Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edib

Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani konfransda iştirak ediblər. Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rabbani konfransı açıq elan etdi. O, çıxışında bu tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirərək dedi: “İlk növbədə, fürsətdən istifadə edərək iştirakçı və dəstəkləyici ölkələrin xarici işlər nazirlərini, yüksək səviyyəli nümayəndələrini, regional və beynəlxalq təşkilatların rəsmilərini gözəl Bakı şəhərində “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında salamlamaq istərdim. Biz səmimi qonaqpərvərliyə və bu mühüm konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Biz bu gün Bakıda 7-ci nazirlər toplantısında görüşürük. Bu görüş Əfqanıstanın və Asiyanın Qəlbi regionunda sülhün və tərəqqinin təbliği ilə bağlı qarşıda duran hədəfə çatmaq məqsədi daşıyan bu prosesin uğuru üçün eyni öhdəliyi paylaşdığımızı bir daha təsdiqləyir”. Səlahuddin Rabbani Asiyanın Qəlbi olan regionda sülhün və əmin-amanlığın təmin edilməsi baxımından bu tədbirin önəmini vurğuladı. “Bu tədbir bir daha bizim müştərək öhdəliyimizi əks etdirir”, – deyən Səlahuddin Rabbani əsas diqqətin regionda iqtisadi inkişafa və əməkdaşlığın daha da dərinləşməsinə yönəldiyini diqqətə çatdırdı. O, terrorla mübarizədə etimadın yaradılması tədbirlərinə rəhbərlik edən ölkələrin proqram və layihələrini həyata keçirməklə bağlı fəal rolunu xüsusi vurğuladı. 2011-ci ildən başlayan prosesin artıq 7-ci dəfədir reallaşdığını, gələn il tədbirin Türkiyədə keçiriləcəyini dedi.
Sonra dövlətimizin başçısı konfransda nitq söylədi.     

 

Azərbaycan  Prezidenti  İlham  Əliyevin  nitqi

 

– Hörmətli cənab Prezident Əşrəf Qani!

Nümayəndə heyətlərinin rəhbərləri!

Xanımlar və cənablar!

“Asiyanın Qəlbi - İstanbul Prosesi”nin iştirakçı və dəstəkləyici ölkələrini və təşkilatlarını Bakıda keçirilən 7-ci nazirlər toplantısında salamlayıram.

Zati-aliləri, möhtərəm Prezident Məhəmməd Əşrəf Qaniyə nazirlərin Bakı toplantısının açılışında iştirak üçün mənim dəvətimi qəbul etdiyinə görə minnətdarlığımı ifadə edirəm.

Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”ni Əfqanıstanda sülhün, barışığın, təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq və əməkdaşlıq üçün dəyərli mexanizm hesab edir. 2012-ci ildə prosesə qoşulandan bəri biz bu çoxtərəfli platformada fəal şəkildə iştirak etməkdəyik.

Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsi, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik və yəqinlik təmin edir. Bu prinsiplər İstanbul Prosesi çərçivəsində bizim münasibətlərimiz və əməkdaşlığımız üçün zəmin təşkil edir və bu, “Asiyanın Qəlbi” Bəyannamələrində bir daha vurğulanmışdır.

Müstəqilliyinin bərpasının ilk illərindən Azərbaycanın təhlükəsizliyi Ermənistanın hərbi təcavüzü nəticəsində ciddi təhdidlərlə üzləşmişdir. Azərbaycan ərazisinin beşdəbir hissəsinin davam etməkdə olan işğaldan və yüz minlərlə vətəndaşının məcburən öz torpaqlarından qovulmasından əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini tam anlayır. Ermənistan 20 ildən çoxdur ki, Azərbaycanın təqribən 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.

İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyaları göndərib və onların hesabatlarında həmin torpaqlarda vandalizm aktlarının törədildiyi göstərilib. Şəhərlərimiz və kəndlərimiz, binalar, məzarlar və qəbiristanlıqlar, məscidlər Ermənistan tərəfindən dağıdılıb.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir.

Hörmətli qonaqlar, Azərbaycan Əfqanıstanın qarşısında duran çağırışların öhdəsindən gəlməsində onu dəstəkləyən birinci və ən fəal ölkələr sırasındadır. Biz ikitərəfli səylər və eləcə də çoxtərəfli platforma çərçivəsində fəal iştirakımızla Əfqanıstanda ölkənin sabitliyinə, sülh şəraitində yenidənqurma və inkişafına yardım işinə sadiq olaraq qalırıq.

Əfqanıstanın rifahı və tərəqqisi iqtisadi artım və regional əməkdaşlıq məsələləri ilə qarşılıqlı şəkildə bağlıdır və regionun ümumi təhlükəsizlik mühitindən asılıdır. Çox önəmlidir ki, Əfqanıstanın yenidən qurulması və iqtisadi inkişafı məsələlərinə səylərimizin yönəldilməsi ilə yanaşı, biz ölkənin indiyədək əldə etdiyi tərəqqini qoruyub saxlamaq üçün Əfqanıstanın üzləşdiyi təhlükəsizlik çağırışlarını həll etməkdə davam edirik.

Belə ki, terrorizm, radikal ekstremizm və separatizmin bütün forma və ifadə vasitələrindən qaynaqlanan təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərimizin davam etdirilməsi və bu məqsədlə regional əməkdaşlığın artırılması vacibdir.

Azərbaycan ikitərəfli müstəvidə, eləcə də idarəçilik, hərbi, hüquq mühafizə və minaların təmizlənməsi sahələri üzrə təlimlər vasitəsilə Əfqanıstanla öz təcrübəsini bölüşməyə sadiqdir. Biz Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrindən (İSAF) sonrakı Qətiyyətli Dəstək Missiyasına (RSM) qüvvə, multimodal tranzit, təlim və maliyyə yardımı təchiz etməklə töhfə veririk.

Şəffaf, korrupsiyaya və rüşvətə dözümsüz olan Azərbaycanın Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” Əfqanıstanla fəal şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlıq vətəndaşlara ictimai və fərdi xidmətlər göstərən “bir pəncərə” mərkəzlərinin yaradılması ilə Əfqanıstanın ictimai xidmətlərinin inkişaf etdirilməsinə yönəlmişdir.

Azərbaycan, eyni zamanda, geniş regional bağlılıq vasitəsilə Əfqanıstanın regional iqtisadiyyata inteqrasiyası, eləcə də öz qonşu və daha geniş region ölkələri ilə ticarətin canlandırılması üçün Əfqanıstanla əməkdaşlıq edir.

Azərbaycanın təşəbbüskarı olduğu və davam etməkdə olan regional bağlılıq layihələri, o cümlədən bu yaxınlarda açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri, Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir. Bu layihələr Əfqanıstanın qlobal bazara çıxışını asanlaşdıracaq və bölgədə yükdaşımaların daha qısa, daha sürətli və daha səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradacaq bağlılığı təmin edəcəkdir.  

Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan tərəfindən bu yaxınlarda imzalanmış Lapis-Lazuli razılaşması Əfqanıstanı birbaşa Avropa ilə əlaqələndirəcək başlıca beynəlxalq, ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır. Bu, Əfqanıstanın Avrasiya boyu ticarəti artırmaq üçün infrastrukturun qurulması və təkmilləşdirilməsi vasitəsilə bağlılığa nail olmaq səylərində əldə olunmuş mühüm mərhələdir. Azərbaycan bu razılaşmanın bir hissəsi olaraq tranzit və nəqliyyat baxımından Əfqanıstan üçün çoxsaylı seçimlərin təmin edilməsinə töhfə verməkdən məmnundur.

Əfqanıstanın regional ticarət, tranzit və nəqliyyat üçün vacib qovşaq qismində rolunu nəzərə alaraq bu coğrafi mövqenin faydalarını bölüşmək və Əfqanıstanda davamlı inkişafı dəstəkləmək baxımından Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransının (RECCA) rolu çox mühümdür.

Əfqanıstana yardım yalnız insan həmrəyliyi məsələsi deyil. Bu, bütün region üçün regional iqtisadi əməkdaşlıq kontekstində ölkənin təhlükəsizliyini təmin etmək və böyük potensialını aşkarlamaqdan ibarətdir. Asiyanın Qəlbi regionunda sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsinin iki əsas istiqaməti üzrə strateji müzakirələrin aparılması məqsədilə Bakıda keçirilən nazirlər toplantısının mövzusu “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” seçilmişdir. Əminik ki, uyğun coğrafi mövqeyi, xalqının əzmkarlığı və hökumətin səyləri ilə Əfqanıstan Asiyanın Qəlbi regionunda regional ticarət və bağlılıqda vacib tərəfə çevriləcəkdir.

İnanıram ki, 2015-2025-ci transformasiya onilliyində Əfqanıstana dəstək olmaq üçün birgə səylərimiz Əfqanıstanın layiq olduğu təhlükəsiz, vahid, çiçəklənən və qonşuları ilə sülh şəraitində yaşayan ölkə olmaq məqsədlərinə nail olması üçün mühüm pillədir.

Əfqanıstanın suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə Azərbaycanın dəstəyini vurğulayır və Milli Birlik Hökumətinin qardaş və dost əfqan xalqı üçün vahid və sülh şəraitində çiçəklənən gələcəyə nail olmaq istiqamətində səylərinə uğurlar arzulayıram. Sağ olun.

* * *

Daha sonra Əfqanıstan ­Prezidenti Məhəmməd Əşrəf QANİ çıxış edərək dedi:

– Biz regional əməkdaşlığa ehtiyacın heç vaxt indiki qədər böyük olmadığı bir vaxtda görüşürük. Qarşımızda duran böyük iqtisadi imkanlar bizi cəlb edir, zərərli transmilli şəbəkələr və cinayətkar təşkilatlar isə bizə təhlükə törədir. Coğrafiya bizi qonşulara çevirib. Ümumi baxış, liderlik, siyasi iradə, idarəçiliyə güclü diqqət bizi bir-birindən asılı olan dünyada regional və qlobal təhlükəsizlik çərçivəsində milli təhlükəsizlik və tərəqqiyə can atan tərəfdaşlara çevirəcək.

Cənab Prezident, icazə verin, bizi tarixi və gündən-günə gözəlləşən Bakı şəhərində qəbul etdiyinizə görə Sizə və Azərbaycan xalqına təşəkkür edim. Sizin Şimal marşrutunun açılması ilə bağlı rəhbərliyiniz bizim təhlükəsizliyimiz üçün mühüm əhəmiyyət kəsb edir və onun çoxmodullu nəqliyyat sistemində Lapus-Lazuli dəhlizinə çevrilməsi regional və qlobal iqtisadi bağlılıqda aparıcı rol oynayacaq. Sizin cəsur əsgərləriniz bizim təhlükəsizliyimizə, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinə və Qətiyyətli Dəstək Missiyasına öz töhfələrini veriblər. Biz Sizin hərbi dəstəyin artırılması ilə bağlı son bəyanatınızı alqışlayırıq. Siz özünüzə miras qalmış elan olunmamış müharibədən, məcburi köçkünlük, yoxsulluq, cinayətkarlıq və korrupsiyadan qaynaqlanan problemlərinizi həll edərək bizim problemlərimizi və perspektivlərimizi dərindən başa düşdüyünüzü nümayiş etdirmisiniz. 2000-ci ildən başlayaraq ümumi daxili məhsulun yüksəlməsi timsalında Sizin problemlərin öhdəsindən gəlməkdə əldə etdiyiniz uğur sabitlik və rifah axtarışımızda bizə inam verir.

Davamlı islahatlar və ya nümunələr vasitəsilə iqtisadiyyatınızı sistematik olaraq şaxələndirməyiniz bizi sevindirir. Siz birbaşa təlim və paylaşma vasitəsilə bizə ən yaxşı formada texniki yardım göstərirsiniz. Mən bu gün ölkələrimiz arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması üzrə sazişin, eləcə də digər sazişlərin imzalanmasını səbirsizliklə gözləyirəm.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”nə dəstək verən bütün ölkələrə və beynəlxalq təşkilatlara minnətdarlıq edən Prezident Məhəmməd Əşrəf Qani hazırda Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün yol xəritəsinin həyata keçirildiyini bildirdi, ölkəsinin Asiya regionunda tutduğu mövqedən danışdı, əfqan xalqının və hökumətinin mövcud problemlərin aradan qaldırmaq yolunda əzmlə çalışdığını dedi. Bu istiqamətdə İŞİD və terrorizmin bütün təzahürlərinə qarşı mübarizə, narkotiklərin qarşısının alınması ilə bağlı tədbirlərin görüldüyünü deyən Məhəmməd Əşrəf Qani son illərdə Əfqanıstanda infrastrukturun yaradılması, qonşu ölkələrlə ticari və iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində görülən işlərdən də bəhs etdi. Əfqanıstanın təbii ehtiyatlarından səmərəli istifadəyə, ölkədə kənd təsərrüfatının inkişafı sahəsində geniş fəaliyyət proqramına başlandığını və uğurla icra edildiyini diqqətə çatdırdı.

* * *

Sonda birgə foto çəkdirildi.

Xatırladaq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında