Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasında yüksək şərait yaradılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Təhsildəki nailiyyətlər hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca məqsəd seçib. Bununla da neft gəlirləri Azərbaycanda həm də təhsilin və elmin inkişafına yönəlib. Birləşmiş Millətlər Təşkilatı da XXI əsri “Təhsil əsri” elan edib. Odur ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu indiki qədər heç vaxt aktual olmayıb.

Təhsilin inkişafına xüsusi önəm verən Azərbaycan da əhalisinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində ölkənin ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Təhsil sahəsində fondun ən böyük və irimiqyaslı işi olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla davam etdirilir. Onu da deyək ki, 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.

Dövlətimizin başçısına Salyan şəhər 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə bağlı məlumat verildi.

Bildirildi ki, 1954-cü ildən ümumtəhsil məktəbi kimi fəaliyyət göstərən Salyan şəhər 2 saylı tam orta məktəb 1937-ci ildə tikilmiş ikimərtəbəli uyğunlaşdırılmış binada yerləşirdi. 2003-cü ilədək məktəb binası 26 sinif otağından ibarət idi və tədris iki növbədə aparılırdı. 2003-cü ildə əlavə 14 sinif otağı tikildi və həmin ildən etibarən tədris birnövbəli sistemə keçdi.

2016-2017-ci tədris ilində məktəbin 556 şagirdi müvəqqəti olaraq 3 saylı tam orta məktəbin binasında yerləşdirilmişdi. Dövlətimizin başçısının ötən il imzaladığı sərəncamla məktəb üçün yeni bina tikildi və bu, bir çox problemləri aradan qaldırdı. İlk növbədə, digər təhsil ocaqlarında yerləşdirilən şagirdlər öz doğma məktəblərinə qayıtdılar. İndi onlar müasir, zəruri avadanlıqla təchiz olunmuş məktəbdə təhsillərini davam etdirirlər.

Üç mərtəbədən ibarət yeni məktəb binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq zalları fəaliyyət göstərir.

Burada yaradılan şərait bir daha təsdiqləyir ki, son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modeli dayanır. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlanıb. Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb.

Prezident İlham Əliyev məktəbin sinif otaqlarında, laboratoriyalarında, idman və atıcılıq zallarında yaradılan şəraitlə tanış oldu. Atıcılıq otağında şagirdlər pnevmatik silahdan hədəfə atəş açmaq məharətlərini nümayiş etdirdilər.

Dövlətimizin başçısı məktəbin müəllim və şagird kollektivinə uğurlar arzuladı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında