Azərbaycan Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı vəkilliyin inkişafında mühüm hadisədir

Son dövrdə Azərbaycanda vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, ölkəmizdə insan və vətəndaş hüquqlarının səmərəli müdafiəsi ilə bağlı mütərəqqi və ardıcıl tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə vəkillik fəaliyyətinin inkişafına mühüm təkan verib.

AZƏRTAC Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərovun “Azərbaycan Prezidentinin 2018-ci il 22 fevral tarixli sərəncamı vəkilliyin inkişafında mühüm hadisədir” sərlövhəli məqaləsini təqdim edir.

Azərbaycanda həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatlarının tarixi 1990-cı illərin ortalarına təsadüf edir. Müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul olunması və milli dövlətçilik tariximizdə ilk dəfə parlament seçkilərinin keçirilməsi ilə Azərbaycan tarixinin yeni inkişaf mərhələsi başladı. Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq, ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində - referendumda qəbul edildi.

Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə müasir dövrlə səsləşən məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasının möhkəm təməlini formalaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər öz əksini tapıb ki, orada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit edilib, insan hüquq və azadlıqlarının müdafiəsi isə dövlət siyasətinin əsas istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən olunub.

Bundan başqa, ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılmışdı. Həyata keçirilən islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edirdi. Bu mənada, 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbul olunması aparılan islahatların insanların hüquqlarının peşəkar müdafiəsinə nə qədər önəm verilməsinin bariz nümunəsi və islahatların hansı istiqamətdə reallaşdırılmasının sübutu idi.

İstənilən ölkədə səmərəli islahatlar müəyyən vaxt tələb edən ardıcıl prosesdir. Heydər Əliyevin uğurlu siyasətinin davamçısı kimi, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev hüquqi islahatların dinamik inkişafı sahəsində işləri uğurla davam etdirməkdədir. Prezident İlham Əliyev hüquq siyasətinin varisliyini təmin edərək və müasir dövrün inkişaf perspektivlərini nəzərə alaraq məhkəmə hakimiyyətinin, ədliyyə, prokurorluq və digər hüquq-mühafizə orqanlarının, eləcə də vəkillik fəaliyyətinin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

Bu islahatlar çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci ildə “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” Sərəncam imzalayıb. Sərəncamda Vəkillər Kollegiyasının fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminatı, nəqliyyat vasitələrinin alınması və vəkillərin xüsusi geyim formasının hazırlanması üçün vəsait ayrılması, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dövlət hesabına ödənilən hüquqi yardımın məbləğinin artırılması məsələlərinin həlli nəzərdə tutulub. Bundan başqa, Vəkillər Kollegiyası üzvlərinin peşə səviyyəsinin və onların göstərdikləri hüquqi yardımın keyfiyyətinin artırılması üçün müvafiq tədris prosesinin təşkili və digər zəruri tədbirlərin görülməsi Vəkillər Kollegiyasına tövsiyə edilib. Məhz həmin Sərəncamın qəbulundan sonra ölkəmizdə vəkillərin sayının kəskin artımı müşahidə olunub, vəkilliyin sıralarında gənc hüquqşünasların nisbəti artıb.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 22 fevral tarixli sərəncamı ilə ölkədə vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər görülməsi qərara alınıb, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına bu istiqamətdə müvafiq işlər görülməsi tövsiyə olunub.

Sərəncamın preambulasında da qeyd edildiyi kimi, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatı xüsusi əhəmiyyət kəsb etməkdədir. Belə ki, bu ilin əvvəlindən qüvvəyə minmiş, məhkəmələrdə təmsilçilik hüququnun Vəkillər Kollegiyası üzvlərinin müstəsna səlahiyyətinə verilməsi ilə bağlı mövcud qanunvericiliyə edilən dəyişikliklər müstəvisində ölkəmizdə vəkilliyin rolu, eləcə də Vəkillər Kollegiyasının iş yükü, üzərinə düşən məsuliyyət və vəzifələr xeyli artıb.

Sözügedən vəzifələrin icrası, o cümlədən qeyd olunan qanun dəyişiklikləri sonrasında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi istiqamətində işlər görülüb. Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı namizədlərin sənədlərinin qəbulu prosesi yenidən bərpa olunub və yanvarın sonunda Azərbaycan hüquq peşəsinə qəbul tarixində ilk dəfə iki minə yaxın namizədlə ixtisas imtahanlarının yazılı mərhələsi keçirilib. İmtahanlar yüksək səviyyədə, yerli və beynəlxalq təşkilatların, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı təmin olunmaqla, tam şəffaf şəraitdə keçirilib. İştirak edən namizədlərin təxminən 33 faizi tələb olunan keçid balını toplayaraq imtahanın növbəti – şifahi mərhələsinə buraxılıb. Qeyd etmək lazımdır ki, ixtisas imtahanlarının növbəti mərhələsi mart ayından etibarən başlanıb. Bu dəfə də tam şəffaf şəraitdə, müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakına açıq qaydada şifahi mərhələ davam etməkdədir. Ümumiyyətlə isə, vəkillərin sayının artırılması ilə bağlı görülən işlər dövlətimizin başçısının sərəncamının özündən irəli gələn məsələdir ki, orada Vəkillər Kollegiyasına öz üzvlərinin sayının artırılması tövsiyə olunub.

Bu sadalanan və qeyd olunmayan digər tədbirlərin həyata keçirildiyi bir vaxtda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həmin taleyüklü, son dərəcə əhəmiyyətli Sərəncam imzalanıb. Sərəncamda hüquqi dövlətdə vəkillik təsisatının rolu nəzərə alınaraq, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir sıra məsələlərin həlli tapşırılıb, o cümlədən Vəkillər Kollegiyasına müəyyən tədbirlər görülməsi tövsiyə olunub.

Sərəncamda Vəkillər Kollegiyası Rəyasət Heyətinin, onun strukturlarının, o cümlədən regionlarda yerləşən vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq binalarla təmin olunması, bundan əlavə Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter avadanlığının və digər avadanlığın alınması məqsədilə vəsait ayrılması nəzərdə tutulub.

Sərəncamda əksini tapan çox vacib məsələlərdən biri də dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin üç dəfə artırılması olub. Belə ki, buna qədər vəkillərə sözügedən xidmətlərə görə ödənilən vəsait olduqca az idi və vəkilin göstərdiyi xidmətlərin əvəzini ödəmirdi. Bu mütərəqqi addımla isə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin Konstitusiya ilə müəyyən olunmuş keyfiyyətli hüquqi yardım almaq hüquqlarının təmin edilməsi, bu xidmətləri göstərən vəkillərin maddi təminatlarının artırılması və son nəticədə göstərilən hüquqi xidmətin keyfiyyətinin artması məsələləri öz həllini tapacaq.

Bundan başqa, Sərəncamda Azərbaycan Respublikası Vəkillər Kollegiyasına bir sıra məsələlərin həlli ilə bağlı tövsiyələrə yer verilib. Bu tövsiyələr son nəticədə Azərbaycanda vəkillik institutunun inkişafı, onun nüfuzunun artırılması və hüquqi cəmiyyətdə olduqca vacib olan rolunun həyata keçirilməsi baxımından bir növ yol xəritəsi kimi qəbul edilməlidir. Belə ki, ixtisas imtahanlarının müntəzəm keçirilməsi, Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması ilə bağlı sərəncamda qeyd olunan tövsiyə qanunvericiliyə daha öncə qeyd edilmiş dəyişikliklərdən sonra icrası zəruri olan məqsəd halını alıb. Bu istiqamətdə artıq müəyyən tədbirlər görülüb. Bu tədbirlərin davamlı olması üçün də işlər görülməkdədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası nəzərdə tutulmuş tədbirləri ilin əvvəlində keçirilmiş ixtisas imtahanları ilə məhdudlaşdırmamaqla yanaşı, belə imtahanların müntəzəm qaydada keçirilməsi arzusundadır.

Sərəncamda qeyd edilmiş digər bir məsələ vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətinin daim artırılması, vəkillərin peşə bacarıqlarının, o cümlədən hüquqi ixtisaslarının lazımi və günün tələblərinə cavab verən səviyyəyə çatdırılması baxımından onların davamlı olaraq tədris kurslarına cəlb edilmələri zəruridir. Belə ki, bu məsələ həm yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna sahib olan ölkə vətəndaşlarının maraqları, həm də ölkədə vəkilliyin nüfuzunun artırılması baxımından olduqca əhəmiyyətlidir.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış sərəncamda Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, Kollegiyanın və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi də Vəkillər Kollegiyasına tövsiyə olunub. Məlumdur ki, bir neçə ay öncə Vəkillər Kollegiyasının tam yenilənmiş, müasir standartlara, vətəndaşların və vəkillərin tələblərinə cavab verən rəsmi veb-səhifəsi istifadəyə verilib, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq əlaqələri yaradılıb, habelə sosial şəbəkələrdə vətəndaşların Vəkillər Kollegiyasına dair aktual xəbərlərə çatımlılığının təmin edilməsi üçün tədbirlər görülüb. Görülən işlərin məntiqi davamı olaraq, Vəkillər Kollegiyası bundan sonra da ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində səylərini artıracaq.

Eyni zamanda, Kollegiya bütün vəkillərin elektron reyestrinin hazırlanması, bu reyestrin sayəsində vətəndaşların vəkillərin ümumi məlumatlarına çatımlılığının təmin edilməsi məqsədilə vəkillərin zəruri anket məlumatlarını toplayır və bu məlumatlar Kollegiyanın rəsmi veb-səhifəsində yaradılmış müvafiq bölmədə yerləşdirilir. Bu məlumatlara əsasən, hüquqi yardıma ehtiyacı olan istənilən şəxs öz tələblərinə uyğun vəkili asanlıqla müəyyən edə, onunla rahat şəkildə əlaqə saxlaya bilir.

Qeyd etmək yerinə düşər ki, ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində yaradılmış elektron məhkəmə sistemindən vəkillərin istifadəsinin asanlaşdırılması və stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə əldə olunmuş razılığa əsasən vəkillərin “Asan imza” ilə təmin olunması istiqamətində də tədbirlər görülür.

Sonda vurğulamaq lazımdır ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla aparılan, gələcəyə hesablanmış, vətəndaşlarımızın hüquqlarının ən yüksək səviyyədə müdafiəsinə yönəlmiş və eyni zamanda, ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına istiqamətlənmiş mütərəqqi məhkəmə-hüquq islahatlarının sütunlarından birini məhz vəkillik təşkil edir. Bu təməlin daha da sağlamlaşdırılmasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qanunla öz üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə icra edəcək.

Pərviz ƏLƏKBƏROV,
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında