Ulu öndər Heydər Əliyevin zəngin və dərin məzmunlu siyasi irsində Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi və ənənələrinə, o cümlədən müstəqil dövlətimizin varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və tarixi roluna münasibət olduqca böyük əhəmiyyətə malikdir. İstər sovet dövründə daşıdığı yüksək dövlət vəzifələrində çalışdığı zaman, istər 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, sonra isə sədri olduğu vaxt, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə azərbaycançılıq və milli dövlətçilik ideyaları ulu öndərin nəhəng ictimai-siyasi fəaliyyətinin ideya əsaslarını təşkil etmişdir.
Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə münasibətinin ilk bariz nümunəsi 17 noyabr 1990-cı ildə Naxçıvan MR Ali Məclisinin birinci sessiyasına sədrlik edən ağsaqqal deputat kimi onun Cümhuriyyətin üçrəngli bayrağına göstərdiyi ehtiramdır. Dövlət bayrağının qəbulu ilə əlaqədar müxtəlif təklifləri səsləndirən Heydər Əliyev aşağıdakı təklifi formalaşdırıb səsə qoydu: “Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunsun”. Bu sətirlərin müəllifinin də səs verdiyi həmin tarixi qərarın təsdiqindən sonra ikinci bəndlə Azərbaycan Respublikasının ali qanunverici orqanından xahiş edilirdi ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında məsələyə baxılsın və milli-tarixi ənənələrimizə uyğun olaraq yeni dövlət rəmzləri – Cümhuriyyətin bayrağı, gerbi və himni qəbul olunsun.
Qeyd edilməlidir ki, Naxçıvan MR Ali Məclisinin 14 yanvar1991-ci il tarixli sessiyasında deputat Heydər Əliyevin qaldırdığı bir mühüm məsələ də o zaman Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə necə böyük önəm verdiyini nümayiş etdirir. Heydər Əliyev deyirdi: “Əgər 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası Azərbaycan xalqının həyatında əlamətdar və tarixi bir hadisədirsə, biz bunu açıq deməliyik və bu Azərbaycan dövləti tərəfindən müəyyən qədər qanuniləşdirilməlidir. Əgər biz bunu qəbul ediriksə, 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının devrilməsi pislənməlidir, qeyri-qanuni hal kimi qəbul olunmalıdır”.
Qeyd edilməlidir ki, ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı bütün fikirləri və çıxışları həmişə birmənalı olmuş və bir-birini məntiqi şəkildə tamamlamışdır. Eyni zamanda, bunu da vurğulamaq lazımdır ki, 27 may 1998-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində ulu ondərin ən yeni tariximizin bu şərəfli mərhələsinə verdiyi qiymət öz konseptual istiqaməti və dəyəri ilə bütün qarşıdakı müstəqillik yolumuza işıq salır.
Məlum olduğu kimi, xalqımızın çoxəsrlik dövlətçilik tarixi vardır. Lakin XIX əsrin əvvəlində çar Rusiyasının işğalı nəticəsində xalqımız müstəqil xanlıqlar kimi fəaliyyət göstərmiş dövlətçiliyindən məhrum olmuşdu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinın yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə oldu və bu iki il xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir. Ulu öndər Heydər Əliyev 2003-cü il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 85 illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində demişdir: “Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi”.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Heydər Əliyev deyirdi ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və digər tədbirlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonrakı dövrü Heydər Əliyev dörd mərhələyə bölürdü: birinci, 1918-1920-ci illər - Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci , 1920-1922-ci illər - Azərbaycan Sovet Sosialist Respublikasının hakim olduğu illər; üçüncü, 1922-1991-ci illər - Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr; dördüncü, Sovetlər İttifaqının dağılmasından və Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən sonrakı dövr. Ulu öndər bu mərhələlərin hər birinin tarixdə özünəməxsus yeri, mənası, mahiyyəti və əhəmiyyəti olduğunu vurğulayırdı.
Heydər Əliyev AXC-nin yarandığı ictimai-siyasi şəraiti, həmin dövrdə formalaşan geosiyasi vəziyyəti təhlil edərək bildirirdi ki,1917-ci ildə Rusiyada fevral və oktyabr inqilablarından sonra çar Rusiyası hakimiyyətinin dağılması və onun ətrafındakı bölgələrdə gedən vuruşmalar, döyüşlər, cürbəcür proseslər Zaqafqaziya bölgəsi üçün də xarakterik olmuşdur. Həm Azərbaycanda, həm də Zaqafqaziyanın digər hissələrində - Gürcüstanda, Ermənistanda mütərəqqi insanlar müstəqillik, milli azadlıq uğrunda addımlar atmışlar, fəaliyyət göstərmişlər. O zaman hətta Zaqafqaziya ölkələrinin birlikdə dövlət müstəqilliyini elan etmək təşəbbüsləri də mövcud olmuşdur.
Heydər Əliyev ölkəmizdəki ictimai-siyasi proseslərin dialektikasını təhlil edərək vurğulamışdır ki, Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəllərindəki dövrdə Azərbaycanın ictimai-siyasi, ədəbi, fəlsəfi mühiti ilə bağlıdır. Demək olar ki, o zaman Azərbaycanda və onun ətrafında gedən proseslər həmin o mühitin məntiqi nəticəsi olmuşdur. Şübhəsiz ki, bunun üçün lazımi şərait yaranmışdır. Birinci dünya müharibəsinin sona çatması, rus çarizminin süqutu, Rusiyada oktyabr inqilabı və ondan sonra yaranmış gərgin vəziyyət, sovet hakimiyyətinin Rusiyanın keçmiş ərazisinin hamısına lazımi qədər nəzarət edə bilməməsi, Cənubi Qafqazda, Zaqafqaziyada mövcud olan siyasi qüvvələrin qızğın fəaliyyəti – bunların hamısı birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait təmin etmişdir. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi vardı. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa və dünya mədəniyyətinə bələd olan insanlar idilər. Onlar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmiş və birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdılar.
Məmmədəmin Rəsulzadə, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Üzeyir Hacıbəyov və digərləri o illər yaratdıqları əsərlərlə xalqımızda milli şüurun oyanmasına, inkişaf etməsinə, milliliyin yüksəlməsinə böyük təsir göstərmişlər. Onlar hamısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsasını demək olar ki, birlikdə təşkil etmişlər.
Tariximizin ən qədim zamanlarından başlamış günümüzədək bütün dövrlərini və mərhələlərini, ölkəmizin ərazisində qurulmuş və əsrlər boyu mövcud olmuş dövlətlərin tarixini və dövlətçilik ənənələrini dərindən bilən, onların təcrübəsini təhlil edərək müasir dövrün reallıqları ilə əlaqələndirən ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin meydana gəlməsinə tarixi- dialektik proses kimi yanaşır və bu Cümhuriyyətin yaranmasına bizim vaxtilə itirilmiş dövlətçiliyimizin bərpa edilməsi kimi baxırdı. Eyni zamanda, xalqımızın dövlət quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təhlil edən Heydər Əliyev haqlı olaraq vurğulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu.
XX əsrin əvvəllərində, xüsusilə də Birinci dünya müharibəsinin və Rusiyada 1917-ci il fevral inqilabı və oktyabr çevrilişinin mahiyyətini və nəticələrini müdrik siyasətçi mühakiməsi ilə dəyərləndirən ulu öndər qeyd edirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, İstiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Ulu öndər deyirdi: “Azərbaycanın istiqlaliyyətini elan edənlər, Xalq Cümhriyyətini qurub-yaradanlar və ona sona qədər sadiq olan insanlar Azərbaycanın ən mötəbər, ən görkəmli insanlarıdır. Xalq Cümhuriyyətinin rəhbərləri Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, onların silahdaşları və o illərdə müstəqillik uğrunda mübarizə aparan və hakimiyyət orqanlarında fəaliyyət göstərən insanlar Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaqlar. Onlar Azərbaycan xalqının tarixinə böyük və dəyərli şəxsiyyətlər kimi daxil olmuşlar.”
Həmin illərdə Azərbaycanda və onun ətrafındakı regionda yaranmış mürəkkəb siyasi vəziyyəti, ənənəvi maraqların kəsişdiyi və toqquşduğu bu zəngin və həssas bölgədə müstəqil bir dövlət qurmağın asan məsələ olmadığını müdrikliklə qiymətləndirən ulu öndər şərh edirdi ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar bunu Azərbaycanın özündə edə bilməmişdilər. Çünki burada cürbəcür xarici qüvvələr Azərbaycanı ələ keçirmək istəyirdilər. Məlumdur, Azərbaycan öz coğrafi-strateji əhəmiyyətinə, təbii sərvətlərinə, xüsusən zəngin neft yataqlarına görə dünyanın bir çox dövlətlərinin marağını cəlb etmişdi. Azərbaycanı əhatə edən, Azərbaycanın daxilində olan, ayrı-ayrı millətlərə mənsub qüvvələr də ölkəmizin müstəqil olmasını heç də istəmirdilər. Ona görə də Tiflisdə müstəqilliyi bəyan edəndən sonra Azərbaycan Xalq Cümhuriyyətinin üzvləri Azərbaycanın paytaxtına gələ bilməmiş, Gəncəyə gəlmişdilər. Ancaq onlar Gəncədə az bir müddətdə çox işlər görmüşlər və yalnız 1918-ci il sentyabr ayının 17-də Azərbaycanın paytaxtı Bakıya gələ bilmişlər. Heydər Əliyev xüsusi vurğulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti ağır şəraitdə fəaliyyət göstərmiş, həm xarici qüvvələrin güclü təzyiqi, həm də daxildə Azərbaycanın müstəqilliyi əleyhinə çıxan qüvvələr və Xalq Cümhuriyyətinin içərisində, yəni Milli Şuranın, sonra yaranan parlamentin daxilindəki cürbəcür partiyalara, firqələrə mənsub olan bəzi şəxslər, fərdlər Xalq Cümhuriyyətinin işinin müvəffəqiyyətlə aparılmasına, maneçilik törədirdilər.
Cümhuriyyət hökumətinin necə mürəkkəb bir şəraitdə varlığını qoruyub saxlamaq üçün mübarizə apardığını təhlil edən Heydər Əliyev qeyd edirdi ki, Azərbaycan Xalq Cümhuriyyətində 23 ay ərzində beş dəfə hökumət qurulmuşdur. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olmuş, yenidən yaranan hökumət yenə də istefa vermiş və beləliklə də, bu ağır şəraitdə demokratik respublikanın dövlət, hökumət orqanları istənilən fəaliyyəti göstərə bilməmişlər. Ancaq onlar öz üzərlərinə düşən tarixi missiyanı yerinə yetirmişlər və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yazmışlar.
Heydər Əliyevin nəzərincə, mövcud çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi dövrdə böyük işlər görmüşdür. Ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmış, beləliklə də, Azərbaycanda həm müstəqilliyin əsasını qoymuşlar, həm də demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsasını qoymuşlar. Bunlara görə və bütün başqa sahələrdə göstərdiyi xidmətlərə görə Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir.
Ulu öndər vurğulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı dövr çox çətin, ziddiyyətli, mürəkkəb dövr olmuşdur. Belə bir ağır çəraitdə görülən işlər və sonrakı nəsillərə, bizə çatan irs Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi əhəmiyyətini çox gözəl əks etdirir. Məhz bu demokratiya, milli azadlıq, müstəqillik əhvali-ruhiyyəsi sonrakı dövrlərdə xalqımızın qəlbində yaşamış və nəhayət, XX əsrin sonunda xalqımızı dövlət müstəqilliyinə gətirib çıxara bilmişdir.
1991-ci il avqustun 30-da Azərbaycan Ali Sovetinin”Azərbaycanın müstəqillik bəyannəməsi”-nin qəbul edildiyi sessiyasında Azərbaycan Ali Sovetinin deputatı Heydər Əliyev müxtəlif tərəflərdən – yuxarılardan və aşağılardan göstərilən təzyiq və etrazlara baxmayaraq təkid edirdi ki, 1920-ci il aprelin 28-də Azərbaycanın işğal olunduğu və Azərbaycan Xalq Cümhuriyyətinin zorakılıqla ləğv olunduğu bu bəyannamənin mətninə əlavə edilsin.
1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə seçiləndən sonra Heydər Əliyev milli dövlətçiliyimizdə Azərbaycan Xalq Cümhuriyyəti ənənələrinin dirçəldilməsi və müstəqillik uğrunda mübarizəni artıq yeni müstəvidə aparırdı. 16 dekabr 1991-ci ildə Heydər Əliyevin imzaladığı ” 31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü haqqında” Ali Məclisin qərarında deyilirdi: “İmperiya zülmündən azad olan Quzey Azərbaycan türkləri 1918-ci il mayın 28-də dövlət müstəqilliyi qazanaraq öz tarixi ərazisində milli dövlət qurumunu – Azərbaycan Demokratik Cümhuriyyətini təşkil etdilər. Çox keçmədən Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü yeni təcavüzə - bolşevik Rusiyasının silahlı müdaxiləsinə məruz qaldı. Beləliklə, qanuni seçilmiş hakimiyyət orqanı zorakılıqla devrildi və Azərbaycan türklərinin çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoyuldu. Azərbaycanın quzeyi 1804-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi. Xalqın demokratik və istiqlalçı qüvvələrinin əksəriyyəti repressiyaya məruz qaldı, bir qismi isə mühacirət etməyə məcbur oldu.
Ulu öndər Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən əldə etdikdən sonrakı illəri xarakterizə edərək deyirdi ki, bu dövr müəyyən mənada 1918-1920-ci illərə bənzəyirsə də, bir çox səbəblərə görə ondan fərqlidir. Azərbaycanın birinci respublika dövrü ilə indiki respublika dövrünü müqayisə edən, bir sıra tarixi paralellərin, bənzərliklərin olduğunu qeyd edən Heydər Əliyev 1994-cü il mayın 27-də Respublika Gününə həsr edilmş təntənəli yığıncaqdakı nitqində deyirdi: “O vaxt da bir çox xarici qüvvələr Azərbaycana təzyiq göstərirdi. O zaman da Ermənistan Azərbaycan torpaqlarını ələ keçirmək üçün təcavüzə başlamışdı, Azərbaycan xalqı öz torpaqlarını erməni qəsbkarlarından müdafiə edirdi. Həmin dövrdə də Azərbaycanı parçalamaq istəyirdilər. Məlumdur ki, 1918-20-ci illərdə Azərbaycanın parçalanması üçün bir neçə addım atılmışdı və parçalanma vəziyyəti yaranmışdı. İndi də müstəqillik əldə edildikdən sonra bunlar təkrar olunur. Müstəqil Azərbaycan dövləti bir çox xarici qüvvələr tərəfindən təzyiq altındadır. Altı ildir ki, Azərbaycan xalqı torpaqlarımızı zəbt etmək niyyətində olan Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır və öz ərazisini müdafiə edir”.
Heydər Əliyev bildirirdi ki, 1990-cı illərin əvvəllərində ölkə daxilindəki bəzi ictimai-siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, çəkişmələri, bir-birinə qarşı ədavəti və düşmənçilik meyilləri məhz 1918-20-ci illərdəki prosesləri yada salır. O zaman da Azərbaycan xalqı daxildə gedən və xalqa, onun müstəqilliyinə zidd olan proseslərdən çox şey itirmişdi, təəssüf ki, indi də itirir. Bir il əvvəl (1993-cü il) Azərbaycanda artıq vətəndaş müharibəsi baş vermişdi. Bu hamının xatirindədir. Azərbaycan parçalanırdı. Bəzi regionlarda ayrı-ayrı hadisələr meydana çıxırdı. Xarici qüvvələr, xüsusən bizim üçün ən qatı düşmən olan erməni millətçilərinin əli ilə Azərbaycanı parçalamağa çalışan qüvvələr fəaiyyət göstərirdi və Azərbaycanın başı üzərində belə təhlükə yaranmışdı.
Heydər Əliyev vurğulayırdı ki, bir dəfə Azərbaycanın müstəqilliyi heç də o vaxt ölkəyə rəhbərlik edən şəxslərin günahı ucbatından deyil, həmin dövrdəki proseslərin nəticəsində əldən getmişdir. İndi yenə də Azərbaycanın müstəqilliyi çox təhlükə altındadır. Bunu hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı bilməli, dərk etməli və Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir. Ulu öndər təkidlə ifadə edirdi ki, bu ağır vəziyyətdən çıxmaq üçün 1918-1920– ci illərdə Azərbaycan Demokratik Respublikasının fəaliyyəti dövründə baş verən proseslərdən hamımız ibrət dərsi götürməliyik... Çünki o, bizim üçün çox əyani bir ibrət dərsidir və biz bunu mütləq etməliyik. Ulu öndər təkidlə tövsiyə edirdi ki, bir daha və bir daha o dövrü təhlil etməli, o dövrün nailiyyətlərindən istifadə etməli, bəhrələnməli, o zaman buraxılan səhvlərə yol verməməliyik. O dövrdə Azərbaycan Demokratik Respublikasını zəiflədən amillərin indi də mövcud olduğunu görərək, mütləq onları aradan qaldırmalıyıq.
Ulu öndər deyirdi ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik. 1991-ci ildə Azərbaycanda müstəqillik elan edilərkən yazılıbdır ki, 1920-ci ildə itirilmiş müstəqillik bərpa olunur.1918-ci ildə yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıbdır. Ulu öndər xalqımıza müraciətində tövsiyə edirdi ki, biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
Heydər Əliyevin dövlətçilik siyasətini XXI əsrin qlobal çağırışları şəraitində, bölgəmizdə, eləcə də dünyada geosiyasi maraqların toqquşduğu, dünya nizamında proqnozlara sığmayan kəskin dəyişikliklərin baş verdiyi mürəkkəb şəraitdə inamla və müvəffəqiyyətlə davam etdirən Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət, son on beş ildə sosial-siyasi inkişafın bütün sahələrində qazanılan uğurlar əmin olmağa əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, ulu öndərin dili ilə desək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik.
Eynulla MƏDƏTLİ,
AMEA Fəlsəfə İnstitutunun
elmi işlər üzrə direktor müavini
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.