Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib

İyunun 13-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.  AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.

 

 

 

 

 

 

Prezident İlham Əliyevin çıxışı

 

– Hörmətli səfirlər, mübarək Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır.

İlk növbədə, xahiş edirəm ki, mənim salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri vardır. Biz ikitərəfli formatda fəal əməkdaşlıq edirik və beynəlxalq arenada da bir-birimizi daim dəstəkləyirik. Xüsusilə BMT-də və digər beynəlxalq təşkilatlarda təmsil etdiyiniz ölkələrlə əməkdaşlığımız çox uğurludur.

Bildiyiniz kimi, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Təşkilatın xətti ilə Azərbaycanda bir çox mötəbər tədbirlər keçirilmişdir. Ötən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş Zirvə görüşündə də təşkilat və onun üzvləri Azərbaycana bir daha öz dəstəyini bildirmişlər. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrini dəstəkləyir. Keçənilki Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da çox önəmli addımlar atılmışdır, qərar qəbul edilmişdir. İslam Əməkdaşlıq Təşkilatı münaqişə ilə bağlı bir çox sənədlər, qətnamələr qəbul etmişdir ki, o sənədlərdə Azərbaycanın haqlı mövqeyi dəstəklənir. Keçən il isə Ermənistanın təcavüzü ilə bağlı Kontakt Qrupu yaradıldı və biz bunu da çox yüksək qiymətləndiririk. Müsəlman ölkələri tərəfindən göstərilən dəstək və həmrəylik bizim üçün çox önəmlidir. Bu dəstəyə görə mən təşkilatın üzvlərinə minnətdaram.

Ermənistan Azərbaycanın torpaqlarının bir hissəsini uzun illərdir ki, işğal altında saxlayır, bütün beynəlxalq normaları kobudcasına pozur, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə biganə qalır, işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimizi məhv edib və bunu təsdiqləyən bir çox sənədlər, videomateriallar vardır. Erməni işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Biz bütün beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı həqiqətləri ortaya qoyuruq, dünya ictimaiyyətinə çatdırırıq. Əlbəttə, bunu müsəlman ölkələrinin ictimaiyyətinə də çatdırırıq ki, bu ölkələrdə yaşayan bizim qardaşlarımız ermənilər tərəfindən işğal edilmiş torpaqlarda hansı vəhşiliklərin törədildiyini görsünlər. Bu vəhşilik təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman aləminə qarşı törədilib. Bu yaxınlarda işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ucaldılmış məscid Şuşa məscidinin memarlığını təkrarlayır. Şuşa məscidləri, Ağdam məscidləri, işğal altında olan digər şəhərlərimizin məscidləri ermənilər tərəfindən dağıdılıb. Bu cinayət bütün müsəlman aləminə qarşı törədilmiş cinayətdir. Biz istəyirik ki, bütün dünya müsəlmanları bunu bilsinlər.

Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verir. Bildiyiniz kimi, bu il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilmişdir. İl ərzində ölkəmizdə və digər ölkələrdə bir çox tədbirlər keçirilmişdir. Bu ili “İslam Həmrəyliyi ili” elan etməyimiz bizim siyasətimizi əks etdirir, niyyətimizi göstərir. Mən tam əminəm ki, biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik.

Bu il, eyni zamanda, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Təmsil etdiyiniz ölkələrin idmançıları Azərbaycanda bu Oyunlarda iştirak edirdilər. Bir çox qonaqlarımız olmuşdur. Əminəm ki, onlar öz ölkələrinə ən xoş təəssüratlarla qayıdıblar. İslam Həmrəyliyi Oyunları sadəcə idman yarışı deyil. Biz istəyirdik ki, bu Oyunlar İslam aləmini birləşdirsin. İdmançılar, qonaqlar Bakıda olarkən bir ailə kimi yaşayırdılar və əminəm ki, bu günlər ərzində İslam həmrəyliyi ən yüksək zirvəyə qalxmışdır. Biz də çalışmalıyıq ki, bu həmrəyliyi bu yüksək zirvədə saxlayaq. Əminəm ki, belə də olacaq.

Bir daha sizi ürəkdən salamlayıram və sizə uğurlar arzulayıram.

* * *

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim çıxış edərək dedi:

– Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.

Əvvəlcə mən bütün müsəlman səfirlər adından energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.

Azərbaycan Respublikasında akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri və nümayəndələri adından Sizi mübarək Ramazan bayramı münasibətilə təbrik etməkdən şərəf hissi duyuram.

Bu fürsətdən istifadə edərək, Sizinlə görüşmək üçün dəyərli vaxtınızın bir hissəsini bizə ayırdığınıza görə bütün müsəlman səfirlər adından Zati-alinizə səmimi təşəkkürümüzü bildirirəm.

Cənab Prezident, qeyd etmək yerinə düşərdi ki, Sizin sayənizdə bu cür görüşlər müsəlman ölkələrini bir-birinə bağlayan qardaşlıq tellərini möhkəmləndirmək və inkişaf etdirməkdə qətiyyətinizi əks etdirən xoş bir ənənəyə çevrilib.

Bu gün keçirilən görüş xüsusi ilə əhəmiyyətlidir, çünki o, “İslam Həmrəyliyi ili”ndə və ilhamlandırıcı hisslər oyatmış möhtəşəm IV İslam Həmrəyliyi Oyunlarından sonra keçirilir. Hamımız bu Oyunlardan fəxr hissi duyduq və eyni zamanda, biz müsəlman dəyərlərinə uyğun olaraq, sülh, idman və harmoniya mesajını qəbul etdik və yaydıq.

Bu mübarək ay ərzində bütün müsəlmanlar İslamın ülvi dəyərlərini xatırlayır, öz qəlblərini və düşüncələrini paklandırır, onları birliyə, sülhə, əxlaqi dəyərlərə və mərhəmətə xidmət etməyə yönəldir, qərib və ehtiyacı olan insanlara daxilimizdə xeyriyyəçilik hisslərini oyadır, bir-birimizin günahlarını bağışlayır, qardaşlıq ruhunda ümumi taleyimizi birgə dərk edərək, sülh, həmrəylik və firavanlıq naminə bir yerə toplaşırlar.

Cənab Prezident, Azərbaycan Respublikasının nisbətən gənc olmasına, müstəqilliyinin başlanğıcında bir çox təhdidlərin olmasına baxmayaraq, onlar ölkə rəhbərliyinin müdrikliyi və uzaqgörənliyi sayəsində həll edilmişdir. Azərbaycan həmin mərhələləri uğurla keçmiş və özünün qədim İslam irsini və mədəniyyətini qürur hissi ilə qoruyaraq, gələcəyə doğru qətiyyətlə addımlayan və müasirliyə qovuşan, inkişaf edən dövlətə çevrilmişdir.

Bu qardaş ölkədə müsəlman səfirlər güclü inkişafın şahididirlər. Ölkəniz inanılmaz sürətlə güclü inkişafı, yenilənməni, islahatları və bir çox sahələrdə uğurlu dəyişiklikləri təmin edə bilmişdir.

Müsəlman ümmətinin ayrılmaz və mühüm üzvü olan Azərbaycan işğal olunmuş müsəlman əraziləri - Əl-Qüds Əl-Şərif kimi məsələlərdə haqq işini dəstəkləməklə İslamın əsl ruhunu və mesajını özündə əks etdirir. Bu gün ölkəniz bir çox çağırışlara qarşı göstərilən ümumi səylərin ön cərgəsindədir. Onlardan biri islamofobiya kimi cəfəng fikirlərlə bağlıdır. Siz bu mübarizəni düşünülmüş şəkildə, danılmaz mədəni, tarixi və dini əsaslarla aparırsınız, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mövzusunda Bakıda bir çox mühüm beynəlxalq konfranslar keçirirsiniz. Beləliklə, fərqlərin aradan qaldırılması, sivilizasiyaların toqquşması kimi yanlış arqumentin rədd edilməsi, İslamın bəşəriyyət irsinin qorunub saxlanılmasında oynadığı tarixi rolunun təqdim edilməsi, insan biliyinin və mədəniyyətinin bütün sahələrdə onun Qızıl dövründə verilmiş dəyərli töhfələrin təşviq edilməsi üçün böyük səylər göstərirsiniz.

Şübhəsiz ki, Azərbaycan İslamın əsl ruhunu əks etdirən, sülhün, inklüzivliyin, tolerantlığın əsas yer tutduğu ən nümunəvi məkanlardan biridir. Burada müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yan-yana yaşayırlar. Onlar ölkənizdə bir-biri ilə harmoniyada çalışmaq imkanına malikdirlər. Beləliklə, bütün dünyadan gəlmiş qonaqlar ölkələrinə Azərbaycan və İslam haqqında təsəvvür etdikləri imici müsbət qaydada daha yaxşı qavrayaraq qayıtdılar.

Cənab Prezident, müsəlman aləmi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, ölkənizin tərəfindədir və beynəlxalq hüququn, BMT-nin bütün qətnamələrinin ayrı-ayrı deyil, bərabər qaydada həyata keçirilməsi çağırışına qoşulur.

Bu müqəddəs ayda, cənab Prezident, biz arzu edirik ki, işğal olunmuş bütün müsəlman əraziləri və müqəddəs məkanlar yaxın vaxtlarda öz əsl sahiblərinə qayıtsın. Arzu edirik ki, dağıntı və terror yayaraq, İslamın adını ləkələyən pis əməllərə və səhv düşüncələrlə yaşayan məkrli qüvvələrə ümmətimiz qalib gəlsin, doğma ölkələrimizin üzərindəki qara buludlar dağılsın, fərqləri bir kənara qoyaraq, qardaş ölkələrimizdə sülhün və harmoniyanın bərqərar olunması naminə innovasiya, irəliləyiş sayəsində insan sivilizasiyasına ən dəyərli töhfə verən tərəf kimi özünün layiqli yerini bərpa etsin.

Zati-aliləri, müsəlman səfirlər və missiya rəhbərləri adından Sizə və ailənizə möhkəm cansağlığı, səadət və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh, irəliləyiş və firavanlıq arzulayıram.

Allah Azərbaycanı qorusun!

Allah İslam ümmətimizi qorusun!

Sağ olun, cənab Prezident!

* * *

Sonda xatirə şəkli çəkdirildi. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında