Sabirabad Sənaye Məhəlləsinin təməli qoyulub

Noyabrın 28-də Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Azərbaycanda ilk sənaye məhəlləsi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Neftçalada yaradılıb. Bu ilin sentyabrında dövlətimizin başçısının iştirakı ilə açılışı olan həmin məhəllədə indi 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində 474 yeni iş yeri açılıb. Sahibkarların marağı nəzərə alınaraq ərazinin genişləndirilməsi nəzərdə tutulur.

Daha bir sənaye məhəlləsi Azərbaycan Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamına əsasən, Masallıda yaradılacaq.

Dövlətimizin başçısına məlumat verildi ki, ümumilikdə 10 hektar, ilkin mərhələdə isə 3,54 hektar ərazini əhatə edəcək Masallı Sənaye Məhəlləsində üç istehsalat korpusu, inzibati və texniki binalar, köməkçi sahələr tikiləcək. İnşasına bu ilin iyulunda başlanılan məhəllədə 2018-ci ilin aprel ayında müəssisələrin fəaliyyətə başlaması nəzərdə tutulub. Tikintiyə cəlb edilmiş işçilərin sayı 200 nəfərdir. Burada sahibkarlar tərəfindən 33 layihə təklif olunub. Layihələrin əsas istiqamətləri mebel, tikinti materialları, plastik tara, xalça, süfrə suyu, qida və kənd təsərrüfatı məhsullarının istehsalıdır. Müəssisələrin işə düşməsi nəticəsində 600-dən çox yeni iş yeri açılacaq.

Prezident İlham Əliyevə təqdim olunan daha bir layihənin icrasına – Hacıqabul Sənaye Məhəlləsinin tikintisinə gələn ilin yanvarında başlanılacaq. Dövlətimizin başçısının bu ilin iyulunda imzaladığı müvafiq Sərəncama əsasən yaradılacaq məhəllədəki müəssisələr ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Məhsulların satış bazarları isə MDB, Yaxın Şərq və Afrika ölkələri olacaq.

Azərbaycan Prezidentinin bir gün əvvəl imzaladığı Sərəncama əsasən, Sabirabadda da sənaye məhəlləsi yaradılacaq. İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.

Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlini qoydu.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında