Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun iştirakçılarına

Hörmətli forum iştirakçıları!

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlayır, mötəbər toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.

Gənclər siyasəti öz müstəqilliyini 23 il əvvəl bərpa etmiş  Azərbaycan dövlətinin fəaliyyətində prioritet istiqamətlərdəndir. Bu siyasəti uğurla həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait yaradılmışdır. Son illər aparılan ardıcıl islahatlar sayəsində iqtisadiyyatımız sürətli inkişaf yoluna qədəm qoymuş, əhalinin bütün təbəqələri, o cümlədən gənclər arasında yoxsulluğun və işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır. Təhsil, səhiyyə, mədəniyyət və idmanın maddi-texniki bazası möhkəmlənmiş, cəmiyyətdə davamlı sabitlik bərqərar olmuş, əsrlər boyu xalqımıza xas olan qonaqpərvərlik ənənələri və tolerantlıq mühiti  daha dərin kök salmışdır.

Gənc nəslin intellektual, fiziki  və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir.  Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən fond  yaradılmışdır.

Sosial-iqtisadi inkişafın sürətləndirilməsi və mükəmməl infrastrukturun  formalaşdırılması istiqamətində həyata keçirilən  layihələr, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan ikitərəfli və çoxtərəfli əlaqələr, irimiqyaslı tədbirlərin təşkili sahəsində qazanılmış zəngin təcrübə son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi  etməsinə imkan vermişdir.  Əminəm ki, bu gün işə başlayan Gənclər siyasəti üzrə birinci qlobal forum da həmin tədbirlər sırasında layiqli yer tutacaqdır.

Biz ilk forumun Bakı şəhərində keçirilməsi barədə qərarı ölkəmizin gənclərlə iş sahəsindəki təcrübəsinə verilən yüksək qiymət kimi dəyərləndiririk. Hesab edirik ki, bu toplantı qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə gənclər siyasətinin prioritetlərinin dəqiqləşdirilməsi, problemlərin həlli yollarının araşdırılması,  iştirakçı ölkələrin dövlət orqanları və qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq, səmərəli müzakirələrlə yadda qalacaqdır.

Forumun işinə uğurlar, hər birinizə möhkəm cansağlığı arzulayıram.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 oktyabr 2014-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında