Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.

nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verdi.

Bildirildi ki, builki sərgidə 20 ölkədən 192 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr təmsil olunur.

Nazir Ramin Quluzadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə də məlumat verdi.

Qeyd olundu ki, 2019-cu ildən etibarən veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşlar “Elektron imza” sertifikatı ilə təmin olunacaqlar. Bunun üçün müvafiq infrastruktur artıq hazırdır. Gələn ildən “Elektron imza”ların dövlətlərarası qarşılıqlı tanınması prioritet istiqamətlərdən olacaq. Bu imzanın aktiv istifadə edilə biləcəyi məkan “Elektron Hökumət” portalıdır. Hazırda bu portal vasitəsilə vətəndaşlar 89 dövlət və qeyri-dövlət qurumunun xidmətlərindən yararlana bilirlər. “Güzəştli mənzil sistemi” artıq portala inteqrasiya olunub, burada “Elektron ipoteka sistemi” yaradılıb. Ümumilikdə, bu il portala 40 yeni xidmət əlavə olunub. Görmə qabiliyyəti məhdud olan insanlar üçün hazırlanan “Danışan Kitabxana”ya Heydər Əliyev Fondunun təşəbbüsü ilə 200 kitab əlavə edilib.

Sonra dövlətimizin başçısına və birinci xanıma “Baktelecom” və “Aztelekom”un il ərzində həyata keçirdiyi layihələrlə bağlı məlumat verildi. Müasir texnologiya sayəsində əlavə avadanlıq olmadan, bir xətt üzərindən əhaliyə telefon, internet və televiziya xidmətləri göstərilir. Eyni zamanda, dördüncü nəsil simsiz rabitə texnologiyası üzərindən xidmət də həyata keçirilir. Artıq Bakıda və Xaçmazın 4 kəndində bu texnologiya test qaydasında tətbiq edilib. Bir il ərzində layihə Abşeron yarımadasını da əhatə edəcək. “İctimai İnternet” layihəsi çərçivəsində 18 məkan pulsuz internetlə təmin olunub. Avropada 1 internet provayderinin təmin etdiyi ən geniş pulsuz “Wi-Fi” zonası Bakıdadır.

Daha sonra “AzInTelecom”un beynəlxalq səs trafiki mübadiləsinin təşkili, telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması, eləcə də Regional “Data Mərkəzi”nin texniki imkanları vasitəsilə “bulud” əsaslı xidmətləri barədə məlumat verildi. Beynəlxalq səs trafikinin təşkili üçün istifadə edilən kommutasiya şəbəkəsi tam surətdə yenilənərək IP əsaslı yeni Beynəlxalq Kommutasiya Sistemi qurulub.

Yeni yaradılan xidmət mərkəzlərindən biri də “Şəbəkə”dir. Hazırda respublika üzrə 5 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda yerləşir, digəri isə Cəlilabad şəhərindədir. Xidmət şəbəkəsinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin ölkənin bütün böyük şəhər və rayonlarında açılması nəzərdə tutulur.

Diqqətə çatdırıldı ki, bu il 25 yaşını qeyd edən “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2017-ci ildə bir sıra işlər görülüb. “Azərbaycan poçt markalarında” adlı kitab həm yerli, həm də əcnəbi filatelistləri ölkəmizin mədəni irsi ilə tanış edir.

 “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin stendi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qurumun həyata keçirdiyi layihələr barədə məlumat verildi. 2010-cu ildə yaradılmış və Qafqazda ilk peyk operatoru olan Azərkosmos “Azərspace-1” peyki vasitəsilə öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, səs, video məlumatlarının ötürülməsi və digər xidmətləri təqdim edir. Yüksək ixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” ASC-nin yaradılmasından ötən dövr ərzində bu qurum ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib.

Sərgidəki Yüksək Texnologiyalar Parkında yerli startapçılar tərəfindən hazırlanan məhsullar nümayiş olunur. “Made in Azerbaijan” brendi altında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların layihələri böyük maraqla qarşılanır. 

Sonra Prezident İlham Əliyev “Euronews” və “Rossiya-24” televiziya kanallarının suallarını cavablandırdı.

Sərgidə Virtual Cərrahiyyə barədə də məlumat verildi. Dünya təcrübəsində ilk dəfə Azərbaycan cərrahları artırılmış reallıq eynəkləri ilə üzün bərpası əməliyyatını keçiriblər. Üzdə aparılan rekonstruktiv cərrahi əməliyyatlara yüksək funksional və estetik tələblər qoyulur. Bu metodika nəticəsində qısa müddətə yüksək dəqiqlik, təhlükəsizlik və estetik nəticələrə nail olmaq mümkündür.

Sərgidəki “Oyun zonası”nda Yüksək Texnologiyalar Parkının biznes inkubatorunda fəaliyyət göstərən yerli “startap”lar - “Pazl xalça” və “Yüksəklik” oyunlarını təqdim edirlər. “Pazl xalça” oyunu Azərbaycan xalçaçılıq məktəblərinin, xalça növlərinin öyrənilməsini və tarixi dəyərlərə sevgi ruhunun aşılanmasını təbliğ edəcək. “Yüksəklik” virtual reallıq döyüş oyunudur. Oyun düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunu hazırlayanlar 2016-cı ilin aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla işğaldan azad etdiyi Lələtəpə yüksəkliyindən ilhamlanıblar. Burada, həmçinin “Omarov's Game Studio” şirkətinin təqdim etdiyi oyunlar da nümayiş olunur. Şirkət bir il ərzində qlobal bazarda auditoriyası 3 milyondan artıq olan 4 oyun istifadəyə verib.

Məlumat verildi ki, Rusiya Federasiyası sərgidə geniş təmsil olunur. Rusiyanın 5 şirkəti  televiziya şəbəkələri və onlayn video üçün platformalar, bu sahədə müxtəlif xidmətlərini təklif edir. Bundan başqa, Rusiyanın stendində mobil şəbəkələrin optimallaşdırılması və radioölçmələr, peşəkar texniki təlimlər, eləcə də şəbəkənin idarə edilməsi və nəzarət üzrə həll variantlarının hazırlanması və tətbiqi sahəsində ixtisaslaşmış xidmətlər nümayiş olunur.

Fransa “Bakutel-2017” sərgisində 4 şirkətlə təmsil olunur. Bunlar qlobal proqram hazırlığı üzrə dünyada tanınmış şirkətlərdir.  Eyni zamanda, Fransa stendlərində sənaye üçün qabaqcıl texnologiyalar, batareyaların hazırlanması və quraşdırılması, həmçinin yaşayış və qeyri-yaşayış binaları, məlumat mərkəzləri, ofis məkanları üçün şəbəkə avadanlığı və müşahidə sistemləri təqdim olunur. Bu ölkənin şirkətləri alıcılara təhlükəsiz mobil rabitə həlləri, iOS və Android telefonlarının zənglərini, mobil məlumat axınlarını, mesajların, elektron və poçt mübadiləsini şifrələyən sistemlərini təklif edir.

“Bakutel-2017” sərgisində iştirak edən ölkələr arasında Sloveniya da var. Bu ölkə 10 ildən artıqdır ki, “Bakutel” sərgisində iştirak edir. Sloveniya pavilyonunda İKT avadanlıqları, yeni texnologiyalar nümayiş olunur. Stendlərdə rabitə, dəmir yolu, energetika, təhlükəsizlik sahələrində İKT məhsulları barədə məlumat verilir. 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının pavilyonuna gəldilər. Məlumat verildi ki, Türkiyə digər sərgilərdə olduğu kimi, “Bakutel-2017”də də geniş təmsil olunur. Qardaş ölkənin ümumilikdə 4 aparıcı şirkəti burada məhsullarını təqdim edir. Bu məhsullar arasında peyk sistemləri, rabitə, mobil və milli poçt operatorlarının xidmətləri yer alır. Türkiyə bu sərgiyə böyük maraq göstərir və hər il şirkətlərin təklif etdiyi xidmət və məhsulların çeşidi artır.

Kanada artıq 8 ildir ki, “Bakutel” sərgisində təmsil olunur. Budəfəki sərgidə Kanadanın 5 şirkəti simsiz, məlumat və sabit kommunikasiya şəbəkələri, telekommunikasiya cihazları ilə bağlı məhsullarını nümayiş etdirir.

“Bakutel-2017”nin fəal iştirakçıları arasında İran İslam Respublikası da var. İranın 9 şirkəti sərgidə intellektual məhsullarını nümayiş etdirir. Yüksək səviyyəli bu məhsullar böyük maraqla qarşılanır. Burada əsasən “startap” layihələri barədə məlumat verilir. İran şirkətlərinin də “Bakutel” sərgisinə marağı ildən-ilə daha da artır.

Gürcüstanın 4 şirkəti “Bakutel-2017”də məhsullarını təqdim edir. Bu şirkətlər inşaat sənayesi üçün innovativ platformalar və İKT layihələri, “startap” və interaktiv dil öyrənmək üçün tətbiq ilə bağlı məhsullarını nümayiş etdirir.

İtaliya-Azərbaycan Ticarət Palatasının da sərgidə stendi var. Burada telekommunikasiya, naviqasiya, Yerin fəzadan müşahidəsi, ətraf mühitin idarə edilməsi, kəşfiyyat, elm və orbital infrastrukturlar üçün yüksək texnologiyalar üzrə həllər sahəsində 40 illik təcrübəsi olan İtaliya şirkəti məhsullarını nümayiş etdirir. Şirkət ölkəmizlə İKT sahəsində əməkdaşlıqda maraqlıdır.

Xorvatiya da “Bakutel” sərgisinə böyük maraq göstərir. Sərgidə bu ölkənin 5 şirkəti bulud və üztanıma texnologiyaları, mehmanxanalar, səhiyyə müəssisələri, aviasiya sənayesinin idarə edilməsi üçün proqram təminatı təqdim edir.

Birləşmiş Ərəb Əmirliklərinin stendində İT aktivlərinin ömrünü uzatmağa imkan verən məlumat mərkəzləri üçün texniki xidmətlər təklif olunur. Burada, həmçinin video, audio və məlumat siqnallarının qəbulu və yayılması üzrə texnologiyalar maraqla qarşılanır.

“Bestcomp” Cənubi Qafqaz və Orta Asiyanın İKT üzrə aparıcı şirkətidir. 2017-ci ildə şirkət ABŞ-ın Çikaqo şəhərində ilin ən yaxşı tərəfdaşı seçilib. Sərgidə şirkətə məxsus innovativ həllər nümayiş etdirilir. Həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan “Htech İnvest” şirkətinin Azərbaycanda istehsal etdiyi “Acer” kompüterləri təqdim olunur.

Sərgidə iştirak edən “AzQtel” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda 4G texnologiyası əsasında genişzolaqlı mobil internet xidməti göstərən operatordur. “Sazz” internet brendi ilə tanınan şirkət ölkənin ən böyük internet provayderlərindən biridir. Abşeron yarımadasında, eləcə də digər şəhərlərdə simsiz, limitsiz və yüksək sürətli internet təqdim etmək məqsədilə şirkət sərgidə ən son texnologiyaları nümayiş etdirir.

“Huawei” şirkəti Azərbaycan bazarına 2002-ci ildə daxil olub. 2004-cü ildə şirkətin ölkəmizdə nümayəndəliyi, 2011-ci ildə isə filialı təsis edilib. “Huawei” hər zaman İKT sənayesinin inkişafını təbliğ etməyi, ticarət və mədəniyyət əlaqələri mövzusunda yardımçı olmağı qarşısına məqsəd qoyub. İndiyədək şirkət Azərbaycandakı bütün əsas telekommunikasiya operatorları ilə əməkdaşlıq qurub və əhalinin təxminən yarısını əhatə edən telekommunikasiya şəbəkəsi yaradıb.

“Nokia” şirkəti də “Bakutel-2017” sərgisində təmsil olunur. Şirkət bütün dünyanı birləşdirən texnologiyalar hazırlayır və “Nokia Bell” laboratoriyalarının tədqiqat və innovasiyasından istifadə edərək xidməti provayderlərini, iri müəssisələr və istehsalçıları ən mükəmməl və fasiləsiz İKT xidmətləri ilə təmin edir.

Dövlətimizin başçısı “Microsoft” korporasiyasının stendi ilə də tanış oldu. “Microsoft” 1975-ci ildə təsis olunub və proqram təminatı istehsalında dünya lideridir. Korporasiya geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server əlaqələri üçün server tətbiqləri var. Şirkət ölkəmizdə 2005-ci ildən fəaliyyət göstərir.

Sonra dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzinin foyesində “Azərmarka” tərəfindən 25 il ərzində dövriyyəyə buraxılan ən maraqlı poçt markalarından ibarət fotoqalereyaya baxdılar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında