindən 24 nəfərlə birlikdə ələ keçirmişdir. Bu əməliyyat itkisiz ötüşsə də, 5 nəfər döyüşçümüzün ayaqlarını şaxta vurmuş və müxtəlif hissələr amputasiya olunmuşdur. Bu əməliyyata görə Prezident Ə.Elçibəy tərəfindən “Milli Qəhrəman” adına layiq görülsə də, bundan imtina etmişdir.
Ordubadda Azərbaycan Milli Ordusunun təməli olan özünümüdafiə –könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir.
1995-ci ildən 2002-ci ilə qədər siyasi məhbus kimi həbsdə olmuşdur. Məhbəsdə 3 kitab və elmi-nəzəri məqalələr yazmışdır. Məhbəsdən çıxdıqdan sonra Anqlosaks-Türk Assambleyasını yaratmış, bu təşkilatın prezidenti seçilmişdir.
2002-ci ildə Hollandiyada Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü və sədr müavini seçilmiş, 2003-cü ildən DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur.
2005-ci ildə Milli Dirçəliş Hərəkatını (MDH) formalaşdırmış, 07.05.2005-ci il tarixdə 1-ci qurultayda Milli Dirçəliş Hərəkatı Partiyasının sədri seçilmişdir.
“Yeni Dirçəliş”, “Davam” qəzetlərinin təsisçisidir. Güney Azərbaycanda yayımlamaq üçün “qəzet içində qəzet” layihəsində “Təbriz” qəzetini təsis etmiş, “Yeni Dirçəliş” qəzeti ilə birgə çapını reallaşdırmışdır.
Şito-Ryu Karate Do Federasiyasının fəxri prezidentidir. “Sportivnaya Rossiya” Beynəlxalq
döyüş sənəti festivalında Azərbaycan yığma komandasına xüsusi dəstəyin təşkilinə görə beynəlxalq sertifikata və medala layiq görülmüşdür.
“Bozqurd Fight” idman klubunun prezidentidir.
2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizəd olaraq seçkilərə qatılmışdır.
Azərbaycan Respublikası Milli Məclisinə keçirilən dördüncü (2010-cu il) və beşinci (2015-ci il) çağırış seçkilərdə millət vəkili seçilmişdir. Milli Məclisin təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür.
Avropa Parlamenti “Avronest” Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan-Belçika, Azərbaycan-Ukranya, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Moldova, Azərbaycan-Latviya, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qruplarının üzvüdür.
Beynəlxalq qurum olan “Parlament üzvlərinin korrupsiyaya qarşı Qlobal Təşkilatı”nın (GOPAC) və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Əlavə hüquq təhsili almışdır. 5 kitab və elmi-nəzəri məqalələr müəllifidir. Sambo üzrə idman ustasıdır. Ailəlidir, 3 övladı var.
11 aprel 2018-ci il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının prezidentliyə namizədidir.
GƏLƏCƏYİNİZ NAMİNƏ KEÇMİŞİ OLANA SƏS VERİN!
Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin ödənişsiz əsaslarla dərc edilən seçkiqabağı təşviqat materialı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.