Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi olub

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə – “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. “Bakı-2017”-də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.

Mayın 22-də Bakı Olimpiya Stadionunda idman həvəskarlarına bir çox unudulmaz, sevinc dolu anlar bəxş edən Oyunların təntənəli bağlanış mərasimi keçirildi.

Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasseri hərarətlə salamladılar.

Bu gün “Bakı-2017”-nin uğurunu şərtləndirən iki amili xatırlatmaq yerinə düşər. Yarışların gedişi bir daha təsdiqlədi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara yüksək səviyyədə hazırlıq görülüb, ən incə detallar belə nəzərə alınıb. Bakının 16 idman arenası ötən on gün ərzində tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Əminliklə demək olar ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı.

İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyib: “Azərbaycan paytaxtında möhtəşəm idman və dostluq bayramı başa çatır. Bakı İslam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələri qeyd etmək məqsədilə gözəl şəraiti təmin etdi. Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident və “Bakı-2017”-nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu. İslam Həmrəyliyi İdman Federasiyası adından Bakı sakinlərinə və Azərbaycan xalqına göstərdikləri fədakarlığa və çox böyük qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Biz sizi 2021-ci ildə İstanbulda keçiriləcək Oyunlarda yenidən görməyi səmimiyyətlə arzulayırıq”.

Azərbaycanın gənclər və idman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun sözlərinə görə, Oyunlar İslam ölkələrinin dostluğunu təcəssüm etdirdi: “IV İslam Həmrəyliyi Oyunlarının həyəcan dolu 10 günü idman, bayram və dostluğun təntənəsindən xəbər verir. “Bakı-2017” Əməliyyat Komitəsinin işinin başa çatmasına baxmayaraq, paytaxt şəhərimizin dünyada beynəlxalq idman və mədəniyyət mərkəzi kimi fəaliyyəti davam edir. Biz Bakıda bu yay keçiriləcək Formula-1 Azərbaycan Qran-Pri turnirində, 2017-ci ildə qadınlar arasında Avropa voleybol çempionatında və 2020-ci ildə UEFA-nın Avropa çempionatının dörddəbir final oyunlarında və üç qrup qarşılaşmasında bütün dünyanı yenidən salamlamağı səmimiyyətlə arzulayırıq”.  

Oyunların uğurunu təmin edən digər mühüm amil son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. Azərbaycan ilk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula-1” kimi mötəbər yarışlara uğurla ev sahibliyi edib, özünü dünyada idman ölkəsi olaraq tanıda bilib. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu.

Statistikaya diqqət yetirək: Bakıya rekord sayda – 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlib. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb.

“Bakı-2017”-ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən çox media nümayəndəsi, o cümlədən Oyunların rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın 70-dək əməkdaşı işıqlandırıb.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları birinci pillədə başa vurublar. Hamıdan çox qızıl medal qazanan atletlərimiz 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci olublar. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazılıb. Onlar, ümumilikdə, 26 medal – 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var.

Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanıblar.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləmələri və qaliblərə medalları şəxsən təqdim etmələri Oyunlara marağı daha da artıraraq, onu yeni məzmunla zənginləşdirib.

Tamaşaçılar gözəl və mükəmməl idman qurğusu olan Bakı Olimpiya Stadionunun tribunalarında öz yerlərini tutdular: 68 min yerlik stadion tamaşaçılarla doldu. Meydança müasir səs sistemi ilə təchiz olunmuş 360 dərəcəli nəhəng səhnəyə çevrildi.

Səhnə tərtibatı İslam incəsənətinin bənzərsiz həndəsi naxışlarına və ənənəvi Azərbaycan xalçalarının elementlərinə əsaslanır. Səhnənin mərkəzində döymə üsulu ilə hazırlanmış və hamarlanmış diametri 8 metr olan böyük su sinisi və hündürlüyü 25 metrə çatan “Həyat ağacı” yerləşdirilib.

Mayın 20-də atletika yarışları başa çatdıqdan sonra səhnə cəmi 36 saat ərzində qurulub. “Bakı-2017”-nin açılış və bağlanış mərasimlərinin hazırlanmasına 31 ölkədən 5000-dən çox səhnə mütəxəssisi, texniki heyət və aktyorlar qrupu cəlb olunub. Bağlanış mərasimi 1500 könüllü tərəfindən canlandırıldı.

Bağlanış mərasiminin möhtəşəmliyini bu faktlardan aydın görmək olar: Oyunların açılış şousunda istifadə olunmuş 270 dönmə dərəcəli işıq dirəyini 360 dönmə dərəcəsinə çevirmək üçün 12 nəfər 36 saat çalışıb. Mərasim üçün 75 kilometr elektrik kabelləri və 7 meqavatlıq generator gətirilib. Stadionda 300-dən çox səsgücləndirici qoyulub və 12 kilometr uzunluğunda kabel çəkilib. Mindən çox işıq avadanlığı 60 kilometrlik kabellərlə birləşdirilib. “Bakı-2017”-nin açılış və bağlanış mərasimlərinin kostyumlarının tikilməsi üçün 15 min metr parçadan istifadə olunub.

Stadiondakı nəhəng monitorda İçərişəhər canlandı. Gənc qadın burada havaya qızılı toz üfürdü. Gilavar qonaqpərvərliyi və xeyirxahlığı ilə məşhur olan ölkəmizdə hər qapını açaraq onu bütün Azərbaycana yaydı.

Xəzərdən əsən, özü ilə hərarət gətirən külək – gilavar qışı yumşaldır, havanı mülayimləşdirir və nəhayət, baharın müjdəsini çatdırır, insanları Dənizkənarı bulvara, əylənib şənlənməyə səsləyir. Hamını qoynuna alan gilavar küləklər şəhəri Bakıya qonaq gələn hər kəsi salamlayır. Məhz onun müsbət, güclü enerjisi bağlanış mərasiminin əsas qayəsini təşkil edirdi.

Böyük monitorda Azərbaycanın bir çox təbii və memarlıq abidələrini – Şəki Xan Sarayı, Qobustan Milli Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası və Heydər Əliyev Mərkəzini seyr edən tamaşaçının diqqəti yenidən Bakı Olimpiya Stadionuna yönəldi.

Sonra 10-dan 1-ə geriyə sayım başladı və bununla da IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə start verildi.   

Mərasimdə 1500 könüllü çıxış edirdi.

Stadionda Yaşar Baxışın “Əbədi birlik” əsəri səsləndi.

Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri tərəfindən stadiona gətirilərək, dövlət himninin sədaları altında dirəyə qaldırıldı. Stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq oldu.

İdmançıların paradı başladı. İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlər öz ölkələrinin milli bayraqları ilə stadiona daxil oldular. Paradı ev sahibi olan Azərbaycan atletləri tamamladı. Bu mərasim “Amarok” qrupunun ifasında “Naxçıvan halayı” ilə müşayiət olundu.

Xatırladaq ki, yarışlarda Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adaları, Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone, Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən və Azərbaycan idmançıları iştirak ediblər.

İdmançıların paradı zamanı Tünzalə Ağayeva, Samirə Allahverdi, Samirə Əfəndi, Hafex & Sahil Umud, Nigar Camal, Aygün Kazımova, Rilaya, Diana Miro populyar Azərbaycan mahnılarını səsləndirdilər.

Səhnədə quraşdırılmış “Həyat ağacı”na su verildi və o, rişə atmağa başladı. Ağacın ümumi uzunluğu 80 metr olan kökləri səhnənin kənarından çıxdı.

Aktyorlar qrupu üç rəngdə - yaşıl, qəhvəyi və göy rəngdə 60 ipək zolaqla səhnəyə çıxdılar. Süni quşlar onların başları üzərində uçur və bu zaman ipək zolaqlar birləşərək gözəl mənzərə yaradır. Yaşıl rəng – meşələri, qəhvəyi – dağları, göy isə çayları təcəssüm etdirirdi.

İpək zolaqlar sonda Azərbaycan bayrağının formasını aldı.

Mindən çox ağ hava şarı buludlara çevrildi və aktyorlar onları ip vasitəsilə hərəkətə gətirdilər. İpək zolaqlar Azərbaycanın yerdən çıxan əbədi ­odlarını əks etdirdi.

Səhnə üzərində qanadlarının uzunluğu 3,4 metr olan 50 süni quş uçdu.

“Şərəfli ölkə” adlanan bu səhnənin nümayişi zamanı Azərbaycan musiqi qrupu “Amarok” “İncilər” mahnısını səsləndirdi.

Stadiondakı ekranlarda 10 günün idman yarışlarından epizodlar nümayiş etdirildi. Tamaşaçılar inanılmaz bacarıq, mübarizlik və sevinc anlarını bir daha seyr etdilər. Yarışların sevincli və kədərli anları da oldu. Bununla belə, son nəticədə dostluq qalib gəldi. 

Yarış epizodlarının nümayişi zamanı Azərbaycanın “Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsinə təqdim etdiyi “Hour of the Wolf” mahnısı səsləndirilirdi.

Günəş qalxdı və səhnə üzərində hərəkət etdi. Onun fırlanan 60 paneli qızılı şüanı göstərmək üçün hava hərəkəti ustaları tərəfindən idarə olunurdu. Diametri 6 metr olan Günəşin şüası səhnədə növbəti kompozisiyaya start verdi. “Xəzərin üzərində nur” adlanan bu səhnəciyi 454 aktyor canlandırdı. Stadionda “Qarabağ şikəstəsi”nin əzəmətli sədaları səsləndi.

Kitab formasında bir-biri ilə birləşdirilmiş 1000-dən çox əlvan üçbucaq iki böyük altıbucaq formalaşdırdı. Kitabın səhifələri “şəbəkə” sənətindən ilhamlanaraq, maraqlı naxışları yaratmaq üçün 110 səhnə iştirakçısı tərəfindən vərəqlənirdi. Günəş öz yerini tutduğu zaman həmin kitablar açılaraq göy işıq saçdı və havaya qaldırılaraq Xəzərin gözəl 3D görüntüsünü yaratdı.

Stadionda “Gilavar” kompozisiyasının nümayişi başladı. Bakı bulvarının gündəlik əyləncəli həyatından səhnələr nümayiş etdirildi. Kimi çərpələng və hava şarları ilə oynayır, kimi şahmat taxtası arxasında əyləşib, kimi də küləyin əllərdən qopardığı qəzetlərin arxasınca qaçırdı. Bütün rekvizit və kostyumlar gilavarı əks etdirən dalğavari naxışlarla bəzədilmişdi.

Səhnə iştirakçıları “Yallı” getdiyi zaman buludlar qalxdı.

Mindən artıq hava şarı və gilavar “Həyat ağacı”nın yarpaqlarını gecə səmasına qaldırdı.

Stadionda Gülarə Əliyevanın “Şur fantaziyası” səsləndirildi.

Səmada işıq saçan aypara göründü və səhnə üzərində hərəkət etdi. Aktyorlar qlobus saxlayan əlləri və sülh rəmzi olan göyərçini formalaşdırdı.

“Həmrəylik ruhu” adlı bu kompozisiyada aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında işlədilən və alov mənasını daşıyan buta fiqurlarını yaratdılar.

Aypara səhnənin mərkəzinə doğru hərəkət etdi. Səhnə iştirakçıları aypara formalaşdırmaq üçün 750-dən artıq alov yandırdı. Onlar fəvvarəyə çevrilən su sinisini dövrəyə aldılar. Əllidən çox İslam ölkəsinin qovuşan suları gözəl fəvvarəyə çevrildi və ayparaya doğru yüksəldi.

Su yüksəldikcə Aydan parıltılı konfetti səpələndi.

Beləliklə, Bakı İslamiadanın birlik və həmrəylik ruhunu dünya ilə bölüşdü.

“Natiq” ritm qrupunun ifasında “Qarabağ” mahnısının sədaları stadiona yayıldı.

Diqqət yenidən monitorlara yönəldi. Ekranlarda təxminən 8000 könüllünün Oyunların uğurla keçirilməsinə verdiyi böyük töhfəni təsvir edən videoçarx nümayiş olundu.

Stadionda Azad Vəliyevin “Yeni gün” mahnısı səsləndi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olundu.

 

Xanım Mehriban Əliyevanın çıxışı

 

– Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev!

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi zati-aliləri Faisal Abdulaziz Al-Nasser!

İslam Həmrəyliyi İdman Federasiyasının hörmətli üzvləri!

Zati-aliləri!

İslam aləminin idmançıları!

Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə xoş gəlmisiniz!

Əziz həmvətənlər!

Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. Dördüncü İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar.

Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin, hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy, Allah bütün müsəlmanları qorusun!  

Əziz dostlar, son 10 gün ərzində İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu. Onların çıxışlarını seyr etmək böyük hisslər yaratdı.

İdmançılar, mən sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm və İslam aləminin tamaşaçılarına verdiyiniz sevincə görə sizə təşəkkürümü bildirirəm. Bu, sizin Oyunlar idi və sizin idman yarışlarında çıxışınız onları möhtəşəm etdi. Ümidvaram ki, Bakıdan ayrıldıqda ən xoş xatirələrinizi bütün həyatınız boyu əziz tutacaqsınız.

Azərbaycanın milli komandası 162 medal, o cümlədən 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yer tutaraq, bizi bir daha fərəhləndirdi. Azərbaycan idmançıları, sizin fədakarlığınız və ustalığınız həmvətənlərimizi ilhamlandırmaqda davam edir və gələcək nəslə ən parlaq nümunə kimi xidmət edəcək.

Son 10 gün ərzində burada, Bakıda bizim üçün və hamı üçün bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi növbəti böyük qələbə oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq.

Mən xalqlar arasında həmrəylik əlaqələrini gücləndirən İslam aləminin idmançılarını Bakıda salamlamaq üçün yaratdığı fürsətə görə İslam Həmrəyliyi İdman Federasiyasına təşəkkürümü bildirmək istəyirəm.

Bu Oyunlar və bir çox digər mühüm beynəlxalq idman, humanitar və siyasi tədbirlər Bakının açıqlıq və tolerantlıq mərkəzi kimi nüfuzunu daha da möhkəmləndirdi. Paytaxtımız İslam idman ictimaiyyətini açıq qəlblə qəbul etdi və bu Oyunların uğurlu olması bütün Azərbaycanın fədakarlığına və qəhrəmanlığına işarədir.

Bütün dünyadan gəlmiş qonaqlarımız özünün qədim irsinə və ənənələrinə sadiq olan, gələcəyinə qətiyyətlə baxan ölkənin – Azərbaycanın zəngin mədəniyyəti və məşhur qonaqpərvərliyi ilə tanış oldular. Dünyanın ən gözəl şəhərlərindən birində, Bakıda sizi görməkdən məmnun olduq. Biz açıq qəlblə sizi yenidən Azərbaycanda görməyimizi səmimiyyətlə arzulayırıq.

Əziz könüllülər, çox sağ olun: qonaqlarımız özlərini evlərindəki kimi hiss etdilər. Siz bu Oyunların uğurlu olmasında böyük rol oynadınız. Əgər atletlər “Bakı-2017”-nin döyünən ürəyidirsə, siz bu Oyunların geniş qəlbi idiniz. Siz dünyaya səmimiyyətinizi və iradənizi göstərdiniz. Mən gördüyünüz işlərə görə hər birinizə olduqca minnətdaram.

Biz dünyanı Bakıda salamlamaqda davam edəcəyik: bu yay “Formula-1” Azərbaycan Qran-Pri turniri, sentyabrda qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçiriləcək və 2020-ci ildə burada, Bakı Olimpiya Stadionunda futbol üzrə Avropa çempionatının oyunları baş tutacaq.

“Bakı-2017” Oyunlarının başa çatdığı bir anda, mən bu möhtəşəm tədbirdə iştirak etmiş hər bir şəxsə, idmançılara və tamaşaçılara, təşkilatçılara və könüllülərə təşəkkürümü bildirmək istəyirəm.

Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq.

Beləliklə, mən qürur hissi ilə IV Bakı İslam Həmrəyliyi Oyunlarını bağlı elan edirəm.

Sağ ol, Bakı!

Sağ ol, Azərbaycan!

(Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışı dəfələrlə sürəkli alqışlarla qarşılandı).

*  *  *

Sonra İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser çıxış etdi.

 

Faisal Abdulaziz Al-Nasserin çıxışı

 

– Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri zati-aliləri Mehriban Əliyeva!

İslam Həmrəyliyi İdman Federasiyasının hörmətli üzvləri!

Zati-aliləri!

İslam aləminin idmançıları!

Xanımlar və cənablar!

Bu axşam keçirilən bağlanış mərasimi burada, Azərbaycanın paytaxtında möhtəşəm idman və dostluq bayramının başa çatmasından xəbər verir. Bakı dövlətlərimizin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələrimizi qeyd etmək məqsədilə yaradılmış gözəl şəraitləri təmin etdi.

Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu.

Mən İslam Həmrəyliyi İdman Federasiyası adından idmançılara Oyunlarda iştirak etdiklərinə, könüllülərə “Bakı-2017”yə verdikləri töhfəyə və Azərbaycan xalqına göstərdiyi fədakarlığa, çox böyük qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm.

Dörd ildən sonra “İstanbul-2021” Oyunlarını qeyd etmək üçün bir daha bizə qoşulmağınızı səmimiyyətlə arzulayıram.

Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!

*  *  *

Monitorlarda 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərindən görüntülərin, idman qurğularının əks olunduğu videoçarx nümayiş etdirildi.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını endirdilər.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul-2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim etdi.

Bu səhnələr Benjamin Brittenin “The Young Person’s Guide to the Orchestra” musiqisi, Rövşən Əsgərzadənin “Qəhrəmanlıq uvertürası” ilə müşayiət olundu.

Türkiyənin dövlət himni – “İstiqlal marşı” səsləndirildi və Azərbaycan bayrağının yanında qardaş ölkənin bayrağı qaldırıldı.

Bağlanış mərasimi “Birlik” adlı konsertlə davam etdi.

Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar maraqlı ifaları ilə tamaşaçılarda xoş ovqat yaratdılar. Rəngli döşəmədəki proyeksiyalar səhnəyə canlılıq gətirdi.

Tünzalə Ağayevanın ifasında “Sürət – 2017 Azərbaycan Qran-Prisi” mahnısı səsləndi. İfa zamanı 30 səhnə iştirakçısı Bakı şəhər halqasını təsvir edən əsas səhnədə işıqsaçan çubuqlarla rəqs etdi.

Müğənni “Birlik” konsertini “Bakı-2017”-nin könüllülərinə həsr olunmuş “Salam Bakı” himni və “Mən azərbaycanlıyam” mahnısı ilə yekunlaşdırdı.

Yaddaşlarda dərin iz qoyan, artıq tarixə çevrilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi Bakı Olimpiya Stadionunun üzərində möhtəşəm atəşfəşanlıqla başa çatdı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında