Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul edib.

Prezident İlham Əliyev Robin Danniqana XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında iştirak etdiyinə görə minnətdarlığını bildirdi. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampa sərgiyə ünvanladığı məktubda xoş sözlərə görə təşəkkürünü çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı qeyd etdi ki, ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığımızın yaxşı tarixə malik olduğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, “Bakı-Tbilisi-Ceyhan” layihəsini və ondan sonra icra olunan layihələri, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsini ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləmiş və bugünkü sərgiyə ABŞ Prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlər bir daha göstərir ki, Birləşmiş Ştatların yeni administrasiyası da bu layihəyə sadiqdir. Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu məktubda səslənən fikirlər Azərbaycana verilən dəstəyin və dostluq münasibətlərimizin daha bir göstəricisidir. Dövlətimizin başçısı bildirdi ki, Cənub Qaz Dəhlizi kimi tarixi layihənin, eləcə də Azərbaycanda bütün enerji layihələrinin həyata keçirildiyi bir dövrdə bu, çox önəmlidir və Robin Danniqanın Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin perspektivləri, eləcə də Cənub Qaz Dəhlizi, enerji sahəsində və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Azərbaycan neft və qaz sənayesinin inkişafında yeni səhifə açır, bütün lazımi infrastruktur, boru kəmərləri, peşəkar heyətlər hazırdır. Beləliklə, qarşımızda heç bir maneə yoxdur və çox yaxşı haldır ki, biz ABŞ-ın yeni administrasiyası ilə həm enerji sahəsində, həm də Prezident Trampın məktubda dediyi kimi, bir çox digər sahələrdə də yaxşı əməkdaşlığı davam etdiririk.

Xoş sözlərə görə minnətdarlığını bildirən ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan dedi: “Həm bizim enerji sahəsində əməkdaşlığa, həm də Azərbaycanın regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə verdiyiniz şəxsi dəstəyə görə minnətdarıq. Siz qeyd etdiniz ki, ABŞ Prezidenti Donald Trampın ünvanladığı məktub ABŞ Prezidentinin rəhbərliyi ilə yeni administrasiyanın dəstəyinin davam etdirilməsinin göstəricisidir. Tamamilə haqlısınız. Həm bu məktubda, həm də dövlət katibi Reks Tillersonun Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısına ünvanladığı məktubda səslənən fikirlər, eləcə də mənim bu sərgidə iştirakım bizim təkcə enerji sahəsində deyil, digər sahələrdə də əməkdaşlığımızın davam etdirilməsinə, Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində birgə işimizə sadiqliyimizin çox aydın göstəricisidir”.

Görüş zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında