Razi Nurullayev - prezidentliyə namizəd

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayev 1971-ci il aprelin 1-də İmişli rayonunun Xəlfəli kəndində dünyaya gəlib.

O, 1978-1988-ci illərdə İmişli rayonu Xəlfəli kənd məktəbində orta təhsil alıb. 1992-1997-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis-fransız dilləri pedaqoji fakültəsində, 2000-2005-ci illərdə Cənubi  Rusiya Humanitar İnstitutunun hüquq fakültəsində ali təhsil alıb.

2004-cü ildə Kanadanın Monreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-ın Nyu-York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi (Ford Motor Company International Fellowship of the 92nd Street Y Developing Community Leaders, 2009) ixtisasartırma kursunu bitirib.

1994-cü ilin yanvar ayından 1995-ci ilin noyabr ayına qədər “ÇAĞ” qəzetində müxbir işləyib. Bu qəzetdə beynəlxalq siyasət, mədəniyyət, adət-ənənələr və inkişaf məsələləri ilə bağlı məqalələr yazıb, “The Daily Mail”, “The Times” və “The Guardian” kimi qəzetlərdən tərcümələr edib.

1995-ci ildə Azərbaycanın Bakı şəhərində yerləşən "Hyatt Regency" otelində VİP qonaqlarla iş vəzifəsində çalışıb. 1995-1997-ci illərdə "McDermott Marine Construction"-da tərcüməçi, anbar və alqı-satqıya nəzarət işində işləyib. J.Ray McDermott, Bakı, Azərbaycan. “Çıraq 1” neft platformasında quruda və dənizdə iş üzrə baş mühəndisin köməkçisi və gəmi kapitanının tərçüməçisi olub. 1998-ci ildə Rusiyanın Həştərxan şəhərində yerləşən "BUE Caspian Ltd." şirkətində ingilis, rus, Azərbaycan dillərinə gəmi sənədlərinin və lahiyələrinin tərcüməçisi vəzifəsində işləyib. Xəzər Gəmiçiliyi, banklar və gömrük idarələri arasında danışıqların aparılmasında iştirak edib.

1998-ci ildən 2001-ci ilə qədər "Baku Steel Company"-də menecer köməkçisi və tərcüməçi olub.1999-cu ildən 2011-ci ilə qədər Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DIUC) həmsədri vəzifəsində çalışıb. Burada demokratikləşmə, siyasi bilik və bacarıqların artırılması, neft və qaz sahəsində şəffaflığın təminatı sahələrində fəaliyyət göstərib.

1999-cu ildən onlarca böyük və kiçik proqramların həyata keçirilməsinə rəhbərlik edb. Siyasi bilik və bacarıqların artırılması üzrə 2003-cü ildən Niderlandın Liberal və Əmək partiyaları ilə birlikdə onlarca proqram həyata keçirib. Layihələrin yazılması, təlim materiallarının hazırlanması, qiymətləndirmə, monitorinq, təlimlərin aparılması, beynəlxalq və yerli tədbirlədə təmsilçilik, danışıqların aparılması, donorlarla əlaqənin qurulması və inkişaf etdirilməsi işlərini həyata keçirib.

2001-ci ilin may ayından 2003-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın "International Alert" təşkilatının Azərbaycan üzrə məsləhətçisi olub. Bakı-Tbilisi-Ceyhan ƏİBK-nin Azərbaycan sərhədləri daxilində münaqişə nöqteyi-nəzərindən təsirlərinin qiymətləndirilməsi, digər QHT-lərlə İnternational Alert arasında əlaqələndirici şəxs qismində çıxış edib, yerli təşkilatlarla görüşlərdə tərcüməçi olub, İnternational Alert təşkilatının nümayəndələrini regionlara səfərlərdə müşayiət edib.

2001-2002-ci illərdə Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub. Beynəlxalq tədbirlərdə təmsilçilik, ümumi rəhbərlik vəzifələrində fəaliyyət göstərib. 2001-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dillər Universitetində ingilis dilinin qrammatikasından mühazirələr oxuyub. 2002-ci ilin fevral ayından AMEA Beynəlxalq Münasibətlər İnstitutunda, 2003-cü ildən 2006-cı ilə qədər isə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun “beynəlxalq münasibətlər və beynəlxalq hüquq” şöbəsində elmi işçi kimi fəaliyyət göstərib. 2007-ci ildən 2012-ci ilə qədər Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının koordinatoru olub. 2009-cu ilin sentyabr ayından 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub. 2012-ci ildən Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.

Uzun illərdir aktiv siyasətdə olan Razi Nurullayev seçkilərdə iştirak baxımından geniş təcrübəyə malikdir. Belə ki, o, 2005-ci il parlament seçkilərində 8 saylı Binəqədi seçki dairəsindən namizəd olub. Uğurlu bir seçki kampaniyası aparıb və təbliğat işinin təşkilində Niderland seçki mütəxəssisləri ona yardımçı olublar. 2009-cu il bələdiyyə seçkilərinə 8 saylı Binəqədi 1-ci Seçki Dairəsindən Binəqədi rayonu bələdiyyə üzvlüyünə namizəd olub. 2010-cu il parlament seçkilərində AXCP – Müsavat seçki blokunun 23 saylı Nəsimi – Səbail Seşki Dairəsindən vahid namizədi olub.

Razi Nurullayevin 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri seçilməsi ölkənin siyasi gündəmində böyük rezonans doğurub. Belə ki, 19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr – AXCP-də sabiq sədr müavini olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb. 17 oktyabr 2015-ci ildə qurultay keçirilib və gizli səsvermə yolu ilə Razi Nurullayev AXCP sədri seçilib.

Razi Nurullayev, həmçinin müxtəlif ölkələrdə və təşkilatlarda çox sayda təlim və proqram keçib.

İdarəetmə və təşkilatçılıq, siyasət və seçkilər sahəsində yerli və beynəlxalq təcrübə, onlarca beynəlxalq sertifikat və diplomlar, beynəlxalq standartlara uyğun böyük layihə təkliflərinin və biznes planların hazırlanması, böyük proqramların idarə olunması, beynəlxalq və yerli tədbirlərin yüksək səviyyədə təşkili, beynəlxalq münasibətlər üzrə təhlillər Razi Nurullayevin xüsusi bacarığından xəbər verir. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin ödənişsiz əsaslarla dərc edilən seçkiqabağı  təşviqat materialı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında