Prezident İlham Əliyev Xalq artisti Fərhad Bədəlbəyliyə “İstiqlal” ordeni təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Xalq artisti, görkəmli pianoçu Fərhad Bədəlbəyliyə “İstiqlal” ordenini təqdim edib.

Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli Fərhad müəllim, mən sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, xalqımızı sənətinizlə sevindirirsiniz, həm peşəkar musiqiçi, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə verirsiniz. Siz gənc yaşlarınızdan dünyada da Azərbaycanı ləyaqətlə təmsil edirsiniz, Azərbaycan musiqi sənətini təbliğ edirsiniz. Bildiyimə görə, hələ 50 il bundan əvvəl beynəlxalq müsabiqələrdə laureat adına layiq görülmüsünüz və beləliklə, öz istedadınızı bütün dünyaya nümayiş etdirmisiniz.

Siz həm bəstəkar, həm peşəkar musiqiçi kimi dünya miqyasında öz layiqli yerinizi tuta bilmisiniz və Azərbaycan xalqı sizi sevir və sizi yüksək qiymətləndirir. Siz gənc kadrların hazırlanmasında çox böyük iş görürsünüz. Bakı Musiqi Akademiyasının rektoru kimi bir çox istedadlı gənc kadrların hazırlanmasında sizin çox böyük əməyiniz olubdur. Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri kimi, demək olar ki, bu festivalın dünya miqyaslı mədəni tədbirə çevrilməsində sizin xüsusi rolunuz var. Şadam ki, bu gün Azərbaycan bütün istiqamətlər üzrə beynəlxalq tədbirlərin keçirilməsində öz töhfəsini verir və ölkəmizdə həm siyasi, iqtisadi, həm də idman və mədəni tədbirlər yüksək səviyyədə təşkil olunur.

Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev sizin fəaliyyətinizə həmişə çox böyük diqqət və qayğı göstərirdi. Bilirəm ki, sizin əməyinizi, sənətinizi yüksək qiymətləndirirdi, sizi bir insan kimi, bir gənc kimi də çox sevirdi. Siz bunu yaxşı bilirsiniz, mən də yaxşı bilirəm. Biz bir-birimizi çoxdan tanıyırıq və mən sizi çox gözəl insan kimi tanıyıram. Nəinki görkəmli mədəniyyət xadimi, gözəl, vətənpərvər, prinsipial, xeyirxah insan kimi siz Azərbaycan xalqının sevgisini qazanmısınız. Mən də çox şadam ki, uzun illər biz sizinlə çox yaxın münasibətlərdə olmuşuq və bu gün də bu, belədir. Hələ sovet vaxtında siz gənc ifaçı kimi SSRİ Xalq artisti adına layiq görülmüsünüz. O da əlbəttə ki, sizin istedadınızın sovet məkanı tərəfindən yüksək qiymətləndirilməsi demək idi. Bilirəm ki, müstəqillik dövründə sizin çoxsaylı xarici qastrollarınız olub və beynəlxalq tədbirlərdə Azərbaycanı həmişə çox yüksək səviyyədə, ləyaqətlə təmsil edirsiniz. Azərbaycan dövləti də sizi çox yüksək qiymətləndirir, sizə dövlət mükafatları verilmişdir. Bu gün isə siz yubileyiniz ərəfəsində Azərbaycan dövlətinin yüksək mükafatı – “İstiqlal” ordeni ilə təltif olunursunuz və mən istərdim ki, bu ordeni sizə təqdim edim.

* * *

Dövlətimizin başçısı İlham Əliyev “İstiqlal” ordenini Fərhad Bədəlbəyliyə təqdim etdi.

* * *

Fərhad BƏDƏLBƏYLİ dedi:

-Çox sağ olun, cənab
Prezident. Əlbəttə bu, çox sevindirici bir haldır. Bu gün axşam mənim konsertimdir, gündüz isə cənab Prezident mənə belə yüksək mükafatı təqdim edir.

İstiqlal, ümumiyyətlə, bütün Azərbaycanın neçə nəslinin böyük bir arzusu olub. Azad Azərbaycanın böyük Prezidenti mənə bu ordeni verir. Burada böyük bir məna var. Bakı Musiqi Akademiyasında heç vaxt unutmurlar ki, bu ali məktəbə Üzeyir bəyin adını Siz qaytarmısınız. Bütün ziyalılar bunu gözləyirdilər və Siz bunu etdiniz. Siz düz buyurdunuz ki, bizim çoxlu cavan ifaçılarımız neçə-neçə beynəlxalq müsabiqələrdə qalib olurlar, idman öz yerində, amma biz də beynəlxalq müsabiqələrdə, konsertlərdə, neçə-neçə tədbirlərdə bayrağımızı qaldırırıq. Əlbəttə, bu uğurlarda Heydər Əliyev Fondunun, Mehriban xanımın xüsusi rolu var. Bu gün konsertdə dirijorluq edəcək Fuad İbrahimov 9 il Kölndə oxuyub, fond ona kömək edib. İndi o, gözəl dirijordur. Yəni, biz bu diqqəti həmişə hiss edirik. Vaxtilə Siz bizə pul ayırmısınız, biz gözəl royallar almışıq, indi gözəl təmirimiz var. Yəni, o diqqəti biz həmişə hiss edirik.

Bu da çox vacib məsələdir. Əlbəttə, mən Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi kimi Sizə dərin təşəkkürümü bildirirəm. Çünki Siz hər yerdə harada olursunuzsa - Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, Brüsseldə, Parisdə hər dəfə çıxışınızda Qarabağ məsələsini qaldırırsınız. Biz bilirik ki, gec-tez hamımız Sizinlə birlikdə Şuşaya qayıdacağıq. Biz Sizə dərin minnətdarlığımızı bildiririk. Çünki biz hiss edirik ki, bu mövzu Sizin diqqət mərkəzinizdədir. Əlbəttə, biz çalışırıq ki, Azərbaycanın adı hər yerdə ən yüksək səviyyədə səslənsin. Birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, olimpiadalarda bizim idmançılarımız qalib olanda, bayrağımız yüksələndə biz hamımız sevincdən az qalırdı ağlayaq. Bir neçə məzunumuz Böyük Teatrda solistdir – Elçin Əzizov, Dinarə Əliyeva. İndi gənclərimizin bir neçəsi La Skalada çıxış edir, yəni, işləyirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, sizə yeni uğurlar arzulayıram.

* * *

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında