Seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün mühüm şərtlərdən biri ictimai-siyasi sabitlik və sosial-iqtisadi inkişafdır. Bu gün Azərbaycan sabitliyin təmin olunmasına və iqtisadi inkişaf tempinə görə nümunə göstərilir.
Beynəlxalq ekspertlər və hüquq müdafiəçiləri də etiraf edirlər ki, son illər dünyada baş verən hadisələrə, qarşıdurmalara və miqrant axınına nəzər salsaq, Azərbaycanın belə hadisələrdən kənarda olduğu diqqəti cəlb edir. Təbii ki, belə sabit və iqtisadi qüdrətə malik ölkədə keçirilən seçkilərdə də şəffaflıq və obyektivlik özünü açıq şəkildə büruzə verməlidir. Beynəlxalq ictimaiyyətin təmsilçiləri də ötən seçkilərdəki müşahidələrindən sonra bu nüansları xüsusi vurğulayıblar.
Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən islahatlar və qəbul edilən qanunvericilik aktları bir daha təsdiqləyir ki, artıq ölkəmiz bu sahədə böyük təcrübəyə malikdir. Azərbaycan seçki prosesi ilə əlaqədar bütün beynəlxalq konvensiyalara qoşulub. Bu gün respublikamızda seçkilərin keçirilməsi prosesi artıq dünya standartlarına uyğundur.
Hazırda Azərbaycan mühüm əhəmiyyət kəsb edən siyasi kampaniya ərəfəsindədir. Bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri təkcə xalqımızın deyil, dünya ictimaiyyətinin də diqqət mərkəzindədir. Ötən seçkilərdə olduğu kimi, qarşıdan gələn prezident seçkiləri də demokratik əhvali-ruhiyyədə, azad və ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycanda demokratiyanın inkişafı prosesində önəmli addım atılacaq. Bunu seçki prosesinə hazırlığın yüksək səviyyədə təşkili də təsdiqləyir.
Ölkədə demokratik seçkilərin keçirilməsi üçün əsas faktorlardan biri dövlət rəhbərliyinin siyasi iradə nümayiş etdirməsidir. Əgər bu iradə olmasaydı, təbii ki, Azərbaycanda demokratik seçki keçirmək mümkün olmazdı. Seçkinin şəffaf, azad və ədalətli, obyektiv keçirilməsi ilə əlaqədar imzalanan sərəncamlar, reallaşdırılan siyasi və hüquqi islahatlar, həmçinin digər qanunvericilik aktları ölkədə elə bir demokratik mühit yaradıb ki, vətəndaşlar seçkilərdə fəal iştirak edir, namizədliklərini sərbəst şəkildə irəli sürür, heç bir təzyiq və təhdidlərlə üzləşmədən istədikləri namizədə səs verirlər. Ölkədə demokratik, şəffaf seçki prosesinin keçirilməsi üçün lazım olan əlverişli şərait yaradılması beynəlxalq aləmdə də təsdiqini tapıb. Xalqımız belə proseslərdə özünün mentaliteti, intellekti və yüksək sivil inkişafı baxımından dünyanın inkişaf etmiş xalqlarının heç birindən geridə qalmır.
Azərbaycan seçkilər prosesində beynəlxalq təşkilatlarla sıx əməkdaşlığını davam etdirir. Ölkədə yaradılmış davamlı ictimai-siyasi sabitlik də bu əməkdaşlığa böyük töhfə verir. Vətəndaşların seçkilərdə lazımi şəkildə iştirakı üçün mükəmməl hüquqi baza mövcuddur. Məhz bu baxımdan ölkəmizdəki seçki prosesi daim nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzində olur.
Dünyanın tanınmış mətbu orqanlarının və informasiya agentliklərinin respublikamızda seçki prosesini mütəmadi işıqlandırması, seçkilərin demokratik və obyektiv keçirilməsi barədə beynəlxalq ictimaiyyətə məlumat verməsi Azərbaycanın dünya birliyində sayılıb-seçilən dövlətlərdən olduğunun göstəricisidir. Dünya miqyasında aparıcı informasiya agentlikləri kimi tanınan “BBC“, “Assoşieyted-press“, “Frans-press“, “İTAR-TASS“, “RİA-Novosti“, “İnterfaks“,“Reuters”, habelə “Vesti“, “Skyu-Nyus“ kimi məşhur telekanallar öz proqramlarında, video-xəbərlərində respublikamızda keçirilən seçkilərin yüksək standartlara uyğun olmasına dair məlumatlar veriblər.
Seçkilərdə müşahidə aparmaq məqsədilə gələn yerli və beynəlxalq mütəxəssislər üçün yaradılan əlverişli şərait ölkədə keçirilən seçkilərdə şəffaflığın təmin olunmasına göstərilən maraqdan və ortaya qoyulan siyasi iradədən irəli gəlir. Beynəlxalq müşahidəçi məsələsi həmişə diqqət mərkəzində olub. Avropa İttifaqı, Avropa Şurası və digər nüfuzlu təşkilatlarla bu məsələdə daim müzakirələr aparılır və mühüm razılıqlar əldə edilir.
Beynəlxalq müşa-hidəçilər Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın təmin olunması ilə əlaqədar tətbiq olunan yenilikləri yüksək qiymətləndirir, “Bu gün Azərbaycan hətta digər ölkələrə demokratiya dərsi keçə bilər” – qənaətinə gəlirlər. Bu fikri 2013-cü ildə keçirilmiş prezident seçkilərini müşahidə edəndən sonra MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotov səsləndirmişdir. O, daha sonra demişdir: "Azərbaycandakı seçkilər çox şəffafdır, proses olduqca sakit gedir. Bu sakitlik ölkə üçün yalnız müsbət bir amildir, buradakı sabitliyin göstəricisidir. Seçkilər azad və ədalətli keçirilir. Təkcə səsvermə günü deyil, ümumiyyətlə, seçki prosesinin gedişində qanunun bütün tələblərinə riayət olunub. Rəqabətli seçkilər keçirilir, yaradılmış şərait isə idealdır. Bu gün Azərbaycan hətta digər ölkələrə demokratiya dərsi keçə bilər".
Müşahidə Missiyasının Ukrayna Regionlar Partiyasından olan üzvü İvan Popeskunun da seçki prosesi ilə bağlı fikirləri maraqlı olmuşdur: “Azərbaycanda prezident seçkiləri beynəlxalq tələblərə uyğun, demokratik və ədalətli keçirilib. Burada seçki təşkilatları Avropa dəyərlərinə uyğun və yüksək səviyyədə formalaşdırılıb".
ATƏT-in sabiq sədri, Bolqarıstanın keçmiş xarici işlər naziri Solomon Passi, Fransa parlamentinin üzvü Həsən Fuda, Almaniyanın sabiq baş naziri Verner Münxun, ABŞ Müstəqil Siyasi Mərkəzinin müşahidə qrupunun üzvləri və digər beynəlxalq müşahidəçilər Azərbaycanda keçirilən seçkilərin yüksək səviyyədə təşkil olunması barədə rəy veriblər. Həmin rəylərdən bəzilərini diqqətə çatdırmaq yerinə düşərdi: “Seçkilər son dərəcə yüksək səviyyədə keçirilir. Mən əvvəllər bir neçə Şərq ölkəsində seçkilərin gedişini izləmişəm. Azərbaycan xalqı da Şərq xalqıdır, amma müqayisə etsək, görərik ki, burada seçki təşkilatları Avropa dəyərlərinə uyğun və yüksək səviyyədə formalaşdırılıb. Mən xüsusi olaraq, komissiyaların texniki təchizatı ilə maraqlandım. Bu sahədə hər şey çox gözəl təşkil olunub”.
Beynəlxalq müşahidəçi, Almaniyanın sabiq baş naziri Verner Münxun: "Hər şey çox gözəl idi. Seçkidən öncə şəxsiyyət vəsiqələri təqdim edilirdi, baş barmağa mürəkkəb sürtülürdü, kamera çəkirdi, səs vermək üçün ayrı-ayrı dörd kabinet vardı, yerli müşahidəçilər də vardı, onlar ayrı-ayrı partiyaları təmsil edirdilər. Mən heç bir problem və ya çatışmazlıq görmədim. Seçki komissiyası üzvlərinin ayrı-ayrı partiyalardan olmaları obyektivliyin təminatı baxımından xüsusi önəmə malikdir”.
Beynəlxalq müşahidəçi Pyotr Kaniyevin də rəyini diqqətə çatdırmağı zəruri hesab edirik: “Belə şəffaf seçkilər münasibətilə Azərbaycan xalqını təbrik etmək olar. Mən indiyə qədər Ukrayna, Özbəkistan, Moldovada olmuşam və etiraf edirəm ki, təşkilatçılıq baxımından ən yaxşı seçki məhz Azərbaycanda olub. Ən əsası isə burada heç bir qərəz yoxdur, müxalifət nümayəndələrinə də müşahidə aparmağa şərait yaradıldı”.
Belə faktlardan istənilən qədər göstərmək olar. Son illər ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərini izləmiş beynəlxalq müşahidəçilərin gəldiyi qənaət bundan ibarətdir.
Bu vaxta qədər ölkəmizdə keçirilən seçkilərdə beynəlxalq müşahidəçilər arasında Avropadan AŞPA, ATƏT Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, GUAM, Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu və Avropa Seçki Müşahidəsi Akademiyasının nümayəndələrinin olması ölkəmizdə keçirilən seçkilərin beynəlxalq birliyin diqqət mərkəzində olmasından xəbər verir. Bunlarla yanaşı, Şərqi Avropanı təmsil edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin QHT forumlarının, Amerika qitəsindən olan müşahidə qrupları sırasında Amerika Müstəqil Siyasi Monitorinq Mərkəzinin, Latın Amerikası və Karib hövzəsi ölkələrinin Siyasi Partiyalarının Daimi Konfransının, Asiya qitəsindən Asiya-Sakit okean hövzəsi Beynəlxalq Mərkəzçi Demokratlar Təşkilatının, Asiya Siyasi Partiyalarının Daimi Konfransının, İslam Əməkdaşlıq Təşkilatının və digərlərinin nümayəndələrinin respublikamızda seçki prosesini izləməsi hər birimiz üçün qürur yaradır. Çünki Azərbaycan dünyanın inkişaf etmiş demokratik ölkələri sırasındadır. Bunu seçki prosesini izləmək üçün dünyanın müxtəlif ölkələrindən, həmçinin nüfuzlu beynəlxalq təşkilatlardan gəlmiş müşahidəçilər və onların verdikləri rəylər də təsdiqləyir.
Bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri də demokratikliyinə və şəffaflığına görə ölkəmizin reytinqini daha da yüksəldəcək və Azərbaycanın demokratik ənənələrə sadiqliyini təsdiqləyəcək.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.